Modern.az

İş axtaran müəllimlərdən ərizə qəbulu başlayıb

İş axtaran müəllimlərdən ərizə qəbulu başlayıb

1 İyul 2016, 09:59

İyulun 1-dən Azərbaycanda işsiz müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu başlayıb.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

İşə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Ötən ildən fərqli olaraq bu il namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün

doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az saytında yerləşdirilib.  

 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub