Modern.az

Jurnalistikada peşəkarlıq məsələsi

Jurnalistikada peşəkarlıq məsələsi

27 Oktyabr 2009, 18:27

Oktyabrın 27-də Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Kaspian Plaza" Biznes mərkəzinin  konfrans zalında “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masa mərhum jurnalist Məmməd Nazimoğlunun xatirəsini bir dəqiqəlik sükutla başlayıb.

SAMF sədri, şair Musa Yaqub bildiib ki, təşkilat görkəmli jurnalist Məmməd Nazimoğlunun vəfatından sonra layihələrinə bir qədər ara versə də, bu müddət ərzində bir sıra KİV-lə bağlı kitabların çapı ilə məşğul olub. İndi isə yenidən söz azadlığının qorunması və inkişafı istiqamətində layihələrin icrası prosesini davam etdirməyə başlayır. SAMF sədri nəzərdə tutulan yeni layihələrin təxmini konturları barədə məlumat verdikdən sonra əksəriyyəti mütəxəssislərdən ibarət olan tədbir iştirakçılarını müzakirəyə çıxarılmış  “KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusu ətrafında aktiv diskussiyalara çağırıb və onların yeni təkliflərlə çıxış etməsini istəyib.

“KIV-də peşəkarlıq problemini yaradan səbəblər” mövzusunda layihənin koordinatoru Nəzirməmməd Quliyev çıxış edib. O, bildirib ki,

“Söz Azadlığının Müdafiəsi Fondu” fəaliyyətinin yeni mərhələsinə start verərkən ictimai müzakirələrə ilkin olaraq “KİV-də peşəkarlıq problemi və bu problemi yaradan səbəblər”  mövzusunu təqdim edir: “Əslində təşkilat öz üzərinə söz azadlığının müdafiəsi kimi demokratik, hüquqi dövlətlərə xas bir missiyanı götürdüyü üçün biz bu istiqamətdə gərəkliliyinə ehtiyac hiss olunan əksər mövzularla bağlı geniş çeşidli layihələri reallaşdırmaq niyyətindəyik. Lakin peşəkarlığın KİV-lə bağlı bütün komponentlərin əlifbası olduğunu nəzərə alaraq ilkin müzakirəyə bu mövzunu çıxardıq”.

Layihə koordinatoru əlavə edib ki, hər bir azərbaycanlının mənzilinə qeyd-şərtsiz daxil olan KİV-lər ölkə vətəndaşlarının bugünkü və gələcək həyatlarında silinməz izlər buraxırlar: “Buraya şübhəsiz ki, bəsit məzmunlu, qeyri-dəqiq məlumatlarla zəngin və nəticədə ölkəmizin imicinə həm daxildə, həm də beynəlxalq aləmdə ciddi zərbələr vuran jurnalist produksiyalarını da əlavə etməyin zamanıdır. Artıq keçmiş SSRİ – indiki MDB məkanında da belə haqqımızda ikrah hisslərin yaranmasına səbəb olan bir möhür, bir yalançı rəhbərdən ibarət “reket” adını almış qəzetlərin olması faktı da fikrimcə ölkəmizdə qeyri-peşəkar jurnalistikanın “cəbhə boyu hücuma keçməsinin” məntiqi nəticəsidir. Yeri gəlmişkən, Mətbuat Şurasının sonuncularla bağlı reallaşdırdığı bir sıra tədbirləri təqdirəlayiq hesab etmək olar”.

N.Quliyev həmçinin deyib ki, KİV-lərdə qeyri-peşəkarlığın yaranmasına səbəblərdən biri də reklam uğrunda aparılan qeyri-sağlam mübarizədir.

Sonra mövzu ətrafında geniş diskussiyalar aparılıb. “APA” İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı bildirib ki, təəssüf ki, Azərbaycanda KİV-lər arasında reklam bazarı uğrunda mübarizə getmir. Sadəcə olaraq reklam bəzi KİV-lər arasında təyinatla bölüşdürülür. Reket qəzetlərsə mətbuat nümunəsi kimi hallandırılmasa daha yaxşı olar.  Tanınmış hüquqşünas Adil Minbaşı reket qəzet probleminin həlli məqsədilə Mətbuat Şurasına əlavə səlahiyyətlər verilməsinin vacibliyini söyləyib.

Mətbuat Şurası sədrinin müavini, JUHİ sədri Müşfiq Ələsgərli isə Azərbaycanda peşəkar jurnalist probleminin deyil, peşəkar jurnalisti normal əmək haqqı ilə təmin edən KİV-lərin olmamasını bildirib. Media hüququ üzrə mütəxəssis, hüquqşünas Ələsgər Məmmədli,  tanınmış jurnalist Azər Həsrət, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, ADP Mətbuat Xidmətinin rəhbəri Nurəddin İsmayılov çıxış edərək mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi