Modern.az

Qiymətlərin ucuzlaşması gözlənilir

Qiymətlərin ucuzlaşması gözlənilir

1 İyul 2016, 13:44

Türkiyə-Rusiya münasibətləri gərginləşdiyi dövrdə Azərbaycan tərəfi Rusiyanın əlverişli bazar olmasını əsas gətirərək bu istiqamətdə səylərini yüksəltdi. Hətta istehsal edilən məhsulun çox hissəsi Rusiyaya ixrac edildiyindən, yerli bazarda qiymət artımı müşahidə edilməyə başladı.

 

Xüsusilə, meyvə-tərəvəzin qiyməti ötən illə müqayisədə hiss ediləcək qədər bahadır.

 

Rusiya Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları dayandırdıqdan və münasibətlər normallaşdıqdan sonra bunun Azərbaycan iqtisadiyyatına təsirləri nədən ibarət olacaq? Daxili bazarda ucuzlaşma gözləniləndirmi?

 

Rusiya böyük bazardır

 

İqtisadçı Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib ki, Rusiya Azərbaycan məhsulunun təklifi üçün çox böyük və gəlirli bazardır:

 

“Əgər məhsulları tez və keyfiyyətli şəkildə Rusiya bazarına çatdırmağı öyrənsək, bunun qarşısında dayanan maneələr aradan qalxsa, bizim məhsullar Rusiya-Türkiyə münasibətlərindən asılı olmayaraq özünə yer tapa və oturuşa bilər.

 

Azərbaycan məhsulları illərdir ki, Rusiya bazarında önəmli rol oynayıb.

 

Sadəcə məhsulların istehsalının artırılması qarşısında duran maneələr - daşınma, logistika, sərhəddəki problemlər həll olunmalıdır ki, fermerlərimiz Rusiya bazarına rahat çıxış əldə edə bilsinlər”.

 

Bəzi iş adamlarının gəlirləri kəsiləcək...

 

N.Cəfərlinin sözlərinə görə, münasibətlər normallaşdığından tendensiya aradan qalxacaq və bu işlə məşğul olan iş adamlarının gəlirləri azalacaq.

 

“Onsuz da münasibətlər gərginləşdikdən sonra türk məhsullarının bir qismi Azərbaycan üzərindən də Rusiyaya daşınırdı. Bu isə yerli iş adamlarına müəyyən qazanc və üstünlüklər verirdi. Bundan sonra isə o gəirlər kəsiləcək”.

 

“Azərbaycan məhsulu keyfiyyətlidir, amma bahadır”

 

O, həmçinin bildirib ki, Türkiyə mallarının Rusiyada böyük rəqabət üstünlüyü var:

 

“Türkiyə mallarının həm keyfiyyətinə, həm də qiymətinə görə Rusiya bazarlarında çox böyük rəqabətdə udur. Əsasən də qiymətinə görə, Azərbaycan mallarını üstələyir.

 

Nəzərə alaq ki, bizim məhsulların keyfiyyəti yüksək olsa da, qiyməti bahadır”.

 

“Daxili bazarda bəzi məhsulların qiyməti ucuzlaşacaq”

 

İqtisadçı qarşıdakı dövrdə daxili bazarda müəyyən məhsulların qiymətində ucuzlaşma olacağını istisna etməyib:

 

“Türkiyə məhsulları Rusiya bazarına daha çox daxil olduqca bizim məhsulların bazardakı payında azalmalar olacaq.

 

Bu da daxili bazarda qiymətlərin aşağı enməsinə zəmin yaradacaq. Çünki, təklif tələbi üstələdikcə qiymət aşağı düşür. Növbəti mərhələdə məhz bunu gözləmək olar. Sadəcə Azərbaycanda pis bir tendensiya var ki, iş adamları hətta məhsulun bir qisminin xarab olmasına razı olur, amma qiyməti aşağı endirmir.

 

Bu baxımdan ümid edirik ki, iki ölkə arasındakı yaxınlaşma daxili bazara, yerli istehlakçılara pozitiv təsir göstərəcək. Yerli məhsulların ucuzlaşması müşahidə ediləcək”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi