Modern.az

Yuxularda tez-tez görüşürük

Yuxularda tez-tez görüşürük

1 İyul 2016, 18:27

Dünyasını vaxtsız dəyişmiş bibim oğlu və dostum Bəxtiyar Mirişovun əziz xatirəsinə...

Kimə məxsusluğunu  xatırlaya bilməsəm də müdriklərdən birinin deyimi olduğuna tam əminəm. “İstər şirin olsun, istərsə də kədərli – xatirələr iztirab verir”.  O xatirələr ki,  ömrünün sonuna qədər sənin düşüncələrinə hakim kəsilir. Yayın cırhacır istisi kimi içini yandırır, qışın ürəkaçmayan sazağı kimi canını üşüdür.

Mənim üçün yaxın qohumluq münasibətindən əsil dostluq müstəvisinə yüksəlmiş Bəxtiyarla yaş fərqimiz o qədər də çox deyildi. Onsuz qaldığım bu həyatın ağrı-acısına hələ də alışa bilmədiyim hər anında onu xatırlamaya bilmirəm. Yadıma düşdükcə gülüşü də, yerişi də, ölçüyə gəlməyən səliqə-səhmanı da, eh daha nələri saymayım, - hamısı kino lenti kimi gözümün önündən gəlib keçir.

Gülüşü qaranlıq bir otağın pəncərəsinə qonan günəş işığına bənzərdi. Səsini, həzin zümzüməsini eşidəndə elə bil  səssiz duyğular dil açıb danışardı. Könül rahatlığını özü üçün böyük sərvət bilib həyata nikbin baxardı.

Ağrı-acılara tab gətirərək həyatda hər şeydən zövq almağı xoşlayardı. Ən qəzəbli anlarında belə qəlbində məhəbbəti, baxışlarında şəfqəti əskik olmazdı.

Onun üçün ən böyük məlhəm dostun verdiyi rahatlıq idi. O, bir həqiqətin fərqində idi ki, dünyanın ən pisi həqiqi dostunun olmadığı tənhalıqdır. Dost sarıdan bəxti gətirməsinə isə dəlicəsinə sevinərdi.

Ailə onun üçün pisliklərin sığınacaq tapa bilmədiyi alınmaz qala kimi idi. Uşaqlarını çox sevərdi, nəvələrinə də baba sevgisini əsirgəməzdi. Hələ oğul evləndirmək, qız köçürmək arzusundaydı... Nə biləydi ki, “Sevinc hələ qapımızı döyməmiş, kədər girir bacalardan içəri...”

Hərdən mənə elə gəlir ki, indicə telefonum zəng çalacaq və həmişəki kimi “Vüqar, necəsən? – deyə nə müddətdi tamarzı qaldığım o doğma səsi eşidəcəyəm. Əfsus ki, bu səsi bir də eşitməyəcəyəm. Onun səfər etdiyi məkanın nə elektrik naqilləri var, nə də ki,...  Bu acı həqiqətin fərqinə varanda isə yerimdə donub qalıram, dəhşət məni bürüyür. Görüş yerimizin məkanı isə dəyişməz qalır. Yuxularda tez-tez görüşürük...

Rahat yat, yerin behişt olsun, əziz DOST!


Vüqar İBRAHİMOV,
həkim-stomotoloq
Lənkəran şəhəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!