Modern.az

Əli Əhmədov: “Türkiyəni haqq yolundan döndərmək mümkün deyil”

Əli Əhmədov: “Türkiyəni haqq yolundan döndərmək mümkün deyil”

1 İyul 2016, 18:36

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində olub, Türkiyə xalqına baş sağlığı verib.
Modern.az saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyasının adından səfirlikdə terror qurbanlarının xatirəsinə əklil qoyulub.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunla görüşən Əli Əhmədov bu qanlı terror hadisəsini, bütün Azərbaycan xalqı kimi Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri tərəfindən də kəskin pislənildiyini bildirib. Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidentinin bəyan etdiyi kimi xalqımız Türkiyə ilə hər zaman bir yerdədir, bu gün də türk xalqının acısını böyük kədər hissi ilə bölüşür.

Türkiyənin ölkəmizdəki  səfiri İsmayıl Alper Coşqun bu ağır günlərdə Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. «Türkiyədə törədilmiş terror aktlarından sonra bizimlə həmrəylik nümayiş etdirən Azərbaycan Prezidentinə və xalqına minnətdarıq» - deyən səfir qeyd edib ki, hər dəfə Azərbaycan dövləti və xalqı Türkiyə ilə həmrəyliyini ən güclü şəkildə nümayiş etdirib. «Prezident İlham Əliyevdən aldığımız başsağlığı məktubu, eyni zamanda, qardaş Azərbaycan xalqının göstərdiyi dəstək Türkiyə üçün güc mənbəyidir»- deyə, səfir vurğulayıb.

Sonra Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insanın ölümünə səbəb olmuş terror aktı ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfirliyində açılmış xatirə kitabına ürək sözlərini yazıb.

Jurnalistlərə müsahibə verən Əli Əhmədov qeyd edib ki, İstanbulun Atatürk Hava Limanında törədilən qanlı terror hadisəsi bütün Azərbaycan xalqını sarsıdıb. Hər bir Azərbaycan vətəndaşının bu hadisə ilə əlqadər böyük kədər və hüzn içərisində olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, dinc insanların qətlə yetirilməsi böyük bir günahdır.

«Bu cür qanlı terror hadisələrini törədənlər dərk etməlidirlər ki, terrorla günahsız insanları qətlə yetirməklə türk xalqının iradəsini sındırmaq, Türkiyə dövlətini haqq yolundan döndərmək mümkün deyil. Bu ağır günlərdə həmişə olduğu kimi, Azərbaycan dövləti və xalqı qardaş Türkiyə ilə bir yerdədir. Türkiyənin hər bir acısını hər bir vətəndaşımız öz acısı kimi qarşılayir. Bizim qarşımızda duran vəzifə ondan ibarət olmalıdır ki, bütün dünya səylərini, gücünü birləşdirib terrora qarşı mübarizə aparmalıdır. Birgə mücadilə ilə terrorun qarşısını almaq, terrorçuların öz məqsədlərinə çatmalarına mane olmaq mümkündür. Hesab edirəm ki, bu gün dünyada  İstanbulda  törədilən bu terror hadisəsinə böyük diqqət ayrılması, hadisənin lənətlənməsi, terrora qarşı mübarizə ilə bağlı səylərin birləşdirilməsi çağırışları ondan xəbər verir ki, bəşəriyyət bütün gücünü birləşdirib terrorun kökünü birdəfəlik kəsməlidir.

Mən bir daha qanlı terror hadisəsi ilə əlaqədar Türkiyə xalqına, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, yarananlara isə Allahdan  şəfa diləyirəm»- deyə, Əli Əhmədov vurğulayıb. 

Qeyd edək ki, YAP İcra katibinin müavinləri- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ziyarətdə iştirak ediblər.


Modern.az

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı