Modern.az

Dörd gün və danılmaz dörd həqiqət...

Dörd gün və danılmaz dörd həqiqət...

Ədəbi̇yyat

1 İyul 2016, 20:16

Tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb. Məlum aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gönüş nöqtəsi kimi qiymətləndirsək yəqin ki, yanılmarıq. Ordumuzun bu hadisələr zamanı göstərdiyi şücaət belə deməyimizə tam əsas verir.

Qəhrəmanlıq haqqında belə bir deyim var: "Anadan olanda heç kim dünyaya qəhrəman kimi gəlmir. Qəhrəmanlar döyüşdə doğulur". Bu baxımdan 2016-cı ilin apel ayında Azərbaycanın növbəti qəhrəmanları doğulduar. Düşmən hücumlarına layiqli cavab verən igidlərimiz torpaqlarımızın sahibsiz olmadığını bir daha sübut etdilər. Ən başlıçası aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində bir çox mətləblərə aydınlıq gətirdi. Əgər ümumiləşdirsək dörd gün davam edən döyüşlər dörd danılmaz həqiqəti üzə çıxartdı.

Bu həqiqətlərdən biri və birincisi hərbi müstəvidə tərəflərin nəyə, hansı gücə və potensiala malik olduqlarının açıq şəkildə görünməsidir. Aprel döyüşləri Ermənistan ordusunun çox acınacaqlı bir durumda olduğunu sübut etdi. Məlum oldu ki, düşmən ordusunun maddi-texniki bazasını, təchizatını yalnız dünyanın ən geridə qalmış ölkələri ilə müqayisə etmək olar. Bununla yanaşı bu orduda şəxsi heyətin mənəvi-psixoloji problemləri, peşəkarlıq baxımından hətta ibtidai hərbi biliklərə malik olmamaları da aşkar göründü.

Ordudan kütləvi yayınma və fərarilik halları Ermənistan rəhbərliyini məcbur etdi ki, döyüşlərə qadınları və xidmət yaşları ötmüş insanları cəlb etsinlər. Belə aciz bir addımın atılmağının da son nəticəsi Ermənistana baha başa gəldi.

Bütün bunların məntiqi nəticəsi olaraq illər boyu Ermənistan iqtidarı tərəfindən sadə xalqın beyninə yeridilən "qalib ordu" imici, "güclü ordu" mifi darmadağın edildi. Ən nəhayət, Ermənistan prezidenti yüksək çinli hərbçiləri vəzifələrindən azad etməklə, cəzalandırmaqla, həbs etdirməklə ordunun yarıtmazlığını özü sübur etdi. Real faktlar onu göstərdi ki, Ermənistanda ordu quruculuğu işi sıfır səviyyədədir.

Dörd günlük aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini, ordumuzun peşəkarlığını o qədər də geniş şərh etməyə yəqin ki, ehtiyac yoxdur. Yüksək peşəkarlıq, ciddi nizam intizam, lazımi səviyyədə təchizat, yetərli maddi-texniki baza, şəxsi heyətin ruh yüksəkliyi, sağlam zabit - əsgər münasibəti, hərbi və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində elmi və praktiki təcrübə kimi halları ordumuzun ünvanına qürur hissi ilə ünvanlaya bilərik.

Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önənli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır.

Nəticə:

1. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan ordusunun qüdrətlənməsi üçün kifayət qədər imkanlara malikdir və artıq buna nail olub;

2. İqtisadi baxımdan başqalarından asılı olan Ermənistan öz ordusunu saxlamaq iqtidarında deyil.

Dörd günlük aprel döyüşlərinin üzə çıxartdığı ikinci həqiqət Ermənistanda onsuz da sabit olmayan ictimai-siyasi vəziyyətin daha da gərginləməsi ilə bağlı oldu. Ermənistan əhalisi təmas xəttindəki uğursuzluqlardan sonra prezident Serj Sarkisyanın yarıtmaz fəaliyyəti ilə bağlı açıq etiraz aksiyalarına başladılar. Sarkisyana və mövcud rejimə qarşı kampaniyalar daha geniş vüsət almağa başladı. Əhali kəskin şəkildə övladlarının cəbhəyə göndərilməsinə qəti etirazlarını bildirdi. Bu etirazların arasında "Qarabağ Azərbaycana məxsusdur, niyə bizim övladlarımız orda ölməlidir?" kimi etiraflar da səsləndi. Və bu ifadələri bəyan edənlərin arasında tanınmış erməni simaları da göründü.

Ermənistanla yanaşı, Qarabağda yaşayan erməni icması da Ermənistan rəhbərliyinə qarşı öz etiraz səslərini boğmadılar. Aprel döyüşləri zamanl ermənilər cəbhə bölgəsindən qaçmağa məcbur oldular. Az-çox imkanı olanlar isə Qarabağı çoxdan tərk etmişdilər. Səbəb isə aydındır. Artıq bu bölgədə yaşayan ermənilər haqsız siyasi bir oyunun oyuncaqlarına çevrildiklərini yaxşı dərk edirlər. Elə buna görə də istər Ermənistanda, istərsə də Qarabağda gərginləşən siyasi vəziyyət ortaya yalnız bir tələb qoydu: Serj Sarkisyanın istefa tələbini... Bu gün də bu gərginlik davam edir və tələb də eyni olaraq qalır. Bu Sarkisyana verilən aprel dərslərinin nəticəsi idi. "Böyük Ermənistan" xülyası ilə yaşayan "əzabkeş erməni xalqı"nın isə nədənsə aprel hadisələrindən sonra Qarabağ "sevgisi" və döyüşlərə taqəti tükənmişdi...

Nəticə:

1. Ermənistanda siyasi böhran hökm sürür;

2. Ermənistan vətəndaşları və Qarabağın erməni icması mövcud Ermənistan rejiminin torpaq iddiası xülyasını rədd edir.

Üçüncü həqiqət Azərbaycanla bağlıdır. Aprel döyüşləri Azərbaycan üçün nə demək idi? Bu hadisələr zamanı hansı həqiqətlər üzə çıxdı?



Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını bir daha təsdiqlədi. Xalq və ordu arasındakı münasibət yeni mərhələyə qədəm qoydu.

Aprel hadisələri Azərbaycan xalqının həmrəyliyini nümayiş etdirdi. Siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs öz vətəndaşlıq mövqeyini göstərdi.

Aprel döyüşləri Azərbaycan gənclərinin yeni ruhunu ortaya qoydu, onların Vətən sevgisinin, mübarizə əzminin, sağlam düşüncələrinin şahidi olduq. Təhsildən, əmək fəaliyyətindən, istirahətdən, əyləncədən öncə Vətəndir düşünən saysız hesabaız Azərbaycan gəncləri könüllü olaraq cəbhəyə yollanmaq üçün Müdafiə nazirliyinə üz tutdular.

Ermənilərin işğalçılıq siyasətinə və vəhşiliklərinə etiraz əlaməti olaraq gənclərimiz təkcə Bakıda və Azərbaycanın digər bölgələrində deyil, həm də Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Fransada, İtaliyada, Kanadada, Ukraynada, Belçikada, Latviyada, Litvada, Gürcüstanda, Çexiyada, Polşada və bir sıra ölkələrdə etiraz aksiyaları keçirdilər. Həmçinin, məhz gənclərimiz tərəfindən şəhidlərimizin əziz xatirəsi ilə bağlı fərqli tədbirlər də həyata keçirildi.

Aprel döyüşləri zamanı diqqəti çəkən ən həssas məqamlardan biri də o oldu ki, şəhidlərimizin dəfni adi  hüzr məclisi kimi deyil, bir qəhrəmanlıq dastanının şahidliyinə yığışan izdihamlarla yadda qaldı.

Dörd günlük müharibə zamanı Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyəti haqqında da fikirləri bölüşmək yerinə düşərdi. Bu ərəfədə media cəbhədə baş verənlər haqqında ictimaiyyəti məlumatlandırmaq kimi missiyanı peşəkarlıqla həyata keçirdi. Hərbi sirrlərin qorunması şərtilə təmas xəttindəki əməliyyatlar əhalinin diqqətinə catdırıldı. Bəzi istisnaları çıxmaqla bütövlükdə Azərbaycan mediası öz fəaliyyətini müharibə dövrünə uyğun qura bildi. Burada Müdafiə nazirliyinin Mətbuat xidməti ilə kütləvi informasiya vasitələrinin sıx işgüzar əlaqələrini xüsusilə vurğulamaq lazımdır.

Bunlarla yanaşı xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycanla bağlı gedən qərəzli yazılara, aprel döyüşləri haqqında həqiqətə uyğun olmayan informasiyalara media mənsublarımızın çevik və operativ reaksiya verməsini də yanlız alqışlamaq olar.

Nəticə:

1. Azərbaycan xalqı öz haqlı mübarizəsində inamlıdır və yekdildir;

2. Azərbaycan vətəndaşlarının vətənpərvərlik hissi yüksəkdir, döyüş əzmi sarsılmazdır.

Dörd günlük  aprel döyüşlərinin üzə çıxartdığı dördüncü həqiqət Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin yenidən beynəlxalq müstəviyə gəlməsi ilə bağlıdır.

İlk növbədə qeyd etmək yerinə düşər ki, aprel hadisələrindən sonra Ermənistanı istər açıq, istətsə də gizli şəkildə dəstəkləyən xarici havadarları ən azı susmaq məcburiyyətində qaldılar.

Ayrı-ayrı xarici dövlətlərin aprel hadisələri ilə bağlı münasibətləri və bəyanatları Azərbaycanın xeyrinə səsləndi.

Bəzi dunya miqyaslı siyasətçilərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş münaqişə" kimi fikirlərini aprel hadisələri dörd günə əritdi.

Məhz aprel döyüşləri ilə Azərbaycan beynəlxalq təşkilatların ünvanına ciddi mesajlar yönəltdi.

Aprel hadisələrindən sonra beynəlxalq birliyin Azərbaycana dəstəyi aşkar şəkildə müşahidə olundu.

Nəhayət, bu hadisələrdən sonra Ermənistan Azərbaycanın ətraflnda olan ciddi və samballı müttəfiqlərin və onların münaqişə ilə bağlı Azərbaycana dəstəklərinin şahidi oldu.

 

Nəticə:

1. Aprel hadisələri beynəlxalq aləmdə Azərbaycanın imicinə müsbət təsir göstərdi;

2. Ermənistan bu hadisələrdən sonra xarici havadarlarından lazımi dəstək ala bilmədi.

Yekun:

Dörd günlük aprel döyüşlərində Azərbaycanın Silahlı Qüvvələri düşmən hücumlarının qarşısını məharətlə aldı. Əks-həmlə əməliyyatları zamanı ordumuz Ağdərə rayonu (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi.

Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından ordumuzun nəzarəti altına keçdi.

Aprel döyüşləri Azərbaycanın Ermənistana verdiyi dərs idi. Sıradan gələn adi bir dərs yox, bütün dünyanın seyr edə biləcəyi açıq dərs. Bu dərslə Azərbaycan Ermənistana yuxarıda sadaladığımız dörd həqiqəti başa saldı.

Dərsin mövzusunun Ermənistan və Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən daha yaxşı mənimsənilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ermənilər üçün bu arzuolunmaz dərsə bir əlavə də etdi: "Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var. Mən dəfələrlə demişəm ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var...

...Biz ikinci Ermənistan dövlətinin Azərbaycan torpaqlarında yaranmasına imkan verməyəcəyik. Torpaqlarımız nəyin bahasına olursa olsun azad olunmalıdır".

İlham Cəmiloğlu

Yazı "2016-cı ilin aprel hadisələri” istiqaməti üzrə "Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?" mövzusunda müsabiqəyə təqdim olunur.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!