Modern.az

Müstəqil Azərbaycan insanı necədir: “Sovet vaxtı özümü qayğısız hiss edirdim”

Müstəqil Azərbaycan insanı necədir: “Sovet vaxtı özümü qayğısız hiss edirdim”

Mədəni̇yyət

2 İyul 2016, 12:02

Azərbaycan ikinci müstəqilliyini qazandıqdan sonra insanların həyat tərzi, gələcək barədə düşüncələri sovet dövründə mövcud olan cəmiyyətdən xeyli fərqlənməyə başladı.

 

Öncə, müasir texnologiyalar ildırım sürətilə evlərimizə ayaq açdı. Bu gün hansısa evi kompütersiz, mobil telefonsuz təsəvvür etmək sadəlövhlük olar.

 

Zaman keçdikcə  insanlar ərzaq və geyimlərin müxtəlif çeşidləri qarşısında  seçim etmək imkanı ilə üz-üzə qaldı.  Artıq SSRİ dövrünün adamından fərqli olaraq müstəqillik dövrünün adamı “heç kəsdən əskik deyiləm” deyərək maşını kreditlə götürür.

 

Eyni zamanda, toplumun bir yerdə dərdləşmək, danışmaq hüququnu müasir texnologiyalar elə formada məhdudlaşdırıb ki, bir süfrə arxasında belə, bir-birimizə yad olmuşuq.

 

Bəs müstəqillik dövrünün sakinlərini sovet adamından fərqləndirən ümumi xarakteristika nədir? İnsanların düşüncəsi “sovetdənqalma təsiri” bağışlayırmı?

 

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçşisi və baş redaktoru Elçin Şıxlı Modern.az-a açıqlamasında mövzuya belə aydınlıq gətirib.

 

Qəliblərdən kənara çıxa bilmirik

 

Elçin Şıxlı düşünür ki, insanların psixologiyasında elə bir dəyişiklik yoxdur.

 

“Zənnimcə, ən çox zahiri dəyişiklik olub. Bu qənaətdəyəm ki, insanlarda daxili azadlıq, sərbəstlik hələ də yoxdur. Hansısa məişət məqamlarında sərbəstlik ola bilir. Təsəvvür edin ki, hansısa bir insan yaxşı mənada, ürəyindən keçəni gerçəkləşdirmək istəyəndə  həmin hərəkətin özünə xoş gəlib gəlməməsindən daha çox ətrafdakıların nə deyəcəyi barədə düşünür. “Bunu belə etsəm kənardakılar nə deyər?!” deyə düşünür. Bu baxımdan sərbəst deyilik. Ətrafdakıların qınağına tuş gəlməkdən çəkinirik.

 

Bir hadisə danışmaq istəyirəm. Adətən, Bakı kəndlərində darvazaları göy, ya da, mavi rəngdə boyayırdılar. Bir dəfə bağa gedib darvazanı boz rəngdə boyadıq. Qonşular bizə dedi ki, “siz rəngi niyə dəyişmisiniz?” Təəccüblənərək dedim ki, niyə də dəyişməməliyəm?!. Bunu kimdən soruşmalıyam?!”

 

Cavab o oldu ki, darvazanın göy, ya da, mavi rəngdə olması adətdir. İstər sovet dövrü, istərsə də, müstəqillikdən sonrakı dövr olsun, biz qəliblərdən kənara çıxa bilmirik. Müəyyən mənada yavaş-yavaş qəliblərdən kənara çıxmağa meyllər var. Təbii, texnologiyalar da bu meyllənmədə öz sözünü deyir.

 

Yadımdadır ki, 90-cı ildə redaksiyalarda birinci bizim redaksiyamıza primitiv kompüter gəlib çatdı. Hamımız- 30-35 yaşında kişilər, kompüterin ətrafında uşaq kimi fırlanırdıq. Bu, bizim üçün qeyri-adi bir şey idi. Başa düşürdük ki, bizim işimizi nə qədər irəli apara biləcək. İndi isə dil açmayan uşaqlar belə İPad-in içində edə bilmədiklərimi edirlər. Bu baxımdan xeyli irəliləyiş var”.

 

 

 

Elçin Şıxlı bugünkü qayğılarından da söz açıb.

 

Əlbəttə, müstəqillik gözəl hissdir. Özümü müstəqil dövlətin vətəndaşı kimi xoşbəxt hiss edirəm. Buna şübhə yoxdur və olmamalıdır. Sadəcə, Sovet dövründə özümü daha qayğısız hiss etmişəm.

 

O da ondan irəli gəlirdi ki, uşaq idim. O qayğıları valideynlərim çəkirdi. İndi onları çox yaxşı başa düşürəm. Övladlarımın qayğısını çəkdiyim üçün bu gün daha çox qayğının nə demək olduğunu başa düşürəm. Burda yaş məqamları da var.

 

Üzr istəyirəm. Sovet dövründə bir sosiska tapanda hamı xoşbəxt idi. Bu gün isə başqa məsələlər cərəyan edir. Deyirik ki, yediyimiz sosiska halaldırmı, yoxsa, halal deyil?! Bu restorana gedək, yoxsa, getməyək?! O zaman isə Azərbaycanda seçim yox idi. Hardasa oturub bir tikə çörək yemək  üçün 2-3 məkan var idi.

 

Hətta, sərçənin civildəməsinə belə sevinə bilirdik. Həm də Sovet dövründə çərçivələr var idi. Heç də hər şey haqqında yazmaq mümkün deyildi. İndi isə o çərçivələr demək olar ki, yoxdur”.

 

Texnologiyaların həyatımızda  mənfi tərəfləri

 

Elçin Şıxlı bu barədə də danışıb.

 

“Bir də görürsüz ki, bir süfrə arxasında otururuq. Mən də daxil olmaqla hamının yanında telefon olur. Baxırıq ki, görək kim nə yazdı. Texnologiyanın bu tərəfi heç də yaxşı məqam deyil”.

 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov iki dövrün insanlarını belə fərqləndirib.

 

“Sovet dövründə insanlar totalitar rejimdə yaşayırdı. Fikirlərini ifadə etmək çətinliyi var idi. Bu da qorxu yaradırdı. Müstəqillik dövrünün insanları isə sərbəst şəkildə öz fikirlərini ifadə edə bilir. Ona görə də bugünkü insanlar özlərini daha sərbəst hiss edir. O dövrün insanları  qapalı dövlətdə yaşayırdılar. Başqa dünyadan xəbərləri çox məhdud idi . İndi isə dünyada baş verən hadisədən 5 dəqiqə keçməmiş xəbərdar olurlar. Amma bir məqam da var ki, insanların bir-birinə yad olmasından şikayət halları sovet dövründə də olub”.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı