Modern.az

“Belə bir qətnamə layihəsini təqdim etməyə hazıram”                              

“Belə bir qətnamə layihəsini təqdim etməyə hazıram”                               

Aktual

2 İyul 2016, 14:07

Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası keçirilir.  “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiya çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin, ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev iclasda çıxış edib. 

 

Azay Quliyev  çıxışında məruzəçi xanım Marqareta Sederfelin hazırladığı hesabata münasibət bildirib. Hesabatla bağlı 3 məsələyə toxunan ATƏT PA Büro üzvü ilk olaraq  transmilli terrorizmdən danışıb.

 

“Biz İstanbul Atatürk aeroportunda xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən terror aktı xəbərindən olduqca kədərləndik. Bu gün bütün dünya dəhşətli terror bəlası ilə üz-üzədir. Mən buradan terror qurbanlarına, onların ailələrinə və ümumilikdə Türk xalqına başsağlığı verirəm. Bu vəziyyət terrora qarşı ümumi səfərbərliyi və qətiyyətli mübarizəni tələb edir”- deyən Azay Quliyev qeyd edib ki, ATƏT  terrorla mübarizə üzrə  effektiv mexanizm hazırlamalı, fərqli siyasi baxışlara malik üzv ölkələrin  səylərinin “vahid beynəlxalq anti-terror koalisiyası”nda  birləşdirilməsinə nail olmalıdır.

Azərbaycan nümayəndə heyətinin üzvünün toxunduğu ikinci məsələ ATƏT regionunda uzun sürən münaqişələrdir. Azay Quliyevdeyib:

 

“ATƏT  Moldova və Cənubi Qafqaz regionunda mövcud münaqişələrin həllində beynəlxalq hüququn prinsipləri, o cümlədən  ATƏT PA-nın 2015-ci ildə Helsinkidə qəbul etdiyi “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik"  adlı qətnamənin müddəaları əsasında həllinə  nail olmalı, bu münaqişələr üzrə mövcud mexanizmləri daha da təkmilləşdirməlidir”.

Almaniyanın ATƏT-ə sədrliyi dövründə mövcud münaqişələrin həllini prioritet elan etməsi və bu istiqamətdə göstərdiyi bir sıra təşəbbüsləri alqışlayan azərbaycanlı millət vəkili əlavə edib ki, ATƏT-in hazırkı sədri və Almaniyanın xarici işlər naziri cənab Valter Ştaynmayerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövcud status kvonun təhlükəli və  qəbul edilməz olduğu haqqında verdiyi bəyanat ATƏT PA tərəfindən dəstəklənməlidir.

 

“ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar   imitasiya xarakteri olmamalı və qısa müddət ərzində münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllinə gətirib çıxarmalıdır.

 

Bu baxımdan Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin may ayının 16-da keçirilən Vyana görüşünü və iyunun 20-də keçirilən Sankt Peterburq görüşünü müsbət qiymətləndirir və bu görüşlərdə əldə edilmiş ümumi anlayışın tezliklə münaqişənin həlli istiqamətində konkret nəticə verəcəyinə ümid edirəm”.

 

Azay Quliyev toxunduğu üçüncü məsələ hərbi münaqişələrdə qadınların vəziyyəti haqda olub.

 

“ATƏT regionunda hərbi münaqişələr nəticəsində  qadınların  düşdüyü vəziyyətə gəlincə, əlbəttə bu  hamımız üçün ciddi çağırış hesab olunur. Ona görə də ATƏT PA bu mövzuya daha çox diqqət ayırmalı və münaqişədən əziyyət çəkən- məcburi köçkün qadınların, xüsusilə əsir və girovluqda saxlanılan, şərəf və ləyaqəti alçaldılan, müxtəlif zorakılığa və zorakı əməyə  məruz qalan  qadınların hüquqlarının bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görməlidir”.  

 

Azay Quliyev  bu istiqamətdə atılacaq addım kimi gələn il Minskdə keçiriləcək ATƏT PA-nın illik  sessiyasında  ayrıca bir qətnamənin qəbulunu təklif edib və bildirib ki, belə bir qətnamə layihəsini hazırlaya bilər.

 

 

Modern.az

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir