Modern.az

Jurnalistdən 3 gündür xəbər yoxdur

Jurnalistdən 3 gündür xəbər yoxdur

3 İyul 2016, 11:01

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun saxlanıldığı bildirilir.

«Turan»ın xəbərinə görə, bu barədə xəbəri F.Fərəməzoğlunun xanımı açıqlayıb. Onun deməsinə görə, jurnalistin şəxsi noutbukunu da kimliyi bəlli olmayan şəxslər aparıblar.

«İyunun 30-da günorta saatlarında mülkigeyimli üç nəfər evə gələrək, onun noutbukunu da götürdülər. Onlar F.Fərəməzoğlunun saxlandığını bildirdilər. Bunun səbəbini açıqlamadılar», - deyə o, bildirib.

Bəzi məlumatlara görə, F.Fərəməzoğlu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb olunmuşdu. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi.

O zaman məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

F.Fərəməzoğlu son illərdə bir neçə dəfə prokurorluğa da çağırılıb. Ona yazılarına görə xəbərdarlıq olunub.

Sonuncu dəfə yanvarda Baş Prokurorluq F.Fərəməzoğluna xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqda deyilirdi ki, onun rəhbərlik etdiyi saytda əyalətlərdə kütləvi aksiyalara dair şişirdilmiş və həqiqətdən uzaq məlumatlar yayılıb.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir