Modern.az

Qaregin Njde və erməni - faşist əməkdaşlığı

Qaregin Njde və erməni - faşist əməkdaşlığı

Ədəbi̇yyat

3 İyul 2016, 16:48

Prof. Qafar Çaxmaqlı

 

İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyulmuşdur. Bu heykəlin açılışında  Ermənistan dövlətinin rəhbərləri də iştirak etmişlər.  Ermənistanda  iqtidarda olan Serj Sarkisyanın lideri olduğu  Respublikaçılar Partiyası  bu faşist görüşlü insan qəssabını özlərinə  öndər sayırlar. Heykəldən öncə ermənilər 2012-ci ildə onun haqqında bir film də çəkmişdilər.

Bu gün “kasıb Ermənistan”ın  müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları),  filmi “milli qəhrəman” Qaregin Njde haqqında çəkilən film olmuşdur (2013-də nümayiş olunmağa başlamışdır).   Burada ilk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə “Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etməsi göstərilir.  Bunun ardınca  Njdeyə heykəl qoyulması onu göstərir ki, irqçilik və faşizm bu  ölkənin dövlət siyasətidir. Dünyanın terrorçu hesab etdiyi şəxslər- başda Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan Karapetyan, Monte Melkonyan, Vazgen Sarkisyan qəhrəman hesab olunurlar. Onlar özlərindən olmayanların fiziki məhvinə çalışmış və bunu bir göz qırpmadan, insanların halına acımadan  həyata keçirmişlər.   Qaregin Njde (Qaregin Ter- Harutyunyan) da belə cinayətkarlardan biri olmuşdur.  Onun yaratdığı “Tsexakronizm” təlimi  əslində erməni faşızmidir.  Faşizmin təməl fəlsəfəsi olan Nasyonal Sosialist təlimdir. Ermənistanın ilk milliyətçi partiyalarından olan Daşnaksütyunun da simvolu faşizmin qəbul etdiyi xəncərli xaçdır.

Dünya erməniliyinin  türklərə və azərbaycanlılara  qarşı davranışlarının təməlində Qaregin Nıjdenin düşüncələri yer alır. Qaregin Njde bütün həyatı boyu türklərə düşmən mövqedə olmuşdur, o öncə savaş meydanında türklərə divan tutmağa çalışmışdır. Qəddarlıqda Andranikdən geri qalmayan bu şəxsin tökdüyü qanların sayı-hesabı yoxdur. Xüsusən 1918-1920-ci illərdə Zəngəzurda, Göyçədə törətdiyi qırğınlar, azərbaycanlıların öldürülməsi və bu bölgədən çıxarılması Njdenin “xidməti” idi. Törətdiyi cinayətlərə görə mühakimə ediləcəyindən qorxub qaçan Njde bir müddət İranda qalmışdır. 1922-ci ildə Təbrizdən dönərək Sofiyaya yerləşmiş olan  Njde türklər əleyhinə ilk yazılarını da bu tarixdən başlayaraq nəşr etdirməyə başlamışdı. Məsələn, "Lernhayastanın” ( Dağlıq Ermənistan), “Qəhrəman Müqaviməti" (Buxarest, 1923), "Gündəliyimdən səhifələr” (Qahirə, 1924), "Övladların atalarına qarşı mübarizəsi” (Selanik, 1927) və s.  kitablarında bu faşist təməlli “Tsexakronizm” təliminin konturlarını müəyyən etmişdi.  Həmin dövrdə və daha sonrakı illərdə Njde daşnaklar tərəfindən  buraxilan “Hayastan” (Plovdiv), “Araks” (Sofiya), “Azatamart” (Paris)  kimi müxtəlif jurnal və qəzetlərdə aktiv rol almışdı. Bütün yazılarının tək hədəfi türklər və Türkiyə, tək məqsədi də xarici ölkələrə  dağılmış ermənilərdə türklərə və Türkiyəyə, Azərbaycana qarşı genetik bir nifrət aşılamaq idi.

Nasistlərlə  ermənilər, özəlliklə  daşnaklar arasındakı əməkdaşlığın ideoloji zəmini də 1930-cu illərdə qoyulmuşdu. Almaniyanın o zamankı  işğal edilmiş şərq bölgələri naziri Alfred Rozenberq 1926-1936-cu illərdə Şərqşünaslıq İnstitutunun rəhbəri olan Dr. Artaşes Abegyana ermənilərin antropolojisini və tarixini araşdırmaq üçün  bir komitə qurmağı tapşırmışdı. Təbii ki, bu fürsəti ermənilər əla dəyərləndirmişdilər.  Dərhal hesabat verilmişdi ki, guya  onlar almanlarla eyni irqdən gəlirlər. Komitənin 1934-cü ildədə qurulmasından beş ay sonra Rozenberq Hitlerə ermənilərin  almanlarla eyni irqdən-ari irqdən gəldiyini göstərən bir hesabat təqdim etmişdi.

 Bu arada faşist erməni gənclik təşkilatları da qurulmuşdu. Bolqarıstan və Rumıniyada erməni milliyyətçi təşkilatı  olan "Tsexakron" üzvlərindən  ibarət döyüşçü qruplar, hərbi birliklər yaradılmışdı.  O illərdə "Tsexakron" dünyadakı bütün erməniləri  nasistlərlə əməkdaşlığa çağırırdı. Bir çox tarixçinin bu təşkilatı ermənilərin "Hitlerjugend" i olaraq xarakterizə etməsi çox doğru yanaşmadır. Bu işdə almanlara yaxın olan ikinci bir qeyri-alman təşkilatı olmamışdı.
I Dünya  müharibəsi zamanı  və ondan  sonra Türkiyəyə qarşı döyüşən və müsəlman əhaliyə  divan tutan general  Drastamat Kanayan (Dro) da 15 dekabr 1942-ci ildə faşistlərin nəzarətində Erməni Milli Komitəsini qurmuşdu.  Bu Komitənin məqsədi Avropadakı erməniləri Alman iqtidarı nəzdində təmsil etmək idi. Bu komitə, II Dünya  Müharibəsi zamanı ermənilərin SSRİ əleyhdarı və alman tərəfdarı təbliğatının mərkəzi oldu. 1944-cü ilin  fevralında Rozenberqin əmri ilə Birləşmiş Erməni Qərargahı da quruldu. 1943-cü ilin aprelin sonunda  erməni hərbi qrup, müstəqil bir status qazandı. Qrupun başında olan Dronun köməkçisi Kuro (Nikolay Tarxanyan),  dururdu, qrupun qərargah rəisi  isə Tiqran Bağdasaryan idi. Kəşfiyyat və təxribat hərəkətlərindən məsuliyyəti Misak Torlakyan  öz  boynuna götürmüşdü. “AG-114” casus qrupu da Daşnak Ermənistanının (1918-1920) keçmiş ordusunun mənsublarından ibarət idi. Daşnakların nasistlərə  əhəmiyyətli xidmətlərəndən biri də Sovet  arxa cəbhəsində və işğal bölgələrində təbliğat fəaliyyətləriydi. Bu qrupların birinin başında məşhur daşnak lideri Seton Celalyanın SS zabiti olan oğlu Nikolay Gevorkyan (Doktor Sikorskiy, Gevorkov) dururdu. İşğal bölgələrində erməni əhalinin arasına agentlərini yerləşdirərək  kəşfiyyat fəaliyyəti göstərirdilər. Almanlara görə ermənilər millət olaraq kəşfiyyatçılığı yaxşı bacarırdı.  Bütün Qafqazda almanlar onların verdiyi məlumatlardan yararlanırdılar. Yəhudilərin aşkar edilməsində və almanlara təhvil verilməsində ermənilərin çox böyük  xidməti olmuşdu. Əsirləri də testdən keçirərək yəhudi olduğunu belə təsbit etmişlər. Özünü erməni olaraq təqdim edən və bununla ölümdən xilas olmaq istəyən yəhudi əsirə  ermənicə  kitab və ya İncili  verərək  gerçək milliyyətələrini öyrənir və onların erməni olmadığını və yəhudi olduğunu bildirirdilər.

15 dekabr 1942--ci ildə Njde almanların yaratdığı "Erməni Milli Şurası"nın 7 üzvündən biri idi. Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak etmişdilər.  Erməni döyüşçülər özlərini “Dromedarçılar” adlandırırdılar , yeni tip bir alman uniforması geyinirdilər. Silahları isə qarışıqdı. (alman və sovet istehsalı). Generalından əsgərinə qədər  bu qrupda iştirak edən hər kəs, hərbi formasının  sağ qolunda Daşnak Respublikasının üç rəngiylə "Armenien" yazısı olan bir gerb daşımaq məcburiyyətində idi. Əvvəllərdə  daşnak legioner  gerblərində  Ararat -Ağrı Dağı fiqurunu və ya Daşnak Ermənistanının dövlət simvolunu da istifadə edirdilər. Ermənilər üçün xüsusi məktəblər qurmuşdular. Bu məktəblərdə uşaqlara 3-cü Reyxin himayəsində qurulacaq “Böyük Ermənistan”ın təbliğatını aparırdılar.  Erməni təşkilatı EMK üzvləri  alman işğalı altında olan Krımda çox fəal idilər. Erməni  Komitəsinin fəaliyyəti Krımın alman rəhbərliyi tərəfindən də dəstəklənirdi. Yalnız ermənilərin, almanların ailələrinin gedə biləcəyi kafelər, restoranlar açmışdılar, yalnız ermənilərin gedə bildiyi xəstəxanalar qurmuşdular.

Komitə, digər tərəfdən faşist -alman ordularının ehtiyacları və erməni könüllü birlikləri üçün erməni əhalidən kömək də toplayırdı. Bu sahədə heç bir problem olmurdu, çünki  bütün erməni əhali də almanları dəstəkləyirdi. Bu, onu gçstərirdi ki, ermənilər kim güclü isə onun yanında olmaq xasiyyətini dəyişməmişdilər.  Dərhal təşkilatlanarak işlərinə yarayırsa  “şeytanı belə müdafiə etmələri”ni  yazan müəlliflər yanılmırdılar.  Krımda Daşnakların başında olduğu EMK-si  "Azat Hayastan - Ազատ Հայաստան" ( Azad Ermənistan) və "Hay azq- Հայ ազգ" (erməni milləti) adlı jurnallar çıxarmış,  bu jurnallarda yarımadanın kişi əhalisini alman ordularının yanında döyüşməyə çağırmışdılar.

Almaniya rəhbərliyi Qafqazdakı və Türkiyədəki erməni əhalisini bu ölkələrdə qarışıqlıq yaratmaq üçün istifadə etməyə hazırlaşırdı, lakin cəbhədəki uğursuzluqlar onları bu planlarından imtina etməyə məcbur etdi.

Sovet ordusu Bolqarıstana girəndə  Njde  müharibənin sonunun yaxınlaşdığını görüb özünə yeni müttəfiqlər axtarmış və sovet generalı Tobluxinə məktubla müraciət edərək yaltaqlanmışdı. Məktubunda o, özünə bəraət almaq məqsədilə nasistlərlə yalnız onların Türkiyəyə müharibə elan edəcəyinə inandığı üçün əməkdaşlıq etdiyini iddia edirdi və yenə də Sovet İttifaqının Türkiyəyə müharibə elan etməsinin zəruri olduğunu bildirir, özünün isə bu işdə SSRİ ordusuna istənilən yardımı edəcəyinə söz verirdi. Lakin Sovet hərbi əks-kəşviyyatı onu həbs edərək Moskvaya göndərmişdi . Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında saxlandıqdan sonra Njde mühakimə edilməsi üçün Yerevana gətirilmişdi. Məhkəmə zamanı Qaregin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinmiş və 25 illik həbs cəzasına məhkum olunmuş və həbsxanada da ölmüşdü.

 Alman faşistlərinin "Yeni nizam" anlayışı ilə Njdenin “Tsexakron”u arasında  bənzərliklər mövcuddur. Hitlerin "irq dövləti" anlayışı  Ermənistanda da eyni anlama gəlir. İndi Ermənistanda bel əbir adama heykəl qoyulması onun haqqında filmlər çəkilməsi, kitablar yazılması o deməkdir ki, faşizm bu ölkədə hələ də tüğyan edir. Bunu da xüsusi  qeyd olunmalıdır ki,  Almaniya Bundestaqının qondarma erməni iddiası olan “erməni soyqırımı”nı qəbul etməsi də təsadüfi hal hesab edilməməlidir...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir