Modern.az

Baş redaktorlardan CAVAB: “Ombudsmandan narazıyıq”

Baş redaktorlardan CAVAB: “Ombudsmandan narazıyıq”

4 İyul 2016, 11:10

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İnformasiya və İctimaiyyətlə əlaqələr sektoru Modern.az saytının suallarını cavablandıraraq bildirilib ki, Ombudsman Elmira Süleymanovanın jurnalistlərlə münasibləri yüksək səviyyədədir.

 

Zaman-zaman media mənsubları ilə görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır.

 

Məsələ ilə bağlı jurnalistlərin fikrini öyrənməyə çalışdıq.

 

Bəs, jurnalistlər necə, xanım ombudsmanla görüşə bilirlərmi?

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Elmira xanımla şəxsi münasibətlər təbii ki, yaxşıdır. Bu yaxınlarda rayonların birində mətbuat bağlı tədbirə Elmira xanım da gəlmişdi. Ancaq Elmira xanımın fəaliyyəti ilə kifayət qədər tənqid olunası məqamlar var. O məqamlar ondan ibarətdir ki, söz, mətbuat azadlıqları insan hüquqlarının tərkib hissəsi kimi qəbul olunaraq media Ombudsman İnstitutu təşkil olunacaqdı, amma Ombudsman müstəqil təşkil olunmadı. Elmira xanımın rəhbərlik etdiyi aparatın tərkibinə verildi. Ümumiyyətlə heçbir mətbuat orqanı ilə, KİV ilə media hüquqları institutu ilə Ombudsman aparatının heçbir əlaqələri yoxdur. Zemfira Məhərrəmovanın bu qurumda mətbuat katibi olduğu müddətdə münasibətlər var idi.

 

Zemfira xanımın özünün işgüzarlığı və peşəkar jurnalist olması səbəbilə bu əlaqələr qismən qurulurdu. Media Ombudsmanı institutunun səlahiyyətləri Ombudsman Aparatına verdilər və demək olar ki, media ilə bağlı heç bir iş görülməyib. İnformasiyanın əldə olunması ilə bağlı bəzən çox ciddi problemlər yaranır. Fikirləşirəm ki, bununla bağlı müraciət edən jurnalistlərin də təkliflərinə, fikirlərinə çox da məhəl verilmir. Elmira Süleymanovanın media sahəsində fəaliyyətini çox mənfi qiymətləndirirəm”.

 

“Azadinform.az” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: “Ola bilər ki, Elmira xanımın problemi yoxdu, ancaq jurnalistlərin Ombudsman ilə bağlı problemləri çoxdur. Biz ümumiyyətlə o qurumun necə fəaliyyət göstərdiyini , jurnalistika ilə bağlı hansı layihələrə imza atdığını, görüş keçirdiyini xatırlamırıq.

Düşünürəm ki, media Ombudsmanı olaraq Elmira Süleymanova jurnalistlərlə sıx əlaqədə olmalı, onların problemləri ilə maraqlanmalı, layihələrinin həyata keçirməsinə dəstək olmalıdır. Biz demirik ki, Ombudsman, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu kimi pul ayırsın. Sadəcə problemlərlə maraqlanmaq lazımdır. Ümumiyyətlə, monitorinq aparıblarmı, kimlərlə işləyiblər bu günə qədər? Bu suallara cavab verilməlidir”.

 

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov: “Media sahəsində Ombudsman fəaliyyətini həyata keçirmək Elmira Süleymanovaya həvalə olunub. Jurnalistlərin hüquqlarının pozulması sahəsində mən Azərbaycanda elə bir problem görmürəm. Yəni Azərbaycanda Kütləvi İnformasiya Vasitəsi təsis etmək, istər elektron, istərsə də çap mediası son dərəcə asanlaşıb. Jurnalistlər üçün heç bir mövzu məhdudiyyəti yoxdu, jurnalistlər dediyi sözlərə görə təqib olunmur, həbs olunmur. Bütün bunlar Azərbaycan reallığıdır.

 

Amma bəzi hallarda jurnalistlərin özləri tərəfindən ayrı-ayrı şəxslərə qarşı təzyiqlər, təsirlər olur. Bunlar şər-böhtan şəklində olur. Bu məsələlər ilə Mətbuat Şurası məşğuldur, orada qınaq forması kimi qara siyahılar tərtib olunub. Ona görə Elmira xanımın jurnalistlərlə gördüyü işlərdə problemlər yoxdu. Mənim fikrimcə əməkdaşlığı bir az da sıxlaşdırmaq və səmərəsini artırmaq mümkündür. Bunun üçün də biz jurnalistlər də Ombudsmana qarşı addım atmalı və bir qədər də onların işinə kömək etməliyik. Mətbuat, söz azadlığı daima təkmilləşməni tələb edir və buna görə də bu sahədə müxtəlif qurumların əməkdaşlığı vacibdir. Bu bizə ancaq fayda gətirər”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir