Modern.az

Deputat Mübariz Mənsimov-Telman İsmayılov müqayisəsinə QARŞI ÇIXDI

Deputat Mübariz Mənsimov-Telman İsmayılov müqayisəsinə QARŞI ÇIXDI

Parlament

4 İyul 2016, 11:27

Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-ə müsahibəsində son günlər haqqında yayılan iflas xəbərinə münasibət bildirərkən bəzi məmurlar tərəfindən onun əleyhinə “qara piar” aparıldığını deyib.

 

“Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun "qara piarı"dır. Mən çox gözəl bilirəm bunlar kimlərdi… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar  əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynəlxalq media resurslarla onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm”. O, auditoriyaya, “Azərbaycan belə “qara piar”dan nə udacaq” sualını da ünvanlayıb...

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına açıqlamasında Mübariz Mənsimova haqq verdiyini deyib:

“Mən hesab edirəm ki, Mübariz Mənsimov kifayət qədər tanınan insandır. İş adamı Türkiyədə yaşamasına, işləməsinə baxmayaraq Azərbaycanda kifayət qədər işlər görüb, o cümlədən Lənkəranda “Xəzər” futbol klubunu yaradıb, bir çox müəssisələr işə salıb, işsiz insanları işlə təmin edib. Bir çox tanınmış incəsənət adamlarına, aktyorlara səhhətlərində yaranmış problemlə bağlı yardımlar edib. Bunları danmaq və gözardına vurmaq olmaz.

 

Azərbaycanlı kimi ürəyi, diqqəti hər zaman vətənindədir. Ən əsası dövlət başçımızın apardığı siyasəti müdafiə edir. Mən dəfələrlə onun çıxışlarına qulaq asmışam. Onun dediklərilə müəyyən qədər razılaşıram. Ola bilər son vaxtlar ona qarşı kimlərsə tərəfindən haqsız piar aparılır, barəsində qeyri-obyektiv yazılar dərc edirlər”.

 

Parlament üzvü M.Mənsimovun yersiz olaraq T.İsmayılovla müqayisə edildiyini qeyd edib:

“Yeri gəlmişkən Telman İsmayılovla bağlı da demək istəyirəm ki, o da Azərbaycan üçün çox işlər görmüş iş adamıdır. Onun bazarında çalışanlar həmişə azərbaycanlılar olub. İndi onun iflasa uğraması azərbaycanlı olaraq bizi məyus edir. Biz həmişə belə insanlarla fəxr etmişik. O cümlədən də, Mübariz Mənsimovla.

 

Ola bilər ki, hər yerdə olduğu kimi onun da işlərində müəyyən ləngimələr olsun, hansısa obyekti bağlansın, amma bu onun iflası demək deyil. Onun bütün gəmilərinin adı Azərbaycanın məşhur şəxslərinin adınadır. O, bütün qanı, canı ilə Azərbaycana bağlı bir insandır. M.Mənsimov heç vaxt istəməz ki, ölkəmizdə pis nə isə olsun. Mən onun danışığına, hərəkətlərinə diqqət yetirdim, sonda da həmişəki kimi Azərbaycanın gələcəyi barədə müsbət fikirlər bildirdi.

 

Hesab edirəm ki, millət, vətəndaş olaraq bu cür insanlara maneə yox, dəstək olmalıyıq. Mən şəxsən Mübariz Mənsimovun istənilən müraciətinə müsbət yanaşmağa hazıram.

İş adamı yaxşı bir sual ünvanladı ki, Mübariz, İskəndər, Telman, Ağalarov iflasa uğrasa, Azərbaycan bundan nə qazanacaq? O suala cavab olaraq demək istəyirəm ki, Azərbaycan bundan heç qazanmayacaq, Azərbaycan itirəcək”.

 

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar