22 sentyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - Vyanada Şuşa günləri – REPORTAJ+FOTOLAR
Vyanada Şuşa günləri – REPORTAJ+FOTOLAR +
04.07.2016, 14:35

Fotolu, xatirəli reportaj

Modern.az mühacirətdə yaşayan yazar Vahid Qazinin Avstriyaya səyahətinin təəssüratı əsasında yazılan “Vyanada Şuşa günləri” adlı reportajını təqdim edir.   

 

Ondan başlayım ki, Vyana bizim kimi günyarımlıq gəlinəsi şəhər deyil, bura ən azından dörd-beş günlüyə gəlmək lazımdı. Yüz illərcə tarixin cürbəcür memarlıq üslublarında donub qaldığı sarayları, gəzdikcə gəziləsi küçə və xiyabanları, baxdıqca baxılası muzeyləri var. Dinləməyə konsertlərini, operalarını demirəm heç.

 

Əslində bu yayın səyahət proqramında yalnız Polşanın şəhərlərinə səfəri nəzərdə tutmuşduq. Gəmi-bərəylə Baltik dənizini keçib, uşaqları Qdanskda “Solidarnost” hərəkatının tarixiylə, Varşava, Krakov, Vroslav kimi şəhərlərdə tarixi yerlər və muzeylərlə tanış etmək, Osvensimdə faşistlərin “konslager”ini, Torunda Kopernikin evini göstərmək idi qəsdim. Araya salıb, yolüstü tamam fərqli bir yerə – Vyanaya da dəymək qərarını son anda verdik. Odu ki, bu şəhərə cəmi iki gün ayıra bildik.

 

Sizə bir məsləhət verim, Vyanaya səfər edəndə bizim kimi etməyin, yəni Habsburqların özlərindən sonra qoyduqları mədəniyyəti görüb tam anlamaq üçün Praqa-Budapeşt-Vyana marşrutunu seçin!

 

…Avstriya sərhədini keçən kimi uzun illər kommunist rejimində yaşamış Polşa və Çexiyadan fərqli ölkəyə gəldiyini hiss edirsən. Uzaq Alp dağları fonunda yaxın yamaclar, üzümlüklər, laləzar çəmənliklər xoş uşaqlıq xatirələrimi göz önünə kino lenti kimi gətirir. Eniş-yoxuşlar boyu dolama yolları uşaqlara göstərib Qarabağa bənzədirəm, Ağdamdan Şuşaya gedən yoldu elə bil, deyirəm. Maraqlı gəlir, boylanıb baxırlar.

 

Vyanada qaldığımız müddətcə Qarabağa, Şuşaya köklənən ovqat məni tərk eləmədi. Bir-bir yazacam, qaynağını biləcəksiniz.

Çoxunuza bəlkə də qəribə gələr bu bənzətmə –  cəmi əlli-altmış il ömür sürən balaca bir xanlığın paytaxtı Şuşa hara, əsrlərcə neçə imperiyanın baş şəhəri olmuş Vyana hara, deyərsiniz.

 

Tarixlərinin əzəmətindən yox, bu şəhərlərin musiqili taleyindən danışıram – Şuşa Azərbaycanın musiqi beşiyi sayıldığı kimi Vyana da dünyanın musiqi mərkəzi hesab edilir. Altı yüzillik Habsburqlar sülaləsinin idarə etdiyi dövlət və imperiyaların siyasi paytaxtı olduğu kimi, Vyana, həm də Avropanın mədəniyyət mərkəzi olub. Şəhərin adı Haydn, Mosart, Bethoven, Şubert, atalı-balalı Ştrauslar kimi klassik bəstəkatların adı ilə bağlıdır. Sevgi novellalarının bənzərsiz ustadı Stefan Sveyqin adını, qoy, ayrıca çəkim!

 

Vyana haqda hər cür məlimatı internetdən əldə etmək olar, odu ki, uzun tarix açmayacam, eləcə çəkdiyim fotoları (əksər muzeylərdə şəkil çəkməyə icazə verilmədiyindən bir neçə fotonu o muzeylərin saytından yüklədim, bir də, bəzi yerlərdə çəkdiklərimin keyfiyyəti yaxşı olmadığından bənzərini internetdən götürdüm) və təəssüratımı bölüşəcəm.

 

Az bir vaxtda nə qədər yerə getmək olardısa, o qədər yerə baş vurduq, çaparaq gəzdik. Siz gələndə arxayın dolanıb bu yerlərə öz gözünüzlə baxarsınız, hələlik, mənim nəzərlərimlə seyr edin.

 

Dunay sahilində Hacıbəyov heykəli

Maşını birinci Üzeyir Hacıbəyovun heykəli olan Dunay parkına sürdüm. Park Dunayın ortasındakı adada yerləşir. Şəhərin bu yerində çay ikiyə bölünür, qoşa kanalla axır.

 

Bu yer bir suyu Şuşanın “dom otdix” dediyimiz istirahət evinin bağçasına oxşayır. Elə bu oxşarlıq fikrimi uzaq 1981-ci ilə apardı. Heykəlin torun-tozun silə-silə uşaqlara onlar yaşda olanda həmin bağda Üzeyir bəy haqda “Uzun ömrün akkordları” filminin çəkilişlərinə tamaşa etməyimi deyirəm. Anardan tutmuş Qədir Rüstəmovacan xatırlayıram. Elə bilirlər, qədim zamanlardan, uzaq ölkələrdən nağıl danışıram.

 

Yeri gəldi, qoy elə birini də sizə söyləyim! Demək, bir yay həmin istirahət evində dincəlirdik. Səhər yeməklərinin birində yeməkxana divarına vurulan afişada oxuduq ki, Cıdır düzündə konsert olacaq. Axşamı böyüklərimizlə yığışıb getdik. Konsert uşaq marağımıza tuş gəlmədi – simfonik orkestr nəsə qəliz musiqi çaldı. Sonralar dünyanı dərk edəndə o konsertin dəyərini anlayacaq, göyüm-göyüm göynərtiylə xatırlayacağam. Xatırlayacam ki, o isti yay axşamı Cıdır düzündə simfonik orkestr maestro Niyazinin dirijorluğuyla “Koroğlu” üverturasını çalırmış.

Bilmirəm, uşaqlara bunun nə demək olduğunu tam duydura bildim, ya yox! Amma bir qədər yaşlı adamlar, xüsusilə də Şuşanı görənlər “Cıdır düzü”, “maestro Niyazi”, “Koroğlu” üvertürası” sözlərindən gözəl bir xəyal qurar, onların yaratdığı harmoniyanı hiss edərlər, belə düşünürəm.

 

Bethovenin ev muzeyində

Hoteldə otaqlarımızı tutandan sonra əvvəlcədən hazırladığımız proqram üzrə Mölker Bastei 8 ünvanına piyada yol aldıq.

 

Bethovenin “Ay işığı” sonatasını Bethovenin evində dinləmək də varmış! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, başqa qızların çaldığı musiqilərlə oyandım.

Bethovenin “Ay işığı” sonatasını Bethovenin evində dinləmək də varmış! Onu ilk dəfə Qreta çalanda eşitmişəm. Səkkiz, ya doqquz yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi, Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı. İllər uzunu hər səhər yuxudan onun, başqa qızların çaldığı musiqilərlə oyandım.

 

Bu fotoda divardan asılan Bethovenin “Ay işığı” sonatasını həsr etdiyi Cülyetta Qviççardinin portretidi. Çoxsaylı sevgi yaşayan Bethoven heç vaxt evlənməyib. Ölümündən sonra tapılan son məktubunda mirasını naməlum qadına vəsiyyət edib. Rejissor Bernard Rouzun çəkdiyi “Ölümsüz sevgili” adlı film elə o məktubdan bəhs edir. Düzdü, filmdə məktubun kimə yazıldığı sonda bəlli olur, amma bəstəkarın bioqrafları məktubun ünvanlandığı qadının kimliyini dəqiqləşdirə bilməyiblər.

 

Muzeyin pilləkənləriylə düşdükcə Bülbülün Şuşadakı ev-muzeyini xatırlayırdım. Yamyaşıl baxçanın içində kürsülü, sürahılı bir ev idi. O muzeydə ən çox yadımda qalan eksponat ona İtaliyada verilən bir orden idi. Deyirdilər ki, bu ordeni taxan paradda hamıdan qabaqda gedə bilər. O vaxt elə fəxr eləmişdim ki Bülbüllə…

 

Mosartgilə qonaq getmək

 

Bethovenin mənzilindən Mosartın Domgasse küçəsi, 5 saylı binada yerləşən evinə Siebensterngasse küçəsindən keçib getdik. On beş dəqiqəlik yol bir an kimi gəldi.

 

Orta əsr barokko memarlıq üslubu ilə müasir dizaynlı binaların bir-birini əvəz elədiyi binalara baxa-baxa keçəndə elə bilirsən, zaman sənsiz ötür, xəbərin olmur. Buralara yolunuz düşsə, brend dükanlara baş çəkib vaxt itirməyin, elə çölə açılan vitrinlərdə qiymətləri görüb heyrət etməyiniz yetər.

 

Mosartın muzeyinə baxış litflə çıxdığımız axırıncı mərtəbədən başladı. Audio-bələdçini dinlədikcə gözümün önündə Miloş Formanın “Amadeus” filmi canlanırdı. Məni o filmə baxmağa bayaq haqqında danışdığım evimizin kirayəçi qızları həvəsləndirmişdi. Bir qış gecəsi “Retro” proqramında baxmışdıq o filmə. Uşaqlığımın son çağları idi. Elə o vaxtdan milyonlarla insan kimi mən də Mosartın ecazkar musiqisinin sehrinə düşdüm.

 

Sonralar “Çöl Qala” povestində Mosartın “Rekviyem”i haqda bunları yazacaqdım: “Rekviyem” bəşəriyyətin musiqili tarixidi. Burada insanın yaranışı, yaşamaq uğrunda mübarizəsi, hiss və duyğuları, sevgisi və nifrəti, arzu və umudu, yerdəki tufan, zəlzələ və vulkanlar, sərin səba yelləri, bu dünyanın cənnət və cəhənnəmi, bir sözlə, Yer kürəsinin genetik kodu cəmlənib. Mosartın “Rekviyem”i İnsanın Kainata mesajıdı”.

 

Dahi bəstəkar muzeyin yerləşdiyi binanın son mərtəbəsində yaşayıb, şəhər hakimiyyəti sonralar o biri mərtəbələri də alıb muzeyə verib. Audio-gid deyir ki, bəstəkar Vyanada on üç ev dəyişib, əksər dahilər kimi onun da özünəməxsus əhlikefliyi varmış. Burda yaşadığı iki il maddi cəhətdən imkanlı vaxtına təsadüf edir. Deyilənə görə Vyanaya təzə gələndə üzbəüz binanın zirzəmisində yaşayan Mosart tez-tez həsrətli baxışlarla bura baxıb deyərmiş: “Bir gün gələcək o binada yaşayacam”. Və yaşayıb…

 

Muzeydə sərgilənən eksponatların heç biri bəstəkarın deyil. Qulaqcıqlardan dinlədiyim audio-gid söyləyir ki, muzeydə Mosartı xatırladacaq tək şahid mənzilin divarlarıdı. Hətta hansının yataq, hansının qonaq otağı olması belə ehtimal edilir. Ev-muzeyləri ona görə xoşlayıram ki, heç bir eksponat olmasa belə sahibini duya, həyatını fantaziyanla təsəvvür edə bilirsən. Sizi bilmirəm, hərdən məndə alınır belə şey. Bax, bu pəncərə qırağında Mosartı şıltaqlığı ilə tez-tez küsdürdüyü Konstansiyanın könlünü alan gördüm. Düz sözümdü!

Həmişə komfort arzulayan bəstəkarın həyat yolu acılarla doludu. Dəbdəbəli əyləncə gecələrini sevən Mosartın pulla amansız rəftarı tez-tez onu varlı himayədarlardan borc istəməyə vadar edərmiş. Sonra maddi sıxıntılarına onu ölümə aparan xəstəlik də əlavə olunur.

 

Bu, “Amadeus” filmindən bir kadrdı –  Mosart ölüm yatağında.

Qəribədi, dünyanı heyran qoyan həmişəyaşar əsərlər xoşbəxt həyatda yox, kədər və iztirablarla sürülən ömürlərdə yaranır. Kamil əsər sevincdən yox, qüssədən doğulur.

 

Söz açdığım filmə baxsanız, xüsusən də onun sonuna diqqət etsəniz, ağır xəstəlikdən ölən, dəfninə pul olmadığından ümumi məzarda basdırılan bəstəkarın həyat dramını tam acılığı ilə duymuş olarsınız.

Muzeydə şəkil çəkməyə icazə vermirdilər. “Oğurluq” yalnız bunu çəkə bildim. Belə “oğurluq” jurnalist adətimdən qalmadı, qüsura baxmayın!

 

Vyananın simvol

Müqəddəs Stefan kilsəsi Vyananın Innere Stadt adlanan mərkəzi hissəsində yerləşir, bizim dillə desək, İçərişəhərində, ən qədim yerində. Köhnə Vyana Dunayın cənub sahilində yerləşir. Çayın şimalı əsasən son dövrlərin tikililəridi.

 

Bir neşə yüz ilə inşa edilən kilsə 1511-ci ildə indiki görkəmini alıb. Tək Vyananın yox, elə Avstriyanın da milli simvolu sayılır.

 

Vyananın demək olar, hər muzey və tarixi abidəsində Osmanlı imperiyası ilə müharibələr xatırlanır. Məsələn, bu katolik kilsəsinin tarixində xüsusi yazılır ki, ona arxiyepiskopluq statusu yalnız osmanlı ordusu geri çəkiləndən sonra verilib.

 

Şönbrunn – kralların yay sarayı

Türklər Habsburqlar sülaləsinin uzun əsərlər boyu yay sarayı olmuş Şönbrunnun (Schönbrunn Palace) tarixində də yad edilir. İndi muzey olan sarayın audio-gidi söyləyir ki, 1683-cü ildə türklərin başlatdığı II Vyana Savaşında saray dağılıb, sonra onu fransız krallarının Versal sarayı nümunəsində bərpa etməyə başlayıblar. Saray, onun füsunkar bağı kraliça Mariya Terezanın zamanında indiki görkəmini alıb.

 

1441 otağı olan sarayın aldığımız biletin imkan verdiyi qədər odasını gördük. Otaqdan otağa, zaldan zala keçdikcə, audio-gidin söylədiklərini dinlədikcə elə bilirsən hər addımın tarixin bir dövrüdü, ayağının ucunda keçirsən.

 

Bu, Napoleonun Avstriyanı işğal edəndə yaşadığı otaqdı! Bu salonda kral üçün piano çalanda Mosartın 6 yaşı varmış! Xruşşovla Kennedi yüksək səviyyədə ABŞ-SSRİ görüşünü bu zalda keçiriblər. Hansı birindən yazasan!

 

Sarayın içində foto çəkməyə icazə verməsələr də bir-iki “oğurluq” şəkil çəkdim. Onlar da yaxşı çıxmadı. Bu fotolar internetdən götürdüyümdü, burda verirəm ki, saray gözəlliyini uzun uzadı yazmaqdansa şəkillərlə daha rahat çatdıra bilim.

 

Məşhur Şönbrunn bağçası

Saraydan çıxıb bağa keçəndə nə görsəm yaxşıdı?! Sevimli gülüm – sarmaşan qızıl gül! Uzun bir talvara dırmaşdırıblar.

Bizim Ağdamda bir ara dəb idi bu gül. Gül həvəskarları hasarboyu əkirdi, uzanıb barıdan küçəyə aşırdı. Yazda qızılgüllü məhlələrdən keçəndə adamı cənnət iyi vururdu. Peşman oldum bunu uşaqlara deməyə. Yalan olmasın bəlkə yüz cür şəkil çəkdirdilər.

 

Şönbrunn parkın “Labirint bağı”nda hündür yerə çıxdım ki, uşaqlar azanda yol göstərə bilim. Bir vaxtlar kral uşaqlarının sevimli oyun yerində indi böyüklü-kiçikli hamı dolana-dolana qalır.

Labirintdən çıxışı göstərmədim, dedim, həyat yolu da belədi, çalışın özünüz tapın. Onlar yolu tapıb çıxanacan hövsələmi basıb gözlədim!

 

Mariya Terezanın heykəli

Müqəddəs Roma İmperiyasının kralıçası Mariya Terezanın təkcə heykəli əzəmətli deyil, elə özü də möhtəşəm xanım olub. İki Avstriya imperatorunun, Fransa və Siciliya kraliçalarının anasıdı.

 

Bu hökmdar qadın elmdə, təhsildə, maliyyə və idarəetmədə o qədər köklü islahatlar aparmaqla yanaşı, Yeddiilik müharibədə də iştiraka necə vaxt tapıb?! Dünyaya on altı uşaq gətirdiyini də düşünəndə, məəttəl qalırsan. Heykəldə onu dövrələyənlər ona dövləti idarə etməyə kömək eləmiş yaxın əyanlarıdı.

 

Avropa tarixində əzəmətli xanımlar olub, fransızlarda Katerina Mediçi, ruslarda II Yekaterina, ingilislərdə Viktoriya belə qadın hökmdarlardandı.

 

Hökmranlığı əlindən alınsa da xanımlığı ilə könülləri fəht eləyən Natəvan da bizim Qarabağın xanzadəsiydi. Bənzətməmi uğursuz sayacaq oxucuya onu deyim ki, qəriblikdə vətən tarixi də adama əzəmətli gəlir, o tarixi yazan adamlar da! Yoxsa bu heykələ baxanda Natəvanın Bakıdakı o balaca abidəsi hardan yadıma düşərdi ki…

 

Belveder sarayı

Belveder adını ilk dəfə “İnam” Plüralizm Mərkəzində işləyəndə eşitmişəm. Beynəlxalq konfranslar təşkil edərdik. Bəzən xarici dostlar mənə suvenirlər, içkilər hədiyyə gətirərdilər. Bir dəfə biri “Belveder” adında araq gətirmişdi. Sonra öyrəndim ki, xeyli bahalı imiş.

 

Belveder italyanca “gözəl mənzərə” deməkdi. Saraya elə Vyana botanika bağından keçib getdik.

Kompleksə barokka stilində tikilmiş iki nəhəng saray, möhtəşəm bağ, böyük hovuz daxildi. Türklərlə müharibədə ad çıxarmış, dövrünün qüdrətli sərkərdələrindən olan Savoy şahzadəsi Yevgeni tikdirib. Ölümündən sonra sarayı Mariya Tereza alıb.

 

Məşhur Avstriya Qalereyası burda yerləşir. Elə saraylardakı rəsmlərə baxmağa bir gün vaxt lazımdı.

 

Aşağı Belveder sarayını dolaşıb, hektarlarla sahəni əhatə edən bağı gəzəndən sonra Yuxarı Belveder sarayına keçməyə tələsməyin, sarayın sağ böyründəki kafedə dondurma yeyin, ya da kofedən, çaydan için.

 

Dincinizi alandan sonra 1955-ci ildə Avstriyanın Müstəqillik Bəyannaməsi imzalanan bu möhtəşəm saraya baxmaq olar.

 

Hofburq – kralların qış sarayı

Avstriya krallarının qış sarayı. 1654-cü ildə tikilib, zaman-zaman müxtəlif təyinatlı başqa tikililər də əlavə olunub.

 

Məsələn, bu, kral VI Karlın vaxtında tikilmiş at tövləsinin tavanıdı.

 

Arxadakı bu əzəmətli bina isə sarayın başqa bir hissəsidi, indi burada Avstriya Milli Kitabxanası yerləşir. Onu da VI Karl tikdirib, 1754-cü ildə – Şuşa Qarabağ xanlığının mərkəzi elan edilən il.

 

7 milyon nüxsədən çox kitab saxlanılır, aralarında qədim papiruslar, əlyazmalar da var. Qarşısındakı atlı heykəl həmin o Savoy şahzadəsi Yevgeninindi. Sarayın içərisinə girməyə vaxt olmadı, çünki bir cavan bir maestro ilə görüşümüz vardı…

 

Vyanada bala Niyaziylə görüşmək

Bayaq maestro Niyazidən söz saldım, elə Vyana Musiqi Akademiyasında dirijorluq təhsili alan Abuzər Manafovla görüşəndə də ağlıma Niyazi gəldi. Elə bildim gələcəyin Niyazisiylə görüşürəm.

 

Abuzərgilin ailəsində hamı musiqiçidi, İstanbulda yaşayırlar, atası tanınmış pianoçu İslam Manafovla da, bacısı Turanla da elə feysbukda dostlaşmışıq. Gənc dostumuzla görüşümüz maraqlı oldu, gördük ki, o, tək istedadlı musiqiçi deyil, həm də sadəqəlbli vətənsevərmiş.

 

Alp çeşməsi

Vyananın küçələrindəki bulaqların suyu Alp dağlarından gəlir. Dodağını dirəyib iç, içə bildikcə. Uşaqlara Ağdamda çay daşlarından düzəldilmiş bulaqlardan danışıram, Qaraqaya kəhrizindən axardı. Şuşa küçələrindəki belə bulaqların suyu isə Turşsudan gəlirdi. Turşsuyu həm içirdik, həm də gözümüzə tuturduq. Deyirdilər, gözə xeyirdi.

 

Alp dağlarının da suyunu elə Qarabağ bulaqlarının suyu kimidi, buz kimi, şipşirin.

 

Vaxta sığmayan məkanlar

Adam vaxtın qədrini yaşa dolduqca bilir. O qədər boşuna vaxt öldürmüşük ki, elə bilmişik, bitib tükənən deyil. Sonralar, gərdişi-dövrandan az-çox baş çıxaranda vaxtın dəyərini bilirsən. Onu qızılla ölçənlər də var hələ, onları demirəm heç. Sizi bilmirəm, məndə son vaxtlar yaranıb bu hiss – elə bilirəm, baxmaq istədiyim yerləri, görmək istədiyim işləri vaxt azlığından çatdırıb görə bilməyəcəm. Tələsirəm!

Vyana kimi şəhərdə günyarımlıq zamanın hər dəqiqəsini qənimət bilsək də görüləsi yerlərin çoxuna çatdırıb görə bilmədik. Məsələn, İohann Ştraussun Praterstrabe 54 ünvanındakı ev muzeyinə gedərdim həvəslə. Onun “Mavi Dunay” valsını elə Dunayın sahilində dinləsəydım ömür boyu sağa-sola xərclədiyim milyon-milyon anın ən qiymətlilərindən birini yaşamış olardım. Bu böyük bəstəkarın Rusiyadakı sevgisindən bəhs edən “Peterbuqla vidalaşma” adlı sovet filmini görən mənim kimi sovetdənqalma hər bir adam ora getməyə can atar, mənə belə gəlir.

 

Yaxud Nubdorfer Strabe küçəsi, 54 saylı ünvanda yerləşən Frans Şubertin ev muzeyinə gedərdim. Cəmi 31 il yaşamış bu dahi o balaca ömrünə nələri sığdıra bilibmiş! 600 musiqi əsəri, 9 simfoniya. Musiqidə romantizmin əsasını qoyan Şubert elə təkcə pianoda dördəllə çalınan “Fantaziya”sı ilə əbədi şöhrətini saxlayardı, fikrimcə. İnanmırsınızsa, yutubdan bölüşdüyüm bu misiqini dinləyin, dəlisiyəm bunun: https://www.youtube.com/watch?v=aO5fLLHj55k

 

Sevgi novellalarının bənzərsiz ustası Stefan Sveyqin Kochgasse 8 ünvanında yerləşən balaca mənzil-muzeyinə də baş çəkər Sveyqə aşiq olan kəs, hələ desən, onun Salzburq şəhərindəki muzey-mərkəzinə də gedər, baxmaz 300 kilometrlik yola.

Sveyq yaradıcılığı ilə tanışlığım “Naməlum qadından məktub” novellası ilə başlayıb, sevgi romanları oxuyan vaxtlarım idi onda.

 

Bu şəhərə yolunuz düşsə, bir də mütləq onun operasına gedin, ya bir tamaşa olsun, ya konsert, fərq etməz, biletin bahalığına fikir verməyin, alıb baxın, dinləyin. Həyat adama bir dəfə verilir, Vyanaya da hər gün gələsi deyilik ki! Dünya musiqisinin beşiyində də konsertə getməyib harda gedəcəyik? Şansınızı qaçırmayın! Amma küçələrdə addımbaşı sizi konsertə dəvət edənlərin felinə uymayın, əsl musiqi onlar çalan deyil.

 

***

…Beləcə, bu füsunkar şəhərdən ayrılıb marşurutumuzdakı başqa Avropa şəhərlərinə yol aldıq. Uşaqlar bir də gələcəklərini dedilər. Vyananı mən də sevdim, həm də ona görə ki, mənə Qarabağlı günlərimi epizod-epizod yaşatdı!

 

…Şuşanın havasını alan kimi oldum!

Şuşada da Vyananı xatırlamaq arzusuyla,

 

Vahid Qazi

İyun 2016

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib
22.09.2017, 00:56

Lənkəranda 22 yaşlı gənc qatarın altında qaldı - Yenilənib

Minlərlə niderlandlı qadından pisuar etirazı
22.09.2017, 00:43

Minlərlə niderlandlı qadından pisuar etirazı

Hacıqabulda məsciddən oğurluq
22.09.2017, 00:30

Hacıqabulda məsciddən oğurluq

Bu gündən Məhərrəm ayı başlayır
22.09.2017, 00:14

Bu gündən Məhərrəm ayı başlayır

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO
21.09.2017, 23:55

Türkiyədə təyyarə qəzaya uğradı: 1 ölü, 4 yaralı - Yenilənib, VİDEO

Azərbaycan nefti bir qədər də bahalaşdı
21.09.2017, 23:29

Azərbaycan nefti bir qədər də bahalaşdı

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib
21.09.2017, 23:16

Bakıda Çexiyanın müstəqillik günü qeyd edilib

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib
21.09.2017, 22:33

Kredit tarixçəsi ilə bağlı qayda təsdiqlənib

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN
21.09.2017, 22:19

Kompüter qarşısında saatlarla oturursunuzsa, BU ÇAYDAN İÇİN

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU
21.09.2017, 22:04

Tramp toyuğa, Merkel kababa, Saakaşvili Kiyev kotletinə “bəh-bəh” deyir – PREZİDENTLƏRİN QİDA MENYUSU

Ermənistan parlamentinin deputatları Bakıya gəlib
21.09.2017, 21:46

Ermənistan parlamentinin deputatları Bakıya gəlib

İraqda İŞİD-ə qarşı əməliyyat başladı
21.09.2017, 21:27

İraqda İŞİD-ə qarşı əməliyyat başladı

Bərzani Makronun xahişini rədd etdi
21.09.2017, 21:14

Bərzani Makronun xahişini rədd etdi

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO
21.09.2017, 20:59

Hərəkət olmayan yolda sürücülər CƏRİMƏLƏNİR - VİDEO

Göyçay sakini özünü kanala atıb intihar etdi
21.09.2017, 20:45

Göyçay sakini özünü kanala atıb intihar etdi

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib
21.09.2017, 20:31

QHT-hökumət münasibətləri mövzusunda regional konfrans keçirib

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu
21.09.2017, 20:14

"Harvi" qasırğası 593 milyon dollar ziyan vurdu

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO
21.09.2017, 20:02

Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları  qəbul edib - FOTO

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər
21.09.2017, 19:53

Lütfizadənin cənazəsinin Bakıya gətirilməsi 7-10 gün çəkə bilər

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb
21.09.2017, 18:57

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxılıb

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR
21.09.2017, 18:42

Buraxılış və qəbul imtahanları ilə bağlı YENİLİKLƏR

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb
21.09.2017, 18:35

Avropa Xəbər Agentlikləri Alyansının Belqrad konfransı başa çatıb

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib
21.09.2017, 18:20

Nazirlər Kabineti 2018-ci ilin dövlət büdcəsini müzakirə edib

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır   
21.09.2017, 18:18

Qadın və sevgi niyə adiləşib: Dünya artıq “LEYLİ və MƏCNUN” nağılına inanmır  

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV
21.09.2017, 18:15

Azad Cavadov: “Axmaq adamlardır, mənə şər-böhtan atırlar” - EKSKLÜZİV

İlham Əliyev Mali prezidentini təbrik edib
21.09.2017, 18:13

İlham Əliyev Mali prezidentini təbrik edib

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır
21.09.2017, 18:05

Rektor təsdiqlədi: Dərsə hicablı tələbələr buraxılmır

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  
21.09.2017, 17:52

Atalığından hamilə qalan 12 yaşlı qızın körpəsi öldü  

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı
21.09.2017, 17:41

Bakı-Sumqayıt marşrutunda REYD: 24 avtobus saxlanıldı

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR
21.09.2017, 17:34

Şadlıq evlərindən telefon oğurlayan saxlanıldı - FOTOLAR

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək   
21.09.2017, 17:33

Azərbaycanda yeni cəza növü yaradılır - Təqsirləndirilən şəxs cəzasını evində çəkəcək  

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib
21.09.2017, 17:26

Tramp Səudiyyə Ərəbistanını Qətərlə müharibədən çəkindirib

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA   
21.09.2017, 17:22

Yazıçılar Birliyi “26" kafesinin yerini icarəyə verməyəcək  - AÇIQLAMA  

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
21.09.2017, 17:17

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”   
21.09.2017, 17:11

Tofiq Məliklidən təhsil nazirinə AÇIQ MƏKTUB: “Təcili həll etməyimiz lazımdır”  

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (47.3%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.97%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(12.7%)
- Məhərrəmlık əsl İslama ziddir(31.9%)