Modern.az

Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrini ŞƏRH ETDİ

Təhsil Nazirliyi buraxılış imtahanlarının nəticələrini ŞƏRH ETDİ

4 İyul 2016, 15:18

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən, ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, IX siniflər üzrə imtahanlarda 104 476 nəfər məzun iştirak edib. Məzunların 70 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb: "Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.

XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmamışdır. Qeyd edək ki, ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılmışdır".

Nazirlikdən bildirilib ki, IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır: "Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib.

Təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, bu rayonlar üzrə məzunların nəticələri əsaslı şəkildə yaxşılaşıb".

Nazirlikdən bildirilib ki, ötən il ilə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib:

"Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb.

Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub.

Buraxılış imtahanlarının nəticələri hər il olduğu kimi, müxtəlif parametrlər üzrə təhlil ediləcək və nəticələr ictimaiyyətə çatdırılacaq".

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir