Modern.az

“KƏLBƏCƏR”in yaradıcısı: “İtkinlərini axtaranlar, kəndlərindən xəbər istəyənlər mənə müraciət edir”

“KƏLBƏCƏR”in yaradıcısı: “İtkinlərini axtaranlar, kəndlərindən xəbər istəyənlər mənə müraciət edir”

Ədəbi̇yyat

5 İyul 2016, 12:05

Bu gün içində yaşadığımız dünya elə bir müstəviyə gəlib ki, Yer kürəsinin ən ucqar nöqtəsində baş verənlərdən bir saniyə ərzində məlumat ala bilirsən. Eyni zamanda, özünütəbliğ üçün də bu müstəvi böyük imkanlar açır.

Modern.az işğal olunmuş bölgələrimizlə bağlı sosial şəbəkələrdə səhifələr yaradan, bir sözlə həmin bölgələri yaşadanlarla yeni rubrikaya start verir.

Beləliklə, “Qarabağı yaşadanlar”ın ilk müsahibi “KƏLBƏCƏR” səhifəsinin qurucusu Rəşad Abdullayevdir.
 

- Rəşad bəy, sizi necə tanıyaq?

- Sadəcə Rəşad Abdullayev kimi. 1989-cu ildə Kəlbəcər rayonu Otaqlı kəndində doğulmuşam. 1993-cü ildə məcburi köçkün düşərək Bakı şəhərində məskunlaşmışıq.1996-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 13 nömrəli orta məktəbə daxil olmuşam. 2007-ci ildə oranı bitirib, İqtisad Universitetinin dövlət və bələdiyyə idarəetməsi ixtisasına qəbul olunmuşam. 2011-ci ildə ali məktəbi bitirib hərbi xidmətə yollanmışam, hərbi xidməti isə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində keçmişəm.

- Necə oldu ki, belə bir missiyanı üzərinizə götürdünüz. Tələbəlik illərindən aktiv olduğunuzu bilirik...

- Kəlbəcər səhifəsi 2010-cu ildən fəaliyyət göstərir və hazırda da fəaliyyətini davam etdirir. Əvvəllər indi olduğu kimi sosial şəbəkələrin istifadəçiləri, həm də bəzi səhifələr demək olar ki, az-az fəaliyyət göstərirdi. Bir qrup gənclə (hansı ki, indi onlar böyük səhifələrin adminləridi) əvvəlcə birlikdə Anti-Ermənistan xarakterli səhifələr və qruplar yaradıb, informasiya müharibəsi aparırdıq. Demək olar ki, hətta bir çox erməni səhifəsini şikayət etdirərək bağlamağa nail olmuşduq. Digər bir qrupdan isə erməni lobbisinə aid olan sənədləri kod adlarla əldə edərək lazımi qurumlara vermişdik. Bu işlərimiz Mübariz İbrahimovun Milli Qəhrəman olması ərəfəsində baş vermişdi. Sosial şəbəkədə ermənilərin qrupunun adminliyini ələ keçirərək, səhifənin adını  dəyişib, Mübariz İbrahimovun şəkilini yerləşdirmişdik. Sonradan bəzi dostlar müəyyən səbəblərdən bu məsələlərdən kənarda qaldı, istiqamətlərini tamam başqa sahələrə dəyişdilər.

- Bilmək istərdik, işiniz “Kəlbəcər” səhifəsini böyütməyə mane olmur ki...

 - Kəlbəcər səhifəsinin yaradanda bilməzdim ki, bu günki vəziyyətə gəlib çıxacam. Çünki o zamanlar sosial şəbəkə istifadəçiləri bugünki qədər çox deyildi. Səhifədə bir çox dostlar kömək edərək paylaşımlarda yardım göstərirdilər. Bəzi vaxtlar fikirləşirdim ki, “Kəlbəcər” kiçik ad deyil, məsuliyyəti böyükdü. Mənim bir çox məqamları bilməyim və bu işimdə böyüklərimizin yardımı səhifənin tanınmasına səbəb oldu.Həm də mənim xoşbəxtliyim o idi ki, hara getməyimdən asılı olmayaraq (xeyir-şər mərasimlərində) hər zaman valideynlərim, qohumlarım, iş kollektivim Kəlbəcərdən danışır, hər kəsdən nələrsə öyrənməyə çalışırdım. Hələ məktəb illərində oxuyarkən Kəlbəcərin xəritəsi rəhmətlik Şirin Sadıqov tərəfindən  hazırlamışdı. O xəritə vasitəsilə də bir çox kəndlərimizi qiyabi də olsa tanıdıq.

- Yaratdığınız səhifənin uğur qazanmasında kimlərinsə dəstəyi olubmu?Çünki bu asan iş deyil.. 

- Bundan əvvəl  vurğuladığım kimi hara getməyimdən asılı olmayaraq hər zaman Kəlbəcər adını eşidib, onun haqqında nələrsə öyrənmişəm. Nəzərə alsaq ki, iş kollektivimdəkilər də həmyerlilərim və digər işğal olunmuş rayonların sakinləridi, hər dəfə mövzu ancaq və ancaq oradan olur və bilmədiklərimizi öyrənir, bildiklərimizi də bölüşürük.

- Fərqindəsinizmi, çox böyük bir işin altına girmisiniz?..

- Səhifə 2010-cu ildən fəaliyyət göstərir, bir müddət əvvəl bəzi dostları moderator kimi ora təyin etmişdim. O da əsgərlik vaxtı etmişdim ki, yenə də səhifə öz qaydasında işləsin, amma əsgərlikdən gələndən sonra fəaliyyəti özüm davam etdirmişəm. Allahın köməkliyi illə də davam edəcəyəm, ancaq hər zaman arzum bu olub ki, bu səhifə tək işğalla bağlı yox, bizim qələbəmizlə bağlı paylaşımlar da etsin.

Düzü heç vaxt bu işimlə nə qürrələnmişəm, nə də özümü yüksək tutmuşam. Çünki mən olan borcumu sosial şəbəkədən səmərəli istifadə edərək yerinə yetirmək istəyirəm. İnanıram ki düz yoldayam. Hazırkı dövr müasir texnologiyalar dövrüdür, internet dövrüdür, təbliğat isə birinci məsələdir.
Kəlbəcərin və digər işğal olunmuş rayonlarımızın adını eşidib özünü görməyən bir nəsil yetişir və biz də əlimizdə olan vasitələrdən istifadə edib, bildiklərimizi paylaşmaq, bilmədiklərimizi isə böyüklərimizdən öyrənib çatdırmalıyıq. 23 il bir igidin ömrüdür və hər zamanı yaddaşda saxlamaq, oraları geri almaqdan ötəri qarşımıza məqsəd qoymalıyıq. Rayonumuz demək olar ki, cənnətin bir parçasıdır, əvvəl bu dünyanın cənnətin qazanmalı, sonra o dünya üçün fikirləşməliyik. İkinci bir məsələ odur ki, mən o vaxt fəxr edə bilərəm ki, rayonumuza ayağım dəysin, Dilqəm və Şahbaz kimi. Amma onu bacarmadığımız bir zamanda özümü qəhrəman kimi hiss eləməyim gərəksizdi, yəni bu işi borcum olaraq edirəm.

- Səhifənin izləyiciləri sizi qane edirmi? İzləyicilərdən narazı olduğunuz məqamlar varmı ?

- Hazırda səhifəmizə böyük maraq var. Hər halda bəzi səhifələrə nisbətdə kiçik görünsək də, nəzərə almalıyıq ki, heç bir ödənişli reklamdan istifadə edilməyib. Yəni səhifə öz gücünə bu səviyyəyə gəlib, həmçinin deyə bilərəm ki, bəzi səhifələrdən həm aktivik, həm də bir çox paylaşımlarla fərqlənirik. Bəzən heç bir yerli səhifədə paylaşılmayan şəkillər və videolar yayırıq. Bu da bizi digərlərindən fərqləndirməyə zəmin yaradır. Bütün məlumatları özüm tapıb yerləşdirirəm, bəzən isə gördüklərimi ürək ağrısı keçirərək paylaşmıram ki, səhifədə hər yaşdan olan kəlbəcərlimiz var, səhhətinə mənfi təsir edə bilər. Mən 4 yaşımda oranı tərk eləmişəm. Mən bu qədər həsrət çəkirəmsə, o gözəl yurdumuzu böyüklərimiz ürək ağrısı ilə, yana-yana xatırlayırlar.

Narazı olduğum məqamlar olanda heç bir xəbərdarlıq etmədən şərhi silir və qane etməyən şəxs olanda "blok" belə edirəm, çünki bəzi məsələlər sonda böyük mübahisələrə gətirib çıxarar. Belə halların qarşısını almaq üçün bunu etmək məcburiyyətindəyəm.

- Gənclərdən dəstək varmı sizə?

- Mən səhifə ilə bərabər digər bir profil və qrupun da yaradıcısıyam ki, orada da sırf Kəlbəcər haqqında məlumatlar və şəkillər paylaşılır. Bir müddət öncə "Kəlbəcərlilər" adlı bir albom yaratmışdım, bu albomda əsasən ziyalılarımız, jurnalistlərimiz, həkimlərimiz, təhsil işçilərimiz, dövlət və qeyri-dövlət sektorunda işləyən və fərqlənənlərlə bağlı bölmə var. Bəzi böyüklərimizdən də bu alboma əlavələr üçün kömək istədim,amma  nədənsə cavabsız qoydular. Dayanmadan axtarışlar etdim və albomu qismən də olsa ərsəyə gətirə bildim. Digər bir işim gənclərimizlə bağlı layihə oldu ki, orda da bəzi xüsusiyyətlərə görə fərqlənən gənclərimizi işıqlandırdım. Amma hərdən bəzi gənclərimizin laqeydliyi mənə pis təsir edir. Ola bilsin ki,  bu məsələlər həm də ail daxili laqeydlikdən gəlir. Hər kəs özünə cavabdeh olduğu üçün kimsənin işinə qarışmamağı daha məqsədə uyğundur.

- Səhifə erməni işğalında olan bir rayonun adı ilə bağlıdır. Səhifəyə kənar təzyiqlər olurmu?

- Yeni istifadəyə başlayanda demək olar ki, bəzi funksiyaları bilmirdim. Bundan istifadə edən düşmənlərimiz səhifəni şikayət edib bağlatdırmaq istəyirdilər, sonradan bəzi funksiyaları istifadə edərək düşmən ölkədən girişi bağladım. İndi isə səhifə bütün dünyaya açıqdır. Daha mənfi hallar olmur, amma hərdən içimizdə olan bəziləri nə isə təzyiqlər etməyə çalışsa da, hələ bacara bilmirlər.
 

- Səhifəyə müraciət edənlər olurmu? Olursa hansı mövzularla bağlı olur?

- Səhifəyə müraciət edənlər olur. Bəzi vaxtlar o qədər çox olur ki, hətta bir neçə gün ancaq suallara cavab verməklə məşğul oluram, ən çox da hər kəs öz kəndlinin şəkilin istəyir. Amma mən ümumi Kəlbəcər təbliğatının apardığım üçün, tək-tək kəndləri tanımaqda çətinlik çəkdiyim üçün  üzrlü səbəbdən kömək ola bilmirəm. Bəziləri isə kimlərisə axtardığını deyir və bir çox adama yazmaqla həmən şəxslərin görüşməsinə vasitəçi belə oluram. Digər bir məsələ isə xaricdə yaşan Kəlbəcərlilərimizdir ki, onlar da daima səhifədəki paylaşımlarda yaxından  iştirak edib öz dəstəyin bildirirlər.

- Kəlbəcərsiz qalan Kəlbəcərliləri səhifə vasitəsi ilə bir araya toplamağı bacarmısınız. Kəlbəcərlilər sizdən razıdılar?

- Məncə narazı qalmazlar, çünki ən azından hər gün Kəlbəcər adını yazıb göstərirəm. Həm də bu suala mən yox, səhifənin istifadəçiləri cavab versələ yaxşı olar.
Ən böyük arzum budur ki, Kəlbəcərimiz və digər işğalda olan rayonlarımız işğaldan azad olunsun. Biz bu gözəllikləri canlı gözümüzlə şahidi olaq, zaman gələcək, bu səhifəmiz Kəlbəcərimizin tək təbliğatında deyil, turizm işlərində də böyük rol oynayacaq. Allah bizi Kəlbəcər arzumuza çatdırsın.

- Ola bilsin ki, biz nəyəsə toxuna bilmədik. Deyəcəyiniz başqa məsələlər varmı?

- Sonda sizə minnətdaram ki, mənə söz demək üçün imkan yaratdınız. Başda Elşad Eyvazlı olmaqla hər birinizə dərindən təşəkkürümü bildirirəm.

Qafar Ağayev

 

p.s. Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən  “Sosial mediada etik normalar və milli-mənəvi dəyərlərin qorunmasında medianın rolunun artırılması” layihəsi çərçivəsində dərc olunur. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı