Modern.az

Deputat Aqil Abbasla FOTOSÖHBƏT

Deputat Aqil Abbasla FOTOSÖHBƏT

Fotosöhbət

1 Aprel 2016, 11:48

 

Bu gün Milli Məclisin deputatı, tanınmış yazıçı-jurnalist Aqil Abbasın doğum günüdür. Əməkdar jurnalist bu gün 63 yaşını qeyd edir. Ad günü təəssüratlarını Modern.az-la bölüşən deputata 63 yaşın "peyğmbər yaşı" olduğunu xatırlatdıqda o, "əstağfürüllah, mən peyğəmbərin əlinə su tökməyə belə, layiq deyiləm" cavabını verdi.

Modern.az saytı Aqil Abbasla FOTOSÖHBƏT layihəsini təkrar yayımlayır.

Aqil Məhəmməd oğlu Abbasov (Abbas) 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində doğulub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycanın əməkdar jurnalistidir. «Araz», «Dan ulduzu», «Qızıl qələm» mükafatları laureatıdır. 8 kitabın müəllifidir. 1976-cı ildən Ağsu şəhər internat məktəbində müəllim işləyib. 1977-ci ildən «Elm və həyat» jurnalında, 1987-ci ildən «Sovet kəndi» qəzetində çalışıb.
1990-cı ildə «Ədalət» qəzetini yaradıb. 1990-cı ildən 2005-ci ilədək “Ədalət"in baş redaktoru olub. İndi təsisçisidir.
 
2005-ci ildə Azərbaycan Milli Məclisinin 3-cü, 2010-cu ildə 4-cü, 2015-ci ildə 5-ci çağırışına deputat seçilib.

Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edib.

Yazıçının "Dolu" romanı əsasında ekranlaşdırılan "Dolu" filmi son illər Qarabağ müharibəsi mövzusunda çəkilən ən yaxşı filmlərdən biridir.

 

Bu şəkil 1966-cı ildə Şuşada, Turşsuda çəkilib. Yanımdakı qohumumdu.

 

6-cı sinifdə oxuyanda çəkdirmişdik bu şəkli. Bu sinifdə mənə ögey kimi baxdılar. Ağcəbədidən Ağdama təzə köçmüşdük. Birinci sırada sağda oturmuşam.

 

Anam Solmaz, atam Məhəmməd. Bu şəkli 1970-ci ildə mən ali məktəbə qəbul olunanda çəkdiriblər. 

 

Soldakı mənəm. Qohumlarımla bir yerdə, 1970-ci ildə Kəlbəcərdə - İstisudayıq...

Ali məktəbdə oxuyuram - 1972-ci il. Xalam oğlu ilə birgə...

 

Arif Süleymanovla bir yerdə oxumuşam. 1972-ci il. Ariflə çox yaxın dost olmuşuq. Bir partada oturmuşam indi də dostluğumuz davam edir.

1973-cü ildə tələbə-tərbiyəçi kimi Buzovnaya iki aylıq dərs deməyə getmişdim, pioner dərnəyinə...

 

1974-cü il, Hacıkənd. Çox pis gitara çalıram. Bir məsəl var, deyirlər “xoş halına ay eşitməyən”.

 

 

1976-cı il, o zamanki Lenin Sarayının qarşısındakı parkda kəndçilərimlə birgə. Bunların hamısı şahmat xəstəsiydi...

 

1976-cı il. Universiteti yenicə bitirmişəm.

 

1976-cı ildə dostum göyçaylı Arizlə Qız Qalasının qarşısında dincəlirik.

 

1976-cı il Ağdam məscidin önü... Gitaraçı Eldar Kərimov, ortada mən, sağdakı da Ağdam Teatrının artisti Naqil Pirimov.

Vaqif  İbrahimov dərnəyində çəkilib, 1977-ci il. Dərnəkdə gənc şairlərin ildə bir dəfə toplantısı keçirilirdi. Şair Fikrət Qoca (ortada) qonağımızdı.

1977-ci ildə “Elm və Həyat ”jurnalında işləyirdim. İş yoldaşlarımla birgə toya getmişdik.

1980-ci ildə Əsgəran qalasını önündə çəkdirmişik bu şəkli. Jurnalist dostum Maliklə bir yerdə...

 

1988-ci il, Bakı. Oğlanlarımla birgə... Onda hələ balacaydılar....

1988-ci ildə çəkilib, ən çox xoşuma gələn şəkillərimdəndi...

 

 

 

Palkovnik Mirmehti dostum idi Amerikanın Hyuston şəhərində xəstəxanada müalicə alırmış mənim xəbərim yox idi, getdim onu orda tapdım. 1993-cü il. 

1993-cü il, Məmməd Arazın yubleyi idi. Foyedə Məmməd müəllim mənə dedi ki, "Aqil ehtiyatlı ol, yıxılaram". Mən də ona qayıtdım ki, "bütün dünya ayağa qalxsa, səni yıxa bilməz, çünki qolundan Heydər Əliyev tutub”.

Məmməd Araz, qaynanam, oğlanlarım və mən. 1995-ci il, evdə...

1996-cı ildə İstanbulda oğlum Toğrulla. Uşaq əyləncə mərkəzindəyik.

 

Kabinetimdə çəkilən ən yaxşı şəkillərdən biridi.1997-ci il.

Bu mənim futbol komandamdı, "Ədalət" qəzetin işçiləri ilə. 1998-ci ildə redaksiyalar arasında

 

Tələbəlik dostum Vilayət Quliyev xarici işlər naziri olan vaxtlardı...

 

Yaxın dostum Lerikin keçmiş icra başçısı Novruz Novruzov məni Lerikə dəvət etmişdi 2000-ci ildə. Şəkil çəkdirdiyimiz yer Zuvand kəndidi. Cənnəti görmək istəyən Lerikə-Zuvanda getsin...

 

Ceyhun Hacıbəylinin nəvəsi. Babasını ad və soyadını daşıyır - o da Ceyhun Hacıbəylidi... 

 

Mən "Qarabağ" klubunun fəxri prezidenti olan zaman AFFA-nın xüsüsi mükafatını alıram.

 

 

Ən çox sevdiyim sənətkar və dostum Həsən Məmmədovla birgə çəkdirdiyim şəkil 2000-ci ildə lentə alınıb.

 

Ankara Polis Akademiyasını bitirmiş gənclərə qonaqlıq veririk Bakıda. 2004-cü il.

 

Ankaradayıq. Ankara Polis Akademiyasının rəisi ilə bir yerdə. Oğlum Toğrul oranın tələbəsi idi. 2004-cü il.

Bu şəkil Hollandiyada çəkilib.Yanımdakı Həsən Zeynalovdu. 2008-ci il Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirə getmişdik

 

Fəvvarələr meydanında bir qrup gənc "Kitabla maariflən" şüarı altında bir saatlıq kitab oxuma aksiyası keçiriblər. Millət vəkili Aqil Abbas da onlara dəstək verir.  

 

Milli Məclisin foyesi... Təhlükəsizlik və müdafiə komitəsinin iclasından çıxmışıq.

 

Yazıçılar Birliyinin “Natəvan” klubunda 2009-cu ilin ədəbi yekunlarının mükafatlandırma mərasimi.

 

"Media Açarı - 2009" müsabiqəsinin təqdimatı zamanı: Aqil Abbas: "Qadanalım necəsən?", Vaqif İbrahimoğlu: "Həkimsən..?"

 

 

«Rusenborq»u ilə qarşılaşacaq «Qarabağ» klubunun məşqini izləyənlər arasında deputat və «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də var.

Milli Məclisin iclas zalında...

 

Ağdamın işğalının 17-ci ilinin anım günündə....

 

Xanımımla Türkiyədəyik. Efes bölgəsində...

Nəvəm Tansunun ad günündə oynayıram...

İradə xanımla son zamanlar çəkilən şəkillərimizdən biri...

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi