Modern.az

Jurnalistlər hansı qurumun mətbuat xidmətindən razıdırlar? - Sorğuya CAVABLAR

Jurnalistlər hansı qurumun mətbuat xidmətindən razıdırlar? - Sorğuya CAVABLAR

Media

8 İyul 2016, 14:02

Jurnalistlər üçün dəqiq və operativ xəbər hazırlamaq önəmlidir. Ancaq xəbərin hazırlanması heç də həmişə jurnalistə asan başa gəlmir, qarşısına müxtəlif maneələr çıxır. Bu maneələri aşmaq üçün KİV nümayəndələri bir çox hallarda dövlət qurumlarının mətbuat xidmətləri ilə əda əlaqə saxlamalı olurlar. Görəsən, jurnalistlər bu mətbuat xidmətlərinin fəaliyyətindən razıdırlarmı?

Modern.az saytı bu sualla bəzi qəzet və xəbər saytlarında çalışan jurnalistlərin fikrini öyrənməyə çalışıb.

Nərgiz Liftiyeva, “Yeni Müsavat” qəzetinin əməkdaşı:

“Biz jurnalistlər üçün ən önəmli informasiya mənbələrindən biri də mətbuat xidmətləridir. Təəssüf ki, onlardan bəzilərinin yarıtmaz işi mətbuatı da çətin vəziyyətə salır. Operativ işləyən, jurnalistləri çətində qoymayan mətbuat xidmətləri də var.
Məsələn, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev, “Azəravtoyol, “Azərsu”, “Azərişıq”, “Azəriqaz” ASC-lərin, Dəmiryol İdarəsinin, AZAL-ın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibləri operativ işləyirlər. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şifahi danışmasa da, yazılı da olsa cavab verir.

Narazı olduqlarım isə Nəqliyyat Nazirliyinin, Dövlət Gömrük Xidmətinin, Maliyyə Nazirliyinin, Mərkəzi Bankın, Fövqəladə Hallar Nazirliyinin, Qafqaz Müsəlmanlar İdarəsi və digər qurumların mətbuat xidmətləridir. Onlardan bəziləri yalnız özləri mətbuata danışmaq istədikləri zaman danışırlar, qalan bütün hallarda telefonlarına zəng çatmır”.

Ayyət Əhməd, “Şərq” qəzetinin əməkdaşı:

“İşindən razı olduğum mətbuat xidmətləri bunlardır: BDU-nun  mətbuat katibi Pərvanə İbrahimova, ADU-nun mətbuat katibi Şəfa Kazımova, Bakı Ali Neft Məktəbinin mətbuat katibi Zeynab Kazımova... Müdafiə Nazirliyinin mətbuat xidmətindən razıyam .AZAL-ın mətbuat katibi Paşa Kəsəmənli də jurnalistlərlə işləməyi bacarır. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də mediaya açıqdır. Mədəniyyət Və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şıxmməmədov da suallarımızı cavabsız qoymur. Dini Komitənin mətbuat xidmətindən də narazılıq edə bilmərəm. DİN- in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da jurnalistlərlə münasibətdə çox aktivdir.

Narazı qaldıqlarım isə  mətbuata tamamilə qapalı olan Nəqliyyat Nazirliyindən Namiq Həsənovdur. O, nəinki jurnalistlərin, heç baş redaktorların da zənginə cavab vermir. Daha sonra Səhiyyə Nazirliyinin mətbuat xidmətinin də varlığı ilə yoxluğu hiss olunmur. Zəng edirsən, adamı o şöbəyə-bu şöbəyə yönəldirlər, sonra da bütün telefonları bağlayıb, heç bir suala, sorğuya cavab vermirlər. Təhsil Nazirliyinin mətbuat xidməti Cəsarət Valehov dostumuzdur, amma oda zəngimizə arada bir cavab verir”.

Gülşən Raufqızı, Modern.az saytının əməkdaşı:
 
“Jurnalist üçün xəbərin hazırlanması ən önəmli məsələdir. Xəbər varsa, biz də varıq. Mən xəbərsizlik şəraitində özümü o qədər önəmsiz hiss edirəm ki... Bu baxımdan baş verən hadisə barədə düzgün və operativ məlumatın çatdırılması işimizin xeyrinədir.

İşimiz gərəyi bizə yardımçı olan və eyni zamanda yolumuza böyük sədlər çəkən mətbuat katibləri var. Hətta özlərini təmsil etdikləri qurumun rəhbəri səviyyəsində hiss edənlər də az deyil.

Götürək elə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanı. İnsafən mehriban, səmimi xanımdır, heç vaxt kobud rəftarını görməmişəm. Amma di gəl ki, fəaliyyət dövrümdə bu xanımın mesaj yazmadan telefona cavab verdiyini də görməmişəm.
Narazı qaldıqlarımdan biri də Daxili İşlər Nazirliyinin mətbuat xidmətidir. Məhz onlara görə çox sayda manşet xəbərim heç olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlıdan da cavab almaq çətindir.

Etdiyim zəngə, yazdığım mesaja dərhal cavab verən mətbuat katiblərindən “Bakı Metropoliteni” QSC-dən Nəsimi Paşayev, Fövqəladə Hallar Nazirliyindən Oqtay Bayramov, İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova, "Azərbaycan Dəmir Yolları" QSC-dan Nadir Əzməmmədov, Vergilər Nazirliyindən Şahin Məmmədov, Kənd Təsərrüfatı Nazirliyindən Murtuzəli Hacıyev, “Azəriqaz” İstehsalat Birliyindən İbrahim Kərbalayev, “BakuBus”dan Mansur Piriyev, Bakı Nəqliyyat Agentliyindən Nuridə Allahyarova, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Şəfa Mehmanqızı, “Azəravtoyol” ASC-dən Anar Nəcəfli və Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının adını böyük məmnuniyyətlə çəkirəm”.

Aytən Zəhra, “Azvision.az” saytının əməkdaşı:

“Ümumiyyətlə, son vaxtlar mətbuat xidmətləri işlərini sorğular əsasında qurduqları üçün demək olar ki, suallarıma cavab ala bilirəm. Lakin işi çətinləşdirən, çox çətinliklə əlaqə saxladıqlarımız da var.

Yalnız öz işlədiyim sahə üzrə işindən razı və narazı olduğum mətbuat xidmətlərinin adlarını çəkə bilərəm. Təhsil, Səhiyyə, Gənclər və İdman nazirlikləri, İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsindən, AZAL və Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən razıyam.

Narazı olduğum isə TQDK,  Nəqliyyat Nazirliyi və QMİ-nin mətbuat xidmətləridir. TQDK-da mətbuat xidməti dəyişikləri olduqdan sonra onlarla əlaqə saxlamaqda çətinlik çəkirəm”.

Ramid İbrahimov, “Bizimyol” qəzetinin əməkdaşı:

“Söhbət dövlət qurumlarından gedirsə, mənim də fəaliyyətindən razı və narazı olduğum mətbuat katibləri var. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) narazılıq etdiyim qurumların önündə gəlir.
Ümumiyyətlə, varlığı ilə yoxuluğu bilinməyən mətbuat xidmətləri Nəqliyyat Nazirliyi və Maliyyə Nazirliyidir. Mərkəzi Bankla Vergilər Nazirliyinin mətbuat xidmətləri isə devalvasiyadan sonra tez-tez tədbirlərdə və ya iclaslarda olurlar.

Əvvəllər şifahi (telefonla) sorğuları belə operativ cavablandıran Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin son zamanlar susqunluğu davam edir. Təsadüfdür, ya zərurət, bu qurumun mətbuat xidmətini manat "üzən məzənnə"yə keçəndən sonra tapmaq olmur.

Uğurla işləyənlər-gündəmə uyğun "press-reliz" yayanlar və sorğulara operativ cavab verən nazirliklər isə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyinin mətbuat xidmətləridir.

"Bakı Metropoliteni", "Azərişıq”, "Azəriqaz" və "Azərsu", “Azəravtoyol”un mətbuat xidmətləri yaxşı işləyirlər. Bu qurumların mətbuat xidmətləri operativliyi ilə də seçilirlər. O cümlədən, "ASAN Xidmət"i də qeyd edə bilərəm. Bəzi ali təhsil müəssisələrinin (BDU, ADU, BANM) mətbuat xidmətlərinin fəaliyyəti də ürəkaçandır”.

SamirəAbdullayeva, “Report” İnformasiya Agentliyi:

“Razı qaldıqlarım - özümün işlədiyi qurumlardan deyəcəm. Səhiyyə Nazirliyindən Liya Bayramova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimovadır.

Narazı qaldığım - Təhsil Nazirliyindən Cəsarət Valehov.

Alim Hüseynli, “Olaylar” qəzetinin əməkdaşı:

“Qeyd edim ki, hazırda əksər dövlət və özəl qurumların mətbuat xidmətlərində dəyişiklik edilib. Media üzrə cavabdeh şəxslərin böyük qismi ixtisasca jurnalistlərdir. Lakin hələ də bu strukturların fəaliyyətində elə bir ciddi dəyişiklik nəzərə çarpmır. Buna baxmayaraq razı qaldığım mətbuat katibləri var. Onlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevi, Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayevi, Gənclər və İdman Nazirliyinin mətbuat xidməti Səmayə Məmmədovanı göstərə bilərəm”.

 Samirə Qasımova, “525-ci qəzet”in əməkdaşı:

“Mən iqtisadiyyat şöbəsində çalışıram. Ona görə işimlə əlaqədar əlaqə saxladığım mətbuat xidmətlərini deyəcəm. İşindən ən çox razı qaldığım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayevdir. O, işini bilən mətbuat katiblərindəndir. Əvvəllər DSMF ayrıca qurum olan zaman Əmrah Fəqanoğludan da razı idik. Bundan əlavə, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən də razıyam. Demək olar hər gün çalışırlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə əvvəllər daha çox razı idik, indi isə nəinki mətbuat xidmətləri, demək olar nazirliyin saytı da çox az-az hallarda yenilənir. Razı olduğum mətbuat katibləri arasında Nuridə Allahyarova və Nəsimi Paşayevin də var”.

Adəm Abbaslı, Azadinform İnformasiya Agentliyinin əməkdaşı:

“Razı olduqlarım içərisində Azərbaycan Güləş Federasiyası Mais Musayev, ƏƏSMN-dən Elman Babayev, DSMF-dən Əmrah Fəqanoğlu, “Bakı Metropoliteni”ndən Nəsimi Paşayev, İqtisadiyyat Nazirliyindən Vüsalə Məmmədova, XİN-dən Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsindən Esmira Xəlilova, ETSN-dən İradə İbrahimova, ASAN Xidmət-dən Anar Hüseynov, "Azəravtoyol"dan Anar Nəcəfli, Dini Komitənin mətbuat xidməti, "Bakcell"dən  Süheylə Cəfərova, Gənclər və İdman Nazirliyindən Səmayə Məmmədova, Müdafiə Nazirliyindən Vaqif Dərgahlı, "Azərenerji"nin mətbuat xidməti, FHN-nin mətbuat xidməti, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti, Baytarlıq Xidmətindən Yolçu Xanvəli  var. Bunların işinə etik davranışına , jurnalist suallarına səbrlə cavab vermələrinə və ya yönləndirmələrinə söz ola bilməz.

Narazı olduqlarıma gəldikdə isə təəssüf ki, elə mətbuat xidmətləri var ki, onlara düşmək çox çətindir. Mən deyərdim ki, nazirin özü ilə danışmaq mümkün olar, amma onlarla yox. Mən deyərdim ki, zənglərə cavab verməyən, verəndə isə KİV-dən olduğunu bilib "indi işim var, sonra zəng edərsiniz" deyərək zəngi "qara siyahı"ya yönləndirən mətbuat xidməti rəhbərləri də var. Bəlkə də başqaları üçün şərait yaradılıb cavab almaq üçün, şəxsən mən 15 illik təcrübəmdən çıxardığım nəticəyə əsasən Nəqliyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi hələ də suallarıma cavab ala bilmədiyim qurumlardandır. Təsəvvür edirsiniz, Müdafiə Nazirliyindən hər hansısa suala cavab almaq olur, amma bəzi mətbuat xidmətinin rəhbərləri özlərini Ağ Ev məmuru kimi aparır”.

Fərizə Əhmədova, Lent.az-ın əməkdaşı:

“Mətbuat xidmətləri işimizi həll etmək üçün bizim üz tutacağımız yeganə qapıdır, o qapıdan da bizi geri qaytarsalar, qapını üzümüzə açmasalar, üzümüzə xoş baxmasalar qəlbimiz sınar. Belə olan halda bir də onlarla işləmək bizə xoş olmur. Bütün hallarda hər ikimiz də insanıq və bir-birimizə qarşı hörmətlə yanaşmağa, bir -birimizi başa düşməyə dəvət edirəm.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova, Metropolitenin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayev, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Cəsarət Valehov, Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı razı qaldıqlarım sırasındadır. Bunlarla aktiv çalışıram və hər müraciətimi cavablandırıblar, arada geciksə belə”.

Emin Nəbili, “Üç nöqtə” qəzetinin əməkdaşı:

“Elman Babayev, Tanrıverdi Mustafayev, Abbas Əliyev, Həmidə Rüstəmova və Nəsimi  Paşayevin fəaliyyətindən razıyam. Jurnalistləri incitmirlər və operativ işləyirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın fəaliyyətindən narazıyam”.

Aygün Asimqızı, “Kaspi” qəzetinin əməkdaşı:

“Əvvəlki illərdən fərqli olaraq dövlət qurumlarının bir çoxunun mətbuat xidmətindən demək olar ki, narazılığım yoxdur. Indi artıq mətbuat xidmətləri özləri jurnalistlərlə əlaqələri yaxşı qurmağa çalışırlar. Əksinə, jurnalistlərin suallarını operativ cavablandırmaqla bağlı bir rəqabət olduğunu da deyə bilərik.

Amma Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti istiqamətləndirmək cəhətdən yaxşı olsa da, şöbələrdə suallara vaxtında cavab verilməsi ilə bağlı bəzən problem olur. Təhsil Nazirliyində də suallara cavab verilməsi bəzən gecikir.

Bir də bəzi mətbuat xidmətlərinə xoş bir hadisələrini işıqlandırmaq üçün yığanda yaxşı danışırlar, problem olanda ürəklə cavab vermirlər. Amma xoş olanları yazdığımız kimi, problemi də işıqlandırmalıyıq”.

 Məhbubə Uğursoy, “Türküstan” qəzetinin əməkdaşı:

“QHT-lərə Dövlət Dəstəyi Şurasıın mətbuat xidmətinin rəhbəri Elməddin Behbudun fəaliyyətindən razıyam. Narazı qaldığım isə Mərkəzi Bankın mətbuat xidmətidir, əgər varsa”.


Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı