Modern.az

“...bütün dünya Ərdoğandan izahat istəyir” - MÜSAHİBƏ

“...bütün dünya Ərdoğandan izahat istəyir” - MÜSAHİBƏ

Parlament

9 İyul 2016, 13:57

Nizami Cəfərov: “Bu gün kimsə xəlifəlik iddiasına düşə bilməz, hətta Ərdoğan da bunu bacarmaz


Milli Məclisin deputatı, Atatürk Mərkəzinin sədri Nizami Cəfərov Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

 

- Nizami müəllim, son aylar Türkiyədə ard-arda terror aktları törədilir. Təbii ki, bunun səbəbləri Türkiyədə və dünyada heç də birmənalı izah edilmir. Bir çoxları Türkiyədəki bu hadisələrin əsas səbəblərindən biri kimi prezident Ərdoğanın islam modelli dövlət idarəçilik sistemini göstərirlər. Siz bu barədə nə düşünürsünüz?

 

- Ümumiyyətlə, bu gün Ərdoğanın Türkiyədə dini, islamı dövlətin və idarəçiliyin içinə gətirməsi ilə bağlı müxtəlif fikirlər var. Bu məsələdə nəyisə birmənalı demək, kəskin bir qərar vermək çox çətindir. Ona görə ki, bu gün din hər halda qloballaşan dünyada get-gedə mövqeyini gücləndirirək, siyasiləşir və siyasi münasibətlərə müdaxilə edir. Düşünürəm ki, Ərdoğanın da islamı dövlətin içinə gətirməsinə müxtəlif mövqelərdən yanaşmaq lazımdır. Görünür, dinin bu şəkildə dövlətin içinə girməsi dünyanın bugünkü mövcudluğu və gələcəkdə var ola bilməsi narahatlığından irəli gəlir.
İstər-istəməz yeni ideya axtarışları davam edir, ən münasib yollar aranır. Artıq dünyanın ən layiqli və demokratik dövlətlərində belə, dinə münasibətdə xeyli dərəcədə dözümlülük meydana çıxıb. Yəni indi bu və ya başqa bir dinə tamamilə zidd olan ateist idelogoyalı dövlət təsəvvür etmək çox çətindir və deyərdim ki, mümkün deyil.

 

- Sizcə, Türkiyədə yaradılmış islam modeli orada din pərdəsi altında gizlənmiş terror təşkilatlarını qıcıqlandırmır ki?

 

- Bu gün faktiki olaraq görürük ki, hər yerdə olduğu kimi, Türkiyədə də terrorizm islam adı ilə meydana çıxır. Əgər müasir insan hicab, yaxud əba geyinib özünü partladırsa, demək burada nəyəsə inam var... Yəni başqa konyukturadan söhbət gedə bilməz. Başqa tərəfdən isə bu gün Türkiyədə müəyyən radikal dindar kəsim olduğu halda, dövlət özü də müəyyən dini mövqedən çıxış edir. Artıq burada dövlət özü radikal dindarlara qarşı mübarizəni apara bilmir. Çünki dövlətin özünün də apardığı idarəçilik və fəaliyyət xəttində din dayanır. Təbii ki, bu da İŞİD kimi terror təşkilatlarını açıq şəkildə qıcıqlandırır. Hər iki halda qaçan da qovan da Allahı çağırır.

Amma bu məsələyə tarixi yanaşmağa ehtiyac var. Türkiyə Cümhuriyyətinin bütün uğur və inkişafları Atatürkün qoyduğu prinsiplərlə bağlıdır. Atatürkün cümhuriyyəti hansı prinsiplərlə qurması bizlərə məlumdur. O, həqiqətən də küldən od yaratdı. Yüksək intellektli və modern və mütərəqqi cəmiyyət və dövlət sistemi qura bildi.

Əlbəttə, Rəcəb Tayib Ərdoğanın bütün qəbul olunan nüfuzu yalnız kifayət qədər səriştəli siyasətçi olması ilə bağlı deyil. Amma istənilən halda faktiki olaraq, Türkiyə cəmiyyəti bu gün Ərdoğanı dəstəkləyir.

Hakim AK partiya Türkiyənin ən qüdrətli partiyasıdır. Partiyanın o qədər də böyük tarixi olmasa da, sözünü Türkiyə siyasətində demiş bir təşkilatdır.

Artıq uzun tarixi olan partiyalar da AK partiya ilə siyasi polemikaya girmək gücündə deyil və Türkiyə cəmiyyəti də bu qurumu dəstəkləyir. Çünki burada lider və onun nüfuzunun olması birinci şərtdir.

Amma Türkiyə Cümhuriyyəti liderinin ən böyük problemi Atatürk dövlətçilik ənənəsi ilə dialoqundadır. Bu məsələdə sanki bütün dünya Ərdoğandan izahat istəyir. Dünyanın bir çox siyasətçisi də hardasa Türkiyə ilə bağlı məsələ qaldırılanda Atatürk kimi nəhəng liderin siyasətinə və qoyduğu proqrama münasibətə rəğmən sanki Ərdoğandan baş verənlərlə bağlı açıqlama, izahat istəyirlər. Belə olan halda, Ərdoğanla Qərb arasında ciddi fikir ayrılığı yaranır. Qərb bu gün Türkiyəni Atatürkün qurub yaratdığı kimi qəbul etmək və görmək istəyir.

 

- Ərdoğanın Türkiyədə dindar kəsimə sahib çıxaraq, Atatürkün sekulyar və islamda rasional siyasətinə qarşı çıxması dindarlardan siyasi dəstək almasınamı hesablanıb?

 

- Mən uzun illər Türkiyədəki seçkilərdə şəxsən iştirak etmişəm. Ankarada, İstanbulda Qaradəniz sahilindəki şəhərlərdə, İzmirdə yüksək intellektual və elitar təbəqə Ərdoğanın bu gün hakimiyyətdə qalmasını istəmir və sekçilərdə ona səs də vermir.

Onlar müasir Atatürkçü kəsim hesab olunur.  Həmin coğrafiyalar Türkiyəni islam modelli dövlət kimi yox, müasir və Qərbyönümlü inkişaf etmiş ölkə kimi qəbul etmək istəyir.

Amma bununla yanaşı, Atatürkçü coğrafiyanın özündə də Atatürkü tam bilməyən və dərk etməyən təbəqə var. Buna baxmayaraq, əsas olan odur ki, Atatürkə inam və onun ideyalarına sadiqlik bu gün heç də zəif deyil. Təbii ki, bunun özü də siyasətdə şərtdir. Çünki  Atatürkü tam anlaya və başa düşə bilməsələr də, onlarda inam kultu artıq yaranıb.

Vacib deyil ki, onun yaratdığı ideyaları və inqilabları tam biləsən. Əsas odur ki, inam olsun. Atatürkə inam güclü olduğuna görə, Ərdoğan məcburən qeyri-analitik bir şəkildə öz siyasətini yürüdür. Ərdoğanın bu gün Türkiyənin əksər hissəsi tərəfindən sevilməsi və qəbul olunması onun analitizminin zəif olmasından, lakin dindar təbəqənin gözündə inamlı və imanlı lider obrazını yarada bilməsindən qaynaqlanır. Çünki dindarlar analitik düşünən və məsələlərə təhlilçi kimi yanaşan liderləri qəbul etmirlər. Ona görə də qatı şəkildə inanan və dindar olan kəs daha çox düşünməyi deyil inanmağı sevir.

Türkiyənin inkişafı fonunda Atatürk və Ərdoğan münasibətləri mütləq aydınlaşdırılmalıdır. Bu aydınlaşmada isə məsuliyyət artıq Atürkçülüyün üzərinə düşmür. Burada əsas vəzifə və məsuliyyət lider olaraq Ərdoğanın üzərinə düşür.

Çünki o bir lider kimi daha çox Türkiyə Cümhuriyyətinin tarixinə və Atatürkə münasibətdə hələ daha çox taktiki addımlar atır. Türkiyənin milli şüuru və strateji baxımdan, dünyanın Türkiyəyə münasibətini aydınlaşdırmaq üçün Ərdoğan Atatürklə öz ideyaları arasındakı ziddiyyətləri həll etməlidir.

- Bu gün Ərdoğan hakimiyyətinin Atatürk ideyalarına bu qədər etinasız və laqeyd olmasını Türkiyə xalqının və cəmiyyətinin tələbi, ondan gələn impuls kimi qəbul etmək olarmı?

 

- Mən inanmıram ki, Ərdoğanın Atatürkə və onun ideyalarına bu cür qeyri adekvat münasibət bəsləməsi Türkiyə xalqının və cəmiyyətinin  təkidi, təzyiqi ilə olsun.

Bəlkə də Ərdoğan Atatürkdən də böyük işlər görmək istədiyinə görə, Atatürklə indiki sistem arasındakı siyasi-ideoloji münasibətləri tam açmır, aydınlıq gətirmir.

Yəqin ki, Ərdoğan Atatürkdən sonra Türkiyənin müasir tarixində ikinci böyük qələbəsini təmin etmək istədiyinə görə həkə ki gözləyir.

 

-Ərdoğanın dindarlaşma siyasəti daha yüksək fazaya keçsə, Türkiyə 19-cu əsrin sonu 20-ci əsrin əvvəlindəki Osmanlı imperiyası idarəçilik modelinə, sultanlıq idarə-üsuluna qayıda bilərmi?

 

-Hər halda bu gün vəziyyət belədir ki, Ərdoğan Osmanlını özünün və Türkiyənin siyasi, fəlsəfi və ideoloji varisi hesab edir. Uzun əsrlərin böyük bir dövrünü, Osmanlı imperiyası tarixini Ərdoğan imperiya zənginliyi, tarixi irs kimi qəbul edib. Bu açıq-aşkar görünür. Əslində burada qəbahətli heç nə yoxdur. Ərdoğan Osmanlı dövlətinin əzəməti kimi Türkiyəni inkişaf etdirmək siyasətini davam etdirir.

Amma Atatürkün zamanında bunu etmək mümkün deyildi. Çünki Atatürk dağılmış və parçalanmış  Osmanlının üzərində Türkiyə Cümhuriyyətini qurdu. Atatürkün əlbəttə ki, o dövrdə dinə münasibətində birmənalı kəskin qərarlar qəbul olundu. Bəlkə də bu, daha çox o dövrün siyasi tələbi idi. Çünki 20-ci əsrin əvvəllərində qurulan dövlətlərin heç birində Sovetlər İttifaqında, yeniləşən Avropada dinə maraq yox idi.

Hətta mühafizəkar islamın olduğu Şərq ölkələrində də realizm ideyaları xeyli güclənmişdi. Türkiyə Şərq ölkələri içərisində din, islam amilini dünyəviliyin xeyrinə həll edən əsas ölkə oldu. Bu gün bir çoxları Atatürkü ateizmdə günahlandırır. O, əsl müdrik dövlət adamı idi. Atatürk  çox yaxşı bilirdi ki, Türkiyəni islamın şəriət qayda-qanunları ilə idarə etsə, o zaman Osmanlı İmperiyasının idarəçiliyindən mahiyyət etibarı ilə fərqli bir şey olmayacaq.

Xalqını tanıyan Atatürk anlayırdı ki, din insanların inam və iman  gətirdiyi mənəvi bir məsələdir. Amma bununla yanaşı, Atatürkün qurduğu dövlətdə vətəndaşlıq, millət anlayışı formalaşdı. Ona görə də Atatürk siyasəti Osmanlının o zamankı ortodoksal həyat tərzi ilə bir yerə sığa bilməzdi. Atatürkün vaxtında  xəlifəlik ləğv olundu. Çünki Osmanlı dövründə sultan bütün dünya müsəlmanlarının lideri idi.

Bu gün kimsə xəlifə olmaq iddiasına düşə bilməz. Hətta Ərdoğan da bunu bacarmaz. Çünki o dövrün islam modelli yanaşması başqa idi, bu gününkü isə tamam başqadır. Yəni dinin, islamın siyasiləşdirildiyi bir dövrdə konkret olaraq, heç kim özünü islam rəhbəri və ya xəlifəsi elan edib fəaliyyət göstərə bilməz.

Düzdür, Atatürk Türkiyənin Osmanlının varisi olmasından imtina etdi. Xüsusilə 30-cu illərdə Atatürk Türkiyənin qədim tarixini qədim türklərlə bağladı. O, ən qədim dövrdən Orta Asiya və Altay dağlarından gələn tarixi mədəniyyəti Türkiyənin mədəniyyəti hesab etdi.

-Bəs indi Türkiyədə dinin, islamın dövlətin içinə bu qədər girməsi Türkiyə dövləti ilə Türk dünyası birliyinə nə dərəcədə zərər verə bilər?

 

-Burada xüsusi məsələ ondadır ki, Türk dünyası hələ tam islam dünyası demək deyil. Çünki xristian, eyni zamanda türk xalqlarının mütləq əksəriyyəti Sovetlər Birliyinin tərkibində mütləq ateizm şərtləri ilə yaşayıblar və bu gün dinə münasibətdə də müəyyən loyallıq var. Hətta türk xalqları arasında xrsitian və yəhudi olanlar da az deyil.

Müasir türk dünyasında dinə münasibətdə mənəviyyat və ruh amili kimi yanaşmaların təzahüründə ciddi bir problem yoxdur. Amma dinin siyasiləşdirilməsi bugünkü müasir Türkiyə dövlət idarəçiliyi ilə Türk dünyası arasında ciddi suallar doğurur.

Türkiyənin siyasətçi və analitikləri oradakı vəziyyəti Türk dünyasının Türkiyəyə olan sevgisi və simpatiyası fonunda təhlil edirlər.Türkiyə cəmiyyəti çox ayıq toplumdur. Onlar müasir Türkiyədə baş verən prosesləri dərindən izləyir və hadisələrin necə olacağını gözləyirlər.

Təbii ki, Türkiyə cəmiyyəti açıq cəmiyyət olduğuna görə, son qərarlar və təsirlər də Türkiyə xalqından və insanından asılıdır. Türkiyənin mərkəzində əgər bu gün dinə münasibətdə fəlsəfilik və rasionallıq varsa, bu o deməkdir ki, Türkiyə cəmiyyəti baş verənlərə soyuqqanlı və düşüncəli yanaşır.

İndiki siyasi proseslərin Türkiyədə nə ilə yekunlaşacağını Türkiyə cəmiyyəti, insanı kimi Türk dünyası və xalqları da gözləyir. Çünki türk dünyası, türk xalqları Türkiyəyə hər zaman türk xalqlarının öndə gedən əsas dövləti kimi yanaşır.

 

-Dediniz ki, Ərdoğanın bu günkü siyasətində Osmanlı varisçiliyi özünü açıq-aşkar göstərir. Ərdoğan Türkiyədə hakimiyyətə gələndə tək deyildi, yəni komanda şəklində gəlmişdilər. Amma zamanla onunla hakimiyyətə birgə gələn silahdaş və əqidə yoldaşlarını sanki oyundan vurub çıxardı.  Yəni özünü və müasir Türkiyəni Osmanlının varisi hesab edən Ərdoğanın Abdulla Gül, Əhməd Davudoğlu və digərlərini siyasi idarəetmədən uzaqlaşdırması Osmanlı sultanı olmaq iddiasından xəbər verirmi ?

 

-Əlbəttə ki, Ərdoğanın bugünkü siyasətində Osmanlı sultanlarına xas olan, təkhakimiyyətli idarəetmə sistemi qurmaq istəyi var. Amma əslində kadr məsələləri dövlət idarəçilyində çox ciddi məsələdir. Abdulla Gül zamanında və elə indi də AK partiyaya çox sədaqətli bir siyasçətçi idi. Ərdoğana münasibtlərində çox sadiq idi.  Davudoğlu da eyni ilə Abdulla Gül kimi AK partiya siyasətinə daim sadiq qalıb.

Hətta Əhməd Davudoğlu istefa verəndə belə, bundan sonra da Ərdoğana və AK partiyaya sadiq qalacağını bəyan etdi və bu ictimai məzmunda elə bir ciddi narahatlıq doğurmadı. Mən bu məsələləri birmənalı olaraq kadrların itirilməsi kimi qiymətləndirməzdim.

Həm də Ərdoğan prezident olana qədər özünə xeyli tərəfdar topladı. CHP, MHP-dən də özünə çoxlu sayda ideya ortaqları tapa bildi. Hər halda, Davudoğlu və Abdulla Gül kimi səriştəli və sadiq kadrların idarəetmədən kənarlaşdırılmasına baxmayaraq Ərdoğan bu gün güclü şəkildə hücum taktikasını seçib və orada uduzmur. İtirilən kadrların yerinə yeni kadrlar gəlir. Siyasi hakimiyyətdə heç kimsə əvəzedilməz deyil.

 

Ağa AKİFOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!