Modern.az

Məmur olmaq istəyənlər üçün yeni fürsət - İmtahan olacaq

Məmur olmaq istəyənlər üçün yeni fürsət - İmtahan olacaq

12 İyul 2016, 11:36

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az-a bildirilib ki, 12 iyuldan 27 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 195 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edilib.

Müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 139-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 56-sı isə məhkəmə hakimiyyəti orqanlarının aparatlarındadır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə - 15 test tapşırığı;
- qanunvericilik sahəsi üzrə - 40 test tapşırığı;
- informasiya texnologiyaları sahəsi üzrə - 15 test tapşırığı;
- məntiqi düşünmə qabiliyyəti sahəsi üzrə - 30 test tapşırığı.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait ilə vətəndaşlar Komissiyanın rəsmi internet saytında yerləşdirilmiş test imtahanı proqramları bölməsindən tanış ola bilərlər. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 12 iyuldan 10 avqust saat 18:00-dək Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə doldurmalı və qeydiyyatdan keçməlidirlər.

Müraciət Forması şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla da təqdim edilə bilər.

Müsabiqəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 12 iyul 2016-cı il tarixli sayında və həmin tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında – (//www.csc.gov.az) verilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir