Modern.az

Məmmədyarovun Lavrovla müzakirə etdiyi MƏSƏLƏLƏR…

Məmmədyarovun Lavrovla müzakirə etdiyi MƏSƏLƏLƏR…

12 İyul 2016, 12:28

Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Modern.az-ın məlumatına görə, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə tərəflər iki ölkə liderlərinin yüksək səviyyəli dialoqu və nümayiş etdirdikləri siyasi iradənin Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd ediblər. Müntəzəm xarakter daşıyan yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın irəli aparılmasında mühüm amil olduğunu deyən nazirlər əlaqələrin ikitərəfli və çoxtərəfli gündəliyinə və Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Ölkələrimiz arasında qarşılıqlı hörmət prinsipləri əsasında ikitərəfli əlaqələrin inkişafı baxımdan 3 iyul 2008-ci ildə imzalanmış Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bakı Bəyannaməsinin mühüm siyasi əhəmiyyəti qeyd olunub.


Azərbaycan və Rusiya arasında 2003-cü ilin fevralından parlamentlərarası komissiyanın fəaliyyətini qeyd edən tərəflər iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın davamlı xarakter daşımasından məmnunluq ifadə ediblər.


Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Vyana və Sankt-Peterburq görüşləri və bu xüsusda substantiv xarakter daşıyan danışıqların əhəmiyyəti vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi məsələlər üzrə Hökumətlərarası Komissiya”, kənd-təsərrüfatı və energetika məsələləri üzrə işçi qrupun oynadığı mühüm rol qeyd olunub. Nazirlər 2011-ci ildən başlayaraq keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin artmasına əsaslı töhfə verdiyini diqqətə çatdırıblar.

İki ölkə arasında ticarət dövriyyəsinin həcmindən məmnunluq ifadə edən tərəflər birgə səylərlə ikitərəfli ticarət əlaqələrinin tempinin daha da artırılmasını gündəlikdə duran vacib məsələlərdən biri kimi qeyd ediblər.

Azərbaycan və Rusiya arasında neft maşınqayırma, neft-kimya, metallurgiya, dağ-mədən sənayesi, aviasiya sənayesi, avtomobil sənayesi və kənd-təsərrüfatı maşınqayırması, nəqliyyat və ağır maşınqayırma, əczaçılıq, turizm və digər sahələrdə əməkdaşlığın daha da inkişafı üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.


Şimal-Cənub nəqliyyat dəhlizinin genişmiqyaslı tranzit daşımaları üçün əhəmiyyətini söyləyən nazirlər bu sahədə Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığını vurğulayıblar.


Tərəflər Xəzər məsələsində də ölkələrimiz arasında qarşılıqlı anlaşma və əməkdaşlığın mövcudluğuna toxunaraq, Azərbaycan və Rusiyanın digər Xəzəryanı ölkələrlə birlikdə Xəzər dənizinin dostluq və əməkdaşlıq məkanı olması istiqamətdə səylər göstərdiklərini bildiriblər.


Nazirlər Azərbaycan və Rusiya əlaqələrinin inkişafında humanitar ölçülərin xüsusi əhəmiyyətini söyləyərək, bu xüsusda Azərbaycan-Rusiya humanitar forumu, Bakı humanitar forumu, təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair birgə layihələri, Rusiya ali təhsil müəssisələrinin Azərbaycanda filiallarının açılması və Azərbaycan Dövlət İqtisad Universitetinin Dağıstanda filialının açılmasını qeyd ediblər.


Rusiya mədəniyyət və incəsənət xadimlərinin Bakıya qastrollarının müntəzəm xarakter daşıdığını deyən nazirlər Bakının mədəni həyatında mühüm hadisəyə çevrilən “Жара” musiqi festivalının uğurla keçdiyini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir