Modern.az

25956 abituriyent I və IV qruplarda qəbul imtahanı verəcək

25956 abituriyent I və IV qruplarda qəbul imtahanı verəcək

Təhsil

12 İyul 2016, 18:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

 

Bu barədə Modern.az-a məlumat Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından ( TQDK ) verilib.

 

İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 47 binada aparılacaq. İmtahan mərkəzləri imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxışdan keçiriləcək və bütün binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcəkdir.

 

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

 

İmtahanın gedişini işıqlandırmaq üçün 60-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçib.

 

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 6-dan etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

 

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

 

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

 

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

 

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

 

 İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727  nömrəsinə göndərməklə öyrənə biləcəklər.

 

İmtahanda 25956 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 22044 abituriyent I qrup üzrə, 3912 abituriyent IV qrup üzrə imtahan verəcəkdir.

 

Abituriyentlərdən 23540 nəfəri (I qrup üzrə 19995, IV qrup üzrə 3545 nəfər) Azərbaycan bölməsinin, 2416 nəfəri (I qrup üzrə 2049 nəfər, IV qrup üzrə 367 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 15067 nəfəri (I qrup üzrə 13873 nəfər, IV qrup üzrə 1194 nəfər) oğlanlar, 10889 nəfəri (I qrup üzrə 8171 nəfər, IV qrup üzrə 2718 nəfər) isə qızlardır. 25457 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 489 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 173 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1972-ci ildən, ən gənci isə 2001-ci ildəndir.

 

Bakı şəhərində 11516, Naxçıvanda 1097, Gəncədə 3178, Sumqayıtda 1647, Mingəçevirdə 1208, Şəkidə 1752, Ağcabədidə 876, Göyçayda 1331, Şirvanda 969, Lənkəranda 1359, Xaçmazda isə 1000 abituriyentin imtahan verəcəyi gözlənilir.

 

İmtahanların idarə olunmasına 227 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2129 nəzarətçi-müəllim cəlb olunacaqdır.

 

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi