Modern.az

Raquf Orucova “Milli Qəhrəman” adı verilməsi üçün müraciət hazırlandı

Raquf Orucova “Milli Qəhrəman” adı verilməsi üçün müraciət hazırlandı

12 İyul 2016, 18:36

Sumqayıtlılar Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tuturlar. Şəhərin Şəhidlər Xiyabanında  405 qəhrəmanımız uyuyur. Bu gün yenə Şəhidlər Xiyabanına izdiham var idi. Axı 12 iyul tarixi 2-5 aprel döyüşlərinin qəhrəmanları polkovnik Raquf Orucovun və 29 yaşlı gizir Seymur Baxışovun doğum günü idi. 


Modern.az
-ın məlumatına görə, Raquf Orucovun adına və qəhrəmanlıqlarına ehtiram əlaməti olaraq bir qrup idmançı və hərbçi üzərinə şəhid polkovnikin  şəkli vurulmuş avtomobillrələ Bakıdan Sumqayıta yürüş ediblər. Üzərində Raquf Orucovun şəkilləri əks olunmuş köynək geyən azyaşlı uşaqlar isə Azərbaycan himni və Vətən haqqında mahnılar oxuyublar.

Anım tədbirinə gələn şəhər ictimaiyyəti arasında dəfələrlə dünya çempionu olmuş, Qarabağ müharibəsinin əlili İlham Zəkiyev, üçat dünya çempionu Fariz Məmmədov və Olimpiya çempionu Fərid Mansurov, jurnalistlər Elşən Əliyev, Xanlar Məmmədov, Rəhman Orxan, Rey Kərimoğlu, Ceyhun Musaoğlu da var idi.

Zabil Orucov qardaşı polkovnik-leytenant Raquf Orucovun şərəfli həyat yolu haqqında danışıb.  Deyib ki, hələ 1997-ci ildə kəşfiyyatçı Raquf Orucov erməni batalyonunun yerləşdiyi əraziyə keçərək, onların hərbi sıra düzümünü videoya çəkib gətirmişd. Onun bu qəhrəmanlığını yüksək qiymətləndirən dövlət başçısı Heydər Əliyev Raquf Orucovu “Hərbi xidmətlərə görə” medalı təltif edib.
1997-ci ildə Kəlbəcər istiqamətində kəşfiyyat bölüyünə komandirlik edən gənc zabit dövlət tərəfindən verilən hərbi kəşfiyyat tapşırığını çox böyük peşəkarlıqla yerinə yetirib. Belə ki, o, Kəlbəcər ərazisinə gedib, oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olub.

Raquf Orucov o hadisədən sonra bir gün qardaşından soruşub ki, “sən heç düşmənini çiyninə alıb gətirərsənmı?”.  Qardaşı ona “yox” cavabını verib. O zaman polkovnik-leytenat qardaşına deyir: “Mən isə düşmənimizi torpağımızdan oğurlayıb çiynimdə gətirdim. Çünki dövlətimizə o sağ-salamat lazım idi”.

Daha sonra Ağdam rayonunun keçmiş icra başçısı Nizami Sadıqov Ağdamda doğulmuş, orada anasını torpağa tapşırmış Raquf Orucovu xarakterizə edərək deyib ki, komandir başdan-ayağa Vətənlə, torpaqla nəfəs alırdı.

“Hər bir əsgərə öz balası kimi baxırdı. Onun üçün hər şeydən öncə vətən idi”. H.Sarlyev qeyd edib ki, bir dəfə ondan soruşanda ki, “komandir, bu torpaqları düşməndən neçə günə ala bilərsən?”, cavab verirmiş ki, “ancaq ətrafımda olan hərbçilərimlə, batalyonumla 1 günə ala bilərəm. Erməni mənim qabağımda dayana bilməz”.

Daha sonra komandirin əsgərləri də onun haqqında maraqlı xatirələr danışıblar.

Aprel şəhidləri Murad Məmmədovun, Abdulməcid Axundovun, Rəşid Baxışovun,  Sulan Bayramovun da valideynləri ehtiram əlaməti olaraq, anım tədbirinə qatılıblar. Tədbirin sonunda Raquf Orucovun qəhrəmanlıqlarının layiqincə qiymətləndirilməsi, ona Milli Qəhrəman adının verilməsi  üçün ictimaiyyət adından ölkə prezidentinə müraciət imzalanıb.


Aida Eyvazlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?