Modern.az

Azərbaycan mühacirət mətbuatının tanınmış xadimləri

Azərbaycan mühacirət mətbuatının tanınmış xadimləri

13 İyul 2016, 11:21

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru

 

Azərbaycan mətbuatı - 141

 

2016-cı ilin iyulun 22-də Azərbaycan mətbuatının yaranmasının 141 ili tamam olur. Mətbuatımızın tarixi haqqında çox bilgilərimiz olsa da, onun mövcud olduğu mühacirət dövrü haqqında məlumatımız yetərincə deyil. Əsasən sovet rejiminə qarşı mübarızə aparmış bu mətbuat orqanlarımızın milli mədəniyyətimizin, tariximizin və kültürümüzün yaşadılmasında böyük xidmətləri vardır. Təbii ki, mətbuatımızı yaşadan, dəyərli yazıları ilə çıxışlar edən tanınmış ziyalılarımız da vardı ki, onları yaxından tanımaq bizim borcumuzdur. Bu problemin mövcudluğunu nəzərə alıb, onların bəzilərini oxuculara təqdim edirəm.

 

Məcid Musazadə


Məcid Musayev – Musazadə  (təxəllüsü Məcid Qarsalanidir) əslən İsmayıllı rayonunun Qərsələ kəndindəndir. O, 1914-cü ildə oktyabr ayının 10-da Bakıda dünyaya göz açmış, burada məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin ədəbiyyat və tarix fakultəsinə daxil olmuşdur. Universiteti uğurla başa vuran gənc Məcid Musazadə Bakıdakı dövlət kitabxanalarında, sonradan isə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda elmi əməkdaş olaraq çalışmışdır. Lakin Böyük Vətən Müharibəsi onu sevdiyi işindən birdəfəlik ayrı saldı (4, s. 303).

1941-ci ildə müharibəyə göndərilən Məcid Musazadə 1942-ci ilin qızğın döyüşlərinin birində almanlara əsir düşdü. Burada yaxşı adamlarla rastlaşdı, Berlinə göndərildi. Əvvəlcə Berlindəki “İrtibat qərargahı”nda, sonra isə nəşrə başlayan “Azərbaycan” qəzetində mühərrir və baş redaktor vəzifəsində 1945-ci ilə qədər çalışmışdır. Müharibədən sonra o, Münhen şəhərində yaşamış, “Azadlıq” radiosunun Azərbaycan şöbəsində fasiləsiz 26 il işləmiş, müxtəlif illərdə şöbənin baş redaktoru olmuşdur. Peşə imkanlarından istifadə edərək  həmişə xalqımızın ədəbiyyatını, tarixini, adət-ənənələrini fəal təbliğ etmişdir. 1990-cı ildə mayın 28-də Türk Dünyasını Araşdırma Vəqfinin Kayseri şəhərində təşkil etdiyi Birinci Azərbaycan Millətlərarası Konqresində iştirak edən Məcid Musazadə 1990-cı ilin iyulun 17-də 76 yaşında vəfat etmişdir. Həmin ilin İyulun 20-də vətəndən çox-çox uzaqlarda Münhendə Nordfriedhofda torpağa tapşırılmışdır (4, s. 303).


Feyzi Aküzüm



Feyzi Aküzüm 1922-ci ildə Qarsda doğulmuşdur. İlk və orta təhsilini Qarsda başa vurduqdan sonra Ankara Universitetinin Ziraət fakultəsinə daxil olmuşdur. Təhsilini bitirdikdən sonra Türkiyə Kənd Təsərrüfatı Nazirliyində çalışmışdır. O, burada yüksək vəzifələrdə işləmişdir.

1949-cu ildən isə Azərbaycan Kültür Dərnəyinin işlərində böyük fəallıq göstərmişdir. M. Ə. Rəsulzadə ilə yaxın təmasda olmuşdur. Sonralar Azərbaycan Milli Mərkəzinin üzvü və Azərbaycan Kültür Dərnəyinin Başqanı olan F. Aküzüm “Azərbaycan” dərgisində çoxlu sayda dəyərli yazılar çap etdirmişdir.

F. Aküzüm 1991-ci ildə 26 dekabrda Ankarada vəfat etmişdir (6, s. 168).

 

Məhəmməd Kəngərli



Azərbaycan milli istiqlal mübarizəsinin və mühacirət mətbuatının önəmli simalarından biri olan Məhəmməd Kəngərli 1914-cü ildə yanvarın 10-da Şuşada anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1933-cü ildə Universitetin tibb fakultəsinin rus bölməsinə daxil olmuş, daha sonra isə Leninqrad Hərbi Akademiyasına qəbul edilmiş və 1939-cu ildə oranı bitirmişdir (6, s. 169).

O, 1928-ci ildən, 14 yaşından etibarən Müsavat Partiyasının “Gənc Azər” Təşkilatının üzvü olmuşdur.

1942-ci ildə İkinci Dünya müharibəsində almanlara əsir düşmüş və burada  Azərbaycan Milli Mərkəzinin Başqanı M. Ə. Rəsulzadə ilə yaxından tanış olmuşdur.

İkinci Dünya müharibəsindən sonra Almaniyada çətin şəraitdə yaşayan M. Kəngərli 1952-ci ildə Türkiyəyə gəlmiş, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışmışdır.

1952-1979-cu illərdə Türkiyənin Sağlıq və Sosial Yardım Bakanlığının müxtəlif xəstəxanalarında baş həkim, sağlıq müdiri, Qızılay Baş müdir yardımçısı, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışmışdır.

1963-cü ildə Kıprıs hadisələrində Lefiotəyə getmiş, orada Qızılay xəstəxanasını qurmuşdur. Sonradan Türkiyədə Anıtlar Dərnəyi  Genel Başqanı olaraq fəaliyyət göstərmişdir (6, s. 171).

M. Kəngərli Ankarada nəşr edilən “Azərbaycan” jurnalında Azərbaycanın müstəqilliyi mübarizəsi ilə bağlı çoxlu sayda məqalələrin müəllifidir.

M. Kəngərli 2006-cı ildə Ankarada vəfat etmişdir.

Qeyd edək ki, mühacirət mətbuatımızın tanınmış xadimlərinin – ayrı-ayrı qəzet və jurnallaın redaktoru olmuş şəxsiyyətlərin həyat və yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi olduqca vacibdir. Onların bəzilərinin həyat və fəaliyyəti ilə bağlı ilk dəfə olaraq oxuculara məlumatın çatdırılmasını da xüsusi qeyd etməliyik.

 

Məmməd Sadıq Aran



Məmməd Sadiq Aran Zəngəzur qəzasının Sisyan bölgəsində Rud-bazarçay kəndində 1895-ci ilin dekabr ayında doğulmuşdur. İlk təhsilini ata ocağında almış, fars və ərəb dillərini öyrənmişdir. Elə həmin illərdə də “Qurani-Kərim”i oxuyub mənimsəmişdir. Sonra Naxçıvan gimnaziyasını bitirmiş və imtahan verib Bakı Yüksək Pedaqoji İnstitutuna daxil olmuş və oranı bitirmişdir. Türkiyəyə getdikdən sonra İstanbul Universitetinin Ədəbiyyat Fakultəsində təhsil almış, müxtəlif məktəblərdə müəllimlik etmişdir.

Ərəb, fars və rus dillərini yaxşı bilən M. S. Aran musiqi ilə də məşğul olmuşdur. Bir sözlə  klassik Azərbaycan musiqisini mükəmməl olaraq öyrənmişdir. Yaradıcılığa erkən başlayan M. S. Aran ilk şerlərini “Açıq söz” və “Fyuzat” jurnallarında dərc etdirir. Təqib və məhdudiyyətlər qarşısında 1914-cü ildə İrana qaçır, Marağada ibtidai məktəb açır. 1917-ci ildə isə Gorusa gəlir və orada da məktəb açır (3, s. 175).

M. S. Aran 1917-ci ildən başlayaraq Azərbaycanın milli istiqlalına qovuşması yolunda mücadilə etmişdir. Ruslar Azərbaycanı tamamilə işğal etdikdən sonra o, Bakıdakı dostları ilə birlikdə gizli qurtuluş təşkilatını qurmuş və İstanbuldakı Milli Azərbaycan Təşkilatı ilə əlaqə yaratmaq üçün Türkiyəyə getmiş , sonra yenidən Azərbaycana qayıtmışdır.

Sonradan o, “Çeka” dəsətələri tərəfindən Tiflisdə tutulub həbsə alınmışdır. Fürsət tapıb həbsxanadan qaçmağa müvəffəq olan  Aran 1923-cü ilin sonunda İrana gedir, buradan isə Türkiyəyə mühacirət etmişdir. Əvvəlcə Trabzonda müəllimlik etmiş, sonra da İstanbula gələrək, Azərbaycan istiqlal davasına, nəşriyyat sahəsindəki fəaliyyətlərlə yanaşı, sosial və iqtisadi sahələrə də dəstək vermişdir. İstanbulda olduğu 15 il ərzində Azərbaycan Milli Mərkəzində də fəallıq göstərmişdir.

M. S. Aran daha sonra Finlandiyaya getmişdir. Orada İdil-Ural türklərinin uşaqlarını oxutmaq üçün bir məktəb açaraq müəllim və idarəçi vəzifəsində çalışmışdır. Eyni zamanda Türkcə və Fincə “Yeni Turan” adlı bir qəzet də təsis etmişdir. Finlandiyadan  İstanbula döndükdən sonra mətbu fəaliyyətini davam etdirən Aranİkinci Dünya müharibəsindən sonra (1939-1945) əvvəl “Millət” və sonra da “Cümhuriyyət” qəzetlərinin müxbiri olaraq İranda işləmişdir (3, s. 175).

1941-ci ildə yenidən İstanbula köçən M. S. Aranın 1942-ci ildə “İran türkləri” adlı kitabı çapdan çıxmışdır. Az sonra müəllif “Türkün altun kitabı” adlı ikinci kitabını nəşr etdirmişdir. M. S. Aran pedaqoji siyasi fəaliyyətlə yanaşı bədii yaradıcılıqla da məşğul olmuşdur. Onun “Qara köynək”, “Gənclərə nəsihət” “Millətlərin haqqı və məhkum türklərin davası” adlı nəsr əsərləri, “Qaçaq Nəbi”, “Top səsləri” kimi pyesləri, çoxlu şerləri vardır. Əsərlərinin əksəriyyəti 1952-ci ildə çap olunmuş “Ərkənəgon yolları” adlı kitabında toplanmışdır.

Türkiyədə çap olunan “Azəri-Türk”, “Yaşıl yarpaq”, “Türk yolu” və Ergenekan yolu” kimi dərgilərdə də imkanı daxilində çıxış etmişdir. Türk Kültürü  Araşdırma İnstitutunun qurulmasında onun böyük zəhməti olmuşdur.

Məmməd Sadiq Aran 1972-ci ildə mühacirətdə, İstanbulda vəfat etmişdir. (3, s. 175-176).

 

Əhməd Qaraca


Əhməd Qaraca 1929-cu ilin 22 iyulunda  İğdırda Azərbaycandan Türkiyəyə köçmüş bir ailədə doğulmuşdur.

İlk və orta təhsilini İğdırda almışdır. Sonra Ankaraya gəlmiş, Atatürk litseyinə qəbul olunmuşdur. Sonra Ankara Universitetinin filologiya fakultəsini bitirmişdir.

Universiteti bitirdikdən sonra “Anadolu” agentliyində fəaliyyətə başlamışdır.

1953-cü ildə M. Ə. Rəsulzadənin təklifi ilə Azərbaycan Milli Mərkəzinin və Müsavat Partiyasının üzvü olmuşdur.

Ə. Qaraca 1970-ci ildən “Azərbaycan” jurnalının məsul müdirliyinə, 1976-cı ilin 7 oktyabrından isə jurnalın Baş redaktoru vəzifəsini icra etmişdir. O məqalələrini Əhməd Qaraca, Əhməd Muxtar Qaraca, Azərbaycan və Kamoğlu imzaları ilə çap etdirmişdir. O, “Türk Dünyası Ensiklopediyası” üçün Azərbaycan bölməsini  qələmə almışdır.

1978-ci ildə “Anadolu” agentliyinin “İç xəbərlər” müdiri vəzifəsindən uzaqlaşmış MHP Başqanı Alp Arslan Türkeş tərəfindən MHP-nin mətbuat müşaviri təyin edilmişdir.

1980-ci illərdə Türkiyədə baş verən əsgəri hərəkatla  bağlı həmin ilin sentyabrın 15-də həbs edilmiş, 5 aya qədər həbsxanada qalmışdır.

Sonrakı illərdə Ə. Qaraca Qazi Universitetində müəllim olaraq çalışmışdır.

Ə. Qaraca 2004-cü ildə Ankara şəhərində vəfat etmişdir (3, s. 180).

 

Ceyhun Hacıbəyli



Ceyhun Hacıbəyli 1891-ci ildə fevral ayının 3-də Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada N. Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda almışdır (2, s. 189).

1908-ci ildə, yanvarın  12-də onun qardaşı C. Hacıbəyovla birlikdə yazdığı “Leyli və Məcnun” operası H. Z. Tağıyev teatrında tamaşaya qoyulmuşdur.

C. Hacıbəyli bir müddət Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət”  məktəbində çalışmış, sonradan təhsilini davam etdirmək üçün Peterburqa getmiş, universitetin hüquq fakultəsinə daxil olmuşdur. Sonradan o, Fransaya getmiş və Sorbon universitetində oxumuşdur.

Azərbaycana qayıtdıqdan sonra o, müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış etmişdir.

C. Hacıbəyli eyni zamanda “Müsəlmanlıq”, “İzvestiya”, “İttihad”, “Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) o, bir müddət “Azərbaycan” qəzetində redaktor vəzifəsində çalışmış, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə getmiş, orada ciddi fəaliyyət göstərmişdir. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmamış, Fransada mühacirət həyatı yaşamışdır.

Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirmiş, Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə qərb oxucularını tanış etmişdir. C. Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, çoxlu sayda yazılarını nəşr etdirmişdir.

Bu yazılarında o, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid etmiş və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləmişdir.

Eyni zamanda o, filoloji və tarixi mövzularda – xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid və qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirmişdir.

Mühacirət illərində C. Hacıbəyli aşağıdakı əsərlərini yazıb nəşr etdirmişdir: 1) “İlk müsəlman respublikası Azərbaycan”. 2) “Azərbaycan mətbuat tarixi”. 3) “İslam əleyhinə təbliğat və onun Azərbaycandakı metodları”. 4) “Qarabağın dialekti və folkloru” (2, səh. 189).

Eyni zamanda o, Üzeyir Hacıbəylinin  “Arşın mal alan” operasını fransızcaya tərcümə etmiş və Parisdə tamaşaya qoymuşdur. C. Hacıbəylinin Parisdə fransız dilində nəşr edilən mətbuat orqanlarında da müxtəlif məqalələri nəşr edilmişdir.

C. Hacıbəyli 1962-ci ilin oktyabr ayının 2-də vəfat etmiş, Parisin Sen-Klu məzarlığında dəfn edilmişdir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir