Modern.az

Elmar Məmmədyarov Astanada Xəzərlə bağlı problemlərin həlinə çağırıb

Elmar Məmmədyarov Astanada Xəzərlə bağlı problemlərin həlinə çağırıb

Aktual

13 İyul 2016, 16:39

İyulun 13-də Astana şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüş zamanı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsinin müddəalarının razılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü və dövlət başçılarının qəbul etdiyi siyasi qərarların və əldə etdikləri razılaşmaların bu prosesə əhəmiyyətli töhfə verdiyini bildirib.


Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir bununla yanaşı, Qazaxstanda keşirilməsi nəzərdə tutulan Zirvə Toplantısına qədər Konvensiya layihəsində açıq qalan bütün məsələlərin razılaşdırılmasının vacibliyini qeyd edib.


Nazir Xəzər dənizinin dibinin və təkinin bölgüsü, Xəzər dənizindən digər dənizlərə və Dünya Okeanına azad tranzit hüququ, hərbi gəmilərin ərazi sularından icazəli keçid qaydaları, sualtı boru kəmərlərinin və kabellərinin çəkilməsi kimi məsələlərin danışıqlar prosesində beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq həll edilməli olduğunu vurğulayıb və Azərbaycanın mövqeyini diqqətə çatdırıb.


Eyni zamanda dənizin dibinin bölgüsü ilə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə bağladığı Sazişlərin xüsusi əhəmiyyətini və  Xəzər dənizinin mərkəzi və cənub hissələrində də bölgü ilə bağlı məsələlərin tezliklə həll olunmasının vacibliyini vurğulayıb.

E.Məmmədyarov Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının inkişafına yönəldilmiş  beynəlxalq və regional layihələrdə vacib rol oynadığını bildirib.


XİN başçısı Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə Azərbaycan tərəfinin sahəvi əməkdaşlığa yönəldilmiş layihələrin müzakirəsində iştiraka hazır olduğunu deyib.


O, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi, tərəflər arasında etimadın, xüsusilə də regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi çərçivəsində həll olunması zəruriliyini qeyd edib.  
        

Xarici işlər nazirlərinin görüşü zamanı Konvensiya layihəsinin hərbi məsələlər, razılaşdırılmış etimad təbirlərinə əməl olunması, balanslaşdırılmış silahlanmanın təmin edilməsi, gəmiçilik, müxtəlif su məkanlarında rejimlər və fəaliyyət, eləcə də azad tranzit hüququ, sualtı boru kəmərləri və kabellərin çəkilməsi ilə bağlı müddəalar geniş müzakirə olunub. Konvensiya layihəsi üzrə işin davam etdirilməsi və ən yaxın zamanlarda tam razılaşdırılaraq qəbul edilməsi istiqamətində addımlar atılması qərara alınıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər