Modern.az

“...əks halda Kreml azsaylı xalqları üstümüzə qaldıracaq...” - Siyasi analitiklə MÜSAHİBƏ

“...əks halda Kreml azsaylı xalqları üstümüzə qaldıracaq...” - Siyasi analitiklə MÜSAHİBƏ

Qarabağ

13 İyul 2016, 17:42

Tanınmış siyasi analitik, “Qarabağ  tələsi” kitabının müəllifi Tahir Cəfərli ilə bu dəfə Türkiyə-Rusiya barışından və NATO-nun Varşava sammitindən sonra dünyada və regionda yaranmış yeni geosiyasi durum, Azərbaycanın Qərb və Rusiya arasındakı vektorda hansı proseslərlə üzləşə biləcəyindən və bu fonda Çinin Azərbaycana artan maraqlarından danışdıq...
Modern.az onunla müsahibəni təqdim edir:

-Tahir müəllim,  bu günlərdə saytlardan birinə verdiyiniz  müsahibədə siz Türkiyə-Rusiya barışı ilə bağlı maraqlı fikirlər söyləsəniz də, orada belə bir cümlə işlətmisiz: “Türkiyə-Rusiya barışı Qərbin Azərbaycana təzyiqini artıracaq!”. Bunu necə anlayaq?

-Əvvəla, Türkiyə-Rusiya yaxınlaşması təkcə bütün Yaxın Şərqin deyil, dünyanın geosiyasi xəritəsini dəyişə bilər. Belə olduğu halda Türkiyə Qərbin bütün təzyiqlərindən həm iqtisadi, həm siyasi, həm maliyyə, həm də hərbi yolla çıxa bilər.  Və nəticədə  regionun diktə edən ölkəsinə çevrilər. Əlbəttə ki, Qərb bunun əleyhinədir...

-Bunun Azərbaycana hansı formada dəxli var?

-Nəzərə alaq ki, son vaxtlar dünyada hökm sürən tarazlıq pozulmaqdadır və Azərbaycan bu tarazlığın bir hissəsidir. Odur ki, Qərb nəyin bahasına olursa- olsun, Azərbaycanı özünə tərəf çəkməlidir.

-Niyə?

- Çünki Azərbaycan Türkiyə-Rusiya arasında körpüdür. Bu körpünün işləməməsi üçün, Azərbaycanı Rusiyadan uzaq salmaq istəyəcəklər. Odur ki, Azərbaycanı Qərb özünə daha yaxın etməyə çalışacaq. Elə götürək NATO-nun Varşava sammiti, Azərbaycan Prezidentinin ora dəvət olunması və  Qarabag haqqında çıxışı... Həmişə Ermənistanın tərəfini saxlayan Qərb bu dəfə Azərbaycanı dəstəkləmək yolunu tutmuşdur...

-Səbəb? 

–Səbəb əlbəttə ki, geosiyasi maraqlardır. Qərb nəyin bahasına olursa-olsun, Qafqaza girmək istəyir.

-Axı bu, müharibəyə gətirib çıxara bilər?

- Elədir. Qarabağda müharibənin başlanması və torpaqların azad olunması, ermənilərin hay-küyünə səbəb olacaq və onlar  “Ay aman, müsəlmanlar erməniləri qırırlar!” sousu altında NATO qoşunlarını Ermənistana və Qarabağa soxa bilərlər. Necə ki, Rusiya qoşunlarını Cənubi Osetiyaya soxmuşdular. Bu müharibənin ssenariləri haqqında Qərb mətbuatında aprel-may aylarında aydın olaraq yazırdılar. Həmin savaş Türkiyəni də açıq şəkildə tələyə salırdı və   onu Rusiyanın tamamilə düşməninə çevirirdilər. Bu isə Türkiyənin dağılması və parçalanması demək idi. Elə məşhur “SRU” agenti “Pitersin planının” variantlarından biri də belə idi...

-Azərbaycan Prezidentinin NATO-nun iclasına dəvət olunması  nəyə görə  təzyiq hesab edirsiniz?
 

- Azərbaycan tərəfinə “seçim et!” şərti qoyarlar ki, bu da geosiyasi tarazlığı poza bilər. Nəzərə alsaq ki, ölkəmizin  inkişafına səbəb bu tarazlığın təmin olunması və qorunmasıdır, biz heç bir gücün tərəfini saxlamamalıyıq. Yəni Azərbaycanın dövlət maraqları hər şeydən üstün olmalıdır.

- Varşava sammitindən sonra Qərb mətbuatı faktiki olaraq “Soyuq müharibənin” başlandığından yazır. Səbəb kimi Rusiyanın Varşava sammitində qəbul olunan qərarlara qarşı reaksiyası göstərilir...

- Bu, həqiqətən belədir. Varşava sammiti Qərblə-Rusiyanı açıq şəkildə iki düşərgəyə böldü. Belə olduğu halda Rusiyanın da region ölkələrinə təzyiqi başlayacaq. Hər şeydən əvvəl MDB-yə. Çünki demək olar ki, bir çox vacib dövlətçilik məsələlərində: istər iqtisadi, istərsə də hərbi məsələlərdə bu ölkələr Rusiyadan tam asılı vəziyyətdədir. Götürək özümüzü. Erməni işğalçılarına qarşı mübarizəni Azərbaycan Rusiya silahları vasitəsi ilə həyata keçirir. Başqa ölkələrin köməyi o qədər cüzidir ki, heç gözə belə dəymir. Bundan əlavə, Azərbaycan Xalq Cəbhəsinin imzaladığı 12 oktyabr 1992-ci il tarixli ”Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq sazişindən irəli gələn maddəyə əsasən Azərbaycanda qeyri-stabillik olarsa, Rusiya qoşunları ölkəmizə girə bilərlər. Bu sazişi diqqətlə oxusanız, görərsiniz ki, Rusiya rəhbərliyi AXC-ni hakimiyyətə gətirməklə, onlara dildə gözəl səslənən “Dostluq və əməkdaşlıq sazişi” kimi pərdələnmiş imperiyapərəst sənədə qol çəkdirmişlər.  Hazırda da biz Rusiyanın qonşusu və strateji partnyoruyuq. Buna görə də Rusiya Azərbaycandan onunla bir olmağı tələb edəcək. Əks halqa Kreml Azərbaycandakı azsaylı xalqları üstümüzə qaldıracaq. Odur ki, Azərbaycan rəhbərliyi seçim edərkən, hansı ölkənin təzyiqinin az olduğunu nəzərə almalıdır və iki şərdən ən “yaxşısı”nı seçməlidir...

-Belə çıxır ki, biz odla rus arasında qalmışıq? Seçimimiz yoxdur. Bütün hallarda uduza bilərik...

- Əslinə qalsa, belə çıxır. Ancaq nəzərə alsaq ki, indiyə qədər də belə olub və Azərbaycan Prezidenti neytral zonada “dayanaraq” geosiyasi tarazlığı saxlayıb, deməli, yenə də belə imkan var və yaxud yarana bilər. Səbir kasasının dibi qızıldır...

-Sizi hansı yarana biləcək neytral geosiyasi zonadan danışırsınız?

- Bu zona çoxdan yaranıb və onun başında Çin durur və İran –Çin yaxınlaşması bu zonanın görüntüləridir...

-Yeri gəlmişkən, sizcə, İran Prezidenti Ruhaninin Azərbaycana gözlənilən səfəri nə ilə bağlıdır?

-Əlbəttə ki,  Ruhani Azərbaycana tarazlığı saxlamaq üçün ciddi təkliflər paketi ilə gələcək. Çünki regionun qeyri-stabilliyi İranın zərərinədir və Qafqazda müharibə başlasa, İranın da bura cəlb olunacağı göz qabağındadır. Odur ki, indiki şəraitdə İranın Azərbaycana güclü köməyi ola bilər.

- Bayaq dediniz ki, Qərbin təzyiqləri labüd olacaq. Bunu nədə görürsüz?

- Azərbaycana bir il ərzində iki dəfə maliyyə təzyiqi olub. Hər şeydən əvvəl devalvasiyanı qeyd etməliyik. Görün dolların qiymətinin iki dəfə qaldırılması ölkəni  hansı iqtisadi böhran qarşısında qoydu. Bilirsiz niyə? Çünki ölkənin bütün varıdatı, gəlirləri, nə varsa, qiyməti iki dəfə aşağı düşməyə başladı. İqtisadi böhran yaratmaqla, Qərb Azərbaycanı siyasi böhrana apara bilər...

-Bəs çıxış yolu nədədir?

-Xalqla Prezidentin birliyində. Xalqın vəziyyəti  düzgün anlamasında... Ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafı, MDB ölkələri ilə inteqrativ əlaqələrin bərpası. Çünki Azərbaycan üçün ancaq bu ölkələr bazar ola bilərlər. Bura Rusiya, Belarus, Ukrayna Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. daxildir. İran-Rusiya dəhlizinin daha da güclü işləməsi və Azərbaycanın tranzit ölkəyə çevrilməsi də çox vacibdir. Əlbəttə, bunun üçün gömrük tarifləri aşağı endirilməlidir və gömrükdən buraxılış dövriyyəsi sürətləndirilməlidir. Dövriyyənin artması itirilən məbləği yerinə artıqlaması ilə qoya biləcək.

- Belə çıxır ki,  Çin də regiona öz marağını artırır və biz onun maraqlarını nəzərə almalıyıq... 

–Güclü iqtisadiyyata və insan potensialına malik olan Çinin güclənməsi göz qabağındadır və onun apardığı siyasət çoxşaxəlidir. Ən çox gözə çarpan cəhət isə odur ki, Çin enerji ehtiyatları olan ölkələrlə daha yaxın münasibətlər qurur. İran, Türkmənistan, Qazaxıstan və s. ölkələr üçün Çin bazarı bu saat ən sərfəli yerdir. Azərbaycan İran-Çin dəhlizi də bir çox problemlərimizin həllində kömək ola bilər. Odur ki, “Soyuq müharibə” şəraitində  Azərbaycan bloklara qoşulmamaq siyasətini davam etdirməlidir. Bu, elə tarazlığı saxlamaq üçün ən düzgün yoldur...

Sultan Laçın,
Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır