Modern.az

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyəti artırılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin səlahiyyəti artırılıb

13 İyul 2016, 20:19

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Modern.az saytı xəbər verir ki, dəyişikliklərə əsasən Mərkəzin Nizamnaməsinə aşağıdakı məzmunda 2.2.1-1 – 2.2.1-4-cü yarımbəndlər əlavə edilir:

“2.2.1-1. dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparır, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirir;

2.2.1-2. dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparır;

2.2.1-3. dövlət qurumlarının sifarişi əsasında icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir;

2.2.1-4. iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirir və istehlakçı məmnunluq reytinqlərini nəşr edir;”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib ki, Prezidentin bu Fərmanı ilə idarəetmədə şəffaflığın artırılması, qabaqcıl analitik təcrübənin tətbiq edilməsi və dövlət proqramlarının səmərəliliyinin artırılması məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib. Bu Fərman, dövlət proqramlarının, iqtisadi təşviq layihələrinin həyata keçirilməsi sahəsində olan çətinliklərin aradan qaldırılması, nəticə əsaslı fəaliyyət sisteminin formalaşdırılması, son nəticəyə kimi bütün proseslərin izlənilməsi və təhlili baxımından böyük əhəmiyyətə malikdir.

Bu Fərmana əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını, risklərin təhlilini, iqtisadi monitorinqini və qiymətləndirilməsini həyata keçirəcək. Bu yolla dövlət maliyyələşdirilməsi və nəticə arasında əlaqə daha da gücləndirilir, həmçinin prioritetlərin seçilməsi üçün daha geniş imkan yaranır. Bu isə beynəlxalq praktikada olan yaxşı idarəetmə təcrübələrinin Azərbaycanda daha geniş tətbiqinə və dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin səmərəliliyinin artırılmasına imkan verəcək. Beləliklə, Azərbaycanda dövlət proqramlarının uzunmüddətli inkişaf strategiyalarına uyğun şəkildə həyata keçirilməsi üçün daha bir addım atılmışdır. Dövlət tərəfindən uğurla həyata keçirilən proqramların indikatorlara nə dərəcədə uyğunluğunu müəyyən etmək mümkün olacaqdır. Azərbaycanda dövlət tərəfindən yaradılan infrastrukturun davamlı iqtisadi inkişafa töhfəsini daha da artırmaq üçün resurslardan daha səmərəli istifadə və konkret iqtisadi məsələlərin hədəflənməsi baxımından İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə verilən əlavə analitik səlahiyyətlərin xüsusi önəmi olacaqdır.

Bundan başqa Mərkəz, sifariş əsasında icra müddəti bitmiş dövlət proqramlarının iqtisadi səmərəsini qiymətləndirəcək, iqtisadi islahatların hazırlanması və tətbiqi ilə əlaqədar sorğular əsasında istehlakçı məmnunluqları reytinqini nəşr etdirəcəkdir. Azərbaycanda aparılan iqtisadi islahatlar zamanı inklüzivlik, əhatəlilik və insan amilinə üstünlük verilməsi bu Fərmanda da öz təsbitini bir daha tapmışdır. İslahatların təsirinin istehlakçı məmnuniyyəti perspektivindən qiymətləndirilməsi islahatların daha da səmərəli reallaşdırılması üçün zəmindir. 

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə üç ay müddətində iqtisadi təşviq layihələrinin monitorinq və qiymətləndirilməsinin aparılması qaydasını, dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirilməsi qaydalarını, dövlət qurumları tərəfindən müvafiq sifarişlərin Mərkəzə verilməsi və maliyyələşdirilməsi qaydalarınının layihəsini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim etmək tapşırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə verilən əlavə analitik səlahiyyətlər bu qurumu ən yaxşı islahat təcrübəsi ilə yadda qalan Böyük Britaniya, Malayziya və başqa ölkələrdə olan analoqları ilə bir səviyyədə tutur.

İqtisadi islahatlar istiqamətində Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən uğurlu kurs, habelə inkişaf etmiş infrastruktur, makroiqtisadi sabitlik və yüksək yığım səviyyəsi, deməyə əsas verir ki, Azərbaycan post-neft dövründə yenə də regionunun ən rəqabətədavamlı ölkəsi statusunu özündə saxlayacaqdır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir