Modern.az

Baş redaktorlar necə düşünür - İnternet mediası Zərdabi irsinin davamçıdırmı?

Baş redaktorlar necə düşünür - İnternet mediası Zərdabi irsinin davamçıdırmı?

Media

14 İyul 2016, 08:59

Hər bir sahədə olduğu kimi, mətbuatda da daim yenilənmə müşahidə edilir. Zamanla çap mediası xəbər əldə etmək üçün ən əlverişli resursa çevrildi. Azərbaycanda çap mediasının (qəzet) əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub. Çap mediası mətbuatımızda önəmli yerə sahib olub. Ancaq indi - müasir dövrdə çap mətbuatı sıxışdırılıb, elektron media – zəvər saytları üstünlüyü ələ alıb.


Bəs internet mediası Zərdabi irsinin davamçısıdırmı? Modern.az saytı mövzu ilə bağlı mətbuat nümayəndələrinin fikrini öyrənməyə çalışıb.

Deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, internet mediasını da birbaşa Həsən bəy Zərdabi irsinin davamçısı saymaq olar:


“Söhbət yaradıcılıqdan, mətbuatdan, məlumat və informasiya yaymaqdan, maarifləndirmədən gedirsə, forma nə olursa olsun, mahiyyət eynidir. Yəni maariflənməni də, informasiya əldə etməyi də, onu yaymağı və medianın bütün funksiyalarını istər çap mediasında həyata keçirə bilərsiniz, istərsə də virtual məkanda. Forma, müstəvinin fərqli, vasitələrin elektron və yaxud kağız olmasına baxmayaraq, mahiyyət eynidir. Ona görə də mən fikirləşirəm ki, heç çəkinmədən demək lazımdır ki, sözün həqiqi mənasında Azərbaycanın mətbuat ənənələrini  mənimsəyən, ona sadiq olan, əxlaqi prinsipləri, maarifçilik missiyasını həyata keçirən jurnalist üçün virtual məkan da bir mediadır. Virtual media çap mediasının davamçısıdır, xələfidir. Bugünkü elektron medianı o baxımdan Zərdabi irsinin davamçısı saymalıyıq. Düşünürəm ki, forması nə olursa olsun,  Azərbaycanın müasir mediası klassik mediamızın daha da modernləşmiş formasıdır”.

 “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının sözlərinə görə, o, ümumiyyətlə “internet mediası” deyə bir bölgünün tərəfdarı deyil:


“Çünki peşəkar resursdursa, orda çalışanlar da peşəkar jurnalistlərdir. Ona görə sadəcə olaraq internet tərəqqisinin nəticəsində xəbər daşıyıcısıdır. Tarixə nəzər salsaq, görərik ki, insanlar xəbərləri daş kitabələrə, divarlara yazırdılar. Sonradan qəzet çıxdı, radio əmələ gəldi, televiziya meydana yarandı və nəhayət indi internet var. Mən düşünürəm ki, elektron media da Zərdabi irsinin davamçısıdır. Söhbət peşəkar resurslardan gedir, sosial şəbəkələri nəzərdə tutmuram”.


Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir