Modern.az

Buludxan - hissin, sözün, fikrin Xanı

Buludxan - hissin, sözün, fikrin Xanı

15 İyul 2016, 10:10

Görkəmli dilçi alim, türkoloq, yüksək ictimai mövqeyi ilə seçilən vətəndaş, məzmunlu elmi fikirləri, ədəbi-tənqidi mülahizələri ilə diqqət çəkən dəyərli ziyalı Buludxan Xəlilovu əsərləri və müşahidələrimlə tanımışam. İstedadlı, zəhmətkeş, bəhrəli gənclərimizdən biri kimi onun araşdırmalarını izləmişəm, kitablarını oxumuşam. Bununla yanaşı, digər səbəblər də vardır. Əvvələn, mən də APİ-nin (indiki ADPU-nun) filologiya fakültəsinin məzunu olduğum üçün doğma ali təhsil ocağımızın istisini daşıyanların hərarətini duymaqdan sevinmişəm, onlarla fəxr etmişəm. İkincisi, pedaqoji fikir tarixinin tədqiqatçısı olduğum üçün ədəbiyyat, dil, fəlsəfə, mədəniyyət, ictimai fikir tarixi, folklor, etnoqrafiya və arxeologiya araşdırıcılarının əsərlərini oxumalı, öyrənməli olmuşam. Çünki pedaqoji fikrin məzmunu həmin elmlərə zər dənələri kimi səpələnib. Düşüncə, hikmət, mənəviyyat, tərbiyə dənəciklərini qaynaq alan o elmlərdən toplayıb, “həyat boyunbağısı” düzəltmək üçün gərək o sahələrdəki əsərlərin məzmunundan xəbərdar olasan. Üçüncüsü, yaradanının, müəllimlərinin, ədəb-ərkan mədəniyyətinin qarşısında səcdəyə duran, qədirbilənlik örnəyi olan insanların vurğunuyam. Məhz Buludxan Əziz oğlu Xəlilov beş-üç belələrindən biridir.

Mən Buludxanı saf ürək, sağlam mənəviyyat, ləyaqət axtarıcısı və daşıyıcısı kimi tanıyıram. Nurlu siması, xoş təbəssümü, mənalı ünsiyyəti ilə diqqətini çəkənlərin çoxusu bəlkə də bilmirdi ki, Buludxan təkcə elm, bilik, “dəlisi” deyil, həm də şərəf və milli qeyrət aşiqidir. Məhz belə olduğuna görə məclislərdə, elmi yığıncaqlarda, radioda, televiziyada, dərs otaqlarında bu böyük vətəndaş-alimi dinləyən hər kəs onu təkcə elm, bilik ötürücüsü kimi deyil, inamını, əqidəsini, yaşantısını meydana qoyan mütəfəkkir kimi qarşılayır, dinləyir və özününküləşdirir.

Buludxanın dilçiliyə və məxsusi türkologiyaya aid əsərlərinin əksəriyyəti ensiklopedik xarakter daşıyır, milli mənəvi dəyər aşılayır.

O, filoloq alim kimi daha qabarıq görünsə də, içində müəllimlik əxlaqını, millət, vətən təəssübünü yaşadır. Düşünürəm ki, onun bir ildə (2014-cü ildə) həm müəllimi, həm də ustadı Xalq yazıçısı İsmayıl Şıxlının müəllimlik və müəllim haqqında fikirlərini, həm də ustadı  Xalq şairi Bəxtiyar Vahabzadənin ictimai-pedaqoji fikirlərini şərh edən iki kitab nəşr etdirməsi sadəcə qələm məhsulu deyil, daxilində tüğyan edənləri ustadlarının təqdimatı ilə bəyan etmək cəhdidir.

Buludxan həssas, səmimi, sevgi dolu ürəyə, qayğıkeşlik, həyatı real görmək xarakterinə malik olduğundandır ki, ustadlarında da ilkin olaraq bu keyfiyyətləri görür və təqdir edir.

Buludxan eyni zamanda, söz sərrafıdır; İnsanın və insanlığın baş əlamətlərindən olan nitqə – söz və fikir mükəmməlliyinə xüsusi diqqət yetirir, ustadlarının nümunəsində öz aliliyini təcəssüm etdirir. O, kəsərli sözü, düz sözü zinətləndirir, sağlam mənəviyyat aşılayan sözün yaratdığı mənanı uca tutur.

Onun İsmayıl Şıxlı hikmətindən gətirdiyi neçə-neçə örnək necə də ibrətamizdir:

“...İsmayıl Şıxlının 75 illik yubileyinin keçirilməsinə böyük təşəbbüs göstərildi. Ancaq o, buna razılıq vermədi. Həmin illər ağır illər kimi İsmayıl Şıxlını narahat edirdi”.

“...Vicdan köksünü ötürüb üfüqlərə baxdı və titrək səslə dilləndi:

-         Aman günüdür, məni itirməyin, itirsəniz bir də tapa bilməzsiniz.”

“...Qoca palıdın səsi titrədi və təşvişlə soruşdu:

-         Baltanın sapı nədəndir?

-         Ağacdan.

-         Onda bizi qıracaqlar.

-         Niyə?

-         Çünki sapı özümüzdəndir”.

Yaxud Bəxtiyar Vahabzadə dünyasına baş vuran Buludxan görün nələrə diqqət yetirir?

“...Qapının sehrini açmaq sirrini öyrənməlisən. Qapını açdıqdan sonra içəridə atın qabağında ət, itin qabağında ot görəcəksən. Ancaq əti itin qabağına, otu atın qabağına qoymalısan”.

“...Müəllimə peşəkar yox, sənətkar demək lazımdır”.

“...Öz sözünün demək istedadın ilk əlamətidir. Biz ali məktəbə belələrini seçməliyik”.

Bunlarla yanaşı

“...özgə kölgəsinə niyə sığındın,
Səni alçatmırmı bu dilənçilik?”

etirazını hələ XX əsrin 70-ci illərində bildirən şairin həyəcan səsi Buludxan üçün bu gün də narahatlıq doğurur.

Buludxan Xəlilov Bəxtiyar Vahabzadə və İsmayıl Şıxlının müəllimlik etalonunun keyfiyyət dəyərini sadəcə sadalamır, onun davamlılığını da göstərir. Bu varislik Buludxanın istedadında, müəllimlik etiqadında özünü göstərir.

Buludxan Xəlilovun elm və müəllim sənətkarlığının fəziləti o qədər zəngindir ki, ayrıca tədqiqat tələb edir. Mən sadəcə ilkin təəssüratlarımı bölüşdüm.

Buludxan – duyğuların, sözün, fikrin, əməlin Xanıdır. Zəhmətlə dolu, istedad işığına bələnmiş əlli illik ömrünün gözəllikləri və özəllikləri münasibəti ilə mən onu təbrik edir, Allahdan ona gümrahlıq, ruzi bolluğu, hər gələn yeni ilinin xoş taleli olmasını arzulayıram!

 

 

Əjdər Ağayev,
pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim,
Azərbaycan Təhsil Şurasının sədri,
Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
Prezidentin fərdi təqaüdçüsü

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi