Modern.az

DAK-dan Paşa Qəlbinura sərt İTTİHAM: “Yalan danışır!”

DAK-dan Paşa Qəlbinura sərt İTTİHAM: “Yalan danışır!”

15 İyul 2016, 14:13

“Paşa Qəlbinur yalan danşır. O, heç vaxt bir neçə yerə parçalanmış Dünya Azərbaycanlıları Konqresinin (DAK) birləşməsi üçün təklif verməyib”.

Bu sözləri Modern.az-a açıqlamasında DAK-ın Mərkəzi İcra Aparatının rəhbəri Samir Adıgözəlli deyib.

O, bildirib ki, Paşa Qəlbinur heç vaxt DAK-ların birləşməsi barədə çağırışı etməyib. Eyni zamanda, Sabir Rüstəmxanlının hər zaman səsləndirdiyi birləşmək təklifini də rədd edib:

Mən 10 ildən artıqdır ki, DAK-da təmsil olunuram. Artıq 3 ildir ki, DAK-ın Mərkəzi İcra Aparatının rəhbəriyəm. Mənimlə bərabər DAK-ın İdarə Heyətinin üzvləri də hər zaman DAK-ların birləşməsi çağırışını edib. Amma özünü “DAK sədrləri” elan edənlər heç vaxt ipə-sapa yatmayıblar”.

Samir Adıgözəlli deyib ki, kiçik DAK-lardan birinə həmsədrlik edən Paşa Qəlbinur həkimdir və gedib öz işi ilə məşğul olsa, daha yaxşıdır:

“Paşa Qəlbinur gedib öz işi və peşəsi ilə məşğul olsun. O, həkimliklə xalqa daha çox fayda verər. Bu adam yalandan özünü DAK həmsədri, sədri kimi qələmə verir. Amma o, bu günə qədər bir iş görməyib. DAK-la bağlı nə ölkənin xaricində və nə də daxilində bir tədbiri, nə də bir müzakirəsi olub.

Çox maraqlıdır ki, Paşa Qəlbinur özü üçün, dostları ilə harasa turist səfərləri edəndə, yeyib-içəndə deyir ki, “mən DAK-ın təsisçisi, həmsədriyəm. Belə çıxışlarla Paşa Qəlbinur görünür ki, yayım peşəkarıdır”.

DAK təmsilçisi Samir Adıgözəlli Paşa Qəlbinur, Əhməd Obalı və onların ardınca gedən bəzi şəxslərin ünvanına kəskin ittiham səsləndirib:

“Son illər DAK-da baş verən hadisələr bir sıra şəxslərin iç üzünü açıb ortaya qoydu. DAK-ın 13-cü, sonuncu İstanbul qurultayında Sabir Rüstəmxanlı bütün DAK-lara birləşmək, həmrəy olmaq çağırışı etdi. Sabir bəy təklif irəli sürdü ki, hər kəs gəlsin bir DAK-da briləşsin. Hətta qurultaya Əhməd Obalı, Paşa Qəlbinur da dəvət olunmuşdular. Yüksək səviyyədə baş tutan qurultayda sıralarımızdan tək bir nəfər istefa verdi. Həmin o bir nəfər daha sonra DAK rəhbərliyinin arxasınca bizim milli məqsədlərə uyğun olmayan sözlər danışmağa başladı.
O zaman Paşa Qəlbinur da DAK-ın İstanbul qurultayına dəvət olunmasına baxmayaraq gəlmədi. Əgər Paşa Qəlbinur DAK-ı bütöv görmək istəyirsə niyə qurultaya qatılmadı?”.


Samir Adıgözəlli bildirib ki, Avropada bir neçə şəxslə yığışıb “DAK qurultayları” keçirtmək artıq xalqı da bezdirb:


“Gedirlər Avropada 15-20 nəfərlə özlərinə “DAK qurultayları” keçirirlər. Bu gün təəssüflər olsun ki, elə adamlar hələ də DAK-ın adından və statusundan sui-istifadə edirlər.
Cəmiyyət, xalq artır belə çirkin oyunlardan yorulub. Bu günlərdə millət vəkili Tahir Kərimli də açıqlamasında söylədi ki, “nə qədər axı DAK-ın sədrliyi adına iddia etmək olar? Yetər, bəsdirin də!..”.

Samir Adıgözəlli qeyd edib ki, o, Paşa Qəlbinuru Avropada bir neçə şəxslə qondarma DAK qurultayı keçirən zaman görüb. Deyir ki, bu cür insanların əsas məqsədi DAK-da separatçılıq yaratmaqdır:

“İllərdir ki, Paşa Qəlbinurun DAK-la bağlı heç bir fəaliyyətinə rast gəlinməyib. Bir neçə il  bundan öncə Paşa Qəlbinur Avropada Mərdan adlı bir şəxslə 10-12 nəfəri başlarına yığaraq, toplantı keçirdilər. Mən şəxsən Paşa Qəlbinuru da orada özüm gördüm.
Bu insanların əsl niyyəti DAK-ı həmrəy görmək deyil. Onların əsas məqsədi müəyyən qüvvələrin sifarişi ilə DAK-da, diaspor quruculuğunda separatçılıq və parçalanma yaratmaqdır”.


DAK-ın Mərkəzi İcra Aparatının rəhbəri düşünür ki, Konqresi parçalayan ünsürlər daxili və xarici siyasi qüvvələrlə planlı şəkildə hərəkət edirlər:

“Nəyə görə axı doktor Paşa Qəlbinur belə bir niyyətə düşüb? Niyə axı yalandan deyir ki, “mən DAK-ın birləşməsini təklif etmişəm, amma razılaşmayıblar”?

Əslində isə belə birliyə dəvət hər zaman Sabir Rüstəmxanlı tərəfindən olub, amma özünü “DAK sədrləri” elan edənlər və Paşa Qəlbinur da budan qaçıb.

Bu gün DAK-ın parçalanmasında bəzi siyasi dairələrin çox ciddi əli var. Bu qara əllər xaricdən idarə olunur. Paşa Qəlbinur bəlkə də istəyərək və ya istəməyərək bu dağıdıcı oyunun içinə qatılıb”.

Samir Adıgözəlli Paşa Qəlbunuru mərhum xalq artisti İlhamə Quliyeva ilə müqayisə edib:

“İlhamə Quliyeva vaxtilə özünü DAK-n mədəniyyət üzrə prezidenti elan etmişdi. Paşa Qəlbinur da bu gün İlhamə Quliyeva kimi özünü “DAK-ın sədri” elan edir.

Belə insanlar sanki özlərinə aid olmayan vəzifə və statusları özlərinə verməkdən həzz alırlar.

Belə şeylər etmək çox ayıbdır. Bu parçalayıcı və separatçı niyyətli insanlar diaspor işinə, DAK-a, dünyadakı 60 milyon azərbaycanlıya, Azərbaycan xalqının adına ləkədirlər”.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?