Modern.az

“Həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib” - MÜSAHİBƏ

“Həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib” - MÜSAHİBƏ

Media

15 İyul 2016, 14:36

 

“Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva Modern.az saytına müsahibə verib.

 

- Bir vaxtlar televiziyanın aparıcı siması olmusunuz. O illərdən bu günə qədər həyatınızda konkret nələr dəyişib?

 

- Əvvəla, mənə müsahibə üçün müraciət etdiyinizə və diqqətə görə təşəkkürümü bildirirəm. Mənim sizin sayta özəl münasibətim var. Burada çox hörmət etdiyim başda saytın rəhbəri Elşad Eyvazlı olmaqla ədalətli və vicdanlı  güclü qələm sahibləri çalışır. Modern.az saytı Milli Məclisin və deputatların fəaliyyətini bəzi mətbu orqanlardan fərqli olaraq, (həmkarlarım inciməsin) çox obyektiv işıqlandırır və ucuz sensasiya dalınca qaçmır.

 

Sizin sualınıza gəldikdə isə, deyə bilərəm ki, bu müddət ərzində həyatımda konkret və məcazi mənada çox şeylər dəyişib. Ən azından yaş və bir çox məsələlərə yanaşma baxımından. İnsan nə qədər dünyagörmüş və təcrübəli olsa belə, hər gün onun üçün bir yenilik gətirir. Bu nöqteyi-nəzərdən çox şeyləri öyrənirsən, öz işində bir professional kimi daha da püxtələşirsən, həyat biliklərin artır.  Televiziyadan ayrıldıqdan sonra həyatımda baş verən önəmli hadisələrdən biri, əlbəttə ki, ölkəmizin qanunverici orqanı olan Milli Məclisdə çalışmağa başlamağım, televiziya üzrə elmi işimi müdafiə etməyimdir....Yəni hadisələr o qədər çoxdur ki. Mənim üçün önəmli olanları diqqətinizə çatdırdım.

 

- Bəlkə, əvvələ qayıdaq, televiziyaya neçə gəldiniz? Jurnalistikaya maraq nə vaxtdan yaranmışdı?

 

- Desəm ki, televiziyaya, ümumiyyətlə jurnalistikaya gəlməyim sırf təsadüf nəticəsində baş verib yəqin inanarsınız. Bu sahəyə məni indiyə qədər minnətdar olduğum peşəkar və prinsipial jurnalist, öz işinə sadiq dostum  yönəltdi. Onun mənə olan inamı, əzmkarlığı, dəyərli məsləhətləri olmasaydı, yəqin ki, jurnalistikada heç nəyə nail ola bilməzdim. Amma onu da deyim ki, elə ilk gündən atam mətbuat sahəsində çalışmağıma sərt etirazini bildirdi. Müəyyən vaxt keçəndən sonra ətrafındakı dostları-tanışları, qohum-əqraba “Space” və “Lider” televiziyalarının efirlərində mənim materiallarımı görüb ona öz fikirlərini söyləyəndə hiss edirdim ki, mənə görə qürur duyur.              

Yeri gəlmişkən, elə televiziyaya gəlməyim də təsadüf nəticəsində baş verdi. Qəzetdə çalışdığım bir il ərzində Milli Məclisdə parlament müxbiri kimi akkreditasiya olunmuşdum və parlamentin fəaliyyətini işıqlandırırdım.  O zaman parlament sədrinin birinci müavini, sözün əsl mənasında ziyalı insan  rəhmətlik Zakir Zeynalovla Milli Məclisdə söhbətimiz oldu. Zakir müəllim anamın yaxın qohumu idi və ərklə mənə televiziyada çalışmağımı məsləhət gördü. Beləliklə, mən yeni yaradılan “Space” telekanalında çalışmağa başladım. İlk bir neçə ayı ştatdankənar olaraq çalışdım sonra isə məni rəsmi işə götürdülər. Bir televiziyaçı kimi formalaşmağımda əziyyəti keçən bütün insanlara minnətdarlığımı bildirirəm.

 

Səhv etmirəmsə, ixtisasca jurnalist deyilsiniz. Qeyri-ixtisaslı jurnalist olmağınızı əsas gətirib jurnalist fəaliyyətinizə irad tutanlar olubmu?

 

- Televiziyada çalışdığım müddətdə xaricdə, eləcə də ölkəmizdə çoxsaylı jurnalist kurslarında iştirak etmişəm. O zamanlar bir ay Almaniyada xüsusi təlimlərdə iştirak edirdim və orda məlum oldu ki, bu ölkənin ali təhsil məktəblərində konkret olaraq jurnalistikanı tədris edən fakultələr yoxdur. Hər hansı bir ali təhsilli şəxs altı aylıq kurs keçməklə jurnalist peşəsinə sahib ola bilər. Təbii, jurnalist təhsili varsa lap yaxşı, lakin burada bu sahəyə xüsusi həvəs, lazımi keyfiyyətlər, ən asası praktika vacibdir.  Bu gün Azərbaycan televiziyasının korifeyləri sırasında olan Rafiq Hüseynov, Nərgiz Cəlilovadan aparıcılıq, nitq dərsləri almışam. Bu özü bir böyük məktəbdir və hər kəsə nəsib olmur. Müasir mətbuatımızda çalışan bir sıra parlaq simalarımız var ki, onlar ixtisasca jurnalist deyillər. Onları sizlər də yaxşı tanıyırsınız. Fəaliyyətim dövründə mənə və birgə çalışdığım ixtisasca jurnalist olmayan digər həmkarlarımın ünvanına hər hansı bir irad eşıtməmişəm. Burda daha çox söhbət üzərinə düşən işin öhdəsindən məharətlə gəlmək bacarığından gedir.  

 

Bir hadisə çox yaxşı yadımdadır. Bir dəfə “Space” TV-də xəbərlər verilişini aparırdınız. Qəfildən səs tellərinizdə problem yarandı. Bir dəqiqənin içində bir neçə dəfə təkrarlandı. Amma, siz işinizə elə formada davam etdiniz ki, sanki həyəcan filan yoxdur. Həmin ərəfədə nə baş vermişdi?

 

- Namidə xanım, efir canlı yayımlandığından bu cür hadisələr kifayət qədər olur. Studiyada çoxsaylı işıqlandırma avadanlığı quraşdırıldığından canlı yayım vaxtı lampaların qızıb partlaması halları, ya da ki,  hardansa peyda olan milçəyin xəbər yayımçısına maneçiliyi hallarına zamanla öyrəşirdik. Canlı yayım özü artıq bir ekstrim deməkdir. Efir qabağı abu-havanın özü həyəcanla dolu olur. Təcrübə ilə bu hiss səngisə də heç zaman tam yox olmur. Siz xatırlatdığınız o hadisə də bu hallardan biridi. Səs tellərinin tutulması televiziya və radio aparıcılarının professional xəstəliyidir.  Davamlı şəkildə çıxışlar özünü biruzə verir.          

 

- Sonradan televiziyadan yollarınızı ayırdınız. Bu şəxsi təşəbbüsünüzlə baş verdi?

 

- “Lider” televiziyasında xəbərlərin baş redaktoru vəzifəsində çalışdığım dövrdə “Space” televiziyasından müəllif verilişi hazırlamaq təklifi gəldi və mən məmnuniyyətlə razılaşdım. Telekanalın o vaxtkı rəhbəri, əsl televiziyonçu Etibar Babayevlə və “Space”-in bacarıqlı kollektivi ilə çalışmaq çox maraqlı idi. 2005-ci il parlament seçkiləri ilə bağlı “Gündəm” adlı verilişimiz çox uğurlu bir layihə kimi yadda qaldı. Sonra “Bəzm” adlı şəxsi jurnalımı nəşr etməyə başladım. Televiziyadan gedişimin səbəblərindən biri də elə bu oldu. Bəzi həmkarlarım bu fikirdədilər ki, jurnalistika idman növü kimidir buradan da vaxtında getməyi bacarmaq lazımdı. Mən də bu fikri paylaşıram. 

 

- Milli Məclisdə “Milli Məclis” jurnalının baş redaktoru vəzifəsində nə vaxtdan çalışırsınız? Bu barədə danışın.

 

- Mən ölkənin qanunverici orqanında 10 ilə yaxındır ki, çalışıram. Milli Məclisi evim, kollektivimizi isə özümə doğma sayıram.  Burada yaradılan iş şəraiti, münasibətlər bunu deməyə əsas verir.  Ölkənin qanunverici orqanı olan Milli Məclisin eyniadlı nəşri 2007-ci ilin aprel ayında işıq üzü gördü. O vaxtdan “Milli Məclis” jurnalının baş redaktoru vəzifəsində çalışıram.

 

- Bildiyiniz kimi, Milli Məclisin deputatları mətbuatla işləməkdə çox həssaslıq nümayiş etdirirlər. Jurnalda deputatlarla bağlı xüsusi yazılar hazırlayırsınızmı?

 

- “Milli Məclis”analitik informasiya jurnalının əsas  məzmunu və mahiyyəti parlamentin və deputatların fəaliyyətini işıqlandırmaqdan ibarətdir. Ölkəmizdə gedən quruculuq işləri, Qarabağ münaqişəsi, Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanınması, parlamentlərarası əlaqələrin inkişafı istiqamətində Milli Məclis tərəfindən həyata keçirilən işlər jurnalımızın səhifələrində geniş işıqlandırılır. Bundan başqa millət vəkillərimiz  jurnalımızın səhifələrində müəllif yazıları ilə də çıxış edirlər. Odur ki, yazılarla və müəlliflərlə problemlərimiz yoxdur.

 

Bu gün hər kəs televiziya sahəsində çatışmazlıqların olduğunu deyir. Bir məsələ də var ki, tamaşaçıya nə təqdim olunursa, onu da izləyir. Sizcə, televiziya sahəsində nə kimi yeniliklər etmək lazımdır?

 

- Hazırda mən televiziya sahəsində çalışmadığımdan bu məsələyə keçmiş televizyonçu və tamaşaçı kimi münasibət bildirirəm. Televiziya geniş auditoriyanı əhatə etdiyindən güclü təsir gücünə malikdir. Mənim təsəvvürümdə televiziya bir mədəniyyət, maarifləndirmə funksiyasını yerinə yetirməlidir. Təbii ki, əyləncəli proqramların olması da vacibdir. Bazar iqtisadiyyatı hökm sürdüyündən telekanallarımız bu funksiyanı yerinə yetirməkdə çətinliklərlə üzləşirlər. Amma düşünürəm imkanlar çərçivəsində peşəkar televizyonçuların işə cəlb edilməsi ilə müəyyən problemləri həll etmək mümkündür.

 

Verilişlər tamaşaçı cəlb etmək üçün aşağı zövqlü kütlənin maraqlarına deyil, əksinə insanlarda zövqün formalaşdırılması, səviyyənin və dünyagörüşünün artırılması yönündə fəaliyyət göstərməlidir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi televiziya sahəsində də inkişaf var. Əvvəlki illərlə müqayisədə bir çox telekanallarımız proqram siyasətində dəyişikliklər ediblər, bundan əlavə yerli teleseriallarımız çəkilir. Bütün bunlar müsbət addımlardır, amma görüləcək işlər çoxdur. Bu işlərin tamamlanması üçün yuxarıda qeyd etdiyim kimi professional televizyoncu komandası vacibdir.   

 

Namidə BİNGÖL

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!