Modern.az

Azərbaycanlı deputatlar Türkiyədəki hadisələr BARƏDƏ: “Ərdoğan, dərindən düşünəcək”

Azərbaycanlı deputatlar Türkiyədəki hadisələr BARƏDƏ: “Ərdoğan, dərindən düşünəcək”

16 İyul 2016, 12:50

Dünən axşam saatlarından Türkiyədə ordu tərəfindən dövlət çevrilişinə cəhd olundu. Ancaq Türkiyə xalqının iradəsi nəticəsində bunun qarşısı alındı. Modern.az məsələ ilə bağlı azərbaycanlı deputatların fikrini öyrənməyə çalışıb.

Deputat Rövşən Rzayev:

 

“Dünən məlumat yayılandan sonra mən çox narahat oldum ki, yenə qardaş Türkiyəyə qarşı təxribat edilib. Bu çevriliş cəhdinin nəticəsində qardaş Türkiyədə də dünyasını dəyişənlərə Allah rəhmət eləsin. Mən çox narahatam ki, şəxsi ambisiyalarını həyata keçirmək üçün çox çirkin əməllərə əl atanlar var. Bunlar hamısı Türkiyənin bu günkü vaxtında öz fikirlərini həyata keçirmək üçün xalqın iradəsindən kənar olan hərəkətlərin arxasında duran  adamlardır. Bu gün Türkiyə dövlətinə , Türkiyə xalqına qarşı düşmən mövqeyində olan insanlardır. Bu, qətiyyən yolverilməzdir.

 

Türkiyə xalqının iradəsi göz önündədir. Türkiyə xalqı bu gün öz dövlətçiliyini, öz səsini qorumaq üçün bütün imkanlarından istifadə etdi. Çox təəssüf ki, təxribatçı qruplar, bu işin arxasında duranlar Türkiyə vətəndaşının, Türkiyə insanının deyil, öz mövqelərini həyata keçirmək istəyirdilər. Bu çür hərəkətlər qəti dözülməzdir və bunlar cəzalandırılmalıdırlar. Mən çox arzu edirəm ki, böyük və qüdrətli Türkiyə dövləti bu problemləri birdə yaşamasın.

Mənə elə gəlir ki, onlar başqa yol seçməlidirlər və Türkiyə xalqının yanında olmalıdırlar. Mənə elə gəlir ki, Türkiyənin lideri olan Rəcəb Tayyib Ərdoğan bu hadisələrin yenidən təkrarlanmaması üçün dərindən düşünəcək.

 

Milli Məclisin deputatı Vahid Əhmədov:

 

“Bu hadisələr ümumiyyətlə çox ağır hadisələrdir. Türkiyə bizim qardaş dövlətdir, bir xalqıq ona görə də orada olan hadisələr bizi çox narahat edir. Azərbaycan hökuməti də bununla bağlı mövqeyini bildirib. Mən bir neçə saat bundan əvvəl Türkiyə səfirliyi ilə əlaqə saxlamışam, öz mövqeyimi bildirmişəm ki, biz həmişə Türkiyə dövlətinin yanındayıq. Türkiyədə bu hadisələrin baş verməsi gözlənilən deyildi.

 

Düzdür, son vaxtlar Türkiyədə bir sıra terror aktları törədilib. Stabilliyin pozulmasına çalışılırdı. Bəzi xarici və daxili qüvvələr Türkiyədə müəyyən qədər narahatlıq yaratmaq istəyirdilər.

 

Türkiyədə ordunun dövlət çevrilişinə cəhdi anlaşılan məsələ deyil. Alınan məlumatlara görə bunu orduda fəaliyyət göstərən bir qrup şəxs həyata keçirmək istəyib. Amma Türkiyə xalqı vaxtında bunun qarşısını aldı.  Xalq küçələrə axışdı və Türkiyədə demokratiyanın öndə olduğunu sübut etdi. Bu Türkiyə üçün, elə bizim  üçün də çox ağır hadisədir.

 

Elə düşünürəm ki, Türkiyənin iqtisadiyyatına da bunun ziyanı olacaq. Son vaxtlar Türkiyə-Rusiya münasibətləri düzəldi ,görünür ki, bu yaxınlaşma da bəzi dövlətləri qane etmir. Çox sevindirici haldır ki, Türkiyədə bu hadisələrin qarşısı alındı və çevrilişə imkan yaradılmadı. Əhali bir daha göstərdi ki, Türkiyədə ali, demokratik qüvvələrə dəstək verilir. O cümlədən Türkiyənin müxalifət liderləri Dövlət Baxçalı və Kamal Kılıçdaroğlu da çevrilişin əleyhinə olduqlarını bildirdilər və faktiki olaraq Türkiyə dövlətini dəstəklədilər. Ümumiyyətlə, indiki dövrdə dövlət çevrilişi ilə hakimiyyətə gəlmək qeyri-mümkündür. Çünki, demokratik dövlətin qurulması yalnız seçkilər vasitəsi ilə ola bilər.

Mən inanmıram ki, bu hadisələr təkrarlansın.

 

Ərdoğanın orduda islahatlar aparması bəzi qüvvələrin planlarını alt üst etmişdi. Türkiyədə Atatürkün vaxtından orduya böyük diqqət olub. O vaxtlar  ordu bir çox məsələləri həll edirdi. Ancaq ordu siyasətə qarışmamalıdır. Mən elə hesab edirəm ki,  bu hallar təkrarlanmayacaq. Türkiyə hökuməti də bundan nəticə çıxaracaq.

 

Milli Məclisin deputatı Fazil Mustafa:

 

“Türkiyədə baş verənlər müəyyən dərəcədə gözlənilməz sayıla bilər. O baxımdan ki, uzun illər hakimiyyətdə olan iqtidar çevrilişə qarşı,  hakimiyyətə paralel bir quruluşa qarşı sərt mövqeyini ifadə edib. 

Ona görə də çevriliş cəhdləri gözlənilməz idi. Amma buna baxmayaraq Türkiyədə çevriliş ənənəsinə son verəcək bir hadisə yaşandı. Millətin iradəsi ilə ordunun hər hansı bir üsulla hakimiyyəti ələ keçirməsinin qarşısı alındı.  Mənim fikrimcə, bu xaricdən sifariş olunan bir hadisə idi. Əvvəllər belə çevriliş cəhdləri olanda  küçələrdə atışmalar olurdu, bəzi qrupların toqquşması olurdu, ordu hakimiyyəti ələ keçirirdi. İnsanlar düşünürdü ki, belə çaxnaşmaların olmasındansa ordunun hakimiyyətə keçməsi daha yaxşıdır.

Amma  bu dəfə sosial sifariş olmadığı üçün cəmiyyət bu istəyi geri çevirdi. Heç bir hazırlıq görmədən birdən-birə belə bir addım atmaq məncə səriştəsizlikdən irəli gəlirdi. Düşüncəsizlik kimi qəbul edilə bilər. Onlar müəyyən dərəcədə düşündülər ki, TRT-ni ələ keçirmək ən yaxşı vasitədir. Ancaq 30 il əvvəl TRT-ni ələ keçirmək informasiya məkanını öz əlində cəmləmək demək idi. Ancaq indi bunu etmələri düşüncəsizlikdir.

 

Türkiyə təkcə TRT-dən ibarət deyil, 100-lərlə telekanal və informasiya mənbələri var. Bəs interneti necə ələ keçirəcəklər? Bunlar məsələdə ağıllı yanaşmadıqlarını göstərdilər. Ancaq digər tərəfdən hakimiyyətin ən güclü silahı xalqdır. Sivil güclər əgər meydanlarda olursa, onda onun qarşısına silahlarla çıxmaq olmur. Türkiyənin bu vəziyyətdən çıxması bizim və digər qonşu dövlətlərin də xeyrinədir. Çünki Türkiyədə çevriliş olarsa, bu Türkiyənin 30- 40 il geri düşməsi demək idi.  Azərbaycan insanı üçün də arzu olunan nəticə oldu. Çünki, Türkiyə sivil yolla demokratiyanı qoruyub saxlaya bildi.

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir