Modern.az

Türkiyədə Azərbaycan mühacirət mətbuatı orqanları - III Yazı

Türkiyədə Azərbaycan mühacirət mətbuatı orqanları - III Yazı

Media

18 İyul 2016, 09:33

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru

 

( “Yeni Qafqasiya”, “Azəri Türk”, “Odlu Yurd” jurnallarının nəşri)

 

Tanınmış mütəfəkkir Əli bəy Hüseynzadənin əsasını qoyduğu, M.Ə.Rəsulzadə­nin fəaliyyətində isə reallaşan “türkləşmək, islamlaşmaq, avropalaşmaq” ideyası nəhayət, Şərqdə və Azərbaycanda ilk demokratik dövlətin yaranması ilə nəticələndi. Təəssüf ki, bu dövlət 1920-ci il 27 aprel tarixində bolşeviklər tərəfindən işğala uğradı. Bu işğaldan sonra bolşeviklərin amansız təqibləri səbəbindən Azərbaycanın hüdudlarından kənara mühacirət axını başladı.

1920-1922-ci illərdə də Gürcüstanda, Türkiyədə, İranda, Fransada mühacir­lərimizin gərgin fəaliyyətinə baxmayaraq, ilk siyasi təşkilat 1923-cü ildə M. Ə. Rəsulzadənin Türkiyəyə gəlişindən sonra yarandı. Belə ki, azərbaycanlı mühacirləri bir yerə toplamaq (o zaman mühacirlər iki qrupa bölünmüşdülər: siyasi və qeyri-siyasi), ilk siyasi təşkilat yaratmaq və ilk mətbu orqan təsis etmək M. Ə. Rəsulzadənin gərgin fəaliyyətinin nəticəsi oldu.

Azərbaycan mühacirəti M. Ə. Rəsulzadəyə qədər M. B. Məmmədzadənin də qeyd etdiyi kimi “başsız və intizamsız, pərişan bir mənzərə ərz edirdi”.

1924-cü ildə İstanbulda gizli fəaliyyət göstərən yeni siyasi təşkilat- Azərbaycan Milli Mərkəzi yaradıldı. AMM-in sədri M. Ə. Rəsulzadə, MK üzvləri Xəlil Xasməmmədov, Mustafa Vəkilli (müsavat), Əbdüləli bəy Əmircanov (bitərəf), Əkbərağa Şeyxülislamov (xalqçı-sosialist) idi.

Azərbaycan Milli Mərkəzi keçirdiyi görüşlərin yekununda, fəaliyyət hədəflərini bu şəkildə açıqlayırdı:

“1. Mərkəz 28 May 1918-ci ildə qurulmuş və dünya dövlətləri tərəfindən istiq­lalı tanınarkən, 27 Aprel 1920-ci ildə Qızıl Rus ordularının işğalına uğramış olan Azərbaycan Xalq Cumhuriyyətinin hegemonluq və istiqlalını yenidən gerçəkləş­dirmək uğrunda mücadilə edir.

2. Eyni geopolitik şərtlər daxilində olub, eyni müqəddərata və eyni düşmənə malik olan Qafqazyalı qonşu millətlərin oxşar təşəkkülləri ilə sıx surətdə əlaqə yaradır.

3. Başda Rusiya məhkumu millətlər olmaq üzrə qızıl imperializmin əsarəti altında olan bütün millətlərin səlahiyyətli siyasi təşəkkülləri ilə müştərək kommunizm təcavüzünə və Rus imperializminə qarşı mücadilə birliyi edir.

4. Dil və Mədəniyyət birliyi ilə bağlı olduğumuz məhkum Türk elləri ilə aramızdakı mövcud qardaşlıq əlaqələrini hər sahədə qüvvətləndirməyə çalışır.

5. Milli Mərkəz, Sürgün hökuməti sifəti ilə, Birləşmiş millətlər, Beynəlmiləl qurumlar, Bolşevik əleyhdarı quruluşlar və davamıza uyğun dost dövlətlər nəzdində, Azərbaycanı təmsil və davanı müdafiə edir.

6. Milli Mərkəz, demokratiyaya bağlı, çox partiyalı milli müstəqillik və istiqlalın qazanılmasından sonra, siyasi fəaliyyətini məmləkətə nəql edir, Azərbaycanın siyasi həyatında aktiv olaraq yer tutur”.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M. Ə. Rəsulzadənin istiqlal tariximizdə gördüyü ən böyük xidmət Azərbaycanın azadlığı və müstəqilliyi davasını elmi və sistemli şəkildə aparan mətbuat orqanlarını yaratmasıdır. M. Ə. Rəsulzadə mətbuat orqanlarının əsas proqram istiqamətlərini belə ümumiləşdirirdi:
1. Milli dövlət ideyalarının təbliği və bərpası uğrunda mübarizə.
2. Bolşevizmin tənqidi, Sovet hökumətinin müstəmləkə formalı siyasətinin ifşası.
3. Ölkənin rus bolşevik işğalında qalan gündəlik, ictimai-siyasi fəaliyyətinin təhlili və dəyişən vəziyyətə uyğun mübarizə şüarlarını müəyyən edən təkliflərin irəli sürülməsi.
4. Milli-inqilabi siyasət ruhunda olan radikal siyasi dünyagörüşünün inkişafı və yayılması.
5. Sovet mətbuatının tənqidi və onunla polemika.

Qeyd edək ki,Türkiyədə azərbaycanlı mühacirlərin ilk təşkilatı (Müsavatın Xarici Ölkələr Bürosunu) yaradıldıqdan sonra 1923-cü ildə “Yeni Qafqasiya” adlı ilk jurnalın nəşrinə başlanıldı.

1923-cü il sentyabrın 26-da böyük mütəfəkkir M. B. Məmmədzadənin də qeyd etdiyi kimi, yalnız azərbaycanlıların deyil, eləcə də bolşevik işğalına məruz qalmış bütün türklərin xaricdə çıxardıqları ilk jurnal - “Yeni Qafqasiya” işıq üzü gördü. Jurnalın ilk sayının imtiyaz sahibi və məsul müdiri Seyid (Məhəmməd) Tahir olmuşdur. Seyid Tahir məsul müdirlik vəzifəsini 1925-ci il 15 dekabra qədər yerinə yetirmişdir. Jurnalın əsas yaradıcısı M. Ə. Rəsulzadə olmasına baxmayaraq, onun adına ilk dəfə 1923-cü il 15 oktyabr tarixli sayında dərc olunmuş “Zəruri bir izah” (İdarəyə məktub) başlıqlı məqalədə rast gəlinir. Daha sonra “Yeni Qafqasya”nın 1924-cü il 28 may tarixində üz səhifəsində M. Ə. Rəsulzadənin şəkli olan xüsusi nüsxə nəşr olunmuşdu. Həmçinin jurnalın 1924-cü il 16 noyabr tarixli sayında baş redaktor: Rəsulzadə Məhəmməd Əmin və 1926-cı il 6 fevral tarixli sayında isə sahibi və baş mühərriri, Rəsulzadə Məmməd Əmin adını görmək olar.

Jurnalın ilk sayında M. Ə. Rəsulzadənin “Atəş çalan Prometey” (Proqram məqaləsi əvəzinə) yazısı çap olunmuşdu.

“Yeni Qafqasiya”nın aşağıdakı maddələrdən ibarət olan proqramı belə idi:

- “Yeni Qafqasiya” milliyyətçi, radikal və demokratikdir.

- “Yeni Qafqasya” türkçüdür. Türklərin mədəni tərəflərini, mədəni əlaqələrini, mənəvi vəhdət və istiqlallarını hədəf seçir.

- “Yeni Qafqasiya” Türk davasının Azəri cəbhəsini müdafiyəyə mükəlləf Azərbaycan istiqlalçılarının ümumi fikridir.

- “Yeni Qafqasiya” Qafqazya millətlərinin Rusya əsarətindən xilas olmasını və baş verə biləcək Rusya istilasına qarşı müvəffəqiyyətlə durmasını təmin üçün Qafqazyanın konfederasiya şəklində birləşməsi tərəfdarıdır.

- “Yeni Qafqasiya” yalnız azərbaycançılıq, türkçülük və qafqazyaçılıqla qalmaz; o, Şərqdəki milli istiqlal hərəkatını da, hər hansı bir fikirlərini də mənimsəyir, Şərqin radikal bir surətdə əsirlənməsini bütün səmimiyyətiylə müasirləşməni seçir;

- “Yeni Qafqasiya” xüsusilə Rusya imperyalizminə qarşı mücadilə edər, o çarizmi olduğu qədər bolşevizmidə Türk dünyası üçün zərərli və Qafqazyaya düşmən görür“.

- “Yeni Qafqasiya” Azərbaycanın istiqlal mübarizəsini mühacirətdə davam etdirən rəsmi təbliğat vasitəsi idi. Onun əsas qayəsi də milliyyət və istiqlal qayəsi idi, Azərbaycanın istiqlalı idi;

- “Yeni Qafqasya” jurnalı Azərbaycan istiqlalının əsasını “Azəri Türkünün Rus çarizminə qarşı davam etdirdiyi milli mədəniyyət uğrundakı mücadilədə görür”, bütün çətinliklərə baxmayaraq bu mücadilənin davam etdiyini vurğulayırdı.

Jurnalda nəşr edilən digər məqalədə isə milli istiqlal ideyalarının bütün çətinliklərə baxmayaraq parçalayacağı, böyüyəcəyi, yüksələcəyi göstərilirdi.

Məlum olduğu kimi, 28 May və 27 Aprel günləri Azərbaycanın tarixində mühüm yer tutur. Bu tarixlərdən birincisini bayram, ikincisini matəm günü kimi qeyd edən “Yeni Qafqasya”nın səhifələrində bu hadisələrlə bağlı xeyli məqalələr dərc olunmuşdur.

1920-ci ilin 27 aprel işğalından sonra yenidən Rusyanın müstəmləkəsinə çevrilən Azərbaycanda baş verən hadisələr də “Yeni Qafqasya”da dərc olunan yazıların mövzusunu təşkil edirdi. “Yeni Qafqasiya” Sovetlər Birliyinin bu məmləkətdə apardığı siyasəti pisləyir, bolşeviklərin əsas simasını açıb göstərirdi.

“Yeni Qafqasiya” yalnız Türkiyədə deyil, eləcə də İranda, Misirdə, Əfqanıstanda yayılır, geniş maraq doğururdu. Jurnal gizli yolla Azərbaycana gətirilib xalq arasında yayılırdı.

Qeyd edək ki, “Yeni Qafqasiya”ya qarşı bütövlükdə sovet təbliğat şəbəkəsi işləyirdi. “Pravda”, “Qızıl Orenburq” kimi qəzetlər, “Novıy Vostok” elmi orqanı “Yeni Qafqasiya”dakı yazıları təkzibə çalışsalar da, bir fayda olmamışdır.

      
Sovet hökuməti hər vasitə ilə “Yeni Qafqasiya”nı bağlamağa çalışırdı. M. Ə. Rəsulzadə başda olmaqla azərbaycanlı mühacirlərin gərgin, yorulmaz mübarizələrinə baxmayaraq Türkiyə dövləti Sovet hökumətinin təsiri ilə “Yeni Qafqazya”nın  nəşrini qadağan etdi. Bunun səbəbini isə 1921-ci ildə RSFSR-lə Türkiyə, 1925-ci ildə isə Sovetlər Birliyi ilə Türkiyə arasında imzalanmış müqavilələrin nəticəsi kimi qeyd etmək olar. Belə ki, 1921-ci il martın 16-da Moskvada RSFSR-lə Türkiyə arasında dostluq və qardaşlıq haqqında müddətsiz müqavilə imzalandı. Həmin il oktyabrın 13-də eyni məzmunlu müqaviləni Türkiyə Sovet Azərbaycanı, Sovet Gürcüstanı, Sovet Ermənistanı ilə bağladı.

1925-ci ildə Sovetlər Birliyi ilə Türkiyə arasında üç il müddətinə hücum etməmək və neytrallıq haqqında daha bir müqavilə imzalandı. 1927-ci ildə isə “Yeni Qafqasiya”nın nəşri dayandırıldı.

Azərbaycanın tanınmış mühaciri M. B. Məmmədzadə gərgin mübarizə yolu keçmiş, 100-ə yaxın sayı işıq üzü görmüş “Yeni Qafqasiya”nı yüksək qiymətləndirir və bu məcmuənin gələcək nəsillər üçün milli istiqlal tariximizdən bəhs edən bir sənəd olduğunu qeyd edirdi: “Yeni Qafqasiya” ilə başlayan milli nəşriyyat milli istiqlal savaşımızın tarixi sənədləri kimi qalacaq və gələcək nəsillər millətimizin qızıl istila altındakı iztirab və əsarət dövrünü bu sənədlərdən öyrənəcəkdir”.

    
“Yeni Qafqasiya”dan sonra azərbaycanlı mühacirlərin nəşr etdiyi ikinci mətbuat orqanı “Azəri Türk” jurnalıdır. Ədəbi-ictimai, elmi və siyasi, milliyyətçi bir jurnal olan “Azəri Türk” 1928-ci il fevralın 1-də İstanbulda, Sultan Əhməddə nəşr olunurdu.

“Azəri Türk”də dərc edilmiş, müəllifi M. Ə. Rəsulzadə olan ilk Baş məqalənin adı “Tutacağımız yol” adlanır.

“Azəri Türk” jurnalının fəaliyyət proqramı belə idi:

1. “Azəri Türk”, Azərbaycan istiqlal davasını müdafiə etmək vəzifəsini öhdəsinə götürən milliyyətpərvərlərin ümumi fikirdir.

2. Əsarətdə olan Türk qurtuluş və istiqlallarını qoruyar.

3. “Azəri Türk” xüsusilə Rusluqla mücadilə edər.

4. Qafqazya millətlərinin, Rusya əsarətindən qurtuluşunu və gələcək Rusyanın istilasına qarşı birləşmələrinə tərəfdardır.

 “Azəri Türk” jurnalının səhifələrində Azərbaycan Milli İstiqlal mübarizəsi ideyası müxtəlif məqalələrdə öz əksini tapırdı.

 Jurnalda çap edilən digər bir məqalədə isə Rusiyanın dağılacağı, bütün işğal altında yaşayan xalqların yenidən müstəqil olacağı ifadə olunurdu

 “Azəri Türk” jurnalı yazırdı: “Azərbaycan istiqlalı uğrunda gedən mübarizədə tək deyil, hər şeydən əvvəl əsrin ən hakim bir şüarını təşkil edən milli istiqlal şüarı­nın qüvvət və qüdsiyyəti onun bu müvəffəqiyyətli zamanıdır. Sonra özünə qarşı mücadilə etdiyi Rus istilasına qarşı yalnız deyildir. Yəni başında özü ilə nifaq ilə eyni yolun yolçuları, Qafqazya Cumhuriyyətləri ilə bərabər Ukrayna ilə Türkistan kimi mühüm qüvvətlər vardır və Azərbaycan milləti itirdiyi istiqlalı yenidən qazanacaqdır”.

Jurnalda nəşr edilən başqa bir yazıda isə qeyd olunudu: “Aclıq, səfalət, hər tərəfdə hökmünü sürür. Vilayətlərə ezam edilən kommunist təbliğatçılarını artıq xalq dinləmir. Kəndli və fəhlə sinfi: “yetər, artıq bizi qandırmayınız! - deyə yığıcaqlarda olan kommunistlərə qarşı çıxır və içlərindən qovurlar”.

 “Azəri Türk” jurnalı “Qafqasiya xəbərləri” başlığı altında bu məmləkətlərdə baş verən hadisələrlə də oxucuları tanış edirdi. Jurnalda mühacir şairlərimizdən Coşğunun, Atilla və başqalarının vətən həsrətli şeirləri çap olunurdu.

1929-cu ilin martın 1-də imtiyaz sahibi A. Kazımzadə, məsul müdiri Kamal, baş redaktoru M. Ə. Rəsulzadə olan “Odlu Yurd” jurnalı nəşr edilməyə başladı. “Odlu Yurd” özündən əvvəlki nəşrlərdən fərqli olaraq bütövlükdə latın əlifbası ilə çap olunan ilk jurnal idi. İlk sayı 1929-cu ilin martın 1-i tarixində nəşr edilən jurnalın son sayı (il 3) 1931-ci il (30-31) N5-6 avqust tarixinə aiddir. “Odlu Yurd” öz səhifələrində başda Azərbaycan olmaqla, Rusiya işğalında qalan başqa xalqların problemləri ilə yanaşı Qafqazya, İslam dünyası və beynəlxalq məsələlərlə bağlı mövzulara da üstünlük verirdi.

 “Odlu Yurd” jurnalı demokratiyanın, demokratik millətçiliyin işğalçı bolşevik istibdadına qarşı müdafiəsində dayanan bir jurnal idi. Bu jurnal milli istiqlal davasının mənasını belə açıqlayırdı: “Milli istiqlal davası, mədəni millətlər, ailəsi meydanında özünə məxsus bir evə, bir yuvaya malik olmaq davası deməkdir. Cahan millətlərindən mühüm bir qismi bu qanuni haqqına hələ malik deyildir. Bunlardan bir qismi bu haqqını qazanmaq, bir qismi də onu iadə etməklə məşğuldur. Azərbaycan xalqı bu ikinci növə malikdir”.

Qeyd edək ki, “Odlu Yurd”un Azərbaycanın  istiqlalı uğrunda aparılan mübarizədə özünə məxsus yeri və rolu olmuşdu. Bu mənada jurnal mövqeyini belə açıqlayırdı: “Əgər Azərbaycan istiqlal fikri xalqdan doğmuş, xalqın mədəni həyat və xüsusiyyətinin təbii və zəruri bir tələbi isə, əgər xalq bunun xaricində heç bir həyat, heç bir səadət təsəvvür etmirsə, əgər Azərbaycan xalqı yeganə həyat və səadətini istiqlal və onun üç rəngli bayrağının altında düşünürsə - o zaman xalqın ölüm-dirim məsələsi qədər mühüm olan bu istiqlal fikri üzərində israr etməsi, inad göstərməsi, ölməsi fəqət əzmindən dönməməsi lazım gəlir.

“Odlu Yurd” jurnalında Azərbaycanın istismar olunub Rusiyaya daşınan neftindən, qazından, digər sərvətlərindən də bəhs edən məlumatlar çap edilirdi. “Odlu Yurd” yazırdı ki, cəmi yeddi il ərzində (1920-1927) Bakı neftindən 150 milyon manat gəlir əldə olunub. O gəlirin 25 milyon manatına neft ehtiyacları üçün xaricdən materiallar alınıb. Qalan 125 milyon manat Rusiyanın hesabına keçib. Bəs Azəri xalqı bu qızıl neftinin müqabilində nə qazanıb?

“Odlu Yurd”da “Qanlı icraatlar”, “Salyan süngüsü”, “Kollektivləşmənin səmərəsi”, “Həbslərin səbəbi”, “Solovkidə”, “Kommunistləri öldürürlər” başlığı altında verilən yazılarda Azərbaycanın ümumi vəziyyəti, sovetlərin işğalı ilə bağlı müstəqil və azad yaşamaq haqqından məhrumluğu göstərilirdi. “Gəncədə iğtişaşlar”da yazılırdı: “Verilən məlumata görə Gəncədə mühüm iğtişaşlar olmuşdur. İğtişaş zamanı mahudbasma və yağ emalatxanaları yandırılmışdır”. “Şəki və Zaqatalada üsyan” başlıqlı məlumatda isə yazılıb: “Şəki və Zaqatalada əhali üsyan edərək kommunistlərlə məsul sovet məmurlarını öldürdüyü yazılırdı.

“Odlu Yurd”un 1931-ci ilin 3 saylı nüsxəsində Mirzə Bala Məmmədzadənin “Azərbaycan dövləti” adlı maraqlı yazısı dərc olunmuşdu: “Bir millət ya yetişmişdir, öz haqqına müdrikdir, müştərək milli bir şüura malikdir və yaxud əksinə olaraq daha ölgün ictimai bir üzviyyət halına gəlməmişdir”.

“Odlu Yurd” jurnalı bolşevik əsarətində yaşamaq məcburiyyətində qalan Azərbaycanın işğalını bütün dünyaya çatdırırdı. Azərbaycandan isə müxtəlif vasitələrlə, məktublar, məlumatlar, xəbərlər göndərilirdi “Odlu Yurd”a.

 “Odlu Yurd” jurnalındakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Siyasi yazılar; 2) Elm və ədəbiyyatla bağlı yazılar; 3) Mətbuat və kitabiyyətlə bağlı yazılar; 4) Xəbərlər bölümü; 5) İstila qurbanları.

Jurnalın siyasi mövzuda nəşr edilən məqalələrinin əsas müəllifləri M. Ə. Rəsulzadə və M. B. Məmmədzadə idi. M. Ə. Rəsulzadənin “Öyrədən bir müsibət”, “Temmuz (iyul) hadisəsi münasibəti ilə”, “Nə göbrədir, nə də məlzəmə”, “Qafqaz Birliyi şüarı altında” yazılarının böyük əhəmiyyəti vardır.

Jurnalda nəşr edilən “Siyasi” mövzuya aid olan məqalələrin ən əhəmiyyətlilərinin başlıqları belə idi: a) M. B. Məmmədzadə: “Çin-Rus ixtilafı”; b) A. Battal: “Beynəlmiləl həyatdan”; Mirzə Bala: “Sovetlərin aqibəti”; c) C. S. Əhməd: “Qızıl istila”; ç) A. Cövdət: “Azərbaycanın müqəddəs yarası”.

Jurnalda “Elm və ədəbiyyat” başlığı altında nəşr olunan yazılar belə təqdim edilirdi: a) M. B. Məmmədzadə: “Azərbaycan tarixinə aid notlar”; b) M. Ş. Əfən­dizadə: “Sabirə aid xatirə”; c) Ə. Cəfəroğlu: “Tarixdə Azərbaycan-Rus münasibəti”.

Jurnalın “Mətbuat və kitabiyyət” bölməsindəki yazılar belə nəşr edilirdi: a) “Qiymətli bir əsər”; b) Müəllifsiz: “H. Sübhi bəyin bir xitabəsi”; c) Müəllifsiz: “Gürcü sosialistlərinin pozisionu” ; d) Müəllifsiz: “Türküstanda Milli Mücadilə”.

Jurnalın “İstila qurbanları” başlığı altında isə aşağıdakı yazılara rast gəlinirdi: a) M. Emin: “Yusifbəyli Nəsib bəy”; b) Azəri: “Mehmet Bağır bəy”;

Jurnalın “Xəbərlər bölümü” başlığında isə müxtəlif məlumatlar, xəbərlər verilirdi: a) Azərbaycanda; b) Türkiyə həyatı; c) İranda; ç) Türküstanda; d) Mühacirlər arasında; e) Poçta.

Türkiyədə üç ilə yaxın müddətdə nəşr edilən “Odlu Yurd” jurnalı mühacirlərin Azərbaycan istiqlalı uğrunda apardıqları mübarizəyə ciddi dəstək verib əhəmiyyətli rol oynadı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir