Modern.az

Əbədi məşəlin ədəbi təcəssümü

Əbədi məşəlin ədəbi təcəssümü

18 İyul 2016, 10:25

Abid Tahirli


Əməlləri və əsərləri ilə əbədi məşələ çevrilərək əfsanələşən tarixi şəxsiyyətlərin bədii obrazını yaratmaq  zəngin bilik,  iti qələm və yaradıcılıq təcrübəsi, təxəyyül, istedad, millət, vətən sevgisi, nəhayət cəsarət, fədakarlıq tələb edir. Bu keyfiyyətlərə sahib  tanınmış yazar, tədqiqatçı  Sona Vəliyevanın hələ sağlığında “millətin xilaskarı” adını almış,  xalqımızın tarixində və taleyində   parlaq iz qoymuş Həsən bəy Zərdabinin bədii obrazını yaratmaq cəhdi uğurlu alınmışdır, təqdirə və alqışa layiqdir. İstedadlı yazıçının gərgin zəhməti, ciddi axtarışları sayəsində ərsəyə gələn “İşığa gedən yol” adlı əsəri  ( Bakı, “Zərdabi” MMC, 2016, 768 səh.) Azərbaycan ədəbiyyatı xəzinəsinə, onun tarixi roman qoluna layiqli töhfədir.

       Romanın spesifik forma- strukturu, özünəməxsus dili, üslubu əsərin ideya və məzmununun dolğun, aydın çatdırılmasına, xarakterlərin, onların cəmiyyət həyatındakı yerinin, rolunun açılmasına, haqqında bəhs olunan dövrün ədəbi-mədəni mühitin işıqlandırılmasına,  cəmiyyəti çulğalayan ictimai-siyasi proseslərin, xüsusi ilə maarifçilik hərəkatı mənzərəsinin, yenicə intişar edən tərəqqi işartılarının toplumun lap dərinliklərinə qədər işləmiş cəhalətlə, qaranlıqla, zülmətlə, biganəliklə, milli mərəzə çevrilmiş unutqanlıqla  mücadiləsinin bütün incəliklərinə qədər təsvirinə, təqdiminə xidmət edir. İki hissədən və hər biri ayrı-ayrılıqda müstəqil hekayə təəssüratı da yaradan , eyni zamanda məzmun, ideya, süjet və xronologiya ilə bir-birinə sıx bağlı olan 89 parçadan   ibarət irihəcmli roman   Zərdabdan dünyaya yenicə boylanan, hələ erkən yaşlarından təbiət , cəmiyyət hadisələrinə heyrətamiz maraq göstərən , boyuna, yaşına uyğun olmayan bir istəklə, maraqla sirli-sehrli dünyanı  öyrənməyə can atan Həsənin atası Səlim bəylə, babası Rəhim bəylə söhbətləri və saysız –hesabsız sualları ilə başlayır. Beləliklə, müəllif məqsədinə doğru ilk addımlarını atır, Həsən bəy Zərdabinin əzəmətli obrazının təməlini qoyur, böyük xalq xadiminin portretinə ilk ştrixlərini vurur: sağlığında, ölümündən  az sora “tərəqqi məşəli”(Məhəmməd Hadi), “dünya arifi”  (S,Ə Şirvani) “islam mücahidi”  (M. Ə. Sabir), “adlı, şərafətli, böyük insan” ( Abdulla Şaiq) , “geniş həyat təcrübəsi və fitri istedadlı” (Firudin bəy Köçərli), “əlində məşəl qaranlığı işıqlandırmağa çalışan adam” ( Ə. M. Topçubaşov) kimi yüksək dəyərləndirilən Həsən bəyin uşaqlığı  təbii ki, ətrafındakıların  diqqətini cəlb etməli, yaddaşlarda qalmalı idi. Mənalı gözləri, cəsarəti, ağılı, natiqlik məharəti ilə hər kəsin heyran qaldığı balaca Həsənə atasının və babasının tövsiyələri müasir gəncliyə də xitab kimi səslənir: ədalətli  və xeyirxah ol, zülmlə, zalımla barışma,  insanları səbirlə dinləməyi  bacar, onlara yardım et! Elmə, təhsilə yiyələn, əcnəbi  dilləri  də öyrən, mütaliə et!

      Müəllif Həsən bəyin həyatı ilə az, ya çox dərəcədə bağlı olan fakt və olaylardan, məkanlardan bir tərəfdən qəhrəmanın xarakterik çizgilərini üzə çıxarmaq,  digər tərəfdən doğma ocağın tarixinii, təbiətini, coğrafi mövqeyini və mövcud vəziyyətini  əks etdirmək, dövrandaşlarının, xüsusi ilə məsləkdaşlarının, silahdaşlarının  həyat və təfəkkür tərzinin spesifik cəhətlərini işıqlandırmaq, cəmiyyətin durumunu dəqiq ifadə edən  “çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır” –mənzərəsinin real  təsvirini canlandırmaq üçün  məharətlə  istifadə edir.  Oxucu Həsən bəyin Şamaxı gimnaziyasındakı təhsil illərini izləyən zaman  bu qədim mədəniyyət mərkəzinin tarixi, onun yetişdirdiyi böyük sənətkarlarla da tanış olmaq imkanı əldə edir. Romançı  Həsən bəyin Tiflis gimnaziyası dövründən bəhs edərkən Qafqaz canişinliyinin mədəni və inzibati paytaxtının tarixinə də  səyahət edir, burada  yaşayan   və müxtəlif görüşlərə, fərqli siyasi baxışlara malik olan, eyni zamanda millətin tərəqqisi naminə fədakarlıqla fəaliyyət göstərən Azərbaycan ziyalılarından söhbət açır. Çağdaş Azərbaycan mədəniyyətinin patriarxı M. F. Axundovla, dövrünün parlaq simalarından, bədii nəsrimizin və publisistik irsimizin ilk yaradıcılarından, məktəb və maarif fədaisi general İsmayıl bəy Qutqaşınlı ilə, Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, Tiflis gimnaziyasının müəllimi Mirzə Hüseyn Qayıbovla, Abbasqulu Ağa Bakıxanovun qardaşı, maarifpərvər general  Abdulla Ağa Bakıxanovla ... Həsən bəy Zərdabinin tanışlıq səhnələri unudulmaz təəssürat yaradır. Müəllif bu xadimlərin millət yolunda mücadiləsini poetk ehtirasla, tükənməyən sevgi ilə qələmə alır. Burada bir  məqama diqqət yetirmək vacibdir. Yazıçı əməl və amal dostlarının missiyasına vurğunluğunu gizlətməsə də , onların  nə şəxsi keyfiyyətlərinə, nə də fəaliyyətlərinə  lazımsız bər-bəzək vurmur. O, mötəbər mənbələrdən, elmi məxəzlərdən, tarixi sənədlərdən  və təxəyyülün gücündən yerli yerində  istifadə edərək  ziyalılar, bir- birini əvəz edən  nəsillər, əsrlər arasında  mənəvi körpü salır, bir növ milli- mənəvi varislik missiyasını həyata keçirir. Sözün təsir və təlqin gücündən istifadə edən yazıçı tarixi rəqəmlərə can və ruh verir ki, bu da təsvir və təqdim olunan səhnələrin koloritli, inandırıcı  olmasını şərtləndirir.      

       Moskva Dövlət  Universiteti Həsən bəyin həyatında yeni səhifədir. Onun tərəqqipərvər rus ziyalıları, pedaqoqları, demokratları ilə tanışlığı Həsən bəyin  dünyagörüşünə , düşüncə tərzinə ciddi təsir göstərir. Bütün qəlbi ilə Həsənə aşiq olan, vurulan  Veranın  göz yaşları, müəllimlərinin Moskvada qalıb işləmək, irəliləmək təklifi, şirin vədlər H. Zərdabini yolundan, əqidəsindən döndərmək iqtidarında deyil. O, gələcək  şan-şöhrətdən, dəb-dəbəli, rahat həyatdan, Veraya olan ülvi duyğularından imtina edərək  Vətənə qayıtmağı, doğma xalqının maariflənməsi, tərəqqisi naminə çalışmağı üstün tutur: “Biz böyük təhsil ocaqlarının məzunları şəxsi mənafeyimizi düşünüb hərəmiz bir rus xanımı ilə ailə qurmaqla  gələcək həyatımızda yalnız özümüzü düşünsək, vay onda millətin halına”.  Ali təhsili başa vurub Tiflisdə “Mejevaya palata”da məmur və komissiya üzvü kimi   işə başlayan Həsən bəy  Zərdabi elə ilk gündən sərt sınaqlarla üz-üzə qalır. Yazıçı qəhrəmanının ədalət  carçısı, kəndlilərin arxa-dayağı olduğunu, eyni zamanda insafsız, haramxor, qudurğan bəylərdən çəkinmədiyini , onlara qarşı mübarizə apardığını  diqqətə çatdırmaq üçün xarakterik, təsirli səhnələr yaradır: ” Kəndlilərin ən yaşlısı ağlaya –ağlaya kürəyini açıb Həsən bəyə göstərdi. Qamçıların yeri gömgöy kəsilmiş, qançır olmuş yaralar ürək dağlayırdı”.  Qolu zorlu  Yadigarov  kəndlinin torpağını əlindən almış özünü də şil-küt etmişdi. Yadigarov  qəddar, həyasız olduğu qədər də hiyləgərdir, əli uzun, əlaqələri böyükdür.. O, əvvəlcə şirin dillə Həsən bəyi ələ almağa  çalışır, buna nail olmadıqda Həsən bəyə hədə -qorxu gəlir: ”Siz məni, qanunu müdafiə etmək əvəzinə bu cındırından cin hürkən kəndliləri müdafiə edirsiniz”. Sarsılmaz əqidə sahibi Həsən bəy isə nə bəylərdən, nə də vəzifəsini itirməkdən qorxur. Müstəmləkəçilik üsul-idarəsinin, mövcud məhkəmə sisteminin  çürüklüyünü, perspektivsizliyini görmək üçün əsərdə cəmi bir neçə cümlə ilə təsvir olunan   mənəviyyatsız, rüşvətxor  məhkəmə sədrinin düşünsə və danışıq  tərzi ilə tanışlıq kifayətdir. Həsən bəy mövqeyini , prinsiplərini yox, işini qurban verir və Bakı Qəza İdarəsinin pasport-masa bölməsində çalışmağa başlayır. Burada da eyni mənzərə, eyni haqsızlıqla qarşılaşan Həsən bəyin içindən bir səs yüksəlirdi: “Mənim dərdli, əzabkeş millətim zülm, cəhalət içində boğulduğu bir məqamda mən rahat yaşaya bilmərəm. Hara ayaq basıramsa, həmişə insanların müşkülü ilə üzləşirəm, onların özlərindən öncə dərdləri qarşıma çıxır...Allahım, xalqımın, millətimin dərdlərinə çarə üçün göndərilmişəmsə, mənə bu yolda sona qədər dəstək ol, yetərincə güc və iradə ver, ətrafımın işıqlı, ziyalı adamlarla dolu olmasına, xeyirxah işlərdə onlarla birgə əl-ələ verməyimə şərait yarat”. Riyakarlığın, məmur özbaşınalığının açıq-aşkar meydan suladığı bu  İdarədə də Həsən bəy uzun müddət işləmədi.  Bakı qubernatoru Mixail Kolyubakinin sərəncamı ilə Quba məhkəməsində hakimin katibi vəzifəsinə təyin olundu, əslində bu bəhanə ilə  Bakıdan uzaqlaşdırıldı. Yazıçı Həsən bəyin tərcümeyi- halının  kədərli səhifələrini elə məharətlə vərəqləyir ki,  oxucu əsərin qəhrəmanı ilə eyni hiss və duyğuları yaşayır. Haqsızlıqlarla üz-üzə qalan, bəylərin zülmlərindən fəryadları ərşə bülənd olan, savadsızlığdan əziyyət çəkən kəndlilərin acıları Həsən bəylə yanaşı oxucuya da sirayət edir, onu da  düşündürür, həyəcanlandırır. Təhdidlərdən, təqiblərdən yorulan Həsən bəy Qubadan da uzaqlaşmalı olur. Amma o, xalqa xidmət  istəyindən, millətin maariflənməsi missiyasından imtina etmir.  Bir- birinin ardınca ona dəyən zərbələr Həsən bəyi  sarsıtmır, əymir, əksinə daha da mətinləşdirir,  mübariz edir.

      Həsən bəy Bakı Realnı Gimnaziyada müəllim kimi fəaliyyətə başlayandan bir müddət sonra müəllim və tələbələrlə dostlaşır. Həsən bəy   sonralar silahdaşlarına çevrilən  tələbələri Nəcəf bəy Vəzirova, Əsgər ağa Goraniyə və  Şirvanlı Məmmədtağıya böyük ümidlər bəsləyir, “onlara xalqımızın gələcəyi, xilaskarı” kimi baxır, onları  qabaqcıl ziyalılarla  tanış edir, görüşdürür. Bu mənada tələbələrin M. F. Axundovla görüşü təsirli və unudulmazdır. Böyük mütəfəkkirin gənclərə öyüd-nəsihəti tələbələrdə zəngin, unudulmaz  duyğular oyadır. İstedadlı yazıçı Sona Vəliyeva M. F. Axundovla bağlı illərlə  dildə-ağızda dolaşan bir ehkamı, onun “bidin” və “ateist” obrazını filosofun öz dili ilə alt-üst edir: “ ...hər yerdə çalışırlar ki, məni dinin düşməni kimi qələmə versinlər. Mən dinsiz ola bilmərəm, çünki axund ailəsində dünyaya gəlmişəm. Amma axund ailəsindən olmağım , həm də mənə əsil dini bəzi mollaların təqdim etdiyi dini xurafatdan , mövhumatdan ayırmağıma , insanlara dinin gerçək mütərəqqi xüsusiyyətlərini başa salmağıma şərait yaradıb, bu da həmin mollalara sərf etmir. Mən bəzi mollaların təqdim etdiyi dini puç və əfsanə sayıram”.

        Dünyəvi məktəbi və  milli mətbuatı millətin nicat yolu sayan Həsən bəy onların mövcud şəraitdə, çar üsul- idarəçiliyin hakim olduğu dövrdə  intişarının, fəaliyyətinin yalnız xeyriyyəçilik yolu ilə mümkünlüyü qənaətinə gəlmişdi. “ Xeyriyyə cəmiyyəti yaratmaq ideyası gecə- gündüz Həsən bəyə rahatlıq vermirdi. “Əgər bir xeyriyyə cəmiyyətinin yaranmasına nail ola  bilsək, bizim zənginlər onu dəstəkləsə, imkanlı adamların köməyi ilə hər il yüzlərlə uşağı təhsilə cəlb edə bilərik, bu da məmləkətimizdə savadlı insanların yetişməsinə, sayının gündən-günə artmasına səbəb olar”.

       Romanda Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaqla bağlı fəaliyyətinə geniş yer ayrılmışdır. Bu təsvirlər Həsən bəyin yeni keyfiyyətlərini daha qabarıq üzə çıxardır.  Yazıçı onu cəhalət, ətalət bayquşları, zülmət, qaranlıq, mövhumat divanələri ilə qarşı-qarşıya gətirir. Hər cür müqavimətə, istehza və kinayələrə, atmacalara mətanətlə dözən, opponentlərinə ağılla, təmkinlə , məntiqlə cavab verən Həsən bəyin ilk cəhdi uğursuz alınsa da, o, geri çəkilmir. Xeyriyyə cəmiyyəti yaradılmasına  min bir bəhanə ilə əngəl törədən  geri zəkalı hacılar, məşədilər, axundlar, mollalar və bəylər H. Zərdabini tutduğu yoldan döndərə bilmir.  Xeyriyyə cəmiyyəti yaratmaq məqsədi ilə o dərviş kimi səfərlərə çıxır, Bakıdan sonra  Şamaxıda, Gəncədə, Tiflisdə, İrəvanda, Dərələyəz-Vedidə, Naxçıvanda, Şuşada...olur, yerli əhali ilə , ziyalılarla görüşür, gecə-gündüz bilmədən təbliğat aparır, nəticədə o, Azərbaycan tarixində ilk xeyriyyə cəmiyyəti yaratmağa nail olur. Yazıçı Həsən bəyin bəzən uğurla,  bəzən də kədərlə nəticələnən    macəralarla dolu səfərini dərindən, diqqətlə və məhəbbətlə izləyir, təsvir edir. Biz burada Həsən bəyin insanlarla dil tapmaq, ünsiyyət qurmaq, onları inandırmaq bacarığının şahidi oluruq, biz Azərbaycanın qədim və zəngin mədəniyyət nümunələrinə, füsunkar təbiətinə tamaşa edirik, biz xalqımızın milli-mənəvi dəyərlərini, adət- ənənlərini yaşadan, zənginləşdirən el-obaları qarış-qarış gəzir, onlarla qürur duyuruq. Biz bu səfərlər zamanı XIX əsrdə yaşayıb yaratmış demək olar ki, bütün adlı-sanlı Azərbaycan şair, yazıçıları, xalq xadimləri ilə tanış olur, söhbətləşirik.

         Çoxşaxəli, çoxplanlı  romanda müəllif əqidə, ruh, xarakter, ortaq dəyərlər baxımından bir- birinə  bənzəyən və bir –birini tamamlayan Həsən bəy Zərdabi və onun xanımı Hənifə Abayeva  arasındakı münasibətləri xüsusi məhəbbətlə işıqlandırmış, bu cütlüyü “mükəmməl ailə nümunəsi” kimi təqdim etmişdir.  Həsən bəyin məhəbbəti məsləyinə xidmət edir, məsləyi də onu məhəbbətinə qırılmaz tellərlə bağlayır. Bütün həyatını xalqının maariflənməsinə, tərəqqisinə həsr edən Həsən bəy “Müqəddəs Nina” Qızlar gimnaziyasının məzunlarının siyahısında Qafqazın ilk təhsilli xanımlarından Hənifə Abayevanın adına rast gələndə “bu qız mənim taleyimdi”- deyir və onun arxasınca Tiflisə yola düşür. Valideynlərini vaxtsız itirmiş Hənifə xanım dayısının himayəsi ilə gimnaziyada təhsilə yiyələnir, xarici dillər öyrənir, asudə vaxtlarında evdarlıqla bağlı kurslara rəhbərlik edir. Həsən bəyi  xanımının “yaşına uyğun olmayan müdrikliyi, dərin zəkası, elmə, təhsilə maarifçi münasibəti və xarakterindəki əzmkarlığı çox sevindirirdi. Hənifə xanım Həsən bəyin sirdaşı, silahdaşı, məsləkdaşı kimi onun  ən ağır, çətin məqamlarında  arxası, dayağı, təsəlli, təskinlik yeri olur.

        Cəsarətlə bədii tədqiqat, bədii təhlil adlandıra biləcəyimiz əsərin böyük qismi “Əkinçi” qəzetinin yaranması uğrunda Həsən bəy Zərdabinin mücadiləsinə həsr olunmuşdur. Fikrimizcə, müəllif milli mətbuatın yaradıcısının möhtəşəm obrazını məharətlə işləmiş, onun həyat və mübarizə yoluna bütün incəliklərinə qədər işıq salmış, Həsən bəyi XIX əsr maarifçilik hərəkatının lideri səviyyəsində təqdim edə bilmişdir. Tarixin gedişində dönüş yaratmaq istəyən bütün qəhrəmanlar kimi  H. Zərdabini də “nə etməli, nədən başlamalı”- sualı daim narahat etmiş, düşündürmüşdür. Qaranlıqda boğulan cəmiyyət işığa möhtacdır, işığa həsrətdir. Xalq yolunda özünü fəda etməyə hazır olan Həsən bəy qəti qərara gəlir ki, “qəzet çıxarmaqdan başqa bir qeyri-əlac yoxdur...” Əsər boyu H. Zərdabinin qəzet çıxarmaq uğrunda mübarizəsi, onun keçirdiyi gərgin dramatik anlar, hiss- həyəcanlar, mənəvi- psixoloji məqamlar  təfsilatı ilə təqdim olunur. Bir tərəfdən çar üsul idarəsinin qadağaları, digər tərəfdən özümüzdən olan milli tərəqqi düşmənlərinin təhdidləri, hədə- qorxuları, eləcə də maliyyə- nəşriyyat problemləri  H. Zərdabinin missiyasının ağırlığından, eyni zamanda müqqədəsliyindən xəbər verir.

      Romanda həyatı, fəaliyyəti H. Zərdabinin tərcümeyi-halı, xüsusən onun “Əkinçi” uğrunda mücadiləsi dövrü  ilə az-çox dərəcə bağlı olan, ideya, təfəkkür tərzi , əqidə baxımından bir-birinə yaxın, yaxud zidd   obrazlar qalereyası yaradılmışdır. Burada böyük yazıçı-dramaturq M. F. Axundovun  maarifçi-mütəfəkkir siması,  Bakı qubernatoru Staroselskinin xoş məramla ifrat ehtiyatlılığı birləşdirən obrazı, maarifçi-realist poeziyanın yaradıcısı S.Ə, Şirvaninin və qüdrətli  maarifçi- publisist Məhəmməd ağa Şahtaxtlının inadkar və sarsılmaz xarakteri, XIX əsrin sonu XX əsrin əvvəlləri Rusiya müsəlmanlarının lideri  İsmayıl Qaspiralının əzəmətli tablosu, “varlandıqca düşüncəsi artanlar, millət tərəqqisinə qoşulanlar xoşbəxtliyi dərk edənlərdir” – deyimini özünə həyat kredosu seçən Hacı Zeynalabdin Tağıyevin  portreti tarixi həqiqətlə yazıçı təfəkkürünün məhsulu kimi canlandırılmışdır. Əsərdə erməni xisləti, xəyanəti, xəbisliyi, hiyləsi, məkri konkret fakt və  tarixi hadisələrə istinad edilərək , bədii boyalarla təsvir olunmuşdur. Müəllif mürəttib Minasovun, gimnaziya direktoru Çermakın  müavini Avanesovun, keşiş Ambarsumovun, senzor Qriqor Qaraxanovun timsalında erməni xarakterinin, əməllərinin  insana, insanlığa zidd, antibəşəri məğzini , mahiyyətini açmışdır.

      Və nəhayət,  bir məsələyə də toxunmaq istərdik. İstiqlal mücahidi, yazıçı- publisist Ceyhun Hacıbəyli  «Kaspi» qəzetində bir əsr bundan əvvəl (1914-cü il, № 267)  Həsən bəy Məlikovun vəfatının ildönümünə  həsr etdiyi  «Yeddi il» adlı məqaləsində  ürək ağrısı ilə yazırdı: ”Bu gün müsəlmanların (azərbaycanlıların – T.A.) mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 ili tamam olur. Bakılıların pafoslu nitqləri və təntənəli mərasimlə öz xadimlərini dəfn etdikləri həmin gündən vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslənən o çıxışlar mənim indi də qulaqlarımdadır. Aman Allah, həmin nitqlərdən necə od-alov püskürürdü, çıxışlar ürəklərdə necə bir ümid çırağı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissi ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyəsən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy təntənəli şəkildə dəfn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdılar, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdilər – vəssalam. Müsəlman cəmiyyəti ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona zəngin miras, irs qoyan, onu mədəni həyata alışdıran xadimi ilə beləcə üzülüşdü. Deyəsən, hər şey bitdi…

Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu. Lakin bu hələ azdır. Digər xalqlar ona xidmət göstərən övladlarının xatirəsini əziz tutur, ona abidə qoyur, adını əbədiləşdirir, ailəsinə qayğı göstərir və s. Bizdə isə tamamilə əksinədir. Biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adi qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gəlmədik, biz nəinki Həsən bəyin adını və xatirəsini əbədiləşdirmədik, hətta onun tamamilə unudulması üçün çalışdıq, nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə elə bil ona əlavə dərd, kədər gətirmək prinsipi ilə bəhsə girdik”. Yəqin ki, sonralar Həsən bəyin məzarına tutulan divandan Ceyhun bəyin xəbəri olmamışdı. Yoxsa, daha ağır və həm də haqlı iradlar söylərdi. Həmin vaxtlardan  bizi uzun illər ayırır. İndi Həsən bəy Zərdabinin xidmətləri layiqincə dəyərləndirilir, yubileyləri ölkə miqyasında təntənəli qeyd olunur, əsərləri nəşr edilir, xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər həyata keçirilir. İstedadlı yazıçı, tədqiqatçı Sona Vəliyeva haqqında bəhs etdiyimiz bu əsərlə Həsən bəyə əbədi abidə ucaltmışdır.

“İşığa gedən yol” romanı ilə bağlı yuxarıda  deyilənləri yekunlaşdıraraq aşağıdakı qənaətə gəlirik:

  -yazıçı Azərbaycan cəmiyyətinin yeni inkişaf mərhələsinə qədəm qoymasında misilsiz xidmətlər göstərmiş tarixi şəxsiyyətin- Həsən bəy Zərdabinin  bədii obrazını yaratmağa müvəffəq olmuşdur;

- fədakar fəaliyyəti ilə həmişəyaşarlılıq haqqını qazanmış Həsən bəy Zərdabinin ideyalarının müasirliyi, aktuallığı  müstəqil Azərbaycanın bu günkü  tələbləri ilə səslənir və əsər, onun qəhrəmanı  milli- mənəvi dəyərlərin  daşıyıcısı, ötürücüsü təsiri bağışlayır. Başqa sözlə desək, romanda  XIX əsrdə yaşamış qəhrəmanın həm də XX, XXI  və daha sonrakı əsrlərdə yaşayacaq  əbədi siması canlandırılmışdır;

 -özünüdərk və milli-ictimai şüurun intibahı, ədəbi-mədəni həyatın dirçəlişi naminə  mücadilə aparmış M. F. Axundov, İ. Qutqaşınlı, Seyid Əzim Şirvani, İsmayıl bəy Qaspiralı, Əlimərdan bəy Topçubaşov, Hənifə xanım Abayeva, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Hacı Zeynalabdin Tağıyev ... və sair kimi tarixi şəxsiyyətlərin Həsən bəyin tərcümeyi-halı və fəaliyyəti ilə bu və ya digər dərəcədə əlaqələndirilməsi,  həm əsərin  qəhrəmanının, həm də onun silahdaşlarının, məsləkdaşlarının keçdiyi yola daha dərindən, daha geniş  nəzər salmağa imkan yaratmışdır ki, bu da romanın həm tarixi, həm də bədii baxımdan daha maraqlı  və dəyərli olmasına yardım etmişdir; 

-XIX əsrin sonu XX əsrin əvvəlləri  Azərbaycan ədəbi- mədəni, ictimai həyatının bədii salnaməsi olan romanın maarifləndirici, tarixin dərslərindən, təcrübəsindən nəticə çıxarmaq missiyası əsərin dəyərini artırır. Ailənin müqəddəsliyinə, məhəbbətin paklığına, əhd-peymana sədaqətə, valideynlərə, ağsaqqallara, ağbirçəklərə qayğıya, xeyirxahlığa, ədalətə,  elmə, təhsilə, ətalətdən, cəhalətdən xilas olmağa çağırış əsərin ruhuna hopmuşdur. Yazıçı yeri gəldikcə  ölkəmizin  mədəniyyət mərkəzlərindən, onların tarixindən tükənməyən  məhəbbətlə  söz açmaqla , sanki hər kəsi  Vətən tarixini öyrənməyə, onun maddi-mədəni sərvətlərini, abidələrini qorumağa, təbliğ etməyə dəvət edir. Müəllif qəhrəmanlarının dili ilə Vətən övladlarını daim ayıq-sayıq olmağa, erməni fitnə-fəsadlarına uymamağa, erməni hiyləsinə aldanmamağa səsləyir.

-yüksək vətəndaşlıq və vətənpərvərlik hissi ilə qələmə alınmış əsər bir tərəfdən Həsən bəy Zərdabinin xatirəsinin əbədiləşdirilməsinə layiqli bir hədiyyədirsə, digər tərəfdən də Azərbaycan nəsrinə töhfədir.

12 iyul 2016.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı