Modern.az

Dilimizə, elimizə, elmimizə bağlı ömür

Dilimizə, elimizə, elmimizə bağlı ömür

Ədəbi̇yyat

18 İyul 2016, 12:31

Haqqında ürək sözlərimi ifadə edəcəyim bir adın, dilimizin və ədəbi mühitimizin inkişafında misilsiz xidməti olan bir alim ömrünün şərəfli həyat səhifələrinə nəzər salacağam. Əslində, keçdiyi keşməkeşli, həyatında dərin izlər qoymuş bir alim ömrü kamillik dövrünə qədəm qoyub. Lakin, ömrünün kamillik məqamına yetişən, söz-ürfan sahibi, dilimizin özəlliklərini də, gözəlliklərini də, incəliklərini də göz bəbəyi kimi qoruyan, zəhmətkeş alim, filologiya elminin inkişafında xüsusi xidmətləri olan Buludxan Xəlilov imzası istər elmi ictimaiyyətin, istərsə də xalqımızın ən sadə vətəndaşlarının qəlbinə daha doğma, daha əzizdir.

Öz halal zəhməti ilə otuz ilə yaxındır ki, həyat eşqi ilə ali məktəbdə pedaqoq kimi çalışan tədqiqatçı kimi Azərbaycan dilçiliyinin, eyni zamanda türkoloji dilçiliyin ən müasir məsələlərini öyrənən bir insan oğlu bu gün çox əzmkarlıq və qətiyyət nümayiş etdirərək çox şərəfli alim ömrü yaşayır.

Əslində cismani baxımdan aramızda olan, dövlətçiliyimizin, xalqımızın mənəvi dəyərlərini hər şeydən əziz bilən, zəhməti və halallığı hər zaman özünün həyat amalı hesab edən Buludxan müəllimin adında olan fəlsəfəni, onda olan özünəməxsus ali keyfiyyətlər haqqında keçirdiyim duyğuları ifadə etməsəm, mənə elə gəlir ki, yanlışlığa yol vermiş olaram.

Ömrünün hər anını, hər məqamını sanki doğma dilimizə sipər oldu. Özü yerdə, əməlləri hər bir insanın gördüyü iş kimi göz qabağında olsa da, ruhu da adı kimi səmalarda dolaşır. Elmin dərinliklərinə baş vurduqca, ucalaraq böyük Allahımızın dərgahına yaxınlaşan Buludxan adı bu gün mənim anlamımda Tanrıya bizlərdən daha çox yaxındır.

Daxilindəki Allah sevgisi, insanlığa və insanlara yönələn məhəbbət çox keçmədi ki, öz doğma dilinə, öz doğma elinə hər şeydən daha çox, daha mükəmməl şəkildə bəxş olundu.

Onda olan fitri istedad, üzündəki təbəssüm və gözlərində görünən məhəbbət, mərhəmət nuru, eyni zamanda səsindəki həlimlik onun insani keyfiyyətlərinin göstəricisidir.

Uzun müddətdir ki, çalışdığı Azərbaycan Dövlət Pedaqoji Universitetində hər kəsin sevimlisinə çevrilən, gənclik illərindən Azərbaycanda baş qaldıran milli oyanış hərəkatının ən aparıcı simalarından biri olan əziz dostum Buludxan Xəlilov mənim yaddaşımda ən etibarlı və dözümlü inqilabçı kimi qalıb.

Təbii ki, 1990-cı ildən başlayaraq rus imperiyasının irtica siyasətinə qarşı eyni zamanda ulu öndər Heydər Əliyevin hüquqlarının qorunması üzrə Müdafiə Komitəsi yaradılarkən apardığı mübarizə Buludxan Xəlilov adını bizlərə daha da sevdirdi.

Dilimizi sevən, xalqımızın qan yaddaşını, öz yaddaşında qoruyan bir alim ömrünün apardığı gərgin elmi-tədqiqat işlərindən söz açmamışdan qabaq, üzü təbəssümlü, ruhu sağlam bir insanın qəlbində gəzdirdiyi nisgili, vətən yoxluğunu, yurd xiffətini, ikiyə bölünmüş Amasiya ellərinin dərdini hər zaman özü ilə gəzdirdi. Dünyaya göz açdığı Ağbaba mahalı, doğma Ellərkənd kəndi bu gün elsiz, vətənsiz bir alim ömrünə kədər, iztirab bəxş edib.

Mən də əziz dostum Buludxan müəllim kimi öz doğma, tarixi türk torpağı olan Zəngəzur mahalından ayrı düşdüm. Uşaqlığımın ən şirin xatirələrinin, yeniyetmə illərində dağ cığırları ilə zirvələrə doğru addımladığım günlər bir tarixə dönüb.

Əslində bu gün hər ikimiz də elmin zirvələrinə gedən keşməkeşli yollarda bir çox uğurlar əldə edərək bir çox mərtəbələrə yüksəlmişik. Lakin bu yaşımda, ömrümün səksəninci ilinə qədəm qoyduğum bir vaxtda, yenə də Zəngəzur dağlarının zirvəsi mənə əlçatmaz görünür.

Yaşadığı mənalı ömrün kamillik dövründəki, əlli yaşının astanasında olan Buludxan ömrü buludların ənginliyində, Tanrıya yaxın bir məqamdadır. İnanıram ki, adı qədər də ruhu səmalarda olan Ağbaba ellərinin sevimli oğlu, əsl ziyalı, vətənpərvərlik heysiyyatını hər şeydən dəyərli bilən Buludxan Xəlilov gənc yaşlarında çox həsrətlə baxdığı Ağrıdağın zirvəsini də fəth edəcək.

Təkcə Azərbaycan dilinin vurğunu olmayan, geniş təfəkkürə, zəngin dünyagörüşə malik, türkçülük ideologiyasını və türk dilinin hər bir incəliyini öz varlığı ilə sevən, dərin təhlil etmək qabiliyyəti olan bir alimi türk dünyasına bağlayan bir amil də olub.

Qərbi Azərbaycanın Amasiya elləri də, rus imperiyasının ən acı, ən qorxulu irtica siyasətinin hədəfində oldu. İki yüz ilə yaxındır ki, Azərbaycanı yarıya bölən Araz çayı tikanlı sərhəd dirəkləri “ayrılığ”ın rəmzinə çevrildi. Bu anları, bu ayrılıq dərdini, əziz dostum, zəhmətkeş alim Buludxan Xəlilov da yaşadı. Bu dərdi, bu nisgili tək cənubdakı soydaşlarımız yaşamadı. Bu ağrını, bu acını Qərbi Azərbaycanın Amasiya elləri daha yanğı ilə, daha qorxu ilə yaşadı.

“Dərdlinin qədrini dərd çəkən bilər!” Zahirən xoşbəxt görünən bir alim ömrü çox nikbin, çox mübariz, çox döyüşkən oldu. Buludxan Xəlilov ömrü yaşadığı əlli illik bir şərəfli, gərgin və yuxusuz anları beləcə arxada qoydu.

Söylədiklərim azmış kimi, bir qərinədən çoxdur ki, ata-baba yurdlarımızı məcburən tərk edən, qaçqınçılıq həyatının iztirabları ilə yaşayan doğmalarının çəkdiyi ayrılıq dərdi, əlli illik ömür yolunun şərəfli anlarını qeyd edən bir alimə, bir ziyalıya, bir qələm sahibinə ağır yük oldu. Bu ağır ayrılıq yükünü, dərd yükünə çevirən əziz dostum Buludxan müəllim Ağrıdağın da, Ağbaba dağlarının da zirvəsinə qətiyyətlə çıxacaq.

Türk dünyasına yönələn məhəbbət, dilimizə olan sevgi, dövlətçiliyimizə göstərilən sədaqət onun ruhundan, onun qanından gəldi. Xalqımızın hər bir övladını doğmasıtək sevən, mənəvi dəyərlərimizin özəlliklərinə daha çox bağlanan bir insan ömrü, müdrikliyə gedən yolun hər bir məsafəsini çox şərəflə addımlayacaq.

Ona bu haqqı verən, ürəyinə təpər, gözlərinə nur bəxş edən onun keçdiyi şərəfli və keşməkeşli ömür yolunda qazandığı uğurların təcəssümüdür.

Çoxsaylı əməkdaşı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi arasında böyük hörmət və nüfuz sahibi olan filologiya elmlər doktoru, professor Buludxan Xəlilovun öz yeri, öz dəstxətti var.

Altmış ilə yaxındır ki, arxeologiya elminin inkişafında xidməti olan bir alim kimi, ən əsası da torpağını, elini sevən bir vətən oğlu kimi professor Buludxan Xəlilovun genişşaxəli elmi yaradıcılığını təhlil etməyi, səmərəli elmi fəaliyyətinin zəngin koloritə mənsub olmasının bəzi məqamlarını qeyd etməyə bilmərəm.

Arxeologiya elmi ilə, filologiya elminin tədqiqat obyekti kimi oxşar cəhətlərini, bu sahələrin mənəvi dünyamıza gətirdiyi şərəfi, onun əhəmiyyətini vurğulamaqla görkəmli alimin elmimizə bəxş etdiyi töhfələri aydınca görə bilərik.

Elmi axtarışlar zamanı tədqiq etdiyimiz hər bir işarənin dilini, dövrünü, onun yayılma arealını, eyni zamanda xalqımızın min illər öncə mənsub olduğu mənəvi keyfiyyətləri mədəniyyətin təhlilini qarşımıza problem kimi qoyuruq.

Əldə olunan uğurlar, qazanılan nailiyyətlər bizləri elmin daha dərinliklərinə baş vurmağa sövq edir. Yeraltı səltənətin hər bir maddi mədəniyyət xəzinəsini aşkar edib öyrəndikcə, bu sahəni də sonu görünməyən ümmana bənzədirəm.

Bu  yerdə Azərbaycan aşıq sənətinin ən böyük siması Aşıq Ələsgərin söylədiyi bir misradan yadımda qalan ifadələri yada salmaya bilmərəm. Haqqında ürəkdolusu fikirlər söylədiyim, otuz ildən çoxdur ki, dilimizin keşiyində müsəlləh əsgər kimi dayanan Buludxan Xəlilov şəxsiyyətini bir qəvvasa bənzədirəm. Sonu görünməyən ümmanda mahir qəvvas olan bacarıqlı, zəhmətkeş alimin bu gün söz ümmanında öz yeri, öz dəstxətti var. Bu qabiliyyəti də, bu bacarığı da ona böyük Allahımız, uca Yaradan bəxş edib. Belə bir geniş diapazonlu, elmliyinin zənginliyinə görə, eyni zamanda apardığı tədqiqat işlərinin mükəmməlliyinə görə elmi istiqamətlərində dilimizin tarixinə yönələn sevgini aydınca görə bilərik.

Aşıq yaradıcılığına olan məhəbbət, mənəvi dəyərlərimizə yönələn sevgi onun kökündən, onun soyundan gəldi. Dilimizi sevdikcə sevilən, hər bir insana olan hörməti ilə hörmətə layiq görülən professor Buludxan Xəlilov şəxsiyyətini xalqımız daha çox sevir, ondan daha çox qürur duyur.

Televiziya ekranlarında söylənilən hər bir fikir, uzun illər ərzində dilimizin Sovet ideologiyası tərəfindən təqiblərə və təzyiqlərə məruz qalması, həmin dövrdə qarşıya çıxan bir çox məsələlər Buludxan müəllim tərəfindən problem kimi ortaya qoyulmuş və həmin illərdə dilimizə gətirilən bir sıra arzuolunmaz halların aradan qaldırılması ilə bağlı işlər aparılmışdır. Zəhmətkeş və vətənpərvər alimi ölkəmizin hər bir sadə olan vətəndaşı sevir və televiziya ekranında mütəmadi olaraq gördükləri professor Buludxan Xəlilov şəxsiyyətini öz ailələrinin ən sevimlisi hesab edirlər.

Yaşadığı şərəfli ömür yolunda gərgin elmi fəaliyyəti, tükənməz həyat eşqi, bacarıqlı təşkilatçılığı ilə çoxlarından fərqlənən professor Buludxan Xəlilov şəxsiyyəti zaman keçdikcə fenomenləşərək, əlçatmaz zirvələri çox asanlıqla fəth edəcək.

Görəcəyi işlərin zənginliyini, üzərinə düşən məsuliyyətin dəyərini hər kəsdən yaxşı bilən Buludxan müəllimin qürur duyduğu məqamlardan biri də dilimizin incəliklərini, ədəbi irsimizin zənginliyini daha da mükəmməlləşdirmək üçün ali ixtisaslı pedaqoji kadrların hazırlanmasında göstərdiyi əvəzsiz xidmətlərdir. Bu istiqamətdə olan bacarığı, yüksək peşəkarlıq qabiliyyəti ona hər zaman şərəf gətirdi və qürurlu etdi. Əvəzsiz xidmətlərinə görə dövlətimizin bir sıra ali mükafatlarına layiq görülən professor Buludxan Xəlilovun layiq olacağı adlar, çıxış edəcəyi mötəbər kürsülər hələ qarşıdadır.

Ömrünün kamillik dövrünə qədəm basan əziz dostumun görəcəyi işlər, qazanacağı uğurlar və xeyirxah əməlləri böyük Allahın ona bəxş etdiyi ən böyük töhfədir.

Şərəfli alim ömrü budur! Bu ömür yolunun astanasında olan əziz dostuma müdrikliyə gedən zirvələrdə, irəliləyən yollarda uğurlar arzulayıram.

Bu gün zirvələrdə olan, göylərin əngilliyində səmaları fəth edən Buludxan adı, Buludxan şəxsiyyəti bunları hər şeydən yaxşı görür və duyur.

Hələ görəcəyin çox işlər, elm aləminə bəxş edəcəyin töhfələr qarşıdadır, əziz dostum!

Əlli yaşın mübarək olsun!
Vəli Əliyev,
AMEA-nın müxbir üzvü, professor

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir