Modern.az

Aydın Quliyev: “Həm müxalifətdə, həm də iqtidarda yaxşı dostlarım var” - MÜSAHİBƏ

Aydın Quliyev: “Həm müxalifətdə, həm də iqtidarda yaxşı dostlarım var” - MÜSAHİBƏ

18 İyul 2016, 20:11

İyulun 18-də "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevin 56 yaşı tamam olub. Modern.az saytı Aydın Quliyevi təbrik edib. Baş redaktorla müsahibəni təqdim edirik:

 - Aydın bəy, geridə qoyduğunuz illər sizin üçün necə keçib?

- Tam məzmunlu insan ömrünün bütün əlamətlərini yaşamışam. Enişim də olub, yoxuşum da olub, rahatlıq da keçirmişəm, narahatlıq da olub, lakin bütün hallarda çalışmışam ki, ömrümü məntiqlə yaşayım. İlləri birtəhər yola salaraq, yeniyetməlikdən gəncliyə, oradan da qocalığa keçim deyə, bir ömür yaşamamışam. Doğru-düzgün olub-olmamağından asılı olmayaraq, yaşam məntiqim həmişə olub, bu gün də var. Ancaq doğrusu, yaşadığım illərdən çox, mən yaşayacağım illər haqqında düşünmüşəm. Məncə, yaşanmış illərə arxada qaldı demək doğru olmazdı, çünki yaşayacağımız illərdəki hər şeyin fundamenti məhz bu illərdə qoyulub. Yaşadığımız hesab elədiyimiz illər ömrümüzün sonuna qədər bizimlə gedəcək.

- Belə deyirlər ki, insanın 40-50 yaşına qədər ömrü yavaş gedir, amma 50 yaşdan sonra sürətli gedir. Bu fikirlə razısınız?

- 40-50 yaş normalda kiminsə ömrünün tam hissəsi, kiminsə ömrünün yarısı, kiminsə ömrünün böyük bir hissəsi, kiminsə ömrünün sonluğunun ərəfəsidir. Həyatda başqa hər hansı bir şeyin sayımından söhbət gedəndə 40 ya 50 rəqəmi xüsusi bir məna kəsb etməyə bilər, ancaq insan ömrünün ifadəsinə yönələndə, 40 da, 50 də hikmətli rəqəmlərdir. İnsan ömrünün elə bir pilləsi var ki, o pilləyə qədər insan ancaq seçilmiş nəsnələrdən zövq ala bilir, maddi, mənəvi olmağından asılı olmayaraq, hər şeyin idealını axtarır və arzulayır. Elə ki 50-ni keçdi, yaxşı ya pis olmağından asılı olmayaraq, insan hər şeyi yaşamağa və qəbul etməyə hazır olur. 

- Bu illər ərzində istəklərinizə nail ola bilmisiniz?

- Tək-tək illərə hesablanmış elə bir istəyim olmayıb. İstəklərimə tam şəkildə çatıb-çatmamaqla bağlı suala cavab vermək üçün əvvəlcə ömrümü tam yaşamalıyam. Həm də özümün hansısa istəklərimə çatıb-çatmamağımdan daha çox, mənə dəyər verənlərin mənimlə bağlı istəklərinə çatıb-çatmadıqları məni daha çox düşündürüb.

- Siz mətbuatla yanaşı, siyasi partiyalarda da təmsil olunmusunuz və bir neçə dəfə siyasi baxışınızı dəyişmisiniz. Həyatınızın geridə qalan hissəsinə baxdıqda, siyasi fəaliyyətinizə görə peşman olduğunuz məqamlar olubmu?

- Əslində biz hamımız yerimizdəyik. Dəyişən siyasi proseslərdir. Siyasət də, mətbuat da insan fəaliyyətinin ən elitar sahələrindən biridir. Elitar və intellektual sahələr olduğu üçün bu meydanlarda səhv buraxmaq yox, buraxmamaq təəccüblü olardı. Səhvlər də, siyasi baxışların dəyişməsi də mümkündür. Kimlər ki, siyasətdə öz ambisiyalarına və daxili aləminə baxaraq siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışları heç vaxt dəyişmir. Ancaq bu cür dəyişməzlik bütün hallarda cəmiyyətə ziyan vurur, tərsliyə çevrilir. Lakin kimlər ki, reallıqda gedən praktik proseslərə baxaraq öz siyasi baxışlarını müəyyənləşdirir, onların siyasi baxışlarının dəyişməsi həm normal, həm də faydalıdır. Reallıq dəyişirsə, bizim siyasi baxışlarımız necə dəyişməyə bilər?! Bununla belə, bir ölülər, bir də dəlilər fikrini dəyişmir kimi ifrat yanaşmalara da heç vaxt şərik olmamışam.

- Övladlarınızın sizin fəaliyyətinizin davamçısı olmasını istəyirsinizmi?

- Övladlarımın mənə oxşamalarını istədiyim məsələlər, sözsüz ki, var. Nəzərdə tutduğum bu məsələlərdə mənə oxşamalarını istədiyimi ömrümün sonunadək onlara təlqin edəcəyəm, ancaq bu məsələlərin sırasında peşə seçimi yoxdur. İnsanlar peşələrini öz qabiliyyət və istedadlarına uyğunlaşdırsalar daha yaxşı olar. Biz övladlarımıza sadəcə həyat veririk. İstedad və qabiliyyətləri isə başqa bir qüvvədən gəlir. Onu da deyim ki, övladlarım öz həyat yollarını artıq müəyyən ediblər. Məndən fərqli peşələri var.

- Bugünkü mətbuatın vəziyyətini necə qiymətləndirirsiniz?

- Mətbuatımızda çox şey dəyişib. Dinamika var. Dünən əvvəlkindən, bu gün dünənkindən seçiləcək qədər yaxşıdır. Sabah daha yaxşı olacaq. Bir vaxtlar media ilə bağlı rəsmi ünvanlara yönəltdiyimiz tənqidi məsələlər bu gün, demək olar ki, həll edilib. Mediamız daha çox dövlətçi olmağa başlayıb. Mediaya dövlətin dəstəyi artıq bir institut kimi formalaşıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə mediamızda inkişaf fenomenləri daha çoxsaylı və sürətli olmağa başlayıb. Neqativlər, sözsüz ki, yenə var, lakin mediamızın özünün içində bu neqativləri əritməyə və yox etməyə qadir mexanizmlər də formalaşıb.

- Siz hal-hazırda jurnalist kimi fəaliyyət göstərirsiniz. Necə təqdim olunmaq xoşunuza gəlir? Jurnalist kimi, yoxsa siyasətçi kimi?

- Bu peşələrin hər ikisi mənim üçün doğmadır, qabiliyyətlərimə  uyğun gəlir. Hər iki sahə təsadüfi adamları sevmir. Hər iki sahədə məşğuliyyət insandan başqa bir sıra sahələrdə önəmli olmayan keyfiyyətləri tələb edir. Ancaq unutmayaq ki, jurnalistə  siyasətçinin tribunası gərək olmaya bilər, lakin siyasətçi üçün jurnalistin tribunası vacibdən vacibdir. Fikrimcə, bu peşələr bir-birinə nəinki mane olmur, hətta bir-birini tamamlayır. Siyasi düşüncəsi zəif şəxsin yaxşı jurnalist olması da, yazı-pozusu olmayan şəxsin sanballı siyasətçi ola bilməsi də eyni dərəcədə mümkünsüzdür. Bu gün belə keyfiyyətlərə malik jurnalist sabah siyasətçi, siyasətçi isə jurnalist kimi tam uğurlu fəaliyyət göstərə bilər.

- “Bakı Xəbər” Azərbaycan mətbuatında öz sözünü deyə bilirmi?

- “Bakı Xəbər” mətbuatda öz sözünü deyə bilməsəydi, 12 il yaşaya bilməzdi ki... Ancaq deyim ki, bu illər ərzində, özümüzlə bərabər, dövlətin də, cəmiyyətimizin də, bütün sağlam və ədalətli qüvvələrin də sözünü demişik, deməyə çalışmışıq və bu yolda davam edəcəyik.

- Tanınmışlardan kimlər sizi təbrik edib?

- Yaşla əlaqəli bu təbriklər sırf şəxsi məsələ olduğu üçün onları ictimailəşdirmək doğru olmazdı... Yeri gəlmişkən, bu gündə məni təbrik edənlərin hamısına təşəkkür edirəm.

- Müxalifət və iqtidardan kimlərlə dostluq edirsiniz?

- Bütün dostlarımla səmimiyik. Səmimi münasibətlər olan yerdə isə iqtidar və müxalifətçilik anlayışlarının təsiri olmur. Həm müxalifətdə, həm də iqtidarda saysız dostlarım var. Bir-birimizi o qədər yaxşı tanıyırıq ki, aramızda fikir ayrılıqları doğura biləcək məsələləri, bir qayda olaraq, müzakirə etmirik.

Qafar Ağayev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir