Modern.az

Avropada Azərbaycan mətbuatı - IV YAZI

Avropada Azərbaycan mətbuatı - IV YAZI

19 İyul 2016, 10:13

Nəsiman Yaqublu,

Tarix elmləri doktoru

 

 

(Almaniyada nəşr edilən “İstiqlal” qəzeti, “Qurtuluş” jurnalı)

 

 

Qeyd edək ki, müxtəlif dövrlərdə almanların müsəlmanlara münasibətində fərqli mövqelər olmuşdur. Slavyanlara (ruslara) qarşı uzun illər mübarizə aparmaq məcburiyyətində qalmış Almaniya özünü Rusiya təhlükəsindən daima qorumağa çalışan Türkiyə ilə yaxşı münasibətlər qurmağa cəhd etmişdir. Ortaq düşmənin mövcudluğu hər iki dövləti bir-birinə yaxınlaşdıran başlıca səbəbə çevrilmişdir.

Almaniya kayseri Vilhelm isə Səlahəddin Eyyubinin türbəsinə gedib “Dünyanın bütün əzilən müsəlman xalqları, Almaniyanı ən yaxın dostuniz sayın” – deyə sözlər söyləmişdi.

1934-cü il martın 4-də Münhendə “Köniqchof” mehmanxanasında gizli olaraq Avropadan, Asiyadan, Amerikadan və hətta Afrikadan gəlmiş millətlərin nümayəndələri, əsasən mühacir qrupların iştirakı ilə böyük bir toplantı keçirildi. Toplantı belə adlanırdı: “Dünya Sionist, Kommunist və Mason düşmənləri”.

Almaniyanın bu tədbiri keçirməkdə başlıca məqsədlərindən biri də bolşevizmə və Rus imperializminə qarşı mübarizə aparan mühacirlərin gücündən həm də faydalanmaq idi.

Otuzuncu illərdə hakimiyyətə gələn Hitler “Müsəlmanlardan  istifadə”yə  yenidən  üstünlük vermiş və başçılıq etdiyi nasist partiyasının bu sahədəki fəaliyyətini canlandırmışdı.

Lakin, M. Ə. Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti də mənfi olmuşdu. M. Ə. Rəsulzadə Hitlerin “millətçiliyi”nə münasibətini hələ 30-cu illərdə yazdığı məqalələrində aydınlaşdırmışdı. O, 1933-cü ildə yazırdı: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O, faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”.

M. Ə. Rəsulzadənin Almaniyada nəşr edilmiş “İstiqlal” qəzetindəki “Demokrasi və Sovetlər” məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı: “Daxildə və xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm, demokrasi rejiminin müxalifi olaraq iş başına gəlmiş, başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”.

Belə bir şəraitdə həm Azərbaycandan, həm də SSRİ işğalında qalmış digər ölkələrdən olan mühacirlərin milli nəşriyyatlar yaradıb qəzet, jurnal nəşr etməsinə Almaniyada imkan yaradılırdı.

M. Ə. Rəsulzadənin baş redaktorluğu ilə nəşr edilən “İstiqlal” qəzeti də 1932-ci ilin yanvar ayının 10-dan Berlində fəaliyyətə başladı.

Milli Azərbaycan istiqlal mübarizəsini təbliğ edən, siyasi qəzet olan “İstiqlal” 10 gündən bir nəşr edilirdi. Abunə şəraiti: il-2, 6 ayı 1 dollar olan bu qəzet 4 səhifədən ibarət idi. Qəzetin ilk sayında M. Ə. Rəsulzadənin “Kəsilməyən səs” məqaləsi çap olunmuşdu.

“İstiqlal”ın məram və məqsədi bir digər məqalədə belə açıqlanır: “Mücadilənin tərcümanı olmaq! Mücadilənin səsini eşitdirmək! Milliyət və istiqlal, cumhuriyyət və demokratiya naminə davam edən mücadilənin aləmdarı olmaq!

İştə bu qayə və  bu məqsədlə Avropanın mərkəzində intişara başlayan “İstiqlal” qəzeti, Azərbaycan və onun istiqlalını istirdat yolunda çox qiymətli və tarixi bir vəzifə yerinə yetirməkdir”.

“İnsanlara hürriyyət, millətlərə istiqlal!” şüarı ilə fəaliyyətə başlayan “İstiqlal” qəzeti “stalinizmi” müstəmləkə soyğunçuluğunun ən qəddar növü hesab edirdi.

Qeyd edək ki, “İstiqlal” qəzetinin Baş redaktoru M. Ə. Rəsulzadə, redaktoru isə alman Herbert Volf idi. Lakin qəzet Herbert Volfun müdaxiləsi olmadan çıxırdı. “İstiqlal”da çap edilən yazılar əsasən bu rubrikalar altında verilirdi: 1) “Son poçta”; 2) “İstiqlalçılar cəbhəsində”; 3) “Məlumatlar”; 4) “Azərbaycanda” və s. Bu rubrikalar altında verilən yazılar aşağıdakı problemlər açıqlanırdı: 1) “Azərbaycanda “ruslaşdırma”nın aparılması”; 2) “Pambıq planının baş tutmaması, xalqın toplanmış pambığı hökumətə təhvil verməməsi”; 3) “Sovet sənayesinin pis vəziyyətdə olması”; 4) “Azərbaycanda fəhlə həyatının, onların təhsilinin aşağı səviyyədə olması”; 5) “Ölkədə insanların həbsi, sürgün edilməsi və qətlləri”.

“İstiqlal” qəzetində M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Miryaqub Mehdiiyevin daha çox Azərbaycanın istiqlalı, daxili vəziyyəti və beynəlmiləl həyatla bağlı yazıları nəşr edilirdi.

“İstiqlal” sovet hökumətinin Azərbaycanda yürütdüyü siyasəti tənqid edir, aparılan “ruslaşdırmanı” pisləyirdi. M. Ə. Rəsulzadənin “İstiqlal” qəzetinin 1932-ci ildə 2-ci sayında nəşr edilən “Açıq diplomasi” məqaləsində bolşevizmin yürütdüyü siyasət kəskin olaraq tənqid edilirdi. “İstiqlal”ın 3-cü sayında M. Ə. Rəsulzadənin “Mücadilənin taktikası” məqaləsində isə milli istiqlalın bərpası uğrunda savaşan insanlarımızın mücadiləsi dəyərləndirilirdi.

M. B. Məmmədzadənin “İstiqlal”ın 35-ci sayında çap olunan (1933-cü il, 28 may) “İstiqlal mücadiləsi” yazısı da ciddi əhəmiyyət daşıyırdı. Bu məqaləsində o, Göyçayda, Kürdəmirdə xalqın istila rejiminə və bolşeviklərə qarşı olan qiyamlarını təqdir edirdi.

“İstiqlal” qəzeti Almaniyada yaşayan azərbaycanlı mühacirlərin İstiqlal tariximizin mühüm hadisəsi olan 28 May və işğal günü sayılan 27 Aprellə bağlı keçirilən tədbirlər haqqında məlumatlar verirdi. Qəzetin 1932-ci ilin 20 iyununda nəşr edilən 11-ci sayındakı bir məlumat belə verilmişdi: “Berlində 28 Mayıs mərasimi”. 28 May İstiqlal bayramının Berlinin mərkəzindəki böyük salonda keçirilməsi qəzetdə belə işıqlandırılırdı: “Mərasim axşam saat 9-da başladı. Salona girildiyi zaman ən əvvəl gözə çarpan qarşı divarda asılı bulunan böyük milli Azərbaycan bayrağı idi. Sevimli... Üç rəngli bayraq!.. Mərasimi Hilal Münşi açdı. Tədbirdə çoxlu qonaqlar, alman müxbirləri iştirak etdilər” .

Qəzetdə çap olunan “Alman  mətbuatında 28 Mayıs” başlıqlı məlumatlar ciddi maraq doğurur.İstiqlal” qəzeti Münhendə keçirilən 28 May İstiqlal bayramı münasibəti ilə maraqlı məlumat dərc etmişdi. Qeyd olunurdu ki, Münhendə yaşayan azərbaycanlılar vaxtilə Azərbaycan ərazisində yaşamış almanlarla birgə, 100-dən çox adamın iştirakı ilə 28 May İstiqlalını bayram etdilər. Bir zamanlar Azərbaycanda yaşamış bir alman isə bu ölkə haqqında çox səmimi nitq söyləmişdi. Bu tədbir haqqında Münhendə nəşr edilən “Münchener Neuecte Nachrichten” qəzetinin (1934-cü il 3 iyun) 147-ci sayında da geniş məlumatlar verilmişdi.

Bundan başqa “İstiqlal” qəzetində 27 Aprel işğalı ilə də bağlı Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında məlumatlar verilirdi.

Qeyd edək ki, “İstiqlal” qəzeti Azərbaycanın bolşeviklər  tərəfindən  işğalının, xalqımızın istila rejiminə qarşı apardığı şərəfli mücadiləni Avropa ictimaiyyətinə çatdıran yeganə mətbuat orqanı idi.



Azərbaycanlı mühacirlərin Avropada nəşr etdikləri mühüm  mətbu orqanlarından biri də “Qurtuluş” jurnalıdır. Bu jurnal Azərbaycan Milli Qurtuluş Hərəkatının orqanı olaraq Berlində, Çarlottenburq-2 ünvanında çap edilirdi. Jurnalın ilk sayı 1934-cü ilin noyabrında nəşr edilmişdir. Məcmuənin sonuncu, 51-ci sayı 1939-cu ilin yanvar  tarixli sayıdır. Ayda bir dəfə çıxan “Qurtuluş” jurnalı, sovet rejimi əsarətində yaşamaq məcburiyyətində qalan Azərbaycanın həyatını əks etdirirdi. Özündən əvvəlki nəşr orqanlarından fərqlənməyən jurnalın məqsəd və məramı “Yazı Heyəti Tərəfindən” adlı baş məqaləsində belə açıqlanırdı:

“Kimə xitab etdiyimiz bəllidir.

Hər şeydən əvvəl azərbaycanlılara, azərbaycanlı mühərrirlərə, yəni yabançı istilası altında əzilən əsir bir millətə və bu istila üzündən vətən ayrısı insanlara xitab edirik.

Bu insanlara siz qurtuluşdan söhbət açın! Bu, onların gecə-gündüz gözlədikləri şeydir. Qızıl Rus istilasından xilas olmaq üçün can atanlara qurtuluşdan bəhs etmək, istiqlaldan bəhs etməkdir. Çünki bir millət yalnız müstəqil olduğu zamandır ki, özünü qurtulmuş sayar.

İkinci sırada türkcə oxuyan qardaş və qonşu mühitlərə xitab edirik. Bu mühətəplərdən bir qismi bizim kimi qurtuluş davası aparır, eyni düşmənə qarşı bizimlə çiyin-çiyinə vuruşur”. Bundan başqa eyni yazıda bunlar da qeyd olunur: “Məcmuəmiz hər şeydən əvvəl 28 May 1918-ci ildə istiqlalı elan olunan Azərbaycan Cumhuriyyətinin qurtuluşunu nəzərə alır.

Azərbaycan Cumhuriyyəti 27 Aprel 1920-ci ildən etibarən istila altındadır. Qızıl Rusiya tərəfindən cəbrən istila edilmişdir. “Qurtuluş” məmləkəti bu istiladan qurtarmaq istəyən milli qurtuluş qüvvətlərini təşvik və onların fikirlərini yayar”.

Azərbaycan istiqlal mübarizəsinin müdafiəçisi olan əvvəlki nəşr orqanları kimi, Azərbaycanda siyasi dəyişikliklər əsas olmaqla mədəniyyət, sənət, ədəbiyyat mövzuları, Qafqazdakı dəyişikliklər və sovet əsarətində yaşayan digər millətlərə aid məlumatlar da jurnalda öz əksini tapırdı.

 “Qurtuluş” jurnalındakı Azərbaycanla bağlı məlumatlar ən çox Sovetlər Birliyində rusca çap olunan qəzetlərdən götürülürdü. Məlumatlardan aydın olurdu ki, Gəncə şəhərinin adını dəyişib Kirovabad qoyublar. Aydın olurdu ki, bolşeviklər, Azərbaycanda çar imperiyasının siyasətini yürüdür. Çar imperiyası Gəncəni işğal edəndə adını dəyişib Yelizavetpol qoymuşdu. Sovet rejimində məlum olurdu ki, tarix yenə təkrar edilirdi. “Qurtuluş”da çap olunan “Kolxozlarda yanğın”, “Oğru müdir”, “Azərbaycan tarixi” başlıqlı yazılarda isə Azərbaycan həyatının sahələrinə aid çoxlu məlumatlar oxumaq mümkündür.

Jurnal yazırdı ki, kommunistlər xalqın diqqətini ümumi problemlərdən yayındırır, istiqlal tarixini öyrənməkdən insanları məhrum edirdilər. “Qurtuluş”da gedən bir məlumat Sovetlər Birliyinin bu siyasətini tənqid edərək göstərirdi ki, Sovetlər Birliyi Elmlər Akademiyasının Azərbaycandakı şöbəsi aşağıdakı yeni əsərləri nəşr etmişdir: “Azərbaycan quşları”, “Azərbaycan balıqları”, “Azərbaycanın dekorativ bitkiləri”.

“Qurtuluş” jurnalı azərbaycanlı mühacirlərin mühacirətdə nəşr etdikləri dəyərli bir mətbu orqan idi. “Qurtuluş”un alman dilində də əlavəsi çıxırdı ki, bu da alman ictimaiyyətini Azərbaycan milli istiqlal mübarizəsi ilə tanış edirdi.

Jurnalda verilən əsas başlıq “Son xəbərlər” adlanırdı. Bu başlıqda əsasən Azərbaycanda, Sovet İttifaqında baş verən hadisələr haqqında oxuculara məlumatlar verilirdi. “Son xəbərlər” başlığı altında verilən bəzi xəbərlər: 1) “Kirovun qətli” (Kirovun ölümü ilə əlaqədar tutulanlar haqqında məlumatlar verilir); 2) Alman tələbələrinin Firdovsi mərasimləri (Şair Firdovsinin 1000 illiyi münasibəti ilə “Adlon” otelində keçirilən tədbir); 3) “Çağdaş Azərbaycan ədəbiyyatı” (1936-cı ildə Parisdə keçirilən konfrans. Konfransda M. Ə. Rəsulzadənin məzmunlu bir çıxışı”; 4) “Krımın istila günü” (1936-cı ilin fevralın 24-də Krımın İstiqlal günü münasibətilə keçirilən tədbir. Varşavada Şərq İnstitutu tərəfindən keçirilib. Varşavadakı qafqazlılar da burada iştirak edib. “Qurtuluş” adından Mirzə Bala Məmmədzadə çıxış edib.

Jurnalın “Məktublar” rubrikasında verilən yazılar belə sistemləşdirilirdi: a) 28 May İstiqlalı ilə bağlı məktub (“İdarəyə məktub”, “Təbrik yazıları”, Parisdən, Berlindən, Təbrizdən, Varşavadan gələn təbriklər), 27 Nisan (Aprel) faciəsi ilə bağlı məktublar (“İstanbulda 27 Nisan”, “27 Nisan milli matəm günü”, “Varşavada bir matəm günü” və s.); b) daxili ziddiyyətlərlə bağlı problemlərə həsr olunan məktublar (“Vətənsevər Azərbaycan mühacirlərinin cavab və hökmləri”, “Heydər Bammata açıq məktub”, “Bolşevik əkməyinə yağ sürtənlər” və s.); c) mühacirlərin yaşadıqları ölkələrin ictimai-siyasi vəziyyəti ilə bağlı məktublar (“Fransa ruhiyyatında dəyişmə” – Parisdən məktub).

Jurnalın maraqlı rubrikalarından biri belə adlanırdı: “Azərbaycan  mətbuatı ilə polemika”. Bu  rubrikada əsasən sovet mətbuatında – “Pravda”, “Kommunist”, “Bakinski raboçi”, “İzvestiya” qəzetlərindəki yazılar tənqid edilir, faktlara kəskin münasibətlər bildirilir, polemika aparılırdı (məsələn, “Memarlıqda müsavatizm”, “Qafqasya misaqi (istiqlalı) və bolşeviklər”, “Səddi-Çin yarılırmı”, “Milli dil və milli kültür”, “Yenə maarif cəbhəsində”, “Baş döndürücü müvəffəqiyyətlər” və s.). Qeyd edək ki, sovet mətbuatında belə polemika mövzusunda olan yazıları daha çox M. Ə. Rəsulzadə və M. B. Məmmədzadə hazırlayırdılar.

Jurnalda verilən rubrikaların biri belə idi: “Kitabiyyət rubrikası”. Bu rubrikada nəşr edilən yeni kitablar və məcmuələrin şərhi verilir, təhlillər aparılırdı (G. Herhard von Mendenin “Rusiya türklərinin milli hərəkatı” kitabı; Varşavada çıxan “Vosxod” (“Şərq”) məcmuəsi və s.).

Jurnaldakı rubrikalardan biri belə adlanırdı: “Azərbaycan xəbərləri”. Bu rub­rikada Azərbaycandakı ağır və çətin həyat şəraiti ilə bağlı xəbərlər çap edilirdi (“Əski hamam, əski tas”, “Həm xəbər, həm misal”, “Məktəblərdə kitab məsələsi”, “240 co­cuq dışarıda (kənarda); “Yabançı ünsürlər”, “Nüfuz artımı”, “Stalinə məktub” və s.).

Jurnalın “Ayrı-ayrı parçalar” rubrikasında da əslində xəbərlər verilsə də, sadəcə forması dəyişmirdi (“Türküstanda üsyan”, “Türkiyədə yeniliklər”, Erməni Papası sovet apsansı” və s.).

Jurnalda əksər yazılar məqalələr olaraq verilirdi. Əsas məqalə müəllifləri aşağıdakılar idi: 1) M. Ə. Rəsulzadə (“Sovetlərdə qan və vəhdət”, “Azərbaycanda rus kolonisi”, “Mayıs münasibəti ilə”, “Azərbaycan hərəkatında Topçibaşı Əlimərdan bəyin yeri” və s.); 2) Mirzə Bala Məmmədzadə (“Sergey Kirov”, “Bakı qətliamının 20-ci ildönümü”, “Cəfər Cabbarlı”, “Gəncə üsyanının 15-ci ildönümü” və s.); 3) Hilal Münşi (“Böyük Azəri”, “Sovetlərdə aclıq”); 4) Mir Yaqub Mehdizadə (“Topçibaşi Əlimərdan bəy” və s.).

Jurnalın başqa bir rubrikası belədir: “Müxtəlif yazılar”. Bu rubrikada isə daha çox təşəkkürlər (redaksiyaya), qısa məktublar, bəyanatlar, protestolar verilirdi (“Qafqasiya konfederesionu haqqında təbriklər”, “Topçibaşi ailəsinin təşəkkürü” və s.).

Jurnalın rubrikalarından biri belədir: “Cəbhədaş mətbuatda əkislər”. Bu rubrikada ayrı-ayrı xalqların mühacirət mətbuatında azərbaycanlılarla bağlı yazıların xülasəsi verilirdi (məsələn, Ukrayna istiqlalçılarının “Trizub” məcmuəsi, Şimali Qafqaz istiqlalçılarının “Şimali Qafqasiya”, gürcülərin “Müstəqil Gürcüstan”, Krımlıların “Əməl”, İdil-urallıların “Yana milli yol”, Lehistan tatarlarının “Rodçik Tatarstvo” və s.).

Jurnalın əksər sayları “Baş məqalə”lərlə” açılırdı. Bu baş məqalələr son hadisələrə, beynəlxalq vəziyyətə və mühüm tarixi günlərə həsr edilirdi: (“Adolf Hitler”, “1934-1935”, “Bir zəfərin ildönümü” və s.).

“Şeir” rubrikasında isə daha çox Almaz İldırımın (“Mənim incim”, “Qafqas”, “Neçün şair doğuldum”?) və Kərim Yaycılının (“Bükülməz biləyim” və s.) şeirləri verilirdi.

“İdarəmizə gələn əsərlər” rubrikasında isə redaksiyaya göndərilən kitablardan bəhs edilirdi: 1) A. Şulqin “Ukrayna Moskva əleyhində”. Paris, 1935; 2) M. Çokayoğlu “Sovet hakimiyyətində “Türküstan”. Paris, 1935; 3) L. M. Kriçinski “Lehli tatarların biblioqrafiya tarixi” və s.).

Qeyd edək ki, beş ilə yaxın müddətdə Almaniyada nəşr edilən “Qurtuluş” jurnalı özünün fəaliyyəti dövründə açıqladığı kimi Azərbaycan Cümhuriyyətinin qurtuluşu ideyasını təbliğ edir, xalqı sovet rejimindən xilasa çalışan insanların fikrilərini yayırdı.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı