Modern.az

Elmdə, fəzilətdə, həqiqətdə kamil insan

Elmdə, fəzilətdə, həqiqətdə kamil insan

19 İyul 2016, 11:03

Buludxan Xəlilovla ilk ünsiyyətim 1990-cı illərin əvvəllərinə təsadüf etsə də, onların ailəsi ilə bizim ailəni sıx dostluq telləri bağlayırdı. Buludxan müəllimin atası Əziz əmi hər dəfə Güllübulağa yolu düşəndə bizə də gələr, atamla gecədən xeyli keçənədək uzun-uzadı söhbət edər, biz də onların söhbətlərinə qulaq kəsilərdik. Sonra iş elə gətirdi ki, mən Amasiya rayon Komsomol Komitəsində və rayon Partiya Komitəsində işlədiyim illərdə rayon mərkəzindən təqribən 35 km məsafədə yerləşən Ellərkəndə yolum düşəndə mütləq Əziz əmigildə qonaq olardım. Elə o vaxtdan Əziz əminin oğulları Uğurlu, Vahid və Zahidlə dostluğumuz davam edir. Buludxan isə həmin illərdə tələbə olduğu üçün heç görüşməmişdik. Ancaq bilirdim ki, o, Pedaqoji İnstitutda oxuyur, özü də əlaçıdır.


Bizim bineyi-qədimdən məskunlaşdığımız Ağbaba-Şörəyel bölgəsinin əhalisi eyni aqibəti yaşayaraq erməni fitnə-feilinin və təcavüzünün ağrı-acısını dadmışdır. XIX əsrin əvvəllərindən etibarən ermənilərin bu bölgəyə ayaq açmasından sonra bütün Qərbi Azərbaycanda yaşandığı kimi, Ağbaba-Şörəyelin əhalisi də düz 5 dəfə kütləvi qırğınlara, deportasiya və repressiyalara məruz qoyulmuşdur. Əziz əmi söyləyərdi ki, onların nəsli Gümrü şəhərinin adlı-sanlı varlılarından olmuşdur. 1804-cü ildə rus qoşunları Gümrüyə daxil olanda Əziz əminin ulu babası Cəfər bəy Gümrünün kəndxudası imiş. Bunun təsdiqinə sonralar çap olunmuş arxiv sənədlərində rast gəldim. Gümrülü kapitan Cəfər bəyin adı Qafqaz Canişinliyinin arxiv sənədlərində gedir. Buludxan müəllimin xarakterindəki ağayanalıq, gözütoxluq və xeyirxahlıq kimi keyfiyyətlər məhz onun əsil-nəcabətindən gəlir.


1918-ci ildə erməni qaniçənlərinin Gümrüdə törətdikləri qırğınlar zamanı Əziz əmigilin qohum-əqrəbasının bir qismi Qars vilayətinə, bir qismi Ağbabanın dağ kəndlərinə, bir qismi də Azərbaycana qaçmışlar. Əziz əmigilin ailəsi erməni silahlılarının əllərinin çatmadığı Ağbabanın Elləroyuğu (sonralar Ellərkənd) kəndinə pənah gətirmişlər. Düz 70 ildən sonra Ağbaba-Şörəyelin başının üstünü yenə qara buludlar aldı. Bu dəfə el-oba birdəfəlik yer-yurdundan pərən-pərən düşdü, səpələndi Azərbaycanın əksər rayon və kəndlərinə.


Mən hələ Amasiya rayon Partiya Komitəsində işlədiyim son illərdə raykomun kitabxanasına İrəvandan göndərilən kitablarla tanış olur, Türkiyə və Azərbaycan əleyhinə yazılmış kitabları diqqətlə oxuyurdum. Hiss edirdim ki, hadisələrin gedişi heç nə yaxşı vəd etmir. Çox keçmədi ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürdü və ilk acı nəticəsi Qərbi Azərbaycandan türklərin etnik təmizlənməsi oldu. Elə həmin vaxtdan kitabxanalarda “erməni məsələsi”nin mahiyyətinin açılması, azərbaycanlıların soyqırımı, deportasiyası və repressiyası tarixinin araşdırılması ilə məşğul olmağa başladım. Buludxan müəllimlə ilk ünsiyyətim də 90-cı illərin əvvəllərində məhz M.F.Axundov adına Milli Kitabxanada oldu. Filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov kitabxananın foyesində tez-tez elmi mübahisələr edən bir cavan oğlanı mənə göstərib: “Tanış ol, Buludxan müəllim sənin  yerlindir”- dedi. Biz doğma adamlar kimi görüşdük və o gündən ünsiyyətimiz davam edir.


İlk ünsiyyətdən sonra bu gənc oğlanın özünü sözün həqiqi mənasında elmə həsr etdiyini yəqin etdim. İntensiv elmi axtarışların nəticəsi idi ki, Buludxan müəllim tezliklə dilçilik sahəsində ən gənc elmlər doktoru adına layiq görüldü.


Mən bir müddət Akademiyanın Milli Münasibətlər İnstitutunda işləməklə yanaşı, “Xalq qəzeti”ndə də işləməli oldum. Buludxan müəllim qəzetin texniki məsələlər üzrə redaktor müavini İbrahim Ömərovun yanına gələr, yazdığı kitablara dizayn verdirər, mənimlə də görüşərdi. Bu görüşlərin birində Buludxan müəllim Pedaqoji Universitetin nəşri olan və baş redaktoru olduğu “Dədə Qorqud” jurnalı üçün bir məqalə yazmağımı istədi. 2002-ci ildə “Ağbaba və Şörəyeldə Dədə Qorqud izləri” başlıqlı məqaləm Buludxan müəllimin sayəsində həmin jurnalda dərc edildi. Mən Prezident Kitabxanasında işləməyə başladıqdan sonra İbrahim Ömərov dizayn verdiyi Buludxan müəllimin kitablarını və onların elektron versiyalarını kitabxanamıza göndərər,  biz də onları dərhal öz saytımızda yerləşdirərdik. İbrahim Ömərovla Buludxan müəllimin arasında xeyli yaş fərqi olsa da, möhkəm dost idilər. 2014-cü ildə İbrahimin qəfildən dünyasını dəyişməsi onun bütün dostlarını, hamıdan çox da Buludxan müəllimi sarsıtdı. İbrahimin yaxın qohumları arasında qələm əhli çox olsa da, İbrahimin xatirəsinin əbədiləşdirilməsi missiyasını Buludxan müəllim təkbaşına öz üzərinə götürdü. Dostluğa sədaqət nümunəsi göstərən Buludxan müəllim “Ağlın zirvəsində sönən bir çıraq” adlı xatirə kitabını İbrahimin vəfatının ildönümünədək çap etdirərək, qohum-əqrəbalara, dost-tanışlara payladı.


Deyirlər, alimlər əsasən üç kateqoriyaya bölünürlər. Bir qrup alimlər özlərini bir növ həyatdan təcrid edir, yalnız elmi axtarışlarla məşğul olur, bir növ tərki-dünyalıq edirlər. Bu cür alimlərə çox nadir hallarda rast gəlinir və onların qəribəlikləri haqqında əhvalatlar söylənilir. Digər bir qrup alimlər təşkilatçı və mənsəbpərəst olurlar. Onlar elm dalınca ona görə gedirlər ki, alim titulundan istifadə edib müəyyən vəzifəyə yiyələnsinlər və bundan istifadə edərək öz ailəsinin, qohum-əqrəbasının gün-güzəranını firavan etsinlər. Belələri yüksək karyera əldə etdikdən sonra tabeçiliyində olan alimlərin elmi tədqiqatlarına hazırından şərik çıxırlar. Üçüncü qrup alimlər isə əsl pedaqoq-alimlərdir. Bu qəbildən olan alimlər gecə-gündüz öyrənir, öyrəndiklərini isə sevə-sevə tələbələrinə və gənc tədqiqatçılara çatdırırlar. Bu qəbildən olan alimlər elmi əsərlərlə yanaşı, dərsliklər yazır, tez-tez simpoziumlarda, konfranslarda məruzələr edir, vacib saydıqları mövzularla bağlı mətbuatda dərc olunurlar. Mən hesab edirəm ki, Buludxan müəllim məhz üçüncü qəbildən olan alimlərdəndir. Belələri daha çox sevilir, daha çox xatırlanır, yaddaşlara əbədi olaraq həkk olunurlar.


Buludxan müəllim alim məsuliyyətli ilə şərəfli pedaqoq adını qoşa daşımağı bacarır. Bunların üzərinə əsil-nəcabətdən gələn ağayanalıq, gözütoxluq və xeyirxahlıq kimi keyfiyyətlər əlavə edildikdə, zirvədə qərar tutan kamil insan obrazı canlanır gözlərimiz önündə. Kamil insanlar isə seçilmişlərdir və onlar əbədiyaşar olurlar.


Nazim Mustafa

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi