Modern.az

Generalların ölüm kapsulu

Generalların ölüm kapsulu

19 İyul 2016, 12:43

Bir professional incəsənət adamına desən ki, generallıq mərtəbəsinə yüksəlmiş hər hansı bir  insanın rəsmdə, heykəldə obrazını yarat, onun fırçası, daşyonan zərif aləti dövlətçilik sevgisini, möhkəm iradəni, zəhmli baxışları, öz peşəsinə ciddiyyəti, vətən anlayışına kristal münasibətini bu böyük rütbə sahibinin xarakterik cizgiləri şəklində bizə təqdim edər. Çünki general öz məziyyətləri, harizması etibarılə məhz belə birisi olmalıdır.

O, bir gündə yetişmir. O, adi hadisələrdən, fövqəladə olmayan proseslərdən keçib fəxarət paqonunu çiyinlərinə almır.

Uzun illərdən, əhəmiyyətli sınaqlar, dövləti təbəddülatlar, fədakar əməllərdən generallar sırası yaranır və böyüyüb millətin potensial gücünə  çevrilir.

Türkiyədəki dövlət çevrilişini şou, oyun adlandıranlara ən arqumentli, məntiqli polemik reaksiya dövlətin bu qədər generalın peputasiyası üzərindən qurama ssenari ilə xətt çəkməsinin absurdluğudur .

 Heç bir dövlət xitabət kürsülərinə , yüksək tribunalara böyük hörmət və qürurla çıxardığı generallarını heç bir xəyanət, cinayət olmadan güdaza verə bilməz və  onları qolu qandallı formada ictimai baxışlar altında əzməz. Üstəlik, bu qədər sayda.   

Amma Türkiyədə illərdir, generallar xəyanətkar çıxır. Siyasətə bulaşmaqla hakimiyyətə diktə edir, qatil çevrələrin toruna düşür, dövlətini başqa təhlükəli şəbəkələrə satır, millətini utandırır, onu yersiz qorxu və səksəkə içərisində saxlayır. Xalqının sosial-iqtisadi inkişafını axsadır, çünki hər çevriliş, hər terror dövlətə milyonlarla dollar maddi ziyan gətirir.   

Və belə generallar zaman-zaman bizdə də olub: ölkəsini satıb, liderinə xainlik edib, ən iyrənc cinayətlərə şərik olub.

Ən sonuncunun-MTN birincisinin   timsalında de-şifrə edilən gizli dövlət çevrilişinin detalları tədricən mətbu müstəviyə gəlir və bu generalların insanların nüfuzu, mal-mülkü, şərəf-ləyaqəti üzərində necə çirkin oyunlar oynaması bütün incəliklərinə qədər açılmağa doğru gedir. 

Generalların çağdaş obrazında mənfi məziyyətlər, xəyanət və  satqınlıq ştrixləri hakimlik edir.  O, uğur simvolu olmasını qorxunun simvoluna elə asanlıqla dəyişib ki, millətin təpiyi altına düşən  zədələnmiş şərəfini

heç bir tövbə və üzrlə, yeni bir ağ səhifə çabası ilə yerdən qaldıra bilməz.             

Generallar sosial-ictimai mənşəyinə görə kimdir?

Hansı zümrədən gəlir?

Niyə millətin ona qazandırdıqları, yaxud fədakar cəhdləriylə əldə etdiklərinin qarşılığında xainə dönür və sonda o, nəyin  intiqamını almağa çalışır?    

Türkiyədə generalların genekoloji şəcərəsi paşalara, sultanlara, bizdəkilərin də soy kökü heç də əsilli-köklü nəslə  gedib çıxmır. Generalların nəsil ağacı  çox yerdə, əsasən aşağı zümrəyə məxsusluq daşıyır. Paşa, sultan nəsli hakimiyyətdəki şəxsin kimliyi ilə davaya girmədiyi təqdirdə, aşağı təbəqənin təmsilçisi olan general demokratik sistemi fərdlərə münasibətə görə darmadağın etmək, iqtidar sükanını ələ keçirmək  istəyir.   

Əsilzadələr hər yerdə müftə yeyən, başqasının əzabı hesabına öz səltənətini, komfortunu əldə etmək barədə düşünərkən, vətənin müdafiəsi, qorunması aşağı təbəqəyə qalır və günlərin birində onları qəhrəmana çevirən üst zümrəni təmsil etmək, bunun üçünsə öz karyerasını qazanmaq naminə istənilən od-alovun içinə atılmaq olur. Bir gün o sadə təbəqə general paqonunu çiyinlərinə alır və elə həmin gündən vətən anlayışını unudub, şəxsi eqolarını, dövlətinin üzərinə uzanan xain əlləri tutaraq xəyanət və intiqam hissi ilə alışıb-yanır.  

Ya bu paqon, hər hansı prosesdə şişirdilən rolunun mükafatı olur, yəni daşımağa layiqlik qazanmır. Ya da bu rütbə sahibinin şəxsiyyətinin qeyri- mükəmməlliyi onu asanlıqla   xainlik tələsinə salır.     

Ya da onları xəyanətə çağıran virtual, qaranlıq, təhlükəli   sistem elə bir sistemdir ki, generalların beynini xəyanət mayesi ilə yuya və onların ağlını əllərindən alıb, dövlətindən, millətindən qisas hissinə kökləyə bilir. Elə buna görə də son zamanlar generalların ölüm tarixçəsində şərəfli notlar yoxdur. Onlar qorxaqcasına ya qaçmağa cəhd göstərir, ya da künc-bucağa sıxılıb qalır; bağ evlərində oturub veriləcək üst qərarı gözləyir.

Demək, müasir general hərbi elitanın ən təzadlı təmsilçisidir.             

Generallar satqın olanda, onların qaça biləcəyi coğrafi-siyasi adres də tapılmır; çünki hara getsə, torpaq ayaqları altında od tutub yanacaq.

Dövlət sirrini verməmək, demokratik dəyərlərə dönük çıxmamaq, milləti bədbəxt etməmək, şərəfini qorumaq  naminə cibində ölüm tabletkası gəzdirmək yerinə, xəyanəti üzərində ölüm kapsulu-intihar aləti  kimi daşıyan generallara görə edam cəzasını yenidən hüquq sisteminə gətirmək artıq bir zəhmətdir.

Çünki xəyanət generalların boğazına o ipi çoxdan keçirmiş olur.

Hər gün diri-diri ölmək general olan birisi üçün  bioloji ölümdən daha qəddardır...

 

Vəfa Allahverdiyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir