Modern.az

II Dünya Müharibəsindən sonra Azərbaycan mətbuatı - V yazı

II Dünya Müharibəsindən sonra Azərbaycan mətbuatı - V yazı

Media

20 İyul 2016, 09:38

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru


(“Azərbaycan” jurnalının nəşri)

 

1949-cu ilin fevralında Türkiyədə  “Azərbaycan Kültür Dərnəyi”nin yaradılmasından sonra ayrıca bir mətbuat orqanının da fəaliyyətə başlamasına ciddi ehtiyac vardı. M. Ə. Rəsulzadə “Azərbaycanın səsini duyuracaq, kommunizmin dünyaya gətirəcəyi fəlakəti anladacaq bir yayım orqanına ehtiyac duyulduğunu”  bildirmiş və bu işin reallaşması üçün bütün fəaliyyətini ortalığa qoymuşdu.

Bununla əlaqədar “Azərbaycan Kültür Dərnəyi”nin martın 12-də keçirilən toplantısının 5 saylı qərarına əsasən jurnalın nəşri vacibliyi bildirilmişdi.

1952-ci ilin aprelin 1-də “Azərbaycan” jurnalı “Birlik-Dirilikdir” başlığı ilə nəşr edilməyə başla­dı.

Jurnalın birinci sayında “Azərbaycan Kültür Dərnəyi”nin İdarə Heyətinin adından verilən yazısında jurnalın fəaliyyəti belə açıqlanırdı: “... İndi ayda bir dəfə nəşr edilə­cək bu dərgimiz vasitəsi ilə dərnəyimizin üç ili aşan çalışmaları haqqında müfəssəl bilgi verəcəyimiz kimi, Anadolu Türklüyünə bunca mənən və maddətən yaxın və qon­şu olan Azərbaycan türklüyünün tarixi, ədəbiyyatı, sənəti, teatr həyatı hüsusla­rında yurddaşlara mümkün mərtəbə geniş bilgilər verməyə qeyrət edəcəyik”.

Jurnalın baş yazarı Feyzi Aküzüm, məsul müdiri isə Əhməd Yaşad idi.

Jurnalın on iki sayı M. Ə. Rəsulzadənin ciddi fəaliyyəti nəticəsində nəşr edilmişdi. Baş məqalələri isə adətən M. Ə. Rəsulzadə, bəzən Ə. Yurdsevər hazırlayırdılar. Digər yazıların da hazırlanmasında M. Ə. Rəsulzadənin xidmətləri olmuşdu.

“Azərbaycan” jurnalının aparıcı müəllifləri aşağıdakılar idi: Məhəmməd Əmin Rəsulzadə, Kərim Yaycılı, Əhməd Qaraca, Əbdülvahab Yurdsevər, Mirzə Bala Məmmədzadə, Həmid Dönməz, Rəhim Zeynaloğlu, Əhməd Cəfəroğlu və s.

Qeyd edək ki, “Azərbaycan” jurnalı mühacirət mətbuatımız tarixində ən uzunömürlüsüdür və hazırda Türkiyənin Ankara şəhərində yayımlanmaqdadır. Jurnalın hazırkı Yazı İşləri Müdiri Tuncər Kirhan, Əlaqələndiricisi isə İsa Yaşar Tezəldir. Jurnal Azərbaycan Kültür Dərnəyinin Yayım orqanı olaraq çıxır. Dərnəyin Başqanı isə tanınmış mücahid və siyasət adamı olan Cəmil Ünaldır.

       
“Azərbaycan” jurnalının fəaliyyəti tarixini üç dövrə bölmək mümkündür:
Birinci dövr –
M. Ə. Rəsulzadənin sağlığında jurnalın fəaliyyəti (1952-1955-ci illər);

İkinci dövr
– M. Ə. Rəsulzadənin ölümündən sonra 1991-ci ildə Azərbaycanın Müstəqillik Aktını qəbul etməsinə qədər jurnalın fəaliyyəti (1955-1991-ci illər);

Üçüncü dövr – Azərbaycanın Müstəqillik Aktını qəbul etdikdən sonra çağdaş dövrümüzə qədər jurnalın fəaliyyəti (1991- çağdaş dövrümüz).


Birinci mərhələdə jurnalın tərtibatı çox sadə idi və əsas fərqləndirən bütün saylarında Azərbaycanın xəritəsinin verilməsi idi. 1918-1920-ci illərdəki Azərbaycan ərazisinin xəritəsi belə təqdim edilirdi: “Milli Azərbaycan Cümhuriyyəti xəritəsi”.

1952-1955-ci illərdə jurnalın nəşr edilən saylarında mədəni, tarixi, ədəbi yazılara daha çox yer ayrılırdı. Siyasi mövzuda olan yazılar jurnalda çap edilmirdi. Bu da Türkiyənin o zamankı şərtləri daxilində mühacirlərin siyasi fəaliyyətlərinin məhdudluğu ilə bağlı idi. Siyasi yazılara biz daha çox jurnalın fəaliyyətinin ikinci dövründə - 1955-1991-ci illərdə rast gəlirik. Bu da Qərb dövlətləri sırasında həm də hərbi mövqe tutan, artıq NATO-nun üzvü olan Türkiyənin də SSRİ-yə qarşı aparılan ideoloji mübarizədə fəallığı ilə bağlı idi.

Jurnalın birinci dövründəki fəaliyyətində daha çox dörd müəllifin yazılarına rast gəlmək mümkündür: M. Ə. Rəsulzadə, M. B. Məmmədzadə, Ə. V. Yurdsevər. Feyzi Aküzüm isə daha çox qəzetin nəşri problemləri ilə məşğul olmuşdur.

Bu illərdə (1952-1955) M. Ə. Rəsulzadənin “Azərbaycan” jurnalında çox əhəmiyyətli məqalələri çap edilirdi. Bu məqalələr mövzu dairəsinə görə də çox rəngarəng idi. Bu sırada nəzəri, tarixi, siyasi, ədəbi və incəsənət mövzusunda çox dəyərli yazılara rast gəlmək mümkündür. M. Ə. Rəsulzadənin öz sağlığında – 1955-ci ilə qədərki dövrdə jurnalda nəşr edilmiş məqalələri: 1) “Milli Təsanüd”; 2) “İdealistlər, opportunistlər, pozğunçular; 3) “Azərbaycan memarı Anıtları”; 4) “Azərbaycan davası”; 5) “Ayaz İshaqi mərhum üçün”.

Jurnalda M. B. Məmmədzadənin də çox dəyərli yazıları nəşr edilmişdi: 1) “Milli Kültür inqilabı”; 2) “Azərbaycan-İran konfransı”; 3) Qadınlara hürriyyət”; 4) Qafqasya İslam Ordusu; 5) “Azərbaycan dövlət bankası”; 6) “300 000 köçmən” və s.


Birinci mərhələdə jurnalda maraq doğuran başlıca yazılardan biri Ə. Yurdsevərin “Azərbaycan İstiqlal savaşından səhnələr” əsəridir. Böyük tarixi əhəmiyyət daşıyan bu silsilə əsərə jurnalın əksər saylarında rast gəlmək mümkündür..

Mirzə Bala Məmmədzadənin “Azərbaycan” jurnalında 1954-cü ildə nəşr edilən “İstiqlalın diplomasi cəbhəsi” məqaləsi də olduqca dəyərlidir. 28 May İstiqlalından sonrakı diplomatik fəaliyyətləri açıqlayan müəllif yazırdı: “Müstəqil Azərbaycan Cümhuriyyətinin istiqlalını tanıtmağa və müstəvli düşmən qüvvətlərini müqəddəs yurd torpaqlarından çıxarıb atmağa müvəffəq olan ilk diplomatik təşəbbüs, Osmanlı Dövləti ilə imzalanan iyun 1918-ci il tarixli müqavilə ilə nəticələnmişdi”. Müəllif  Osmanlı Türkiyəsi ilə imzalanmış bu müqavilənin xalqımız üçün böyük həyati əhəmiyyəti daşıdığını qeyd edirdi. Göstərirdi ki, bu sənədin imzalanmasında M. Ə. Rəsulzadənin və M. Hacınskinin ciddi rolu olmuşdu.

 “Azərbaycan” jurnalında 28 May İstiqlalı ilə bağlı İstanbulda keçirilən tədbirlər haqqında da məlumatlar verilmişdir. Azərbaycan Kültürünü Tanıtma Dərnəyinin Başqanı Ə. Cəfəroğlu İstanbulda keçirilən tədbirdə maraqlı çıxış etmişdi.


Qeyd edək ki, 50-ci illərin sonlarında Amerika Birləşmiş Ştatları dövlətinin qəbul etdiyi bir qərarı mühacirlər müsbət qarşılamış və “Azərbaycan” jurnalında təbliğ etmişlər. Belə ki, 1959-cu ilin 22 iyununda senator Douqlas 18 senatorla birgə Amerika senatına bir qərar təqdim etmişdi. Həmin qərarda prezident Eyzenhauerdən 1959-cu ilin iyulunun 3-cü həftəsinin “əsir millətlər həftəsi” elan etmək xahiş olunurdu. Qərar surəti Senat tərəfindən 6 iyulda və Nümayəndələr Məclisində 8 iyulda səs birliyi ilə qəbul edilmiş, prezident Eyzenhauer də bu qərar surətinin tətbiqi mövqeyinə qoyan bəyannaməsini 17 iyulda nəşr etmişdi. Qərar surətində 22 əsir məmləkət arasında Azərbaycan, İdil-Ural və Türküstanın adları da anılmaqda idi. Sovetlər Birliyinə təzyiq baxımından və rus əsiri digər məhkum millətlər arasında Azərbaycanın hürriyyət və istiqlal haqqının dünyanın ən böyük və qüdrətli bir dövləti tərəfindən dəstəklənməsinin böyük əhəmiyyəti vardı. Bu əslində həmin 22 məmləkətin hüquqi cəhətdən tanınması demək idi. Bu addım həm də Sovet hökuməti başçısı N. Xruşovun Amerikaya səfəri ərəfəsində atılmışdı. Bu mühüm qərarın qəbulu ilə bağlı ABŞ prezidentinin bəyannaməsi də verilmişdi.


ABŞ prezidentinin bu bəyannaməsi ictimaiyyətdə geniş əks-səda doğurmuşdu.


Mühacirlərin böyük fəallıq göstərdiyi “Sovetlər Birliyi Millətlərini Qurtarma Cəmiyyəti” (Paris Bloku) 1959-cu ilin 29-30 iyulunda Münhendə Konfrans keçirmiş və ABŞ prezidentinin məlum bəyannaməsini maraqla qarşılamış və buna uyğun müvafiq bəyannamə qəbul etmişdi.

Qeyd edək ki, azərbaycanlı mühacirlər əllinci, altmışıncı illərdə daha çox beynəlxalq təşkilatların, ABŞ-ın, Qərb dövlətlərinin sovet imperiyasına təzyiqinin artmasına çalışır, təmsil olunduqları antisovet cəmiyyətlərdə fəallıqlarını artırırdılar.


Mühacirlərimiz Azərbaycanın istiqlal tarixi ilə bağlı M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, Ə. B. Yurdsevərin, Kərim Odərin və başqalarının məqalələrini, H. Cavidin, M. Ə. Sabirin, C. Cabbarlının, mühacir şairlərdən Kərim Yaycılının, Rəsul Budağın, Həmid Dönməzin, Teymur Atəşlinin əsərlərini, şeirlərini nəşr etdirirdilər.

1980-ci illərdə mühacirlər “Azərbaycan” jurnalında kommunizm və sovet hökuməti əleyhinə, Azərbaycanda mövcud duruma qarşı kəskin yazılar çap etdirirdilər. Bundan əlavə, Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərimizi təbliğ edən məqalələrə də üstünlük verilirdi. F. Aküzümün, M. Kəngərlinin, Ə. Qaracanın, C. Ünalın və başqalarının yazıları böyük maraqla qarşılanırdı.


Azərbaycanlı mühacirlər 80-ci illərdə Azərbaycan istiqlal davasını qətiyyətlə yürüdürdülər. Sovetlər Birliyində istismar edilən Azərbaycanın azad yaşamaq haqqını müxtəlif vasitələrlə - jurnal, kitab, radio, toplantı, yığıncaqlarla dünya ictimaiyyətinə çatdırırdılar.

1984-cü ildə mühacirlər böyük öndər M. Ə. Rəsulzadənin anadan olmasının 100 illiyini təntənə ilə qeyd etdilər. Yubiley münasibəti ilə “Azəərbaycan” jurnalının xüsusi sayı çap olundu.

1986-cı il mayın 10-da azərbaycanlı mühacirlərin fəallığı ilə Azərbaycan Kültür Dərnəyi Türk Standartlar İnstitutunun konfrans salonunda “Ermənilərin Şərqi Anadoluda və Azərbaycanda yapdıqları qətliam və terror” mövzusunda elmi seminar keçirmişdir. “Azərbaycan” jurnalı seminarla bağlı məlumatlar dərc etmişdi.

Mühacirətdəki azərbaycanlılar hər vasitə ilə Azərbaycan ictimai-siyasi mühitinə təsir göstərməyə, əlaqələr qurmağa çalışırdılar. Türkiyəyə gələn Azərbaycanın tanınmış elm adamlarından bəziləri ilə siyasi işbirliyi razılığına gəlinmişdi. Mühacirlər M. Ə, Rəsulzadənin əsərlərini, yayınladıqları mətbu yazıları müxtəlif vasitələrlə Azərbaycana çatdırırdılar.


1988-ci ildən Azərbaycanda milli azadlıq hərəkatı yüksəlməyə başladı.


Ermənilərin Azərbaycana ərazi və Qarabağ torpaqlarını ələ keçirmək iddiaları xalqda böyük etirazlar doğurdu. Keçmiş Sovetlər Birliyində tutduqları yüksək mövqelər, xarici ölkələrdə yaratdıqları güclü lobbi erməniləri daha da qızışdırırdı.

Mühacirətdəki soydaşlarımız “Azərbaycan” jurnalında ermənilərin bu hərəkətlərini pisləyən məqalələr yazır, Sovetlər Birliyi rəhbərlərinin ermənipərəst mövqeyinə qarşı çıxırdılar.

Qeyd edək ki, “Azərbaycan Kültür Dərnəyi “ Qarabağ hadisələri ilə bağlı müxtəlif dillərdə bir çox sənədlər, kitabçalar da yayınlamışdı. Sonralar ingiliscə çap edilən “Dağlıq Qarabağ faciəsi” kitabçası bu mənada əhəmiyyətli idi.

 “Azərbaycan” jurnalının 90-cı illərindəki saylarından məlum olur ki, 1990-cı ilin 20 yanvar hadisələri ilə də bağlı (bu qırğında 170-ə qədər  soydaşımız həlak olmuş, 400 adam isə yaralanmışdı) mühacirətdəki soydaşlarımız Türkiyədə etiraz yığıncaqları keçirmiş, xarici mətbuat orqanlarında geniş əks-səda yaratmışlar.


Qeyd edək ki, mühacirət mətbuatı tariximizdə “Azərbaycan” jurnalı çox əhəmiyyətli rol oynamışdır. Əlli ildən çoxdur ki, Ankarada nəşr edilən jurnal bu gün də “Azərbaycan Kültür Dərnəyi” orqanı olaraq çap olunur, oxucular tərəfindən maraqla qarşılanır.

“Mücahid”, “Türk izi”, “Türk Yolu” jurnalları

 

1955-ci ilin iyul ayında Türkiyədə “Mücahid” jurnalı nəşr edilməyə başladı. Jurnalın sahibi və nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnal Azərbaycan Kültürünü Tanıtma Dərnəyi və Azərbaycan Yardımlaşma Dərnəyinin yayım orqanı olaraq Ankarada nəşr edilirdi.

“Mücahid” aylıq jurnal olsa da, iki aydan bir çap olunurdu. Başlıca istiqaməti belə idi: “Aylıq ictimai fikir məcmuəsi”.

“Mücahid” dərgisi fəaliyyət proqramında aşağıdakı qayəyə üstünlük verəcəyini bildirirdi: “Kommunizm əsarəti altında qalan 60 milyonluq Türküstan, Azərbaycan, Krım, İdil-Ural və Şimali Qafqaz türklərinin istismara qarşı apardığı və aparmaqda olduğu hürriyyət mücadiləsini müdafiə etmək, məhkum türk ellərinin coğrafi, iqtisadi və kültürəl qaynaqlarını tanıtmaq və eyni zamanda məhkum türk elləri arasında fikir birliyinin təmininə çalışmaq”.

Eyni zamanda jurnalın fəaliyyət proqramında göstərilirdi: “Bu gün xaricdəki Türk mühacirət nəşriyyatında krımca, azərbaycanca, yakutca, qırğızca, tacikcə və özbəkcə təbirlərinin krım şivəsi, Azərbaycan türkcəsi və s. kimi təbirlərlə dəyişdirildiyini məmnuniyyətlə görməkdəyiz. Məhkum türklər, istisnasız müsəlman olduqlarından islam aləmindən heç bir zaman ayrılmazlar. “Mücahid” bu kimi bozğunçularla ağır başlı mücadiləsinə davam edəcəkdir...”.

“Mücahid” jurnalının aparıcı yazarları aşağıdakılar idi: Əhməd Cəfəroğlu, Zəki Vəlidi Toğan, Həsən İsmayıl, Mustafa Vəlioğlu, İsmayıl Əkbər, Məcid Musazadə, Əziz Alpaut, Həmid Dönməz və b.

Qeyd edək ki, “Mücahid” jurnalı eyni zamanda müəyyən kitablar da nəşr etmişdir. Həmin kitablar aşağıdakılar idi: 1) Çingiz Göygöl. “Kommunist Rusiya və müsəlmanlar”. “Mücahid” nəşriyyatı, N1, Yeni mətbəə, Ankara, 1958, 64 s. 2) Abay Mirzə. “Balam-Balam dastanı”. “Mücahid” nəşriyyatı, N2, Ankara, Yeni mətbəə, 1958, 34 s.

Qeyd edək ki, “Mücahid” jurnalı mövzu müxtəlifliyinə görə də seçilən bir jurnal idi. Buradakı yazıları belə qruplaşdırmaq mümkündür: 1) Azərbaycanın mədəniyyət tarixi ilə bağlı yazılar; 2) Sovet və kommunist rejimi əleyhinə olan yazılar; 3) Qafqazla bağlı yazılar; 4) Azərbaycanın istiqlalı ilə bağlı xatirələr; 5) Azərbaycanın tanınmış şəxsiyyətləri və onların fəaliyyətləri haqqında yazılar; 6) Türk dünyasının tanınmış insanları haqqında olan yazılar; 7) Mühacirət və mühacirlərlə bağlı yazılar; 8) Türkiyə ilə bağlı yazılar; 9) İslam dini ilə bağlı yazılar; 10) Ədəbiyyat, şeir.

 “Mücahid” jurnalında Azərbaycan İstiqlal mübarizəsinə geniş yer ayrılırdı.

Xüsusən, 28 May İstiqlalı və 27 Aprel işğalı ilə bağlı məqalələr həmin hadisələrin ildönümündə ayrıca olaraq fərqlənirdi. Bu mənada jurnalın Baş yazarı Çingiz Göygölün “Mücahid”in 1957-ci ilin May (yıl-3, say-8) buraxılışında çap edilmiş yazısı diqqəti cəlb edir. Müəllif yazırdı: “Mayıs günəşinin Qafqaz səmalarında parladığı 28 May 1918-ci il tarixi Azərbaycan Türklüyünün çar Rusiyasına qarşı uzun mücadilə və mübarizəsinin müvafiq olduğu bir gündür. 28 May Azərbaycan türklüyünün milli şüurunun şahlanaraq, Rus köləliyini yerlə-yeksan etdiyi bir gündür. Azərbaycan milli istiqlal dövrünün təməl daşı 28 May 1918-ci il tarixində atıldı. Geniş hürriyyət və insan haqlarına dayanan istiqlal bəyannaməsi, Azərbaycan milliyyətçiliyinin təməl prinsiplərini təşkil edir”.

“Mücahid”in daimi yazarlarından olan Yakuş Hacızadənin “28 Mayıs 1918” (“Mücahid”, yıl-3, s.8. Mayıs 1957, s. 4.), Ə. Cəfəroğlunun “28 Mayıs ölkəsi Azərbaycan” (“Mücahid”, yıl 5, s. 29, mayıs, 1960), Çingiz Göygölün “28 Mayıs, 1918”, (“Mücahid”, yıl-3, s. 14, iyun 1958) – yazılarında 28 May İstiqlalının məna və əhəmiyyəti açıqlanırdı.

1952-ci ilin may ayında Türkiyədə “Türk İzi” jurnalı yayımlanmağa başladı.

Jurnal Azərbaycan Milliyyətçilər Dərnəyinin orqanı olaraq nəşr edilirdi. Aylıq olaraq yayımlanan bu jurnalın nəşriyyat müdiri Çingiz Göygöl idi. Jurnalın fəaliyyət proqramı belə müəyyənləşmişdi: “Dərnəyimizin Nizamnaə və Bəyannaməsində göstərilən əsaslar dairəsində milli davalarımızı ümumi ictimaiyyətə duyurmaq və Azərbaycan türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və basın yolu ilə mücadilə etmək qayəsi ilə “Türk İzi” dərgisini çıxarırıq”.


1966-cı ilin aprelində isə Türkiyədə “Türk Birliyi” jurnalı nəşrə başladı.

Jurnalın sonuncu- 47-ci sayı 1970-ci ilin fevralında çap olundu.

Jurnalın sahibi və Baş yayım müdiri Kərim Alxan (Yaycılı), məsul müdiri isə Firidun O. Kuranər olmuşdur. Jurnalın fəaliyyət istiqamətləri belə idi: “Türklük üçün çalışır, aylıq milliyyətçi, kültür və sənət dərgisidir”.

Jurnalda əsasən aşağıdakı müəlliflərin yazılarına üstünlük verilirdi- Kərim Alxan (Yaycılı), İldəniz Qurtulan, M. Haqqı Türkəqul, Çingiz Göygöl, Mustafa Vəkiloğlu, Süleyman Təkinər, Əhməd Cəfəroğlu, İsa Yusif Alptəkin, Məhəmməd Sadiq Aran, Əli Azərtəkin, Səlahəddin Qılınc, Əziz Alpaut, Məhəmməd Əli Rəsulzadə, Məhəmməd Əmin Rəsulzadə və Mirzə Bala Məmmədzadə.

“Türk Birliyi” jurnalı hər ilin 28 mayında və 27 aprel hadisələrində bu mövzularla bağlı ayrıca yazılar çap edirdi.

Jurnalda işğal altında yaşayan türklər, türk birliyi, Rusiya məhkumu türklər haqqında da məqalələrə yer verilirdi. Qeyd olunmalıdır ki, jurnalın hər yazısında M. Ə. Rəsulzadənin və M. B. Məmmədzadənin məqalələrinə rast gəlmək mümkündür.

Belə əlavələrin nəşri də mühacirlərimizin ciddi fəaliyyət göstərdiyini təsdiqləyir.

Bu mətbuat orqanları bəzi hallarda davamlı nəşr edilməsə də, Azərbaycan tarixi və mədəniyyətini yaşadır, kommunist ideologiyasının təqdim etdiyindən daha fərqli və faydalı məzmunda ictimai fikrə çatdırırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!