Modern.az

Analitik şüur və tükənməz yardıcılıq enerjisi

Analitik şüur və tükənməz yardıcılıq enerjisi

20 İyul 2016, 11:16

Buludxan Xəlilov sözün həqiqi mənasında fitri alim təfəkkürü, elmi faktlara, nəzəri konsepsiyalara, linqvistik baxışlara, müasir ədəbi-estetik normativlərə tamam yeni, məntiqi, orijinal münasibətləri olan, elmi fikir arenasında dərin biliyi, mükəmməl savadı, zəngin dünyagörüşü ilə nüfuz qazanan çox ciddi, təmkinli qələm sahibidir. Parlaq təfəkkürü, erudisiyası, kəsərli sözü ilə gənc yaşlarından özünü emi və ədəbi ictimaiyyətə tanıtmış filoloq alimdir. B.Xəlilov özünün kamil şəxsiyyətində ən gözəl insanlıq və alimlik məziyyətlərini cəmləşdirmişdir. Təbiilik, təmkinlilik, maksimum dəqiqlik, analitik şüur və ötkəm təfəkkür, elmi obyektə orijinal yanaşma məharəti, uğurlu elmi nəticələr, opponenti axıra qədər inandırmaq məharəti – bütün bunlar onun alim portretinin hələ tam çəkə bilmədiyimiz canlı cizgiləridir. O, öz dilçilik görüşlərini, ədəbi-tənqidi, estetik fikirlərini emprik biliyə çevirə bilir, nəzəri qənaətlərini böyük auditoriyalara çıxarıb ciddi eksperimetlərdən keçirir, fikirlərinin mübahisə doğuracağından, öz konsepsiyalarına qarşı iradlardan qətiyyən çəkinmir, çünki istənilən opponentə tutarlı arqumentləri, dialektik məntiqə əsaslanan elmi dəlil və sübutları həmişə hazırdır.

B.Xəlilovun qələmindən çıxan çoxsaylı əsərlər dərin məzmunu, fakt və arqumentlərin zənginliyi və tutarlılığı, qoyulan problemlərin aktuallığı, tədqiqat obyektinin son dərəcə təmkin və dəqiqliklə araşdırılması və nəhayət, orijinal elmi nəticələri həmişə xoş bir razılıq hissi oyadır. Onun yazdığı dəyərli əsərlər zəmanət verir ki, Buludxan müəllimin iti, ayıq alimlik təfəkkürünə etibar edilsin. Buludxan Xəlilovun  müxtəlif dilçilik problemləri ilə bağlı suallar haqqında fikirləri təkzibedilməz dəlillərə əsaslanan həqiqi elmi düşüncələrdir. Çünki o, fitrətən alim və natiqdir. Alimlik və natiqlik onun xislətindədir. Onun çıxışları da lüzumsuz ritorika, padentizm və şablon ifadələrdən xalidir. Bu çıxışlarda ana dilimizin bütün zənginliyi, musiqisi, intonasiya çalarları duyulur. Qələmindən və dilindən çıxan hər kəlmə onun elmi təfəkkür imkanlarının genişliyini meydana çıxarır.

B.Xəlilovun hər bir qələm məhsulu müraciət olunan sahənin mühüm problemlərini həll edərək müəyyən boşluqları doldurmağa xidmət edir, faktlara yanaşma cəsarətini, dərin elmi ümumiləşdirmə qabiliyyətini nümayiş etdirir. Onun nüfuzlu sözü elmi problemlərə düzgün yol, istiqamət tapmış və beləliklə də özünün elmi konsepsiyasını yarada bilmişdir.

Həmişə hərəkətdə, fəal təfəkkür və elmi düşüncələr aləmində olan B.Xəlilovun elmi fəaliyyət dairəsi rəngarəng, tədqiqat meydanı geniş və əhatəlidir. Onun sərrast elmi təfəkküründən xəbər verən hər bir əsəri professionallığı ilə seçilir, istənilən qələm məhsulu Buludxan müəllimin elmi idrakının güclü bir komponentinin işıqlı tərəflərini təzahür etdirir. Bənzərsiz yaradıcılığının bütün idrakı və mənəvi çalarları onun bir avtoritet kimi tanınmasına, alim nüfuzuna güclü təkan verir.

Mübaliğəsiz demək olar ki, B.Xəlilovun yaradıcılığı bütövlükdə yüksək elmi fəaliyyətin, tədqiqatçılıq mədəniyyətinin bariz nümunəsidir. Əsərlərində nəzəri fikir vüsətinin, elmilik keyfiyyətlərinin güclü olması düzgün elmi-metodoloji prinsiplərə istinadi ilə, dilçiliyə, türkologiyanın müxtəlif problemlərinə dair mülahizələrini dünya linqvistikasının zəngin ənənələrinə bağlaması ilə, ədəbiyyatın ideya-estetik vəzifələrini ayıq elmi mövqedən qiymətləndirməsi ilə şərtlənir. Bütün hallarda tədqiqat predmetinə yüksək nəzəri baxış, müasir elmi-metodoloji münasibət aydın hiss olunur, fikir orijinallığı, müəllif mövqeyinin fəallığı, fərdi üslubun müəyyənliyi diqqətəlayiq məziyyətlər kimi aşkarlanır.

B.Xəlilov müasir Azərbaycan dilinin, demək olar ki, bütün sahələrinə  aid kitabların, o cümlədən türkologiyaya aid monumental kitabların müəllifidir. Bu sahədə onun diqqətini ötəri, keçici məsələlər deyil, köklü, əsaslı problemlər cəlb etmişdir və bu, dilçiliklə məhdudlaşıb qalmamışdır. Mütəmadi olaraq onun yaradıcılığının ağırlıq mərkəzi, qlobal axtarışları ədəbiyyatşünaslığa keçmişdir. Maraq dairəsinə daxil olan ədəbiyyatşünaslığa o, ciddi yaradıcı əmək sərf etmişdir. Ədəbiyyatımızın mühüm və aktual nəzəri-metodoloji məsələlərinin ardıcıl və səmərəli tədqiqatçısı kimi o, problem səciyyəli məsələləri diqqət mərkəzinə çəkir, bu barədə yazıları ədəbi hadisə və faktlara münasibətin müasirliyi, onların qiymətləndirilməsində nəzəri-estetik meyarların yüksək səviyyəsi ilə səciyyələnir. Bu əsərlərdə bədii sözü duymaq, onu müraciət olunan poetik janrın estetik prinsipləri mövqeyindən təhlil etmək qabiliyyəti, professional təhlil ustalığı vacib məziyyət kimi nəzərə çarpır. Azərbaycan ədəbiyyatının klassikləri, müasir nümayəndələrinin yaradıcılığı, onların ədəbi-tənqidi, dilçilik görüşləri də B.Xəlilovun araşdırdığı sahələrdir. Bu sahələrə aid əsərləri ədəbiyyatı yüksək ideya-estetik meyarlarla təhlilin, onun poetik spesifikasını açmağın mükəmməl nümunəsidir. Nobel mükafatı laureatlarına həsr olunmuş əsərlərində dünya ədəbiyyatı konteksti B.Xəlilov yaradıcılığında nəzəri səviyyənin yüksəkliyinə, elmi baxışların genişliyinə müsbət təsir göstərmişdir.

B.Xəlilovun linqvistikaya dair elmi fəaliyyətini, ədəbi-tənqidi yazılarını küll halında qiymətləndirərkən bunu tam qətiyyətlə demək olar ki, o, Azərbaycan filologiyasının müxtəlif sahələrində təqdirəlayiq xidmətləri olan böyük yaradıcılıq erudusiyasına malik güclü zəka sahibidir. Onun filologiyamızın müxtəlif məsələlərini əhatə edən, elmi siqləti ilə təqdir olunan orijinal yaradıcılığı müasir dilçilik elmimizin, ədəbi-tənqidimizin böyük uğurları kimi dəyərləndirilməyə layiqdir.


Məhərrəm Hüseynov,
filologiya üzrə elmlər doktoru, professor

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir