Modern.az

Hərbi çevrilişlə bağlı 9 qaranlıq MƏQAM: Hakan Fidan amili

Hərbi çevrilişlə bağlı 9 qaranlıq MƏQAM: Hakan Fidan amili

20 İyul 2016, 11:18

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə hakimiyyəti devirməyə cəhd edilməsi hələ də dünya siyasi çevrələrinin əsas müzakirə mövzusudur.

 

Hərbi çevrilişlə bağlı planının baş tutmaması və bundan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Fətullah Gülənin nəzarətində olduğu iddia edilən “paralel hökumət” ə qarşı sərt tədbirlər görülməyə başlanılıb.

 

Ölkənin dövlət qurumlarında kütləvi işdən çıxarılma əməliyyatına start verilib. Türkiyə Silahlı Qüvvələri isə bəyan edib ki, qiyamla bağlı təhlükə tam olaraq aradan qaldırılıb.

 

Baş verənlər fonunda isə ortaya qatı hələ də açılmayan məqamlar ortaya çıxır.

 

Modern.az saytının məlumatına görə, Türkiyənin müxalif  “Cümhuriyyet” nəşri “Çevrilişin sirləri” başlığı ilə yayımladığı məqalədə qaranlıq qalan nüanslara diqqət çəkib. Həmin tezisləri təqdim edirik:

 

1. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında hərbi çevrilişin olacağı və bununla bağlı tədbirlər görüldüyü halda, bu haqda Ərdoğana və baş nazir Binali Yıldırıma xəbər verilməməsi bir çox sualların yaranmasına yol açır.

2. Türkiyənin baş kəşfiyyat orqanı Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan hakimiyyətin devriləcəyi haqda məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə paylaşıb. Amma prezident və baş nazirə bu haqda xəbər verməyi lazım bilməyib.

 

3. Prezident Ərdoğan CNN televiziyasına müsahibəsində deyib ki, çevrilişlə bağlı xəbəri yerli vaxtla saat 20:00-da alıb. Bəs aradakı 4 saat nə oldu? Niyə gözlədilər? İlk hədəfin Ərdoğan olduğu bilindiyi halda nəyə görə, prezident təhlükəsiz bir yerdə mühafizə edilmədi?

4. MİT-in siyasi rəhbərliyi ilə bilgi verməməsi riski çevrilişin iyerarxik olması ehtimalı ilə bağlıdır.

 

5. Baş Qərargah qırıcıların, helikopterlərin havaya qaldırılmaması, zirehli maşınların ərazidən çıxarılmaması təlimatını verib. Buna baxmayaraq bəzi qüvvə komandanlarının toya getməsi qəribə görünür.

6. Baş Qərargah MİT-in onları bilgiləndirməsindən sonra, ordu birliklərinə əmr göndərib ki, hava və qurudan heç bir hərəkət etməsinlər. Bəs nəyə görə, Türkiyə parlamentinin təhlükəsizliyi üçün tədbirlər görülmədi?

 

7. Baş nazir Binali Yıldırım çevrilişə cəhd edilməsi barədə xəbəri Tuzladakı evində olarkən öyrənib. MİT rəhbəri niyə bağlı olduğu baş nazirə məlumat verməyib?

8. İzmirdə Fətullah Gülənin adamları olduğu bildirilən zabitlərə qarşı əməliyyat keçiriləcəyini hamı bilirdi. Amma onların bəziləri xaricə qaça bildi. Bəs niyə digərləri izlənilməyib?

9. Milli müdafiə naziri Fikri İşık heç bir hava və dəniz nəqliyyatının itməməsini söyləyib. Buna baxmayaraq 2 helikopterin itdiyi ortaya çıxdı.

 

Qeyd edək ki, Türkiyə hökuməti dövlət çevrilişinə cəhdin ABŞ-da yaşayan nurçu camaatın lideri Fətullah Gülənə məxsus şəbəkə tərəfindən olduğunu bildirib. Fətullah Gülən isə bu iddiaları rədd edib.

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub