Modern.az

Mətbuatımızda nələr DƏYİŞİB? – Baş redaktorların CAVABI

Mətbuatımızda nələr DƏYİŞİB? – Baş redaktorların CAVABI

21 İyul 2016, 14:03

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi  1875-ci il iyulun 22 –də Bakıda ana dilində «Əkinçi» qəzetinin ilk sayını nəşr etdirib. Qəzetin 1875-1877-ci illər ərzində cəmi 56 sayı işıq üzü görüb. Azərbaycan müstəqillik qazandıqdan sonra isə iyulun 22-i Milli Mətbuat günü kimi qeyd olunur.

 

Modern.az Milli Mətbuatımızın yaranmasının 141-ci ilinin tamam olması münasibətilə, mətbuat nümayəndələrinin fikrini öyrənməyə çalışıb.

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:  “Azərbaycan mətbuatı 25 ildir müstəqil fəaliyyət göstərir. Bu onun ən böyük uğurudur. “Əkinçi” ilə başlanan müstəqil mətbuatın formalaşması və inkişafı prosesi 1918-1920-ci ildə öz pik nöqnəsinə çatdı. Müxtəlif yönümlü qəzetlər,siyasi və ideoloji qəzetlər nəşr olundu. Sonrakı Sovet dönəmində Azərbaycan jurnalistikası ziyalı ordusu yaratdı. Bu isə öz növbəsində milli mənliyi və milli şüuru qoruyub saxladı. Milli azadlıq hərəkatı jurnalistikanın timsalında özünün inkişaf mərhələsini yaşadı və Azərbaycanın müstəqilliyi ilə nəticələndi. Müstəqil dövlət quruculuğu prosesində müstəqil xəbər siyasəti, Azərbaycanın beynəlxalq arenada təmsilçiliyi haqqı jurnalistlərimizin əməyi sayəsində mümkün olub. Azərbaycanın demokratikləşməsi, inkişafı prosesində jurnalistlərin çox böyük rolu var. Təbii ki, bizim bəzi parametrlərə görə beynəlxalq jurnalistikanın iri çaplı media strukturları ilə davamlı rəqabət aparmaq imkanlarımız zəifdir. Ancaq media holdinqlərimiz və böyük media şəbəkələri Azərbaycanda formalaşıb. Bu gün internet azad və əlçatandır. Hər kəsin fikrinin ifadəsi üçün imkanlar yaranıb. Bütün bunlar Azərbaycan jurnalistikasının uğurudur. Hesab edirəm ki, bu inkişaf gələcəkdə də davam edəcək”.

 

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz:  “Mənim gördüyüm əsas uğurlar ondan ibarətdir ki, bu illər ərzində bizdə internet media formalaşdı. Yəni onlayn və sosial media formalaşdı. Bu, bütövlükdə Azərbaycan mediasında bəlkə də ən qiymətləndirilməli və dəyərləndirilməli haldır. Bir neçə il bundan öncəyə baxsaq qəzetlər, jurnallar ictimai rəyə təsir edə bilmirdi. Həm ekonomik və digər cəhətdən ölüb getməkdə idi. Amma belə bir zamanda sosial media ortaya çıxdı. Qəzetlər, “oflayn” xəbər resursları, KİV resursları sosial mediaya inteqrasiya elədilər. Az qala ölüb getməkdə olan qurumlar özünü sosial mediaya inteqrasiya elədi.

 

Əvvəllər onun “oflayn” versiyasını 100-200 nəfər oxuyurdusa, sosial mediaya inteqrasiya eləməklə, 10000 nəfər oxudu və özlərinə geniş auditoriya qazandı. Bu, Azərbaycan jurnalistikasının ən böyük uğuru idi. İnteqrasiya Azərbaycan KİV-nin yenidən nəfəs almasına səbəb oldu. Mən hesab edirəm ki, son illərdə əldə olunan uğur Azərbaycan sosial və internet mediasının bir infrastruktur kimi formalaşması və ictimai rəyə ciddi təsir edəcək qüvvəyə çevrilməsi kimi də yadda qala bilər”.

 

Report.az informasiya agentliyinin baş redaktoru Murad Əliyev: “Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra ölkə mətbuatı kifayət qədər böyük inkişaf yolu keçib. Təbii ki, müstəqillik dövrünün yeni-yeni çağırışları var. Və 1998-ci ildə mətbuat, KİV üzərindən senzuranın götürülməsi milli mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Media işçilərimiz artıq zamanın çağırışlarına daha adekvat cavab verməsi üçün şərait yaranıb. Fikrimcə, XXI əsrin elə ilk 10 ilində dünya mətbuatının keçdiyi inkişaf yolu bütövlükdə XX əsr mətbuatın inkişafını qabaqlayır. Bu da əsasən elektron texnologiyaların, rəqəmsal yayımın inkişafı ilə bağlıdır. Məhz bu dönəmə müstəqil ölkənin söz carçısı kimi qədəm qoyan Azərbaycan mətbuatı da beynəlxalq təcrübəni geniş şəkildə tətbiq eləməyə başladı. Bü gün artıq Azərbaycan elektron KİV-ləri dünya mətbuatı üçün istinad mənbəyinə çevrilib. Ötən illər ərzində Azərbaycan jurnalistikasının da peşəkarlıq səviyyəsi kifayət qədər artıb.

 

Buna da əsas səbəb kimi KİV-lər arasında rəqabət mühitinin formalaşması, ayrı-ayrı məsələlərə hər redaksiya tərəfindən fərqli yanaşmaların sərgilənməsi, medianın artıq cəmiyyətin müxtəlif problemlərinə çevik reaksiya verməsini göstərmək olar. Əgər cəmiyyəti narahat edən məsələlər dərhal mətbuat tərəfindən işıqlandırılırsa, demək olar ki, media öz üzərinə düşən missiyanı yerinə yetirib. Azərbaycan mətbuatı ötən dövr ərzində daha bir sınaq qarşısında qalıb – torpaqları işğal altında olan Vətənin haqq səsini dünyaya çatdırmaq, Ermənistan aqressiyasının əsl üzünü göstərmək. Bu məsələ də mətbuatımızın digər ölkələrin KİV-ləri ilə sıx əlaqələrin qurulmasına, hazırlanan materialların dünya oxucusunun diqqətinə çatdırılması üçün müxtəlif dillərdə yayılmasının vacibliyini gündəmə gətirdi. Artıq demək olar ki, ermənilərin yalan məlumatlarla dünyanı çaşdırmaq cəhdi öz effektini vermir, Dağlıq Qarabağ probleminin səbəbləri, həlli istiqamətində görülən işlər Azərbaycan mediası tərəfindən daha operativ şəkildə dünya mediasına çatdırılır”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər