Modern.az

Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edib

Şəki III Beynəlxalq şirniyyat festivalına ev sahibliyi edib

21 İyul 2016, 18:05

Festivallar şəhəri kimi tanınan qədim Şəki iyulun 20-də yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açıb.



Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq ənənəvi şirniyyat festivalında respublikamızın 19 şəhər və rayonunun, həmçinin 8 ölkənin, o cümlədən İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşiya Respublikası, Özbəkistan, İran və Ukraynanın şirniyyatçıları iştirak ediblər.



Axşam saatlarında XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində festivalın təntənəli açılış mərasimi olub.



Vurğulanıb ki, festivalın Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə keçirilməsi heç də təsadüfi deyil. Çox böyük inkişaf yolu keçən Şəki mətbəxi xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına həlledici təsir göstərib. Şəkinin məşhur şirniyyatçılarının əldə etdiyi təcrübə, vərdiş, bilik və bacarıqlar daim zənginləşib və bu günümüzə qədər gəlib çatıb.



Qeyd olunub ki, Azərbaycanın ənənəvi şirniyyat sənətinin mərkəzləri arasında Şəki xüsusi yer tutur. Şəki şirniyyatı özünün ləziz dadı və geniş çeşidləri ilə fərqlənir. Şəkinin şirniyyat ustalarının hazırladıqları məhsullar xarici bazarlara da geniş yol açıb, bu şəhərin mətbəx mədəniyyətinin tanıdılmasında mühüm rol oynayıb. Bu gün Şəki özünün ipəyi, eyni zamanda, halvası ilə tanınır.


Sonra festival iştirakçıları xarici ölkələrdən, həmçinin Azərbaycanın şəhər və rayonlarından gələn qənnadıçıların əvvəlcədən hazırladıqları şirniyyat məhsulları ilə tanış olublar. Burada sərgilənən iştirakçı ölkələrin milli mətbəxinə aid şirniyyat nümunələri, Azərbaycan qənnadıçılarının hazırladıqları unlu qənnadı məhsulları (paxlava, qatlama, fəsəlli), milli şəkərli şirniyyatlar (noğul, müxtəlif halva nümunələri) tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İştirakçı ölkələrin, eləcə də Azərbaycanı təmsil edən şirniyyat ustalarının öz məhsullarını milli paltarda təqdim etmələri, sərgi yerlərinə bölgələrimizə məxsus olan məişət əşyalarının, xalçaların düzülməsi festival iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.


Münsiflər heyətinin qərarına əsasən, Özbəkistan şirniyyatçıları festivalın qalibi adını qazanıb. İkinci yerə İndoneziya və Hindistan, üçüncü yerə isə İran şirniyyatçıları layiq görülüblər.

Ən yaxşı qənnadı məmulatları nominasiyası üzrə birinci yeri Ukrayna qənnadıçıları tutub. Yunanıstan və Rusiya Federasiyası Çuvaşiya Respublikasının qənnadıçıları sonrakı yerlərə layiq görülüblər.


Azərbaycanın şəhər və rayonları üzrə Tovuz şirniyyatçıları festivalın qalibi olub. İkinci yerə Zaqatala və Ağsu, üçüncü yerə isə Şamaxı, Kürdəmir və Yevlax şirniyyatçıları layiq görülüblər.


Ən yaxşı qənnadı məmulatı nominasiyası üzrə Gəncə qənnadıçıları qalib gəliblər. Oğuz, Ucar və Naftalan qənnadıçıları ikinci, İsmayıllı, Qəbələ, Ağdaş və Qazax qənnadıçıları isə üçüncü yeri tutublar.

Festivala ən çox şirniyyat gətirən şəhər və rayonlar arasında Zaqatala, Göyçay, Bakı şəhəri, Qax və Abşeron rayonları fərqləniblər.


Tədbirin yekunlarına görə, Şəki şəhəri Mədəniyyət və Turizm Nazirliyinin kubokuna layiq görülüb.

 

Festivalda Şəkinin və Bakıdan gəlmiş musiqi, rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi