Modern.az

Nağıla bənzəyən şəhər və turist cəlb edən taksi sürücüsü - REPORTAJ

Nağıla bənzəyən şəhər və turist cəlb edən taksi sürücüsü - REPORTAJ

Reportaj

24 İyul 2016, 22:58

Qədim tikililər, məkanlar bəzilərinə görə müasir zəmanəmizə  “yamaq” təsiri bağışlasa da, ruha yaxın olması baxımından hər bir insanın geriyə dönmək istədiyi  bir yerdir. Sabah üçün yaşanan ömür əslində, addım-addım dünənə yaxınlaşır. Bu üzdən də hər birimizin qayıtmaq istədiyimiz bir keçmişimiz var. O keçmiş ki maqnit kimi bizi özünə çəkən tarixi məkanlarımızla bağlıdır.

 

Bu dəfə özümüzdən yox, Tiflisdən danışmaq istəyirəm.

 

Tiflis haqqında kimlər ağızdolusu danışmayıb ki! Bir vaxtlar  Üzeyir bəy, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli, Süleyman Sani Axundov  kimi azərbaycanlı mütəfəkkirlər cəhalət zəncirini qırıb Qori seminariyasına üz tutanda “ağızbüzənlər” çox olmuşdu.

 

Bu təhsil ocağı həm də “kafir yığnağı” idi axı! Daha doğrusu, bizim əsl dindən uzaq mollalar  belə düşünürdü. Hə nə olsun! Biz hər şeyə ağız büzməyə bir növ adət etmişik. Əlinə çomaq alıb zor gücünə  övladını molla görmək istəyən azərbaycanlı valideynlər bir də gözlərini açıb gördülər ki....

 

Cəhalətin içində parıldayan nələrsə var.  

 

İndi şükürlər olsun ki, Tiflisin Qori seminariyasına ehtiyacımız yoxdur. Özümüz öz övladlarımıza təhsil  verə bilirik.

 

Qayıdaq Tiflis sərgüzəştlərimizə. Tiflisin gecələri sakit, gündüzləri həyat eşqilə qaynayır.  Bir az isti, bir az külək, bir az da yağış damcıları  pıçıltı ilə nağıl danışmaq istəyir.

 

Bizim isə nağıla qulaq asan vaxtımız deyil.

 

Addımbaşı qara donlu keşişlərlə rastlaşırıq. Bu dəm “Dədə Qorqud” dastanındakı qara donlu kafirləri gözümün önünə gəlir. Fikirləşirəm. Nə yaxşı ki bizim  mollalar qara çadıra bürünmür.  

 

Tiflisin hər küçəsinin başında addımlayan keşişlər nağıllardakı şər qəhrəmanları xatırladır. Dedim axı, bizim nağıla qulaq asan vaxtımız deyil.

 

Tiflisin küçələri dilənçilərlə də zəngindir.  Müxtəlif yaşlarda dilənən insanlara rast gəlmək mümkündür. Amma adama stimul verən dilənçilər də var. Pis başa düşməyin! 20-22 yaşlarında olan gənclər, ifa etdikləri musiqi alətlərində musiqinin sehrindən elə formada feyziyab olublar ki, dilənçilik missiyalarını da həvəslə, mədəni şəkildə yerinə yetirirlər. Necə deyərlər, sırtıq dilənçini heç Allah da sevməz. Dilənçi olanda da mədəni şəkildə dilənməyi bacarmaq lazımdır.

 

Oraların “icra başçısı”

 

Turist əlindən tərpənmək çətin olan Tiflis, qədimi görkəmdə olmaqla yanaşı, həm də saflıq rəmzinə çevrilməkdədir. Bu balaca şəhərin küçələri  qan  seli içində az üzməyib ha!

 

Keçmiş prezident Eduard Şevardnadzenin əlində böyüməyə başlayan bu şəhərin insanları Saakaşvili zamanında Rusiya ilə aparılan müharibəyə şahidlik edib.

 

2008-ci il çox da uzaq tarix deyil.

 

Ən yaxın tarixdə müharibə qoxusu udan gürcülər polad kimi möhkəmdir.  Turistlər dəstə-dəstə  qədim və sakit qoxulu şəhərə axın edir.  Kənardan baxanda adama elə gəlir ki, bu  şəhərin köhnə  tikililəri bu dəqiqə başımıza uçacaq. Bu səbəbdən də uçuq-sökük məkanlarda turistlərin nə işi var axı?!

 

Həə, bax maraq da o köhnə tikililərdədir də!  Xarabalığa oxşayan bəzi yerləri görəndə ürəyimdən qara qanlar keçməzmi?! Keçər. Gürcülərin ayaq basdıqları torpaqlar yazıq deyil?! Üzərlərində dəlmə-deşik köhnə evlər “at oynadır”. Amma turistlər bu köhnə yerlərə elə möhkəm sarılıblar ki! 

 

Hələ ölü balıq qoxusu verən Kür çayı da şəhərin içindən axır. Çay o dərəcədə bulanıq və üfunət qoxur  ki, onu, üzərində salınan körpüyə görə bağışlamaq olar. Bu körpü həm də müxtəlif xalqları bir araya gətirə bilir. Hər kəs bir-birinə sarılıb şəkil çəkdirir. Balıq qoxulu Kür çayı, yaranan “körpülərin” hesabına  seyr edilir.

 

Görəsən, Tiflisin Hacıbala Abutalıbov kimi meri niyə yoxdu?! Tiflisi brend libaslarla bəzəmək daha gözəl olmazdımı?! Demək ki, olmazmış....

 

Tiflis köhnə görkəmdə bir az ecazkar, bir az ağır  görünsə də, hər uçuq-sökük binanın yanında bizim Hacıbala müəllimin yeri mütləq əskik görünür. Bu arada, Tiflisin bizdən öyrənməli çox şeyləri var ha! Elə bizim də onlardan!

 

Axşamın düşməsinə az qalır.

 

Tiflis də ki balaca şəhərdir də! O başdan bu başa qədər uzun məsafə qət etmirsən. Turistlərin bir-biri ilə həmsöhbət olması  qısa vaxt ərzində baş tutur.  Rusiyadan olan  müəllim və onun qızı ilə həmsöhbət oluruq.

Putinin düşmənçilik toxumları səpməsinə baxmayaraq, sadə vətəndaşlar siyasi elitanın “torpaq acgözlüyü”ndən uzaqdılar. Bizim Bakıdan olduğumuzu biləndə Bakının adını eşidib özünü görmədiklərini deyirlər.

Rus turistlərini Tiflisin qədim şəhər olması  daha çox cəlb edir.

 

Bakıda olmaq istəyən  turistləri  Bakının da Tiflis kimi qədim şəhər olması maraqlandırır.  Yenə fikir götürür məni. Necə cavab verim ki, “nə şiş yansın, nə də kabab”.

 

Gəzməyə həvəs həmişə var

 

Turistləri üz tutduqları şəhərin  diskotekalarından, göyün 7-ci qatına ucalan göydələnlərindən, müasir əyləncə mərkəzlərindən daha çox tarixi tikililər cəlb edir.

 

Tiflisin hər addımlığında turizmin yüksək inkişaf etdiyi aydın sezilir. Turizmin uğurlu inkişafının səbəbləri sırasında ucuz otel və hostellər, restoranlar, gözəl məkanlar, hər kəsə açıq Wi-Fi üstəlik sadə vətəndaşların “ilanı yuvadan çıxaran şirin dili”nin olması  var.

 

Şirin dil demişkən, yadıma taksi sürücüsünün turisti necə cəlb etmək missiyası düşür.  Mədəni şəkildə yaxınlaşıb salamlaşır. “Funikulyora mindinizmi?”. “Xeyr”-deyirik.

 

“Tiflisə gələsən funikulyora minməyəsən, yaşıllıqdan, gözəl mənzərədən ibarət parkı görməyəsən?!”. “Görək də. Nə deyirik?!”. Əyləşirik taksiyə. Tiflisi ayaqüstü vəsf edən bu taksi sürücüsü əslən abxaziyalıdır. 5-10 dəqiqəlik  yol boyu münaqişə zonası olan Abxaziyadan danışır. Dağlıq Qarabağın da eyni taleyi yaşadığını təsdiqləyir. 

 

Abxaziya müharibəsində ayağından zədə alan sürücü,  həm də  ehtiyatda olan polkovnikdir. Abxaziya üçün çox darıxdığını deyir.

 

Əlbəttə, Vətən həsrəti pis şeydir. Doğulduğun torpaqlarda havalanmaq istəyin mümkünsüz olunca isə....

 

Təəssüf ki, vətən həsrəti gerçək nağıllara çevrilir. Nağıllara qulaq asan vaxtımız olmasa da gerçəkləri görməzlikdən gəlmək olmur.  

 

İki dəqiqənin içində sadə  gürcü vətəndaşı ticarətini, biz də ziyarətimizi gerçəkləşdirmiş olduq.

 

Maraqlı, həm də nümunəvi addımdır. Bir vətəndaş ki, “uçuq-sökük divarını”  əcnəbi turistə təqdim etməyi bacarırsa, əhsən belə vətəndaşa!

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır