Modern.az

Eskalator qadını bu hala saldı, "Azəravtoyol” səbəbini AÇIQLADI - FOTO

Eskalator qadını bu hala saldı, "Azəravtoyol” səbəbini AÇIQLADI - FOTO

25 İyul 2016, 10:28

 

İyulun 23-də Heydər Əliyev sarayının qarşısındakı piyada keçidində eskalatorun xarab olması nəticəsində şəhər sakini Svetlana Petrova yıxılaraq xəsarət alıb.

 

O, keçidin yuxarı qalxan eskalatoru işləmədiyindən ayaqla qalxmalı olub. Bu zaman eskalatorun pillələrindən biri qopub. Başı eskalatora çırpılan xanım sifətindən ağır xəsarətlər alıb. Onun üzünə xeyli sayda tikiş qoyulub.

 

Qeyd edək ki, şəhərin sözügedən keçidində eskalatorların tez-tez sıradan çıxması halları müşahidə edilir.

 

Məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına açıqlamasında piyada keçidlərindəki eskalatorların tez-tez xarab olma hallarını təsdiqləyib:

 

“Piyada keçidlərindəki eskalatorlar işlək mexanizm olduğundan sıradan çıxması müşahidə edilir.

 

Qeyd edim ki, eskalatorlar Azərbaycanda istehsal olunmur və xaricdən gətirilir. Hər hansı eskalatorda nasazlıq baş verdiyi zaman onun aradan qaldırılması mümkündürsə, təmir edilir. Əks təqdirdə onun ehtiyat hissəsi xaricdən sifariş olunur. Ona görə də eskalatorun ehtiyat hissəsi gətirilənədək qeyri-işlək vəziyyətdə qalır”.

Eskalatorun işləməməsi nəticəsində vətəndaşın xəsarət almasına gəlincə, Anar Nəcəfli bunu da təsdiqləyib, amma hadisənin mətbuatda yazıldığı kimi olmadığını bildirib:

 

“Həmin vaxt eskalator işlək vəziyyətdə olmayıb. Hadisə yerinə baxış keçirən əməkdaşlarımızdan bizə verilən məlumata görə, xanımın başı gicəlləndiyindən o yıxılıb. Yəni, hadisənin yazıldığı kimi eskalatorun pillələrindən birinin qopması nəticəsində baş verdiyi doğru deyil.

Mərkəzi Bankın qarşısındakı piyada keçidlərinin istismarını özəl şirkət həyata keçirir. Eskalatorların işlək olub-olmamasına həmin şirkət cavabdehlik daşıyır”.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Criminal.az saytı yayıb.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir