Modern.az

Bank müflis olandan sonra əmanətlərə hesablanan faiz niyə dayandırılır?

Bank müflis olandan sonra əmanətlərə hesablanan faiz niyə dayandırılır?

İqtisadiyyat

25 İyul 2016, 13:51

Bağlanan banklarda müflisləşmə qərarından sonra əmanətlər üzrə faizin hesablanmasının dayandırılması, amma kreditlər üzrə faizin hesablanmasının davam etdirilməsi diqqəti çəkən məqamlardandır.

 

Modern.az saytı xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirib.

 

Ekspert müxtəlif banklarda əmanəti və krediti olan müştərilərin aqibəti ilə bağlı narahatlığını ifadə edib:

 

“Bir şəxsin bağlanan 4 bankdan birində əmanəti, digərinə isə kredit borcu var. Hər iki bank müflis elan edilib. Bu zaman bir bankda onun əmanətinə faiz hesablanması dayandırılır, amma digərində kreditinə faiz hesablanmaqda davam edir.

 

Əmanətlərin Sığortalanması Fondunun mövcud qaydalarına əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

 

Sığorta hadisəsi baş verəndən sonra yaranan xərclərə Fond məsul deyil. Amma vətəndaşın qorunan əmanətini geri alması bəzən bir neçə ay zaman tələb edir və həmin aylara faiz hesablanmır.

 

Amma vətəndaş kredit faizlərini fasiləsiz banka ödəmək məcburiyyətindədir. Bu isə o deməkdir ki, vətəndaşın öhdəliyi ilə bankın öhdəliyi bir-birindən fərqləndirilir. Bank müflis olandan sonra əmanətinə hesablanmalı olan faizini ala bilməyən vətəndaş kredit faizlərini ödəməyə davam edir”.

 

İqtisadçı bildirib ki, qorunan əmanətlərə görə hesablanmış faizin əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var:

 

“Fond tərəfindən qorunan əmanətlərə görə hesablanmış faizin sığorta hadisəsi baş verən günədək deyil, məhz əmanətçinin öz pulunu aldığı günədək hesablanmasına ehtiyac var. Digər tərəfdən, mövcud qaydalara əsasən, əmanətçiyə ödənilən kompensasiya ərizənin verildiyi tarixdən etibarən 90 gün müddətində Fond tərəfindən verilir.

 

Eyni zamanda, müstəsna hallarda Fondun Himayəçilik Şurasının qərarı ilə kompensasiyanın ödənilməsi 90 günədək uzadıla bilər. Deməli, əmanətçi öz pulunu 6 aydan sonra da ala bilər. Əgər vətəndaşa əmanət 180 gündən sonra ödəniləcəksə, o zaman bankın müflisləşməsindən keçən həmin müddətə faiz niyə hesablanmasın ki?”.

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar