Modern.az

“İradə Tuncay “Ədalət”ə çəki-düzən gətirdi” 

“İradə Tuncay “Ədalət”ə çəki-düzən gətirdi” 

25 İyul 2016, 15:59

Bu gün “Ədalət” qəzetinin 26 yaşı tamam olur.  Qəzetin təsisçisi, deputat  Aqil Abbas Modern.az saytı ilə   təəssüralarını bölüşüb.

 

 

“1990-cı ildə  Hüquqşünaslar ittifaqının orqanı  kimi, eyni zamanda, milis və prokurorluğun orqanı kimi belə bir qəzet yaratdılar. Mən də o qəzetdə baş redaktor kimi çalışırdım. Qəzetin icraçı redaktoru mən idim. İşçilərin işə götürülməsi, işdən çıxarılması kimi məsələlərlə mən məşğul olurdum.

 

O zaman çalışıb vuruşub “Ədalət” qəzetini hökumətin əlindən aldıq. Hökumətin qəzeti ola-ola bütün demokratik qüvvələri müdafiə edirdik. Müxalif qüvvələrdən müsahibələr götürürdük. Daha çox demokratik düşüncəli insanların fikirlərini çap edirdim. Bəzən yuxarılarla sözümüz düz gəlmirdi. Bir il ərzində mənə 11 dəfə töhmət vermişdilər. İşdən də çıxartmırdılar. Amma bir dəfə həqiqətən çıxartdılar. O zaman arxamda rəhmətlik İsmət Qayıbov durdu. Dostum idi. Ay yarım işsiz qaldım. İsmət Qayıbov xəbər tutanda ki, işdən çıxarılmışam, dərhal işə qaytardı məni”.

 

Aqil Abbas “Ədalət” qəzetinin əsas missiyasından da söz açıb.

 

“Qəzetin əsas işi maarifləndirmək olub. Milliyyətçilik yox, türkçülük olub. Qəzet 26 ildə bir dəfə də olsun dayanmadı. Elə qəzetlər olub ki, hansısa səbəblər üzündən bağlanıb. Amma “Ədalət” qəzeti hər zaman möhkəm olub. Hətta, qəzet yeganə qəzetdir ki, işçilər ayın 2-si və 16-sı əmək haqqını alır. Bəzən ayın 1-nə düşə bilər. O da şənbə bazar günü ola bilər. Hamı bilir ki, burada stabil maaş var. Həmçinin, jurnalistika fakultəsinin tələbələri üçün böyük bir məktəb olmuşuq.

 

Aqil Abbas sonradan bu qəzetə xanımı İradə Tuncayın rəhbərlik etməsinə də toxunub.

 

“Bildiyiniz kimi, Milli Məclisin deputatı seçiləndən sonra işlərim çox oldu. Qəzetə  xanımım rəhbərlik etməyə başladı. Həm də qəzetə yeni çəki-düzən gətirdi. Çünki mən başqa formada qəzet buraxırdım. Bəzən lazım olmayan adamları da çap edirdim. Xanım qəzetdə bir xanım səliqəsi yaratdı. Artıq qəzetlə bağlı bütün işlər İradə xanımın hüququndadır. Sözümün canı odur ki, xanım, o qəzeti daha səliqəli hala saldı.

 

“Ədalət” Azərbaycana bir yenilik daha gətirib. Belə ki, bu qəzet çıxana qədər bütün qəzetlər xəbərləri qəzetin axırıncı səhifəsində verirdi. İlk dəfə olaraq “Ədalət” qəzeti bütün xəbərləri qəzetin birinci səhifəsində verməyə başladı. Özü də Mirzə Cəlil, Haqverdiyev üslubunda.

 

“Ədalət”  qəzetini 26 yaşına çatdırmışıq. 20-yə qədər məşhur qəzet baş redaktorları var ki, ilk fəaliyyətlərini “Ədalət” qəzetində başlayıblar. Ümumiyyətlə, istər İradə xanım, istərsə də  mən oldum-olmadım bu qəzet hər zaman yaşayacaq. Buna inanıram. Artıq “Ədalət” qəzeti oturuşmuş bir qəzetdir”.

 

Namidə BİNGÖL

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi