Modern.az

Ərdoğan-Gülən savaşı Azərbaycandan Türkiyəyə tələbə axınına necə təsir edəcək?

Ərdoğan-Gülən savaşı Azərbaycandan Türkiyəyə tələbə axınına necə təsir edəcək?

25 İyul 2016, 17:20

Türkiyədə fövqəladə vəziyyət rejiminin tətbiqi nəticəsində 934 məktəb, 15 universitet, 109 tələbə yataqxanası, 104 vəqf, 1 125 dərnək, 35 səhiyyə müəssisəsi, 19 həmkarlar təşkilatı olmaqla ümumilikdə 2 341 qurum bağlanıb.

Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan çox sayda tələbə təhsil almaq üçün bu ölkəyə üz tutur.

 

Maraqlıdır, 15 universitetin bağlanması Azərbaycandan Türkiyəyə tələbə axınına necə təsir edəcək?

Modern.az saytının bu qəbildən olan suallarını “Akademi Group” Təhsil Mərkəzinin icraçı direktoru Razi Vəliyev cavablandırıb.

O deyib ki, Türkiyədə bağlanan universitetlərin əksəriyyəti özəl olduğundan ümumi saya təsiri gözlənilimir:

 

“Ona görə də tələbə axınında azalma gözlənilmir. Çünki, bağlanan universitetlər xaricdən, o cümlədən Azərbaycandan tələbə qəbul etmək potensialında deyildi. Bağlanan universitetlərdə toplam olaraq təxminən 200-ə yaxın azərbaycanlı  tələbə olub.

 

Onu da qeyd edim ki, bizim tələbələr daha çox Azərbaycan universitetləri ilə əlaqə quran Türkiyə universitetlərini seçirlər”.

 

Həmin universitetlərdə oxuyan azərbaycanlı tələbələrin aqibətinə gəlincə, R.Vəliyev deyib ki, məsələ ilə bağlı problem yaşanması gözlənilmir:

 

“Türkiyədəki sistemə əsasən özəl universitet qurulanda başqa bir dövlət universitetinin qarantiyası altında yaradılır. Məsələn, bağlanan Fatih Universiteti İstanbulda yerləşir və öz şəhərində başqa bir universitetin qarantiyası altındadır. Yaxud, İzmirdə bağlanan universitet həmin şəhərdəki başqa bir universitetin qarantiyası altında qurulub. Onlar vəqf olduğuna görə, arxasında dövlət gücü olmur. Bağlanan universitetlərdən İzmirdə yerləşən Gediz Universitetində ümumi olaraq 215 xarici tələbə oxuyur, yəni bunun da təxminən 20 nəfəri azərbaycanlı tələbə ola bilər.

 

Bu vəqfə dəstək verən iş adamlarının gəliri o universisteti idarə etməyə kifayət etmədiyi yaxud bağlandığı zaman ən günahsız olanları tələbələrdir. Məhz onların hər hansı bir problemlə üzləşməməsi üçün “qarant sistemi” fəaliyyət göstərir. Tələbələr həmin “qaran” altında digər universitetə yerləşdirilir.

 

Mənim fikrimcə, ən rahatı və Türkiyə hökumətinin gedəcəyi ən optimal variant  universitetlərin adının əks olunduğu lövhənin dəyişdirilərək başqa bir universitetin tabeliyinə verilməsi olacaq.

 

İstənilən halda orda təhsil alan tələbələr heç bir problem yaşamayacaqlar”.

 

R.Vəliyev qeyd edib ki, 2015/2016-cı tədris ilində Türkiyədə təhsil alan tələbələrin (bakalavr) sayı 2432 nəfər olub.

“Ümumi olaraq azərbaycanlı tələbə (bakalavr) sayı 12500 nəfərdir”.

 

Gülşən RAUFQIZI

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir