Modern.az

Politoqlarımız hansı beyin mərkəzlərindən YARARLANIR?

Politoqlarımız hansı beyin mərkəzlərindən YARARLANIR?

26 İyul 2016, 10:58

Dövlət siyasətinin müəyyən edilməsinə təsir edən qurumlardan biri də beyin mərkəzləridir.

 

Beyin mərkəzləri  ilə əməkdaşlıq  iqtisadi, siyasi proseslərin təkmilləşməsinə şərait yaradır. Paralel əməkdaşlıq dövlətin uğurlu inkişaf strategiyasına töhfə vermiş olur.

 

İnkişaf etmiş dövlətlərdə fəaliyyət göstərən beyin mərkəzləri eyni zamanda, bir çox dövlətlər üçün məktəb rolunu oynayır. ABŞ, Böyük Britaniya, Rusiya kimi ölkələrdə beyin mərkəzləri siyasi analitiklər, politoloqlar üçün yararlanmaq baxımından yardımçı vasitəyə çevrilib.

 

Azərbaycanda isə beyin mərkəzlərinin inkişaf strategiyası demək olar ki, yüksək səviyyədə inkişaf etməyib.

 

Bəs azərbaycanlı analitiklər, ekspertlər, politoloqlar beynəlxalq beyin mərkəzlərindən necə yararlanır?

 

Konkret olaraq hansı tanınmış siyasi təşkilatla əməkdaşlıq edirlər?

 

Modern.az saytı politoloqlardan məsələyə münasibət öyrənməyə çalışıb.

 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli  beynəlxalq beyin mərkəzlərindən mütəmadi olaraq yararlandığını deyir.

 

“Dünyada bir çox populyar olan beyin mərkəzləri var. Onların içində ən çox seçiləni “Stratfor” Araşdırmalar Mərkəzidir. Doğrudur, bu bir qədər Amerikanın kəşfiyyat idarəsinə yaxın təşkilatdır. Burada çox böyük intellektuallar toplaşıb və onların verdiyi rəylər əksər hallarda özünü doğruldur.

Karnegi fondu var. Bu fondun da dünyanın müxtəlif ölkələrinə səpələnmiş bölmələri var. Karnegi fondunun Moskva bölməsi, başqa şöbələrindən xeyli fərqli işləyir. Onlar  da az qala öz mərkəzlərini əvəz edəcək bir səviyyəyə gəlib çatıblar. Təkcə Rusiya haqqında deyil bütün postsovet məkanı hətta, Yaxın Şərq problemləri barəsində ciddi proqnozlar verirlər, araşdırmalar aparırlar. Karnegi fonduna “Stratfor”dan daha çox diqqət göstərirəm”.

 

Politoloq beyin mərkəzlərindən danışarkən Azərbaycanda belə bir qurumun məhdud olduğunu söyləyib.

 

“Azərbaycanda əksər təşkilatlar QHT şəklində formalaşıblar. Düzdür, siyasi araşdrımalarla məşğul olduğunu, beyin mərkəzi ranqına iddia edənlər var. Amma burada bir iki adam  var ki dediyiniz standartlara cavab verəcək halda deyil. Mənə elə gəlir ki, Strateji Araşdırmalar Mərkəzinin (SAM) özü belə  daxili istifadə üçündür. Mətbuata nadir hallarda yol tapır. Ona görə də onun fəaliyyətindən bəhrələnmək mümüknüsüzdür. Azərbaycanda müstəqil, heç kimdən asılı olmayan,  həqiqətə xidmət edən, obyektivkiyi ilə dünya çapında tanınan beyin mərkəzləri yox səviyyəsindədir. Hər şey fərdi formada aparılır”.

 

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu əsasən Qərb beyin mərkəzlərinin fəaliyyətini xüsusi qabardıb.

 

“Diqqətlə izlədiyim beyin mərkəzləri ABŞ-ın beyin mərkəzləridir. Amerikanın Corctaun Fondu, Böyük Britaniyanın “Hərb və sülh” institutu,  Fransa Təhlükəsizlik Araşdırmalar Mərkəzi,  Türkiyədə “Türksam” Strateji Araşdırmalar Mərkəzidir. Dünyada beyin mərkəzləri çoxdur. Onların içərisində  aparıcı Qərb beyin mərkəzləridir. Bunun da səbəbi odur ki, Qərbdə oturuşmuş siyasi sistem var. Hüquqi demokratik dövlətlərdə beyin mərkəzlərinin önəmi həddindən artıq ciddidir. Çünki onlar siyasət mütəxəssisləridir. Onlar araşdırmaları apararkən siyasətin 5,10, bəzən 50 il irəliyə qurulmasına xidmət göstərirlər”.

 

Ekspert deyib ki, Azərbaycanda beyin mərkəzlərinin yaradılmasına sadəcə əhəmiyyət verilmir.

 

“Çox təəssüf ki, nə Azərbaycanda, nə əksər PostSovet ölkələrində beyin mərkəzlərinin fəaliyyətinə əhəmiyyət verilmir. Halbuki, bu çox əhəmiyyətli işdir. Eyni zamanda, çox az xərc tələb edən işdir. Məsələn, Azərbaycanda 10 nəfər mütəxəssisin təmsil olunduğu  iqtisadi araşdırmaçı, ekspertlərdən ibarət təhlükəsizlik, siyasi strategiyalar, geopolitika üzrə çalışan bir mərkəzin illik büdcəsi ildə təxminən 600 min manat edir. Bunu ən yüksək Azərbaycan standartlarına uyğun hesablamışıq. Bu, əslində heç bir şeydir. Halbuki, onların ortaya qoyacağı məhsul Azərbaycan iqtisadiyyatı, siyasəti üçün çox önəmlidir. Sadəcə, buna əhəmiyyət verilmir.  Bir  mərkəz yetərli deyil. Bizlər işimizi könüllülük üzərində qurmuşuq. Onlayn şəraitdə çalışırıq. Azərbaycan kimi dövlətlər üçün araşdırmalar bir neçə istiqamətdə aparılmalıdır. Tutaq ki, xarici siyasət üzrə araşdırma aparılırsa, Qərb üzrə, Rusiya üzrə, Türkiyə üzrə  mütəxəssislər ayrı olmalıdır”.

 

Politoloq Arzu Nağıyev dünyada 30-35 tanınmış beyin mərkəzlərinin olduğunu vurğulayıb.

 

“Məlumdur ki, beyin mərkəzləri deyiləndə əsasən analitik mərkəzlər nəzərdə tutulur, yəni bunlar siyasi, iqtisadi, sosioloji istiqamətdə fəaliyyət göstərməklə proqnozlar və təhlillər təqdim edirlər. Təqdim olunan materiallardan əsasən seçkilərdə, yeni layihələrin həyata keçirilməsində, ictimai rəyin formalaşmasında, ekoloji və  təhlükəsizlik problemlərinin həllində və sairə istifadə edilir. Qərbdə bu mərkəzlər daha geniş fəaliyyət göstərir. Məsələn, dünyada tanınan 30-35 belə mərkəz var. Onların demək olar ki, 80%-i Qərb dövlətlərinin, o cümlədən ABŞ, Böyük Britaniyanındır. Təbii ki, MDB məkanında da belə mərkəzlər var, Rusiyada, Ukraynada və sairə”.

 

Politoloq Azərbaycandakı beyin mərkəzi kimi SAM-ın fəaliyyətini xüsusi vurğulayıb.

 

“Azərbaycanda olan mərkəz isə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzidir. Konkret beyin mərkəzlərindən deyil, ümumiyyətlə, hamısının mateialları ilə tanış olmağa çalışıram və təbii ki, müvafiq korrektələr etməklə və nəticələr çıxarmaqla öz mövqeyimi bildirirəm. Düşünürəm ki, SAM böyük işlər görür və təqdirəlayiq fəaliyyət göstərir. Lakin Azərbaycanda belə mərkəzlərin sayı artırılmalıdır. Düzdür, bir neçə belə istiqamətli QHT-lər var. Lakin bu azdır. Güclü kadr potensialı olan, analitik təfəkkürlü kadr potensialı yaratmaqla mərkəzlərin yaradılmasına nail olmaq olar. Buna dövlət tərəfindən də hərtərəfli imkan verilir və maliyyə dəstəyi ilə təmin edilir. Sadəcə olaraq, bu istiqamətdə işləri daha da intensivləşdirmək lazımdır”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu beynəlxalq beyin mərkəzlərindən yararlanmağa çalışdığını deyib.

 

“Bəzi beyin mərkəzlərinin mətnlərini oxuyuram. Həm də qonşu ölkələrin Azərbaycanla bağlı mövqelərini, yanaşmalarını oxuyanda maraqlı olur.  Rusiya beyin mərkəzlərinin mətnlərini oxusam da, nəticə çıxarmağa çalışmıram. Çünki bir çox hallarda qərəzli olurlar. Qərbin də beyin mərkəzləri ilə tanış oluram. Türkiyənin araşdırma mərkəzləri 10-15 il bundan qabaq daha güclü idi. Sonradan bu güc zəiflədi. Türkiyənin Cənubi Qafqazla bağlı ortaya qoyduqları araşdırmalarla tanış olmağa çalışıram. Əməkdaşlıq kimi yalnız Türkiyədə  Qafqaz Strateji Araşdırmalar Mərkəzi var ki, onun sədri Həsən Oktayla tez-tez fikir mübadiləsi aparırıq. O da mənim bəzi materillarımdan yararlanır. Mən də onların materiallarından yararlanıram. Ukraynada da bəzi mərkəzlər var ki, onlarla əməkdaşlıq edirəm. Onlar da bəzən məndən Azərbaycanla bağlı yazılar istəyirlər. Çünki son aprel hadisələrindən sonra Azərbaycana, Cənubi Qafqaza  maraq artdı. Belə əməkdaşlıqlar ara-sıra olur”

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər