Modern.az

Sabiq iqtisadçı deputat Nazim İmanovu “VURDU”: “...Yaltaqlıqla məşğuldurlar”

Sabiq iqtisadçı deputat Nazim İmanovu “VURDU”: “...Yaltaqlıqla məşğuldurlar”

İqtisadiyyat

26 İyul 2016, 13:41

Azərbaycan manatı 2015-ci ildə 2 dəfə devalvasiyaya uğradı, ölkədə müəyyən iqtisadi çətinliklər yarandı. Buna baxmayaraq, prezident İlham Əliyevin tapşırığı ilə hökumətin gördüyü bəzi tədbirlər nəticəsində yaranan iqtisadi problemlər müəyyən qədər aradan qalxdı.

 

Manatın taleyi ilə bağlı ekspert çevrələri, deputatlar, hətta iqtidar nümayəndələri müxtəlif açıqlamalar verirdi. Bir çox iqtisadçı öz təklifini səsləndirərək problemlərdən çıxış yollarını sadaladı.

Bütün bu proseslər fonunda isə Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu susqunluğu ilə yadda qaldı. Bu qurum heç bir təklif və proqramla, təhlillə çıxış etmədi. Yaxud etdisə, bunu sirr saxladı.

 

İnstitutun bu sahədəki durğunluğu hələ də qalmaqdadır. Halbuki, İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov ölkənin tanınmış və savadlı iqtisadçı alimlərindən biri hesab olunur.

 

İqtisadçı, keçmiş deputat Nazim Məmmədov mövzu ilə bağlı Modern.az-a danışıb. Ekspert bildirib ki, problemi təkcə İqtisadiyyat İnstitutu ilə bağlamaq düzgün deyil. O, ümumilikdə Elmlər Akademiyasını tənqid edib. “Mənim ümumiyyətlə Elmlər Akademiyası haqqında fikirlərim çox mənfidir.

Keçmiş SSRİ ölkələrindən bir Rusiya, bir də Azərbaycanda belə qurum var. Əslində, Elmlər Akademiyası dövlət qurumu yox, qeyri-hökumət təşkilatı formasında olmalıdır. Bütün dünyada bu, belədir. Elmlər Akademiyasında çoxu 80 yaşından yuxarıdır. Onların bu yaşdan sonra elmə hər hansı töhfə verməsi mümkün deyil. Əsas elmi nailiyyətlər 35-60 yaş arasında əldə olunur. Bizim Elmlər Akademiyası heç bir elmi araşdırmalarla nailiyyət əldə edə bilmirlər”.

 

Nazim Məmmədovun fikrincə, problemin həlli üçün Nazirlər Kabinetinin özünə də əl gəzdirmək lazımdır. “Nazirlər Kabinetinin, iqtisadiyyatdan məsul nazirliklərin özlərinin elmi tədqiqatları olmalıdır. Biz isə onların bir dəfə düzgün proqnoz verdiyini görməmişik”. Onun sözlərinə görə, İqtisadiyyat İnstitutu fəaliyyəti barədə mətbuata heç bir açıqlama vermir. “Vaxtı ilə bu institutdavəzifə üstündə çoxlu çəkişmələr olmuşdu. Buna görə də, belə qurumun faydalılıq əmsalı yüksək ola bilməz. Ümumiyyətlə, Elmlər Akademiyası elmi tədqiqatdan daha çox yaltaqlıqla məşğuldur”.

 

Sabiq deputat bildirib ki, Nazim İmanov iqtisadçılarla görüş üçün heç bir təşəbbüs göstərməyib.

 

“Mən özüm görüşün təşkili üçün cəhd göstərməmişəm. İqtisadiyyat İnstitutu belə bir təkliflə çıxış etsəydi, məmnuniyyətlə müzakirələrə qoşulardım, fikirlərimi bildirərdim. Amma onların heç bir təşəbbüsünü görməmişik. Mən demirəm ki, biz iqtisadçıların bütün fikirləri optimal və mütləq doğrudur. Ancaq polemikalarda və müzakirələrdə daha maraqlı məqamlar ortaya çıxır”.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı